Məhkəmə qərarları › İş №1(010)-4/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-4/2020

03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-4/2020 03.03.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs Həvil oğlunun, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs Həvil oğlunun, xx xxxx 1984-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, məhkumluğu olmayan, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Həvil oğlu ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1 və 32.5, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, tanışı X8 oğurladığı avtomobili əldə etməyi sonuncuya qabaqcadan vəd verib ona köməklik etməklə N.X.Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında N.X.Əsgərovun xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 6 nömrəli evin qarşısından gizli olaraq ələ keçirdiyi X5 məxsus, dəyəri 1.200 manat olan “VAZ 21063” markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobili əvvəlcədən razılaşdıqları kimi xx xxxxxx 2013-cü il tarixdə Goranboy rayonunda əldə etməklə zərəçəkmiş şəxs K.Ə.Əhmədova xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Həvil oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2013-cü il tarixdə Gəncə şəhərində yerləşən “Dan Ulduzu” şadlıq sarayında toy şənliyində olduğu zaman əsgər yoldaşı Nazim ona zəng edib Şəmkir rayonuna getdiyini, hazırda yolda olduğunu, onunla görüşmək istədiyini bildirmiş, sonuncunu “Dan Ulduzu” şadlıq sarayına dəvət etmişdir. Nazim gəldikdən sonra bir qədər toy şənliyində iştirak edib Goranboy rayonuna getmişlər, orada çayxanada çay içdikləri zaman Nazim ona avtomobilinin olduğunu, həmin avtomobili istədiyi təqdirdə ona sata biləcəyini demişdir. Nazimə Goranboy rayonunda avtomobillərin alqı-satqısı və təmiri ilə məşğul olan Həsən adlı tanışının olduğunu, ona təklif etdiyi avtomobili həmin şəxsə sata biləcəklərini demişdir. Bundan sonra Nazimi Şəmkir rayonuna yola salmışdır. xx xxxxxx 2013-cü il tarixdə, səhər saat 08 radələrində Nazim ona zəng edərək Goranboy rayonuna gəldiyini, onunla görüşmək istədiyini bildirmiş, sonuncu ilə Goranboy rayonunun Dəliməmmədli kəndində görüşmüşdür. Həmin vaxt Nazim ağ rəngli “VAZ 2106” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərib özünə məxsus olduğunu, onu satmaq istədiyini bildirmişdir. Nazimdən avtomobilinin sənədlərini soruşduqda isə sonuncu sənədlərin Bakı şəhərində olduğunu, onları sonra verəcəyini demişdir. Bundan sonra “VAZ 2106” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobillə Səmədabad kəndinin girişində gedib orada avtomobillərin alqı-satqısı və təmiri ilə məşğul olan Həsən adlı şəxslə görüşmüş, Nazim isə onu kafedə gözləmişdir. Həsən avtomobilə baxdıqdan sonra 1.000 ABŞ dolları verə biləcəyini demiş və ondan avtomobilin sənədlərini istəmişdir. Avtomobilin sənədlərinin Bakı şəhərində olduğunu, onları yaxın vaxtda gətirə biləcəyini dedikdə Həsən ona 700 ABŞ dolları vermiş, qalan 300 ABŞ dollarını isə avtomobilin sənədlərini gətirdikdən sonra verəcəyini bildirmiş və “VAZ 2106” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan getmişdir. O, isə Nazimin yanına qayıdıb avtomobilin satışından əldə etdiyi 700 ABŞ dollarını Nazimə vermişdir. Nazim isə müştəri tapdığına görə həmin puldan ona 200 ABŞ dolları vermişdir. Bundan sonra o, yaşadığı evə Nazim isə Bakı şəhərinə qayıtmışdır. İki gündən sonra isə Nazim ona zəng edib Həsənə satdıqları avtomobilin əsillində oğurluq olduğunu demiş, yenə də belə bir avtomobil olacağı təqdirdə satılmasında köməklik edə biləcəyini ondan soruşmuşdur. Nazimi xeyli tənbeh etsə də sonda oğurluq avtomobili satmaqda ona köməklik edə biləcəyini demişdir. xx xxxxxx 2013-cü il tarixdə, təxminən saat 07 radələrində Nazim ona zəng edib Goranboy rayonunda olduğunu demiş, təxminən 30 dəqiqədən sonra Nazimin yanına getmiş, orada sonuncu “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərib avtomobilin oğurluq olduğunu, onu satmaq lazım olduğunu demişdir. Bu dəfə də Həsənə zəng edib satmağa avtomobilinin olduğunu deyərək ondan Goranboy rayonunun Dəliməmmədli kəndinin girişinə gəlməsini xahiş etmişdir. Nazimdən ayrılıb “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd etdiyi yerə gedib orada Həsənlə görüşmüş, sonuncu avtomobilə baxdıqdan sonra onu 700 ABŞ dollarına ala biləcəyini demiş, eyni zamanda ondan həm hazırki, həm də əvvəl aldığı avtomobilin sənədlərini istəmişdir. Həsənə narahat olmamağını, hər iki avtomobilin sənədlərini gətirib verəcəyini demişdir. Bundan sonra Həsən ona 700 ABŞ dolları məbləğində pul verib “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək oradan getmişdir. O, isə Nazimin yanına qayıdıb avtomobilin satışından əldə etdiyi 700 ABŞ dolları məbləğində puldan 500 ABŞ dollarını Nazimə vermiş, 200 ABŞ dolalrını isə sonuncunun razılığı ilə özündə saxlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materialalrında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)-5/2015 nömrəli hökmündən görünür ki, həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə, təxminən saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayıb işə getmiş, həmin vaxt ailə üzvlərindən heç kəs evdə olmamışdır. xx xxxxxx 2013-cü il tarixdə səhər işdən evə qayıdarkən avtomobilinin saxladığı yerdə olmadığını görüb bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Sonradan həmin oğurluğu Bakı şəhər Suraxanı rayon sakini X8 etdiyi məlum olmuşdur. Sonda zərərçəkmiş şəxs K.Ə.Əhmədov ona dəymiş maddi ziyanın ödənilmədiyini və avtomobilinin ona qaytarılmadığını bildirmişdir. İş materialalrında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)-5/2015 nömrəli hökmündən görünür ki, həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ifadəsində X11 tanımadığını, lakin 2013-cü ilin fevral ayında ayrı-ayrı vaxtlarda Goranboy rayon sakini, tanışı Təqsirləndirilən şəxs Həvil oğlunun sənədsiz satdığı “Jiquli” markalı iki avtomobilin hər birini 700 ABŞ dollarına aldığını və həmin avtomobilləri hissələrə bölərək tanımadığı şəxslərə satdığını bildirmişdir. Habelə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)- 5/2015 nömrəli hökmündən görünür ki, xx xxxxx 2013-cü ildə zərərçəkmiş şəxs X5 məxsus “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı ünvanda X8 ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanılması zamanı o, həmin avtomobilin qaçırılmasının təfərrüatları barədə ətraflı ifadə verərək, avtomobili qaçırdığı yeri göstərmişdir. Habelə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)- 5/2015 nömrəli hökmündən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2013-cü il tarixli, 10010/11 saylı ekspert rəyindən görünür ki, “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2013-cü ilin fevral ayına orta bazar qiyməti təxminən 1.200 manat olmuşdur. Bundan başqa Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)-5/2015 nömrəli hökmündən görünür ki, xx xxxxxxxx 2013-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə aid kardan (bir ədəd), elektrik naqili (bir dəst), sürət göstəricisi (bir ədəd), duman əleyhinə fara (iki ədəd), dirək (dörd ədəd), sükan kolonkası (bir ədəd), dirsəkli val (bir ədəd), başlığın üst qapağı (bir ədəd), körpünün çloku (bir ədəd), qabaq radiator barmaqlığı (bir ədəd), yanacaq çəni (bir ədəd), travers çaşkalarla birlikdə (bir ədəd) və cihazlar paneli (bir ədəd) iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Həvil oğlunun Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir, lakin onun əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanununun 1.61.7-ci maddəsinə əsasən aradan qalxmışdır. Çünki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanununun 1.61.7-ci maddəsindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Həvil oğlu tanışı X8 oğurladığı avtomobili əldə etməyi sonuncuya qabaqcadan vəd verib ona köməklik etməklə N.X.Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında N.X.Əsgərovun xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 6 nömrəli evin qarşısından gizli olaraq ələ keçirdiyi X5 məxsus “VAZ 21063” markalı, ** HU *** dövlət nömrə nişanlı avtomobili əvvəlcədən razılaşdıqları kimi xx xxxxxx 2013-cu il tarixdə Goranboy rayonunda əldə etməklə zərəçəkmiş şəxs K.Ə.Əhmədova 1.200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.61.7-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs tanışı X8 oğurladığı avtomobili əldə etməyi ona qabaqcadan vəd verib sonuncuya köməklik etməklə N.X.Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməsi nəticəsində zərərçəkmiş şəxs K.Ə.Əhmədova 1.200 manat, yəni 100 manatdan yuxarı, lakin 5.000 manatdan artıq olmayan məbləğdə ziyan vurması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.4-cü maddəsi Təqsirləndirilən şəxs Həvil oğluna elan edilmiş ittihamdan xaric edilməlidir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx xxxxx 2013-cü il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbirinin seçilməsi haqında xx xxx 2013-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2013-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2013-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 32.5, 194.2.1 və 32.5, 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsi barədə sorğuya əsasən X10 vilayətinin Skopin rayonlararası prokurorunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay, yəni xx xxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, X10 vilayətinin Ryajsk rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2013-cü il tarixdən xx xxx 2013-cü il tarixədək və xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay 04 gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən cərimə cəzası yüngülləşdirilməlidir. Habelə iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Həvil oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və ona alternativ olan ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)-5/2015 nömrəli hökmü ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X5 qaytarılması nəzərə alınmış “VAZ 2106” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə aid bir ədəd kardanın, bir dəst elektrik naqilinin, bir ədəd sürət göstəricisinin, iki ədəd duman əleyhinə faranın, dörd ədəd dirəyin, bir ədəd sükan kolonkasının, bir ədəd dirsəkli valın, bir ədəd başlığın üst qapağının, bir ədəd körpünün çlokunun, bir ədəd qabaq radiator barmaqlığının, bir ədəd yanacaq çəninin, bir ədəd traversin çaşkalarla birlikdə və bir ədəd cihazlar panelinin təkrarən həmin zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması barədə yeni qərar qəbul edilməsinə zərurət yoxdur. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatlarının keçirilməsinə xərclənmiş ümumilikdə 603 manat 75 qəpik məbləğində pul vəsaitinin 363 manat 75 qəpik məbləğində hissəsi Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(010)-5/2015 nömrəli hökmü ilə X7 tutulduğuna görə ekspertiza tədqiqatlarının keçirilməsinə xərclənmiş vəsaitin ödənilməmiş hissəsi – 240 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Həvil oğlundan dövlət nəfinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Həvil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.4-cü maddəsi Təqsirləndirilən şəxs Həvil oğluna elan edilmiş ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Həvil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 32.5, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4.000 (dörd min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 04 (dörd) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Həvil oğluna təyin edilən cəza yüngülləşdirilsin və Təqsirləndirilən şəxs Həvil oğluna 1.000 (min) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Həvil oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə ekspertiza tədqiqatının keçirilməsinə xərclənmiş 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Həvil oğlundan dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs Həvil oğluna 02 (iki) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili X2 Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 12 (on iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar