Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-395/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, subay, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(010)- 271/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 26 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2025ci il tarixli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 10 sentyabr 2025-ci il tarixdə tutulmuş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,068 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2025-ci il tarixdə, saat 12:00-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,068 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, əvvəllər təxminən 5-6 il narkotik vasitə və psixotrop maddə qəbul etmiş, lakin son zamanlar qəbul etməmişdir. Narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. Bir neçə gün əvvəl, psixotrop maddə-metamfetamin qəbul etmək həvəsinə düşmüşdür. 25 aprel 2025-ci il tarixdə, axşam saatlarında, təxminən saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən dəmir yolu stansiyasının qarşısından piyada keçib gedərkən orada bir nəfər tanımadığı şəxslə rastlaşmışdır. Həmin şəxsi xarici görünüşündən narkotik vasitə qəbul edənə oxşatmışdır. Həmin şəxsə yaxınlaşmış və özü də psixotrop maddə-metamfetamin qəbul etdiyini və ehtiyacı olduğunu bildirib həmin şəxsdən bir büküm psixotrop maddə-metamfetamin istəmişdir. Həmin şəxs bir büküm metamfetamini ona 10 manata təklif etmişdir. Onunla razılaşaraq 10 manat pul verdikdən sonra həmin şəxs ona bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm vermişdir. Həmin bükümü açıb arasına baxdıqda orada psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Bundan sonra həmin bükümü əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin şəxs bir büküm halında psixotrop maddəni ona verdikdın sonra orada dayanmamış və uzaqlaşıb gedərək gözdən itmişdir. Bundan sonra, həmin ərazidən uzaqlaşmış və yaşadığı evə getmişdir. Aldığı həmin psixotrop maddəni qəbul etməmiş və şalvarının cibində saxlamışdır. Növbəti gün yəni 26 aprel 2025-ci il tarixdə, saat 12:00 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsində, Şimal-Şərq küçəsi ilə piyada gedən zaman “Hyundai” markalı avtomobil onun yanında saxlamış və içərisindən üç nəfər şəxs düşmüş, onların ikisi mülki geyimdə, biri isə polis formasında olmuşdur. Həmin şəxslər özlərini ona polis əməkdaşı kimi təqdim etmiş və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirib onun ad və soyadını soruşmuşlar. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri mobil telefon vasitəsilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra, ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddə, predmet və ya narkotik maddə olub-olmadığını soruşmuşlar və olduğu halda, onlara təqdim etməsini bildirmişlər. Həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olduğunu bidirmiş və əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü onlara təqdim etmiş və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin bükümü ondan alıb zərfə qoyub qablaşdırmış, daha sonra zərfin üzəri DİN-nin ştamp əksi ilə möhürlənmiş, o və polis əməkdaşları zərfin üzərinə imza etmişlər. Daha sonra polis əməkdaşları onun üstünə baxışı davam etdirmiş və üstünü yoxlamışlar, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onun üstünə baxış keçirib qutardıqdan sonra ona onlarla birlikdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları birgə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə getmişdir. Polis bölməsinə gəldikdən sonra, onu xidməti otağa gətirmişlər. Özünü Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Ramiz Süleymanov onun üzərindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmış psixotrop maddəyə xidməti otaqda onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmiş, eləcə də, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə keçirilən baxışın videogörüntüləri olan diski kompüterə salıb orada olan görüntülərə baxış keçirmiş və sonra, bu barədə protokol tərtib etmişdir. O, və iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra, təhqiqatçı Ramiz Süleymanov üzərində qanunsuz olaraq psixotrop maddəni saxlamaqda və gəzdirilməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Suraxanı rayonu 9 saylı vəkil bürosundan Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Narkomaniya xəstəliyindən ehtiyacı olmadığı üçün müalicə almamışdır. Videoçəkilişlə tutulmuş, polis bölməsinə aparılmışdır. Bundan sonra, təhqiqatçı onun izahatını almışdır. Sonda isə əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 26 aprel 2025-ci il tarixdə, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsinə getmişlər. Həmin vaxt, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib orada videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda, təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bir büküm psixotrop maddə-metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə psixotrop maddə-metamfetamin olduğunu, həmin psixotrop maddə-metamfetamini Suraxanı rayonu, Əmircan qəsəbəsindən tanımadığı şəxsdən 10 manata alıb özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəflərindən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına aparılmış və təhqiqatçı Ramiz Süleymanova təhvil verilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs götürdükləri psixotrop maddə-metamfetamini təqdim etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşdığı zaman o, tək idi. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təhqiqatçı tərəfindən maddi sübuta baxış keçirilib-keçirilməməsini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin üzərinə baxışı kimin keçirməsini uzun müddət keçdiyi üçün xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və bölmənin sahə rəisi, polis serjantı Şahid3 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni özü təqdim etmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs psixotrop maddəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250100220 nömrəli cinayət işi 26 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 26 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 5-6) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. 26 aprel 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs, 26 aprel 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində üstünə yoxlama aparılmışdır. (iş.v. 10) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü polis bölməsinə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, 26 aprel 2025-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi Şimal-Şərq küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 01 (bir) ədəd bükümdə kristalşəkilli psixotrop maddəyə bənzər kütlənin, 01 (bir) ədəd ağ rəngli zərflərdə qablaşdırılması, həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 01 (bir) ədəd sellofan bükümdə metamfetamınə bənzər maddə aşkar olunmuş və həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra, 01 (bir) ədəd DVD-yə kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması və Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olması barədə bildirməsi əksini tapmışdır. (iş.v. 16-17) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 6/1567 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,068 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Ekspertiza xərci 65 (altmış beş) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 1,068 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,018 qram. (iş.v. 42-44) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinn 22 dekabr 2021-ci il tarixli, 1(010)-271/2021 saylı hökümdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (iş.v. 92-97) Məhkəmə ambulator narkoloji ekspertizasının 13 may 2025-ci il tarixli, 2774 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 107-108) Suraxanı RPİ-nin İŞ-nin 06 may 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən ünvanlanan 24 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddəni ona verən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (iş.v. 80-81, 97) 27 may 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,068 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında qeydə alınmış videogörüntünün olduğu 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 1,018 qram metamfetamin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, videogörüntüləri əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə təmiz çəkisi 1,068 qram psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə Azərbaycan Respublikası CM-nin 234-ci maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. (iş.v. 111-118) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə, saat 13:45-də şübhəli şəxs qismində tutulmuş, saat 12:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 28 aprel 2025-ci il tarixdə, saat 10:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. Həmin tarixli qərarla, müstəntiq tərəfindən barəsində həmin gün, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmədiyindən və məhkəmənin çağırışlarından qərəzli olaraq yayındığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Suraxanı RPİ-nin 33-cü polis bölməsi tərəfindən göndərilmiş məktubdan və “tutma haqqında” protokoldan görünür ki, 10 sentyabr 2025-ci il tarixdə, saat 12:15-də tutulmuş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 28, 56-57, 76-78) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Təhqiqatçı tərəfindən ona təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd diskə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut hesab edilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələrini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 1,068 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə də, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,068 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 26 aprel 2025-ci il tarixdə, saat 12:00-da psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal-Şərq küçəsində saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,068 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmədə verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrinə həmçinin şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(010)-271/2021 saylı hökümdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 10 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 14 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, 25 dekabr 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün üzərində probasiya nəzarəti dayandırılmış və idarənin qeydiyyatından çıxarılmışdır. (iş.v. 97-115) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, o, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(010)-271/2021 saylı hökmü ilə az ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib bitirdiyi 25 dekabr 2024-cü il tarixdən 01 il keçməmiş, yenidən 26 aprel 2025-ci il tarixdə qəsdən cinayət əməli törətmişdir. Buna görə də, o, həmin hissədə məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin müxtəlif maddələri ilə barəsində məhkəmə tərəfindən dəfələrlə hökmlər çıxarılmış, lakin o islah olunmayaraq yenidən cinayət əməli törətmiş, bununla da qanunlara laqeyd münasibət göstərmişdir. Həmin hal məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hal hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və onun 26 yanvar 2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,018 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 16 iş saatı üçün 176 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun 26 yanvar 2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,018 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 16 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-395/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-395/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver