Məhkəmə qərarları › İş №1(010)-388/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-388/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-388/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1960-cı ildə Ucar rayonu, Şahlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Şahlıq kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, yaşadığı nömrəsiz fərdi evin həyətində kürəkəni Zərərçəkmiş şəxs ilə qızı Şahid ailə münasibətlərinə müdaxilə etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı təhqiqata bəlli olmayan dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq burun sümüyündə yerdəyişməsi olmayan sınıq xətti və burun beli nahiyəsində əzilmiş səthi dəri yarasından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, onun qızı Şahid 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki azyaşlı oğlan uşaqları vardır. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yanbayan iki torpaq sahəsi almışdır. İlk əvvəl həmin torpaq sahəsində özü birmərtəbədən ibarət dörd otaqlı ev tikib ailəsi ilə yaşamağa başlamışdır. Həmin vaxt kürəkəni Şahin ailəsi ilə birlikdə kirayə yaşamışdır. O, kürəkəni Şahinə və qızı Dursuna da onlarla birlikdə yaşamağı təklif etmişdir. Qızı onunla razılaşaraq onlarla birlikdə yaşamağa başlamışdır. Bundan əlavə torpaq sahələrinin yanında olan kürəkəni Şahinə verdiyi torpaq sahəsində ev tikdirməyə o, kömək etmiş və Şahin evi tikdirib yekunlaşdırmışdır. Bir müddətdir ki, qızı və nəvələri onunla yaşasalar da, kürəkəni Şahin yeni tikilən evin bir otağını yarımçıq düzəldib həmin evdə yaşayır. Son zamanlar kürəkəni ilə onun qızına olan münasibətinə görə onun kürəkəni Şahinlə mübahisəsi düşür. Belə ki, kürəkəni Şahin evə pul gətirmir, evin təmirini başa çatdırmır, həyat yoldaşına qarşı soyuq münasibət bəsləyir. 20 may 2025-ci il tarixdə, saat 21:00 radələrində o, kürəkəni Şahinə həyat yoldaşı ilə nə üçün soyuq davrandığını, evə pul gətirmədiyini irad kimi bildirdikdə Şahin də ona cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi olduğu üçün o, yerdən dəmir parçasını götürüb əlindəki dəmir parçası ilə kürəkəni Şahinin üzünə vurub xəsarət yetirmişdir. Bundan sonra kürəkəni Şahin evdən çıxıb getmişdir. Bir qədər sonra o, Şahinin onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Sonda ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 21 may 2025-ci il tarixli 362 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və onun adına təqdim olunmuş tibbi sənədlərdə qeyd olunanlara əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun qeyd olunur: Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-burun sümüyündə yerdəyişməsi olmayan sınıq xətti və burun beli nahiyəsində əzilmiş səthi dəri yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan 20 may 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 04 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385, 193.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 04 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 (qırx dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar