Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-392/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X9, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" şirkətində sərnişin avtobusunun sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 24 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 27 fevral 2024-cü il tarixdə, saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «İsuzu» markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində avtobus dayanacağından hərəkətə başlayan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, avtobusun qapılarını bağlamadan və xx.xx.1961-ci il təvəllüdlü sərnişin Zərərçəkmiş şəxs avtobusa minməsini tam gözləmədən hərəkətə başlaması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtobusun salonundan yolun hərəkət hissəsinin kənarına yıxılaraq baş beyinə, qişalarına və mədəciklərinə qansızma, başın yumşaq örtük toxumasına qansızma, hər iki ağciyərin əzilməsi, bədənin sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində baş beyinin travmadan sonrakı ödemi və dislokasiyası səbəbindən 13 mart 2024-cü il, saat 09:30 radəsində ünvan 3 ünvanında yerləşən X14 ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. 27 fevral 2024-cü il tarixdə, səhər saat 05:00-da yol vərəqəsi əsasında idarə etdiyi “İsuzu” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə marşrut xətti üzrə hərəkətə başlamışdır. Hərəkət etdiyi marşrut xətti üzrə 1-ci dairəni başa vurmuş və 2-ci dairə üzrə hərəkətə başlamışdır. Saat təxminən 07 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi ilə hərəkətdə olan zaman, həmin küçədə yerləşən “Al Market” mağazasından təxminən 300 metr irəlidə, “10-cu döngə” adlanan yerdə avtobusu saxlamışdır. Sərnişinlərin avtobusdan minib-düşməsi üçün qapıları açmış və içəridə olan sərnişinlərin düşməsini, çöldə gözləyənlərin isə minməsini gözləmişdir. Güzgüyə nəzər salmış və qapıda heç kəsin olmadığından əmin olmuşdur. Buna görə də ayağını tormozdan çəkmiş və nəqliyyat vasitəsini hərəkətə gətirmək istəmişdir. Bunun üçün də əlini sürət başlığının üzərinə gətirmişdir. Bundan sonra, qapıları bağlamaq üçün düyməyə basmışdır. Həmin vaxt arxa tərəfdən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Ona avtobusu saxlamağını bildirmişlər. Dərhal avtobusu saxlamış və qapıları açmışdır. O, avtobusdan yerə enərək yerdə uzanıqlı vəziyyətdə olan adını sonradan Dağlar kimi bildiyi şəxsin yanına gəlmiş və onu avtomobilə mindirib həkimə aparmaq istədiyini bildirmişdir. Lakin onun yanında olan qadın Dağların qohumu olduğunu, Dağların daha əvvəl 2 dəfə insult keçirdiyini, ona toxunmamalarını, belə ki, yenidən insult keçirmə ehtimalının olduğunu bildirmişdir. Həmin zaman Dağların burnundan qan gəlmiş və o, da Dağlar üçün su gətirmişdir. Dağlar qalxmaq istəyən zaman yanında olan, sonradan onun gəlini olduğunu bildiyi qadın Dağların ayağa qalxmasına imkan verməmişdir. Daha sonra, hadisə yerinə təcili yardım çağırılmış və Dağlar 3 saylı ŞKX-na aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 5 ildir ki, avtobus sürücüsü vəzifəsində çalışır. Cinayət hadisəsi üzrə özünü təqsirli bilir və peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsi avtomobil ilə xəstəxanaya aparmaq istəmiş, lakin buna icazə verməmişlər. Təcili tibbi yardım çağırıb zərərçəkmişi xəstəxanaya aparmışlar. Hadisə günü və hadisədən daha 2 gün sonra, xəstəxanaya getmişdir. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, nəqliyyat vasitəsi idarə edərək ailəsini dolandırmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, döngə 4, nömrəsiz evdə yaşayır. 27 fevral 2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 13 mart 2024-cü ildə xəstəxanada ölmüş Zərərçəkmiş şəxs onun əri idi. O, xx xxxxxxxx 1961-ci il təvəllüdlü idi, onlar 1 oğlu, gəlini və 1 nəvəsi ilə birlikdə bir evdə yaşamışlar. Dağlar Suraxanı Rayon Məhkəməsinin qazanxanasında operator vəzifəsində işləmişdir. Dağlar səhər saat 7 radələrində evdən çıxıb işə getmiş, günlük iş rejimində işlədiyi üçün növbəti gün səhər saat 8 radələrində evə qayıdırdı. 27 fevral 2024-cü il tarixdə, təxminən saat 7 radələrində Dağlar işə getmək üçün gəlini Sevinc ilə evdən çıxmış və təxminən 10 dəqiqə sonra gəlini ona məlumat vermişdir ki, Dağlar avtobusdan yıxılmış və xəsarət alaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Oğlu Kamil onu götürmək üçün gəlmiş və onlar birlikdə, 3 saylı Xəstəxanaya getmişlər. Orada Dağlar təxminən 15 gün stasionar müalicə almışdır. 13 mart 2024-cü il tarixdə Dağların müalicə aldığı xəstəxanada vəfat etdiyini öyrənmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə hazırda barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ibtidai istintaq zamanı notarial qaydada təsdiq edilmiş ərizə, həmçinin məhkəmə istintaqı zamanı da yazılı ərizə təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ərizəni təsdiq edir. Hadisənin videogörüntülərinə baxmışdır, bununla bağlkı hər hansı vəsatəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə istintaqı zamanı 09 sentyabr 2024-cü il tarixli yazılı ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barışmışlar, buna görə də, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, döngə 4, nömrəsiz evdə yaşayır. 27 fevral 2024-cü il tarixdə, saat 07 radələrində qayınatası Zərərçəkmiş şəxsla birlikdə işə getmək üçün evdən çıxmışlar. Bakı şəhəri, Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 7-ci döngənin sonunda olan 104 nömrəli marşrut xəttinin sonuncu dayanacağına qayınatası Dağlar ilə birlikdə piyada getmişdir. Orada bir qədər avtobus gözləmiş və avtobus gəldikdə, Dağlar onun yanından ayrılaraq avtobusun arxa qapısı tərəf istiqamətinə getmiş və oradan avtobusa minmişdir. O, da həmin avtobusun ön qapısından avtobusa minmiş və avtobus qapıları bağlanmadan hərəkətə başlamışdır. Hərəkətə başlayan zaman qapılar açıq olduğundan arxaya doğru getmiş, lakin əli ilə tutacaqdan tutaraq özünü saxlamışdır. Lakin bu zaman arxa tərəfdən qayınatası Dağların səsinin gəldiyini, kiminsə yerə yıxıldığını, ətrafdakı şəxslərin isə qışqırdığını görmüşdür. O, da tibb işçisi olduğundan yardım məqsədilə avtobusdan düşüb yıxılan şəxsə tərəf qaçmışdır. Bu zaman yıxılan şəxsin qayınatası Dağlar olduğunu görmüşdür. Onun ağız və burun nahiyəsindən qan gəldiyindən onun insult keçirməsindən şübhələnmiş və onu yerindən tərpətməyə imkan verməmişdir. Həmçinin avtobusun qapılarının bağlandığını, Dağların isə ayaqlarının qapının arasında qaldığını görmüşdür. Sürücüyə bu barədə dedikdən sonra, sürücü qapıları açmışdır. O, bu barədə dərhal ailə üzvlərinə məlumat vermiş və təcili tibbi yardım çağırmışdır. TTY gəldikdən sonra, onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Sürücü hadisə yerindən qaçmamış, əksinə Dağların xəstəxanaya yerləşdirilməsi üçün onlara köməklik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 13 mart 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis leytenantı X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 27 fevral 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində keçirilmişdir. Hadisənin növü avtobusdan yıxılmadır. Yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsidir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt-betondur. Örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 6 metr, hərəkət zolağının sayı 2, işlək hissənin eni isə 3 metrdir. İşlək hissəyə sağdan və soldan səki birləşir. Sağda və solda tikililər vardır. Həmin sahədə hərəkət ümumi qaydada nizamlanır. Hadisə yerinin sxemi protokola əlavə edilmişdir. (iş.v. 6) Dövlət yol polisi tərəfindən verilmiş "xxxx" MMC-nin (VÖEN: **********) şəhərdaxili və şəhərətrafı sərnişin daşıma nəqliyyatı üçün 104 №-li marşrutların yol vərəqəsindən görünür ki, sənəd 08 fevral 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək Bakı və Abşeron ərazisində etibarlıdır. Sürücü Təqsirləndirilən şəxs BCD dərəcəli, BB:313034 nömrəli sürücülük vəsiqəsi əsasında İsuzu-Saz markalı nəqliyyat vasitəsini idarə edir. **-OJ-*** dövlət qeydiyyat nişanlı avtobus texniki baxışdan keçirilmiş və xəttə çıxmasına icazə verilmişdir. (iş.v. 8) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus olan BB313034 nömrəli, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. 05 dekabr 2021-ci il tarixdən 05 dekabr 2031-ci il tarixədək etibarlıdır. (iş.v. 9) "xxxx" MMC tərəfindən verilmiş “sürücünün tibbi müayinə kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçmişdir. (iş.v. 9) Məhkəmə iclasında Təqsirləndirilən şəxs idarə etdiyi sərnişin avtobusunda Zərərçəkmiş şəxs yıxılmasına dair videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs avtobusun pilləkənlərindən qalxan zaman avtobus hərəkətə başlamış və Zərərçəkmiş şəxs avtobusun qapıları açıq olduğundan arxası üstə yerə-asfalta yıxılmışdır. X6 tərəfindən Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 01 aprel 2024-cü il tarixli ərizədən görünür ki, 27 fevral 2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı aldığı xəsarətlərdən 13 mart 2024-cü il tarixdə xəstəxanada ölmüşdür. X6, həmin cinayət işi üzrə mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını və cinayət prosesində iştirkak etməsini xahiş etmişdir (iş.v. 33) 01 aprel 2024-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə X6 hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 34) Suraxanı RPİ-nin İŞ-in 15 mart 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan ünvan 10 ki, xx xxxx 1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus BB313034 saylı, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (iş.v. 33; 48) 02 aprel 2024-cü il tarixli, məhkəmə tibbi ekspertizasının 37 saylı meyitin ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş – beyinə, qişalarına və mədəciklərinə qansızma, başın yumşaq örtük toxumasına qansızma, hər iki ağciyərin əzilməsi, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, alınma müddətləri qərarda göstərilən 27 fevral 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtobusdan şəxsin yer səthinə yıxılması zamanı alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Mərhum D. H. Məcidovun ölümünə baş beyinin ağır dərəcəli əzilməsi nəticəsində baş beyinin travmadan sonrakı ödemi və dislokasiyası səbəb olmuşdur. Ölüm X14 xx.xx.2024-cü il tarixdə saat 09:30-da baş vermişdir, hansı ki, meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. (iş.v. 42-45) 22 may 2024-cü il tarixli, 8/1216 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “İsuzu” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş.v. 52-54) Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinə görə sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. İş materiallarına əlavə edilmiş 14/21-DN №-li əmək müqaviləsindən görünür ki, işəgötürənin səlahiyyətlərini həyata keçirən "xxxx" MMC-nin direktoru X7 ilə işçi Təqsirləndirilən şəxs arasında 09 mart 2021-ci il tarixdə Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi (kontaktı) bağlanmışdır. O, avtobus sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. (iş.v. 93-94) 20 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 dəymiş maddi ziyanla və onu mülki məhkəmə icraatı qaydasında tələb etməsi ilə bağlı hüquqları izah olunmuşdur. (iş.v. 66-67, 80-81; 83) Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi tərəfindən 30 avqust 2024cü il tarixdə verilmiş, 310 nömrəli arayışdan görünür ki, Əliyev X5 rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, döngə 5 küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Ailə tərkibi: xx.xx.1990-cı il təvəllüdlü həyat yoldaşı X12, uşaqları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X4 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsi tərəfindən 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilb Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, o, 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2013-cü il tarixli qərarı ilə cəzasından 04 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. 27 fevral 2018-ci il tarixdə cəza müddəti başa çatmışdır (iş.v. 38) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, ona dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmaması, himayəsində 2 azyaşlı uşağının olması CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, həmçinin şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-392/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-392/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver