Məhkəmə qərarları › İş №1(010)-401/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-401/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-401/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2002-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, subay, işləməyən, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin yaxınlığında aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs göz nahiyyəsindən vuraraq, sonuncuya sol gözdə ümumi əmək qabiliyyətinin 25%-nin itirilməsi ilə müşayiət olunan (VisOS=0,l k/e) buynuz qişasının dəlib-keçməyən kəsilmiş yarası, həmin gözün ağlı qişasının qansızması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin kəsilmiş yaraları, sol üst qapağının səthi kəsilmiş yarasından ibarət, zərərçəkmiş şəxsin həyatı üşün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasmə səbəb olmuş qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxsə əl qaldırdığına görə özünü təqsirli bilir, lakin əl qaldırmağının səbəbi isə zərərçəkmiş şəxsin səhvinə görə olmuşdur. Belə ki, dayısı rəhmətə getdikdən sonra 146 saylı məktəbin yanında “Bolt” taksi xidmətinə sifariş vermişdir. Həmin taksi xidmətini gözləmiş, mülki avtomobil yaxınlaşaraq ona maşın lazım olub-olmadığını soruşmuş, ona cavabında “xeyr” ifadəsini bildirmişdir. Sifarişi özü tərəfindən yox, bacısının baldızı tərəfindən verildiyinə görə maşının nömrəsini bilməmişdir. Sonradan telefon vasitəsilə maşının nömrəsini öyrəndiyini, həmin maşının bu avtomobil olduğunu bildikdən sonra ona “əl etməklə” saxlaması barədə bildirmiş, lakin zərərçəkmiş şəxs avtomobili saxlamayaraq “Araz” marketin qarşısında saxlamış, ona yaxınlaşdıqda o, ”sifarişi ləğv edirəm” deyə bildirmişdir. Ona cavab olaraq “sifarişi ləğv edirsən, Allah canını sağ eyləsin, mən başqa söz demirəm ki, bəs nəyə görə qışqıra-qışqıra danışırsan” deyə soruşmuşdur. O da ona yanında qadın olduğundan onunla başqa cür danışmadığını bildirmişdir. O da zərərçəkmiş şəxsə “mobil nömrəvi ver, görüşüb söhbət edək” deyə bildirmiş, o da mobil nömrəsini ona vermişdir. Bundan sonra “20 Yanvar” dairəsində taksi gözləyən zaman, bacısının baldızının aşağıda həmin taksi sürücüsü ilə bir-birlərinə qarşı “əl-qol ilə” danışdığını görmüş, nə üstündə danışdıqlarını soruşmadan ona yaxınlaşaraq vurmuşdur. Həmin zaman zərərçəkmiş tərəfindən ona təhqir edilməmiş, zərərçəkmiş şəxsə vuran zaman da əlində heç bir şey olmamışdır. Zərərçəkmiş şəxsin gözündə olan yaralar sadəcə olaraq eynəyin sınması ilə baş vermiş ola bilər. Onunla mübahisəsi olarkən zərərçəkmiş şəxs də onu vurmuş, onu vurmasının səbəbi də onun maşından düşməməsi olmuşdur. Həmin an maşına heç bir zərər vurmamış, maşında olan batıqların aralarında olan mübahisə zamanı ola biləcəyini bildirmiş, həmin hadisədən sonra o, taksi çağırmış və rayona getmişdir. Bir gün sonra atasının qohumları vasitəsi ilə zərərçəkmiş şəxsin Zərifə Əliyeva adına olan xəstəxanada olduğunu bilmişdir. Həmin xəstəxanaya da getmiş, lakin adını bilmədiyindən hadisə ilə bağlı xəstəxanadan məlumat almaq istəsə də elə bir xəstə olmadığını bildirmişlər. Bundan əlavə zərərçəkmiş şəxslə dəfələrlə mobil telefon vasitəsi ilə danışmış, hətta ona da yaxınlaşaraq barışmaq istədiyini bildirmiş, zərərçəkmş şəxs onunla barışmayacağını, ona “gözündə olan xərcini çəkdikdən sonra onunla barışa biləcəyini, gözünün xərcinin isə 5000 manat olduğunu bildirmişdir. Barışıq üçün həmin məbləği verə bilməmiş, aylıq olaraq ödəniş edə biləcəyini bildirmiş, zərərçəkmiş şəxs də onunla razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “Haval H5” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərdən bir taksi kimi fəaliyyət göstərir. “Maksim” və “Bolt” şirkətlərinə qoşulmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağına “Maksim” şirkətindən sifariş gəlmişdir. O, həmin sifarişi qəbul edib müştərini Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gətirmişdir. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 81 sayh sərnişin avtobusunun sonuncu dayanacağında olan zaman “Bolt” şirkətindən sifariş gəlmişdir. O, sifarişi qəbul etmişdir. O, həmin şəxslə “Bolt” şirkətinə məxsus proqram vasitəsilə əlaqə saxlamışdır. Telefonu bir nəfər qadın götürmüş və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta məktəbin qarşısına gəlməyini demişdir. O, deyilən yerə gəlmiş və həmin şəxslə əlaqə saxlamışdır. Həmin şəxs iki binanın arasında qabağa gəlməyini və doqquz mərtəbəli binanın qarşısında saxlamağını demişdir. O, qeyd edilən yerə gəlmiş və həmin bir şəxslə bir daha əlaqə saxlamışdır. Həmin şəxs özünün getməyəcəyini, başqa ailənin gedəcəyini bildirmişdir. O, da avtomaşın barədə məlumat verib gözlədiyini demişdir. O, 1-2 dəqiqə gözlədikdən sonra yenidən əlaqə saxlamışdır. Həmin şəxs ona taksidən istifadə edən şəxslərin avtomaşını tapa bilmədiyini, onun yenidən 146 saylı tam orta məktəbin qarşısna gəlməyini demişdir. O, telefonla danışan zaman 1 nəfər oğlanın, 1 nəfər qadının və bir nəfər uşağın getməsini görmüşdür. O, sifariş verən şəxslərin onlar olmasını düşünərək yaxınlaşmış və taksi axtarırlarsa həmin taksinin özü olmasını demişdir. Ordada olan tanımadığı oğlan isə taksi axtarmadığını əsəbi halda ona demişdir. O, həmin oğlandan üzr istəyərək 146 saylı məktəbin qabağına getmiş və oradan da sifariş verən qadınla əlaqə saxlayaraq orada heç kimin olmadığını bildirmişdir. Qadın isə həmin şəxslərin ərazini tanımadığını onun “Araz” marketin qarşısına getməyini xahiş etmişdir. O, etiraz etdikdə isə qadın xahiş etmiş və o, “Araz” marketin qarşısına getmişdir. Bu zaman o, taksidən imtina edən ailəni görmüşdür. Tanımadığı oğlan avtomaşına yaxınlaşaraq taksi sürücüsünün onun olub-olmadığını soruşmuşdur. O, da ondan müştərinin o, olub-olmadığını soruşduqda həmin oğlan müştərinin onlar olmasını demişdir. O, həmin şəxsə birinci dəfə yaxınlaşanda taksiyə əyləşmədiyinin səbəbini soruşmuş, həmin oğlan isə “nə var ki burda” demişdir. O, həmin oğlana onları aparmayacağını demişdir. Həmin şəxs üstünə qışqırmış və ondan mobil nömrəsini istədikdə o, həmin şəxsə istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermişdir. O, təxminən 5 metr avtomaşınla getdikdən sonra “Bolt” şirkətinə sifarişdən imtina yazmışdır. Bu zaman bir nəfər qadın gələrək avtomaşının pəncərəsini döymüşdür. O, pəncərini yarımçıq aşağı salmışdır. Həmin qadın ona aşağı düşməyini demiş və “sən kimsən, taksisən, aparmalısan” ifadəsini qışqıraraq söyləmişdir. O, isə onları aparmayacağını bir daha demişdir. O, tanımadığı qadınla söhbət edən zaman tanımadığı şəxs kənardan gələrək onun sifət nahiyyəsinə yumruqla vurmuş və gözündə olan eynək sınaraq onun sol gözünə batmışdır. Sonra həmin şəxs avtomaşına təpiklə və yumruqla vurmuşdur. O, avtomaşından düşmüş həmin şəxs onun üzərinə gəlmişdir. O, həmin şəxsi tutmuşdur. Bu zaman arxada həmin oğlanın yanında olan qadın yumruqla onun gözünə vurmuşdur. Sonra isə orada olan şəxslər onları aralaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Eyaz oğlu onun qardaşıdır, Şahid2 isə onun baldızıdır. xx.xx.2022-ci il tarixdə dayısı Urşanın qırx mərasimi ilə əlaqədar qardaşı Müslüm Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindən onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evinə gəlmişdir. Danışıqlarına əsasən o və qardaşı Müslüm Sabirabad rayonuna getməli idilər. Müslüm ona “Bolt” proqramı vasitəsilə 20 yanvar metrostansiyası yaxınlığına getmək üçün taksi sifariş verməyini demişdir. O, isə ona telefonunda “Bolt” proqramı olmadığını, ancaq baldızı Leylaya zəng edərək ondan taksi sifariş verməyi üçün xahiş edəcəyini demişdir. Bir neçə dəqiqə sonra o, baldızı Leylayla əlaqə saxlayaraq taksi sifariş etməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Leyla onunla telefon vasitəsilə əlaqə saxlayaraq taksi sifariş verməsini və taksinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 sayh tam orta məktəbin yanında olmasını demişdir. O, qardaşı Müslüm və onun yanında olan 5 yaşlı oğlu Turalla birlikdə həyətə düşərək 146 saylı tam orta məktəbin yanına getmişlər. Ancaq taksini tapa bilməmişlər, binanın həyətinə geri qayıdan zaman yolda bir nəfər taksi yaxınlaşaraq sürücüsü “taksi lazım olub-olmadığını” soruşmuşdur. Müslüm isə həmin şəxsə taksi sifariş vermədiklərini demişdir. Sonra Leyla onunla yenidən telefon vasitəsilə əlaqə saxlayaraq taksinin qeydiyyat nişanının **-HU-*** olmasını demişdir. Müslüm bayaq onlara yaxınlaşan avtomaşının da qeydiyyat nişanının **-HU-*** olmasını görmüşdür. Müslüm əl etsə də sürücü avtomaşını saxlamamışdır. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin qarşısında 99- HU-561 dövlət qeydiyyat nişanlı avtomaşın dayanmışdır. O, qardaşı Müslüm və azyaşlı oğlu Tural taksiyə yaxınlaşdıqda taksi sürücüsü onları aparmayacağını demişdir. Bu səbəbdən Müslümlə aralarında mübahisə yaranmışdır, Müslüm taksi sürücüsündən mobil nömrəsini istəmişdir. O, Müslüm ilə taksi sürücüsünü sakitləşdirmiş və onlar oradan evə getdikləri üçün aralaşmışlar. Evə gedən zaman yarı yoldan qayıtmışlar ki, başqa taksi sifariş versinlər və 20 yanvar metrostansiyası yaxınlığına getsinlər. Çünki qardaşı Xəyal onları orada gözləyirdi. Bu zaman Leyla onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, Leylayla danışdıqdan sonra Leylanın gələcəyini və başqa taksi sifariş edəcəyini Müslümə demişdir. Müslüm **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Leylayla danışdığını gördükdə Müslümə pis təsir etmişdir. Müslüm də onlara yaxınlaşaraq heç bir söz demədən avtomaşının qapısına yumruqla vuraraq sürücünün düşməsini demişdir. O, avtomaşından düşmədikdə yumruqla sonradan adını bildikləri Xalidin göz nahiyyəsinə vurmuşdur. Xalid avtomaşından düşdükdən sonra aralarında dava- dalaş davam etmişdir. Xalidin gözündən qan gəlmişdir. O və Leyla isə Müslüm ilə taksi sürücüsünü sakitləşdirirmişlər. Sonra isə o, azyaşlı oğlu Tural, Leyla və Müslüm oradan uzaqlaşaraq onun yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Təxminən 30-40 dəqiqə sonra isə o, azyaşlı oğlu Tural və qardaşı Müslümlə birlikdə Sabirabad rayonuna getmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun qardaşı X1 qaynı, X3 isə qardaşı Üzeyir Məmmədovun arvadıdır. xx.xx.2022-ci il tarixdə Aytəkin onunla telefon vasitəsilə əlaqə saxlayaraq 20 yanvar metrostansiyasma taksi sifariş etməyini demişdir. Çünki Aytəkin qardaşı Müslümlə birlikdə yas mərasimi ilə əlaqədar Sabirabad rayonuna getməli idi. Onun telefonunda “Bolt” proqramı olmadığı üçün həmin zaman yanında olan İlahəyə onun telefonunda “Bolt” proqramı olub-olmadığını soruşmuşdur. İlahə isə telefonunda “Bolt” proqramı olduğunu demiş və taksi sifariş etmişdir. O, da Aytəkinə taksi sifariş etdiyini bildirmişdir. Aytəkin onunla yenidən əlaqə saxlayaraq taksinin gəlmədiyini demişdir. O, yenidən taksi sürücüsü ilə əlaqə saxlamış və taksi sürücüsündən yerini soruşmuşdur. Taksi sürücüsünə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Araz” marketin qarşısında gözləməsini demişdir. Taksi sürücüsü onunla kobud danışmış və Qaraçuxur qəsəbəsini tanımadığını demişdir. O, Aytəkinlə yenidən telefon vasitəsilə əlaqə saxladıqda Aytəkin ona taksi sürücüsünün onları aparmadığını, evə gedəcəklərini və başqa taksi axtaracaqlarını demişdir. O, Aytəkinə gözləmələrini və gəlib başqa taksi sifariş edəcəyini demiş və evdən çıxmışdır. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin yaxınlığında taksi kimi sifariş etdiyi **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşını görmüşdür. O, həmin avtomaşına yaxınlaşaraq sürücüyə avtomaşından düşməsini xahiş etmişdir. Sürücü isə avtomaşından düşmədikdə o, sürücüyə onunla kobud danışmağının səbəbini soruşmuşdur. Bu zaman Müslüm heç nə demədən avtomaşının qapısına yumruqla vuraraq sürücünün düşməsini demişdir. O, avtomaşından düşmədikdə yumruqla sonradan adını bildikləri Xalidin göz nahiyyəsinə vurmuşdur. Xalid avtomaşından düşdükdən sonra aralarında dava- dalaş davam etmişdir. Xalidin gözündən qan gəlmişdir. O və Aytəkin isə onları sakitləşdirirmişlər. Sonra isə o, Aytəkin və azyaşlı oğlu Tural, Müslümü oradan uzaqlaşaraq Aytəkinin yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Təxminən 30-40 dəqiqə sonra isə Aytəkin azyaşlı oğlu Tural və Müslümlə birlikdə Sabirabad rayonuna getmişlər. Cinayət işinin 8-10-cu vərəqlərində olan “baxış keçirilməsi” barədə 23 sentyabr 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus ağ rəngli “Haval H5” minik markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin sürücüsü tərəfində qapıda batıq olması müşahidə edilmişdir. Cinayət işinin 21-22-ci vərəqlərində olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1146 saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir; sol gözdə ümumi əmək qabiliyyətinin 25%-nin itirilməsi ilə müşayiət olunan (VisOS=0,lk/e) buynuz qişanın dəlib-keçməyən kəsilmiş yarası, həmin gözün ağlı qişasının qansızması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin kəsilmiş yaraları, sol üst göz qapağının səthi kəsilmiş yarası. Qeyd edilən baş beyin silkələnməsi bərk küt əşyanın, digər xəsarətlər iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 84-85-ci vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Kazımov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından azad edilmişdir. Cinayət işinin 58-ci vərəqində olan 25 mart 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən “Araz” marketin yaxınlığında hadisə yerini göstərək bildirdi ki, 23 sentyabr 2022-ci il tarixdə saat təxminən 16:45 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs yumruqla xəsarət yetirmişdir. Cinayət işinin materiallarının 81-ci vərəqlərində olan 26 mart 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 16:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində heç bir əsas olmadan Zərərçəkmiş şəxs vuraraq sol gözdə əmək qabiliyyətinin 25%-nin itirilməsi ilə müşayiət olunan buynuz qişasının dəlib-keçməyən kəsilmiş yarası, həmin gözün ağlı qişasının qansızması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin kəsilmiş yaraları, sol üst öz qapağının səthi kəsilmiş yarasından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır bədən xəsarəti yetirmişdir. Bu hal ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində ********* nömrəli cinayət işi açılmışdır. Qeyd olunan cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda cinayət işi yekunlaşmış və ittiham aktı tərtib olunraq aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona həm maddi həmdə mənəvi ziyan dəymişdir. Belə ki, sol gözdə əmək qabiliyyətinin 25%-nin itirilməsi ilə müşayiət olunan buynuz qişasının dəlib-keçməyən kəsilmiş yarası, həmin gözün ağlı qişasının qansızması, baş beyin silkələnmsəi, sol gözaltı nahiyənin kəsilmiş yaraları, sol üst öz qapağının səthi kəsilmiş yarasından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır bədən xəsarəti Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmişdir. Hazırda onun vəziyyəti çox acınacaqlı olmaqla gözünün 25 faiz görməsini itirdiyindən mənəvi əzab çəkir. Ona görə hesab edir ki, maddi və mənəvi ziyanı vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs mənə qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi və mənəvi zayana görə konpensasiya ödəməlidirlər. Buna görə Azərbaycan Respublikası 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyana görə 5000 AZN və mənəvi ziyana görə 7000 AZN konpensasiya ödənilməsini tələb edir. Beləki, onun zərbə nəticəsində eynəyi qırılıb həmin eynəyin dəyəri olan 76 manat, köynəyi cırıldığından və şalvarı qan olduğundan 48 manat şalvar, 25 manat köynək, dərmanlara 114 manat, rentgen və usm 50 manat, yaranın tikilisini sökdürmək üçün 10 manat, xəstəxanada yatdığım günlər üçün hər gün 50 manat olmaqla, 150 manat, dəfələrlə həkimə yoxlanışa getmək üçün ümumi 132 manat, uşaq uzaqda oxuduğundan özüm aparıb gətirə bilmədiyi üçün hər 10 manat olmaqla 30 gün 300 manat, özü bir ay heç işləyə bilmədiyi üçün günü 50 manat olmaqla bir ay ərzində 1500 manat, maşına vurulmuş ziyana görə 545 manat(Haval servis tərəfindən verilmiş qüsur aktına əsasən) həmin akta tərtib edilməsinə görə xidmət haqqı 50 manat ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. BONA DEA Hospitalı tərəfindən verilmiş epikrizə görə onun solç gözündə zərbəyə bağlı əmələ gələn çapıq toxumasının buynuz qişasının dərin qatında (stromasında) olduğu üçün hər hansı bir müalicə üsulu ilə sağalması mümkün deyil. Ancaq sol gözün görmə qabiliyyətinin ekcimer lazer əməliyyatı vasitəsi ilə artma ehtimalı vardır. Verilmiş ekiptizdən də müəyyən olunur ki, onun gözünün müalicə üsulu ilə sağaldılması mümkün deyildir. Ancaq lazer əməliyyatı ilə artam ehtimalı var. Hazırda həmin lazer əməliyyatının qiyməti 3000 manata yaxındır. O, gözünün yoxlanışı üçün 50 manatda ödəniş etmişdir. Ekspert rəyində qeyd edildiyi kimi onun görmə qabiliyyətinin 25% faizini itirdiyindən daima bu hal ona mənəvi əzab və iztirab verəcəkdir. Odur ki, onun mülki iddiaçı qismində tanınmağını, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 5000 AZN, mənəvi ziyana görə 5000 AZN kompensasiya və dövlət rüsumu olaraq ödənilmiş 120 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü tam təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs əməlində dəlilləri və mülahizələri, o cümlədən təqsirləndirilən şəxsin niyyətinin ictimai qaydalarının pozulması, zərərəçəkmiş şəxsin əmlakına – avtomobilinə məhz təqsirləndirilən şəxs M. Kazımov tərəfindən hadisənin törədildiyi zaman maddi ziyan vurulması kimi hərəkətlərin hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2-ci maddəsinə əsasən eyni əməllər; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 №-li Qərarının 7-ci bəndində göstərilir ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatıvə sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 05 dekabr 2023-cü ildən hesablanmalıdır. (CPM-nin 158.2.1, 158.6) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq, vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayçt Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessal qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə idd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunveriliciliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin mənəvi zərər hissəsinin həlli üçün məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, iş materiallarında olan istintaq zamanı alınmış Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1146 saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir; sol gözdə ümumi əmək qabiliyyətinin 25%-nin itirilməsi ilə müşayiət olunan (VisOS=0,lk/e) buynuz qişanın dəlib-keçməyən kəsilmiş yarası, həmin gözün ağlı qişasının qansızması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin kəsilmiş yaraları, sol üst göz qapağının səthi kəsilmiş yarası. Qeyd edilən baş beyin silkələnməsi bərk küt əşyanın, digər xəsarətlər iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Maddi zərər ilə əlaqədar olan hissə ilə mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, şahid ifadələrindən və istintaqı zamanı keçirilmiş Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1146 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görmə orqanına xəsarət yetirmişdir. Lakin həmin xəsarətlərlə əlaqədar vurulmuş maddi ziyanın dəyəri – göz əməliyyatının keçirilməsi üçün tələb olunan məbləği və digər tələblərlə əlaqədar mülki iddiaçı tərəfindən hər hansı arayış, sənəd və digər sübutları təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mülki iddiaçı – zərərçəkmiş şəxs cavabdeh – təqsirləndirilən şəxsin hərəkətlərindən ona dəymiş mənəvi ziyanın göstərdiyi məbləğlə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Lakin yuxarıda qeyd edildiyi kim şahid ifadələrindən və istintaqı zamanı keçirilmiş Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1146 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görmə orqanına xəsarət yetirməklə, həm də ona mənəvi iztirab vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Xalid oğlunun Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməli, maddi zərərlə bağlı hissədə mülki iddia baxlmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 05 dekabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Mülki iddia qismən təmin olunsun və vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar