Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-388/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xanım qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarında, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 26 aprel 2022-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısıdna narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb, ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,013 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, bir müddətdir ki, narkotik vasitələrin heroin kimi tanıdığı növündən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almış, sonuncu dəfə 26 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində 5 manata öz istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış və aldığı narkotik vasitəni daha sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Təxminən bir saat sonra, yəni 26 aprel 2022-ci il tarixdə, 13:30-da yaşadığı binanın qarşısında olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan şəxsiyyəti barədə maraqlanmışlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirərək, onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, razılaşıb, polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə getmişdir. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquq və vəzifələri ona izah olunmuş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş büküm açılaraq, içərisində baxıldıqdan sonra həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etdiyini soruşmuşlar. O, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, onu tanımadığı şəxsdən cəmi 5 manata öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər, lakin hər hansı bir qanunsuz əşya, büküm və ya maddə aşkar olunmamışdır. Daha sonra həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Polis əməkdaşları tərəfindən heç bir təzyiq məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “Məmmədəli” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə raportla məruzə edilmiş və həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda “Məmmədəli" adlı şəxsin şəxsiyyəti müəyyən olunaraq, Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:30-da o, əməliyyat qrupunun digər, üzvü Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində xidmətdə olarkən, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs ünvan 3 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə üzərində narkotik vasitə və psixotrop maddə olması barədə şübhə olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Bakı şəhəri Suraxanı RPİnin 31-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmeti çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin gümüşü büküm açılmış, içərisində qəhvəyi rəngli maddə olması aşkar olunmuşdur. Başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda, sonuncu bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını və tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə 5 manata alıb üzərində saxlayaraq daşımasını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, 26 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli 6/2401 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs o. (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahasına daxildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının qərarına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2869 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,963 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dən növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,963 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-388/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-388/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver