Məhkəmə qərarları › İş №1(010)-39/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-39/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-39/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs qızının, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 23 avqust 1985-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-308/2021 nömrəli iş üzrə 11 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 10 iyul 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-502/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində 10 dekabr 2021-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «ev dustaqlığı» növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərara əsasən 09 dekabr 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 09 iyul 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs qızının əlindən içərisində sonuncuya məxsus bir ədəd 107 manat dəyərində gümüş boyunbağı, bir ədəd 20 manat dəyərində “Keneksi” markalı, “X8” modelli mobil telefon, bir ədəd 2 manat dəyərində (dublikat çıxarılması) kilid açarı, içərisində hər-hansı bir məbləğdə pul olmayan bir ədəd “Beynəlxalq Bank”a məxsus təqaüd kartı və bir ədəd “Kapital Bank”a məxsus maaş kartı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd iş vəsiqəsi, bir ədəd sığorta kartı, bir ədəd “Araz Supermarket” bonus kartı və 800 manat nəğd pul olan 3 manat dəyərində narıncı rəngli pul kisəsini alıb qaçaraq, Zərərçəkmiş şəxs qızının ümumilikdə 932 manat əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,649 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 10 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən parkın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş, xidməti otaqda saat 03:20-03:35 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram və 1,219 qram olmaqla, ümumi təmiz çəkisi 1,649 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilib, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, bir neçə müddətdir “kakos” kimi tanıdığı narkotik vasitəni çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən alıb istifadə edirdi. Sonuncu dəfə 09 iyul 2021-ci il tarixdə axşam saatlarında bədənində ağrılar yarandığı üçün narkotik vasitə qəbul etmək istəmiş, lakin pulu olmadığı üçün ala bilməmişdir. Buna görə də, soyğunçuluq yolu ilə pul əldə etmək və kiminsə əlində pul və ya dəyərli hər hansı bir əşya görsə alıb qaçmaq qərarına gəlmişdir. Bu məqsədlə də, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ilə Zərdabi küçəsində piyada hərəkət edən zaman ondan bir az irəlidə bir qadının əlində iki kisə ilə ona doğru gəldiyini, həmin qadından bir neçə metr arxada isə başqa bir qadının bir əlində kisə və digər əlində pul kisəsi ilə ona doğru gəldiyini görmüşdür. Bu vaxt həmin arxadakı qadının əlində olan pul kisəsini alıb qaçmağı qərara almışdır, arxadakı qadına yaxınlaşıb onunla üzbə-üz gəldikdə qəflətən sağ əlini atıb həmin qadının əlində olan narıncı rəngli pul kisəsini dartıb almış və sürətlə qaçmışdır. Tam təhlükəsizlik yerdə olduğuna əmin olduqdan sonra sürətini azaltmış və nəfəsini dərib pul kisəsini açaraq içərisində bir ədəd gümüşü rəngli boyunbağı, bir ədəd açar, bir ədəd Beynəlxalq Banka aid və bir ədəd Kapital Bankda aid bank kartları, bir ədəd iş vəsiqəsi, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sığorta kartı, bir ədəd “Araz Supermarket” bonus kartı, bir ədəd “Keneksi” markalı mobil telefon və 800 manat nəğd pul olduğunu görmüşdür. Həmin pul kisəsini atmamış, içərisindəki sənədlərlə və digər əşyalarla birlikdə özündə saxlamış, qeyd etdiyi puldan isə öz ehtiyacları üçün, yəni siqaret, tum, su, danışıq kartı, dönər və s. üçün biraz istifadə etmişdir. Saat 02:30 radələrində Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində olan zaman polis geyimində olan əməkdaşlar ona yaxınlaşıb özlərini təqdim edib onun kim olduğunu və orada nə etdiyini soruşduqda həyəcanlanmış və polis əməkdaşlarının suallarına normal cavab verə bilməmişdir. Bu da polis əməkdaşlarında şübhə yaratmışdır. Təqsirləndirilən şəxs bildirir ki, bu hadisədən bir müddət əvvəl narkotik vasitə istifadə etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. Lakin polis bölməsində polis əməkdaşları ona qarşı hədə-qorxu gəlmiş, təzyiq göstərmiş və videçəkiliş zamanı təqdim etməsi üçün ona narkotik vasitə vermişlər. Polis əməkdaşlarından qorxması səbəbindən həmin bükümləri videoçəkiliş zamanı təqdim etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs qızı işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 09 iyul 2021-ci ildə 500 manat əmək haqqını, 260 manat pensiya pulunu almış, bundan başqa 100 manat da əlavə pulu var idi. Həmin gün bacısı Şahid1 qızı ilə birlikdə saat 19 radələrində evdən çıxıb qəsəbədə mağazaları gəzib məscidə getmiş, bacısına bir neçə lazım olan məhsulları almış və 60 manat pul xərcləmişdir. Saat 20 radələrində evə qayıdan zaman əllərində bazarlıq torbaları ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsində piyada hərəkətdə olan zaman bacısı qarşıda, özü də onun arxasında hərəkətdə olan zaman sol əlində bazarlıq torbası, sağ əlində də içərisində 800 manat nağd pul, təxminən 30 manat dəyərində 01 ədəd ona məxsus gümüş boyunbağı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd iş yerinin vəsiqəsi, bir ədəd Beynəlxalq Banka aid təqaüd kartı, bir ədəd Kapital Banka aid maaş kartı, bir ədəd sığorta kartı, bir ədəd “Araz Supermarket” bonus kartı, bir ədəd açar və bir ədəd “Keneksi” markalı mobil telefonu olan 20 manat dəyərində pul kisəsini tutmuşdur. Yeriyə-yeriyə bacısı ondan su istədiyi üçün bir az ayağını saxlayıb əlində olan torbanın içərisindən ona su vermək istəyən zaman qarşı-qarşıya onunla əks istiqamətdə piyada hərəkətdə olan tanımadığı bir nəfər şəxs əlindən narıncı rəngli pul kisəsini alıb qaçaraq oradan uzaqlaşmış, bundan sonra bacısı ilə nə qədər qışqırıb ağlasalar da ona mane ola bilməmişlər və həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Həmin şəxsin arxası ilə qaçsa da hava qaranlıq olduğundan gözdən itib yoxa çıxmışdır. Həmin şəxs əlindən pul qabını alıb qaçanda ona müqavimət göstərə bilməmiş, həmçinin həmin şəxs ona qarşı heç bir zor tətbiq etməmiş və xəsarət yetirməmişdir. Hadisə zamanı pul qabında olan bank kartlarının içərisində hər-hansı bir məbləğdə pul olmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Şahid2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 10 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Suraxanı RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə onlara həvalə olunmuş 4-cü patrul sahəsində xidmətdə olarkən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən parkın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Suraxanı RPİnin 31-ci polis bölməsinə dəvət etdilər. Polis bölməsində məlum oldu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutuldu. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən iki ədəd kağız bükümləri və bir ədəd narıncı rəngli pul kisəsini təqdim etdi. Həmin iki ədəd bükümlər açılmış və hər birinin içərisində qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitəyə bənzər maddələr aşkar olundu. Eyni zamanda pul kisəsinin içərisində Zərərçəkmiş şəxs qızına məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd iş vəsiqəsi, “Kapital Bank”a məxsus bir ədəd bank kartı, “Beynəlxalq Bank”a məxsus bir ədəd bank kartı, bir ədəd sığorta kartı, bir ədəd “Araz Supermarket” bonus kartı, bir ədəd açar, bir ədəd gümüşü rəngli boyunbağı, 1 ədəd “Keneksi” markalı sadə mobil telefon, 6 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla cəmi 758 manat nağd pul olması müəyyən olundu. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş iki ədəd bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə vardır, bir neçə saat əvvəl Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerdən tapıb özü istifadə etmək məqsədilə üzərində saxlayıb. Bir ədəd pul kisəsini isə bir neçə saat əvvəl tanımadığı bir nəfər qadının əlindən dartıb alaraq qaçıb. Bundan sonra aşkar edilmiş iki ədəd bükümlər və pul kisəsi içərisindəki əşyalar və sənədlərlə birlikdə zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdirlər. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində göstərilən cinayət əməllərini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə bununla bağlı məsələyə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə müdafiəçinin iştirakı ilə verdiyi yazılı ifadəsində ona ittiham olunan bütün cinayət əməllərini tam etiraf etmiş, ibtidai araşdırma orqanına törətdiyi cinayətlərin təfsilatı ilə bağlı ətraflı məlumat vermişdir. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri reallıqda baş vermiş hadisələri təhrif olunmuş şəkildə bildirməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla yanaşı, 10 iyul 2021-ci il tarixli 6/2764 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxsA” yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə təmiz çəkisi 1,649 qram (ayrı-ayrılıqda təmiz çəkisi 0,430 qr və 1,219 qr) tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. 27 sentyabr 2021-ci il tarixli 6/4113-9/6678 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan boyunbağı-üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 21,44 qramdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş boyunbağının 2021-ci ilin iyul ayına olan pərakəndə satış qiyməti 107,0 manat müəyyən edilir. 11 oktyabr 2021-ci il tarixli 9/7199 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 1 ədəd Çində istehsal edilmiş “Keneksi” markalı, “X8” modelli, **********17811 və **********17829 İMEİ kodlu, klassik dizaynlı mobil telefon-20,0 manat, 1 ədəd üzərində markalanma göstəriciləri olmayan narıncı rəngli pul kisəsi-3,0 manat, 1 ədəd kilid açarı (dublikat çıxarılması)-2,0 manat. 17 avqust 2021-ci il tarixli 2911 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini qismən olsa da etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,549 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd narıncı rəngli pul kisəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd iş vəsiqəsi, “Kapital Bank”a məxsus 1 ədəd bank kartı, “Beynəlxalq Bank”a məxsus 1 ədəd bank kartı, 1 ədəd sığorta kartı, 1 ədəd “Araz Supermarket” bonus kartı, 1 ədəd açar, 1 ədəd gümüş boyunbağı, 1 ədəd “Keneksi” markalı sadə mobil telefon, 6 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla cəmi 758 manat nağd pullar Zərərçəkmiş şəxs qızına qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 273 (iki yüz yetmiş üç) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixindən 19 noyabr 2021-ci il tarixinədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 09 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 dekabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,549 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd narıncı rəngli pul kisəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd iş vəsiqəsi, “Kapital Bank”a məxsus 1 ədəd bank kartı, “Beynəlxalq Bank”a məxsus 1 ədəd bank kartı, 1 ədəd sığorta kartı, 1 ədəd “Araz Supermarket” bonus kartı, 1 ədəd açar, 1 ədəd gümüş boyunbağı, 1 ədəd “Keneksi” markalı sadə mobil telefon, 6 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla cəmi 758 manat nağd pullar Zərərçəkmiş şəxs qızına qaytarıldığından həmin zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab edilsinlər. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 273 (iki yüz yetmiş üç) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar