Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-391/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 640/2022 nömrəli iş üzrə 07 noyabr 2022-ci il tarixli qərarı ilə əvvəli 05 noyabr 2022-ci il tarixindən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-683/2022 nömrəli iş üzrə 02 dekabr 2022-ci il tarixli qərarı ilə əvvəli 02 dekabr 2022-ci il tarixindən hesablanmaqla 05 fevral 2023-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, 23 mart 2023-cü ildə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 30 oktyabr 2022-ci il tarixdə saat 21:40 radələrində idarə etdiyi “Şevrolet Aveo” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13 ünvanına gələrək arxa oturacaqda sərnişin qismində əyləşmiş tanışı Şahid xahişi əsasında avtomobili yolun kənarında dayanmış Zərərçəkmiş şəxs yanında saxlamış, Şahid avtomobilin pəncərəsindən Zərərçəkmiş şəxs zəng etmək üçün 300 manat dəyərində olan “Redmi Note 1 İS” markalı mobil telefonu xahiş edib alıb ona zəng etmək üçün verdikdə o, qəflətən avtomobili idarə edib qaçaraq Zərərçəkmiş şəxs cəmi 300 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığına görə atasına məxsus “Şevrolet Aveo” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 8 ay əvvəl Şahid ilə tanış olmuş və birlikdə qeyri-rəsmi olaraq Ramana qəsəbəsində kirayədə yaşamışlar. 30 oktyabr 2022-ci il tarixdə yaşadıqları mənzilin kirayə haqqının verilməsinin vaxtı çatmış, lakin onun ödəmək üçün pulu olmamışdır. Buna görə də, ehtiyaclarını ödəmək üçün cinayət törətmək qərarına gəlmişdir. 30 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Şahid ilə idarə etdiyi “Şevrolet Aveo” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına, Zülfiyyə isə arxa oturacaqda əyləşmiş və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gətmişlər. O, cinayət etmək barədə fikri olduğunu Zülfiyyəyə deməmiş, çünki onun razı olmayacağını bilmişdir. Onlar avtomobil ilə hərəkət edən zaman Zülfiyyə atası ilə danışıb evin kirayəsini vermək üçün pul istəmək qərarına gəlmiş, atasında və Zülfiyyədə kontur olmadığı üçün qərara almışlar ki, yolda dayanan şəxslərdən birindən mobil telefonu alıb atasına zəng etsin. Beləliklə də, Zülfiyyə Şərq yaşayış massivində yolun kənarında bir nəfər şəxsin dayandığını görüb ondan həmin şəxsin yanında dayanmasını, həmin şəxsdən danışmaq üçün telefonu verməsini xahiş edəcəyini bildirmişdir. O, həmin şəxsin yanında saxlamışdır. Zülfiyyə avtomobildən düşmədən pəncərəni endirib həmin şəxsdən valideyninə zəng edib danışmaq üçün telefonunu verib-verə bilməyəcəyini soruşmuşdur. Həmin şəxs də konturu olmadığını, lakin “Whatsapp” proqramı ilə danışmaq üçün interneti olduğunu bildirmiş və telefonu Zülfiyyəyə uzatmışdır. Zülfiyyə razılaşıb telefonu həmin şəxsdən almış və başı çıxmadığı üçün telefonu ona uzatmışdır ki, o, “Whatsapp”la atasına zəng edərək telefonu Zülfiyyəyə qaytarsın. Bu zaman Zülfiyyə telefonu ona uzadan anda həmin telefonu alıb avtomobili sürərək oradan uzaqlaşmışdır. Zülfiyyə qışqıraraq nə etdiyini, niyə avtomobili sürüb oradan uzaqlaşdığını, şəxsin telefonun onlarda qaldığını demişdir. O da narahat olmamasını, özünün bu işi qaydasına qoyacağını bildirmişdir. Oradan bir az uzaqlaşdıqdan sonra telefona baxıb “Redmi Note 1 İS” markalı mobil telefon olduğunu görmüşdür. Həmin mobil telefonun sahibi arxasınca qışqıraraq dayanmağını tələb etsə də o, əhəmiyyət verməyərək dayanmamışdır. Daha sonra həmin mobil telefonu Neftçilər metrosunun yaxınlığında yerləşən mağazaya Zülfiyyənin əvvəlcədən onda olan şəxsiyyət vəsiqəsi ilə 180 manata satmış və əldə etdiyi pulla mənzilin kirayəsini ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 30 oktyabr 2022-ci tarixdə saat 21:30 radələrində nişanlısını evlərinə yola salıb öz evinə qayıdarkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13 ünvanın qarşısında olan zaman qara rəngli «Chevrolet Aveo» minik markalı avtomobil ona tərəf yaxınlaşmışdır. Avtomobilin arxa oturacağında əyləşən xanım şüşəni aşağı endirib konturunun bitdiyini bildirmiş və danışmaq məqsədilə mobil telefonunu istəmişdir. O, danışmaq üçün konturunun olmadığını, lakin internet xidmətindən istifadə etmək üçün internet tarifinin mövcud olduğunu bildirmişdir. Daha sonra internetdən istifadə eləməsi üçün özünə məxsus nömrə ilə istifadə olunan «Redmi Note 11 S» markalı mobil telefonu həmin xanıma verib siqaret almaq üçün üzbəüz yerləşən “Ruzi” marketə tərəf yolu keçmək qərarına gəlmişdir. Lakin avtomobil dərhal hərəkət edərək onun yanından uzaqlaşmış, o, avtomaşının arxasınca qışqırıb getmək istəsə də avtomobil sürətlə həmin ərazidən uzaqlaşmışdır. Bu şəbədən avtomobilin dövlət qeydiyyat nişanını tam görə bilməmişdir. Bundan sonra yaşadığı ünvana gələrək ailə üzvünün mobil telefonu vasitəsilə DİN-in “102” Zəng Məlumat Xidmətinə zəng etmişdir. Həmin mobil telefonu borc müqaviləsi əsasında “Baku Electronics” mağazalar şəbəkəsindən 734 manata almış və hal-hazırda həmin mobil telefonun qiyməti 300 manatdır. Hadisə nəticəsində ona 300 manat məbləğində maddi zərər dəmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bu barədə ərizələrini istintaq zamanı və məhkəmə iclasında təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 8 ay əvvəl Təqsirləndirilən şəxs ilə tanış olmuş və birlikdə qeyri- rəsmi olaraq Ramana qəsəbəsində kirayədə yaşamışlar. 30 oktyabr 2022-ci il tarixdə yaşadıqları mənzilin kirayə haqqının vaxtı çatmış, lakin ödəmək üçün pul olmamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində söhbət əsasında Murad ona təklif etmişdir ki, birlikdə onun idarə etdiyi “Şevrolet Aveo” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışlarından pul tapaq üçün bir iki yerə getsinlər. Onlar hərəkətdə olarkən o, qərara gəlmişdir ki, kirayə pulunu ödəmək üçün atasına müraciət etsin. Lakin üzərində olan mobil telefonda və Muradda olan telefonda danışıq konturu olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmişlər, Şərq yaşayış massivində yolun kənarında bir nəfər şəxsin dayandığını görmüşlər. O, Murada demişdir ki, avtomobili həmin şəxsin yanında saxlasın. O, arxa qapının pəncərəsini aşağı yendirərək həmin şəxsə telefonundan istifadə etmək üçün müraciət etmişdir. Həmin şəxs də özünə məxsus “Redmi Note 1 İS” markalı mobil telefonunu ona vermişdir. Mobil telefonu əlinə götürüb Murada uzatmışdır ki, atasına zəng etsin. Murad əlinə telefonu götürdüyü zaman gözləmədiyi halda qəflətən qaza basaraq oradan uzaqlaşmışdır. O, Murada demişdir ki, avtomobili saxlasın, telefonu sahibinə qaytarsın. Mobil telefonun sahibi arxalarınca qışqıraraq dayanmalarını, həmçinin Muraddan avtomobili saxlamasını tələb etsə də, Murad əhəmiyyət verməyərək dayanmamışdır. Daha sonra Murad ona demişdir ki, telefonu satıb kirayə pulunu ödəyəcəkdir. Lakin o, buna razı olmamışdır. Sonradan Murad ona demişdir ki, həmin mobil telefonu Neftçilər metrosunun yaxınlığında yerləşən mağazaların birində onun əvvəlcədən onda olan şəxsiyyət vəsiqəsi əsasında 180 manata satmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-640/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-683/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri 05 fevral 2023-cü il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onlar barışmışlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkən şəxslə barışaraq dəymiş ziyanı ödəməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-391/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-391/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver