Məhkəmə qərarları › İş №1(010)-390/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-390/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-390/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 5-da qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşamış, barəsində Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd qızılı rəngli falqa kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,259 qram, və 0,456 qram, ümumi təmiz çəkisi 1,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı RPİ- nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə ünvan 6in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli ağ zolaqlı idman şalvarın sol yan cibindən 03 (üç) ədəd qızılı rəngli falqa kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,259 qram, və 0,456 qram, ümumi təmiz çəkisi 1,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş ilə yaxındır ki, narkotik vasitənin «kokos» kimi tanıdığı növündən çəkmək və infeksiya yolu ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında sifətdən tanısa da adını, soyadını, ünvanını və telefon nömrəsini bilmədiyi şəxsdən 30 manat pul müqabilində özü istifadə etməsi üçün üç ədəd qızılı rəngli falqaya bükülmüş «kokos» kimi tanıdığı narkotik vasitə heroin almış, əynindəki qara rəngli ağ zolaqlı idman şalvarının sol yan cibində saxlamışdır ki, lazım olanda istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda yaşadığı evinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirərək onu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Sonra isə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Üzərində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu etiraf etmiş, əynindəki qara rəngli ağ zolaqlı idman şalvarının sol yan cibində saxlayıb daşıdığı üç ədəd qızılı rəngli falqa kəsiklərinə büklü olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında sifətdən tanısa da adını, soyadını, ünanını və telefon nömrəsini bilmədiyi şəxsdən 30 manat pul müqabilində özü istifadə etmək üçün aldığını bildirmişdir. Polis əməkdaşları təqdim etdiyi narkotik vasitəni götürmüş, bir ədəd zərfə qablaşdıraraq zərfi möhürləmişlər. Üzərindən üç bükümdə narkotik vasitəyə oxşar kütlənin aşkar edilib götürülməsi haqqında protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olaraq protokolun düzgün tərtib edildiyini və möhürlənmiş zərfin üzərini imzalamışdır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs təqsirini etiraf etmədiyini, belə ki, üzərində həmin gün heçnə çıxmadığını, valideynləri tərəfindən şikayət əsasında onu bölməyə apardıqlarını, döydüklərini və ona “valideynlərini bezdirmisən” kimi ifadələr işlədərək, ona narkotik vasitəni boynuna almağa məcbur etdiyini, bundan başqa o, həqiqətən istifadəçi olduğunu, hər gün istifadə etdiyini, 15-20 manatlıq narkotik aldığını, işlədiyi zaman deyil, işləmədiyi zaman istifadə etdiyini, valideynlərindən pul istədiyini, onları bezdirdiyinini tutulan gün də istifadə etdiyini, lakin üzərində narkotik vasitəsinin olmadığını, onu evdən apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nə xx.xx.1990-cı il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə emiş, Polis şöbəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə 30- cu PŞ-nin əməliyyat müvəkkili, polis polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmişdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyataxtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsan, Bağça küçəsində olduğunu myəyyən edərək saat 12:00 dəqiqdə orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlayıb daşıyıb qəbul etməkdə şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. PŞ-nə gəldikdən sonra Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli ağ zolaqlı idman şalvarının sol yan cibindən 03 (üç) ədəd qızılı rəngli falqa kəsiklərinə bükülmüş bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümlərin arasında «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 30 manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin 29-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 07 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə, saat 12:00-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-78-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 yanvar 2023-cü il tarixindən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-34-cü vərəqlərində olan 07 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli ağ zolaqlı idman şalvarının sol yan cibindən 03 (üç) ədəd qızılı rəngli falqaya bükülmüş bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümlərin arasında «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 30 manata alaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 42-46-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/81 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 194» dairəvi möhür əksi, «şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,259 qram və 0,456 qram, ümumi təmiz çəkisi 1,175 qram qəhvəyi rəngli toz şəkilli maddələr kimyəvi komponent tərkibəlrinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,175 qram, tədqiqata sərf edildi : ümumi 0,15 qram, qalıq 1,025 qramdır. Cinayət işinin 98-99-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X2- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-ci il tarixli 1706 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 54-cü vərəqində olan “diskə baxış keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi axtarış aparılan şəxs o özüdür. Baxış zamanı müəyyən olundu ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir vasitə, əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli ağ zolaqlı idman şalvarının sol yan cibindən 03 (üç) ədəd qızılı rəngli folqaya bükülmüş bükümləri çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi bükümlərin arasında «kakos» kimi tanıdığı narkotik vasitə vardır, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 30 manata almışdır və özü istifadə etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi 03 (üç) ədəd qızılı rəngli falqaya bükülmüş bükümlərdən başqa heç bir əşya, predmet və ya vasitə aşkar olunmur. Cinayət işinin 90-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Yevlax rayon məhkəməsinin 1(039)-39/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan qara rəngli ağ zolaqlı idman şalvarın sol yan cibindən 03 (üç) ədəd qızılı rəngli falqa kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,259 qram, və 0,456 qram, ümumi təmiz çəkisi 1,175 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,175 qram heroin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 yanvar 2023-cü il tarixdən һesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 yanvar 2023-cü il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,025 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar