Məhkəmə qərarları › İş №1(010)-385/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-385/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-385/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 206/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 iyun 2022-ci il tarixdə, saat 04:30 radələrində ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən aparılan xidmət zamanı onları görüb özünü şübhəli aparmış Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 04:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində olan zaman, 3 nəfər polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb qaçmaq istəmiş, lakin polislər yaxınlaşaraq özlərini təqdim edib, qaçmaq istəməsinin səbəbini soruşduqda, üzərində narkotik vasitə olduğu üçün qaçmaq istədiyini səmimi etiraf etmişdir. Polis əməkdaşları onu 32-ci PB-nə dəvət etmişlər. 32-ci PB-nin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuşdur. Videoçəklişlə üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olmuş, möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X7 Alayının 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 2479 çağrılı avtopatrulla Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ərazisində xidmət apararkən, saat 04:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində bir nəfər tanımadığı 20- 25 yaşlarında oğlanın partul avtomobilini gördükdə həyəcanlanması və özünü şübhəli apararaq, nəzərdən yayınmağa çalışması diqqətini cəlb etmiş, patrul avtomobilini həmin şəxsin yanında saxlayıb avtomobildən düşərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. PB-də onun şəxsiyyəti müəyyən edilmiş, məlum olmuşdur ki, həmin şəxs hazırki iş üzrə Təqsirləndirilən şəxsdur. 32-ci PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, təqdim etdiyi bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni metronun «Neftçilər» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi, lakin onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda onun təqdim etdiyi bükümün içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Həmin bir ədəd büküm bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X7 Alayının 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantları Şahid2 və Şahid3, eyni məzmunlu ifadələr verərək, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)- 376/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 206/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 206/2022 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-206/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3419 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili Gölər Nazirliyi Zərflər üçün №196 dairəvi möhür əksi, «Şübhəli şəxs imza Təqsirləndirilən şəxs..» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,70 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadaran edilən narkotik vasitələr» nin siyahısına daxildir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X8 Ambulator X1 xx.xx.2022-ci il tarixli 3426 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orlunda opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür». Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2008 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orlu hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs orunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs orlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs orlunun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs orlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,650 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88 (səksən səkkiz) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbayan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-206/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,650 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar