Məhkəmə qərarları › İş №1(010)-394/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-394/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-394/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 05 – 07 aprel 2025-ci il tarixləri üzrə tutulmuş, 07 aprel 2025-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 30 iyul 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 aprel 2025-ci il tarixdə, saat 15:30 radələrində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu ücün ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,775 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə təxminən saat 15:00 radələrində o, yaşadığı ərazidə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 16 saylı binanın yaxınlığında olarkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmış və söhbət əsnasında həmin şəxsin psixotrop maddə olan metamfetamin qəbul etdiyini bilmiş, həmin şəxsdən öz istifadəsi ücün bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs də etiraz etməmiş və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin ona 5 manat pulun müqabilində satmışdır. O, həmin şəxsə 5 manat pulu verəndən sonra həmin şəxs ona bir ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş bükümü ona vermişdir. O, həmin şəxsdən həmin bükümü alıb açmış və arasına baxdıqda orada ağ rəngli, kristal şəklində olan psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin şəxs psixotrop maddə olan metamfetamini ona satandan sonra ondan aralanmış və çıxıb gedərək gözdən itmişdir. O, həmin şəxsi ilk dəfə idi görmüş, adını bilməmişdir. O, metamfetamini həmin şəxsdən alandan sonra əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, şəxsi işi ilə bağlı həmin ərazidə həmin ünvanın yaxınlığında yerləşən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən "Kovan" restoranının arxasından keçib gedən zaman təxminən saat 16:50 radələrində ona üç nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim edərək Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirib onun ad və soyadını soruşmuşlar. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik maddə olub-olmadığını soruşmuşlar və olduğu halda təqdim etməyini bildirmişlər. O, həmin vaxtı üzərində psixotrop maddə olan metamfetamin olduğunu polis əməkdaşlarına bidirmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd göy rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü ondan alıb açıb baxmışlar və arasında ağ rəngli, kristal şəkilində olan maddə olduğunu görmüşlər. Polis əməkdaşları sonra həmin bükümü zərfə qoyub qablaşdırmışlar, daha sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş, o və polis əməkdaşları zərfin üzərinə imza etmişlər. Daha sonra polis əməkdaşları onun üstünə baxışı davam etdirmişlər üstünü yoxlamışlar, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra ona Suraxanı RPİ-nin 33-cü polis bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birgə 33-cü polis bölməsinə getmişdir. 33-cü polis bölməsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Özünü Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin baş təhqiqatçısı kimi təqdim edən Elməddin Əhmədov onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə xidməti otaqda onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcədə o, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın video görüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmiş və sonra bu barədə protokol tərtib etmişdir. O və iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin baş təhqiqatçısı Elməddin Əhmədov üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı onun izahatını almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 4 ünvanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ- nin 32-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığına getmişlər. Həmin vaxtı saat 15:00 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra həmin şəxsdən həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkından yerdən tapıb və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasına aparılmış və təhqiqatçı Əhməd Muradova təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən saat 17:00 radələrində üzərinə baxış keçirildikdə yolda Təqsirləndirilən şəxs götürdükləri psixotrop maddə metamfetamini təqdim etmişlər. Digər şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub digər şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş digər şahidlər Şahid1 və Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Emin Fətullayev, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və Suraxanı RPİ-nin 32-ci polis bölməsinin kiçik əməliyyat müvəkkili Şahid3 ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkından yerdən tapıb saxladığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Həmçinin digər diskdə Təqsirləndirilən şəxs üzərində baxış aparıldıqdan sonar onun Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasına aparılması və orada təhqiqatçı Əhməd Muradovun otağında şübhəli şəxs qismində tutulması və digər istintaq hərəkətləri öz əksini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/1283/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”; Şahid2 “imza”; Şahid1 “imza”; Şahid3 “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,775 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,775 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq-0,725 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2219 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,775 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,725 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2025-ci il tarixdə saat 16:00 radələrində Əmircan qəsəbəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan 2 nömrəli X2 tərəfindən verilmiş 14 may 2025-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Qeyd olunur ki, Məlikov X3 Rayon Məhkəməsinin 1(010)-336/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 25 yanvar 2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 05 – 07 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 iyul 2025-ci ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 – 07 aprel 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 iyul 2025-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 (on altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 (yüz yetmiş altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar