Məhkəmə qərarları › İş №1(010)-388/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-388/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-388/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 02 – 04 may 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,477 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış, 02 may 2024-cü il tarixdə saat 09:45 radələrində Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd yaşıl rəngli cins şalvarın sağ cibindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 may 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə heroin əldə etmiş və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 09:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun şəxsiyyəti barədə maraqlanmışlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, da razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə gəlmişdir. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O, da əynində olan tünd yaşıl rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, da həmin bir ədəd bükümün içərisində «kakos» kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxdən 15 manat pulun müqabilində alıb sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 02 may 2024-cü il tarixdə ondan və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 02 may 2024-cü il tarixdə saat 09:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Anar Msutafayevi birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması Təqsirləndirilən şəxs bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyriqanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin «kakos» kimi tanınan narkotik vasitə heroin olduğunu, 02 may 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin inzibati binasında təhqiqatçı, polis kapitanı X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi və təqdim etdiyi bükümün içərisindəki maddənin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, 02 may 2024cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb. Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2415 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi olan, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,477 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,477 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq- 0,427 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2950 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 04 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,477 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,427 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2014-cü il təvəllüdlü X2, 16 iyul 2016-cı il təvəllüdlü X3 və 22 aprel 2020-ci il təvəllüdlü X4 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olaraq təqsirini səmimi etiraf etməsini, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 02– 04 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsin əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,427 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02– 04 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsin əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,427 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar