Məhkəmə qərarları › İş №1(010)-39/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-39/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-39/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 16 avqust 1982-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 11 noyabr 2020-ci il tarixindən hesablanmaqla 01 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı işlə əlaqədar 10 – 12 avqust 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 12 avqust 2020-ci il tarixli qərarı ilə barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkdiyi nəzərə alınaraq Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 07 iyul 2021-ci il tarixli qərarı ilə barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 mart 2020-ci ildə saat 14 radələrində, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsində onunla birlikdə yaşayan bacısı Zərərçəkmiş şəxs aralarında ailə münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı üz nahiyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və sağlamlığa az ağır zərər vurulması ilə nəticələnmiş xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Hər ikisi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən 45 nömrəli evdə yaşayırdılar. O, və bacısı subaydırlar. 30 mart 2020-ci ildə saat 14 radələrində evdə olduqları vaxt Vüsalədən ona pul verməsini xahiş etmiş, lakin sonuncu bundan imtina edərək onu təhqir etməyə başlamışdır. Bu zəmində aralarında mübahisə yaranmış və həmin mübahisə zamanı əsəbiləşib bacısını üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Mahir əsasən tüfeyli həyat tərzi keçirir, heç bir yerdə işləmirdi. Narkotik vasitələrin aludəçisidir. Təqsirləndirilən şəxs çox vaxtlarda evə gələrək narkotik vasitələr almaq üçün ondan və anasından pul tələb edirdi, o, və anası pul verməkdən imtina etdikdə isə dava salıb evi dağıdırdı. Ona görə də məcburiyyət qarşısında qalıb təqsirləndirilən şəxsə pul verirdilər ki, sonuncu evi dağıtmasın. Aralarında əvvəllər də dəfələrlə münaqişələr baş vermiş və bu münaqişələr vaxtı təqsirləndirilən şəxs onu döymüşdür. Anası təqsirləndirilən şəxsin göstərilən davranışı üzündən xəstələnmiş və hazırda da yataq xəstəsidir. Oğlunun üzünü belə görmək istəmir. 30 mart 2020-ci ildə saat 14 radələrində Mahir yenə də evə gələrək ondan narkotik vasitə almaq üçün pul tələb etməyə başlamışdır. Ona görə də evin qapısını bağlamışdır ki, təqsirləndirilən şəxs çıxıb getsin. Lakin Mahir evin işıcını kəsmiş və qaz xəttini bağlamışdır ki, o, çölə çıxıb pul versin. Məcburiyyət qarşısında qalaraq qapını açıb çölə çıxmış, pul verməkdən yenə də imtina etdiyinə görə Mahir onu bıçaqla hədələməyə başlamış, sonra isə qəfildən yumruqla üz nahiyəsindən vurmuşdur. Burnundan qan açıldığını görüb, Mahirin onu döyməkdə davam edəcəyindən qorxaraq küçəyə qaçmışdır. Mahir çıxıb getdikdən sonra isə evə qayıdaraq hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə müraciət edib. Təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 03 aprel 2020-ci il tarixli 274 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, burun kökünün şişkinlik və əzilmiş yarası; b) sol saidin cızıqları. 2. a) bəndində qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30.03.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. b) bəndində qeyd edilən xəsarətlər iti uca malik əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, alınma müddətləri qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 29.03.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin yıxılma nəticəsində alınmaları inkar olunur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyaları çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar 10 – 12 avqust 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 noyabr 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkməsi səbəbindən onun barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar