Məhkəmə qərarları › İş №1(010)-402/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-402/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-402/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədi ilə X1 usta kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlar massivində yerləşən bağ evində təmir tikinti işlərində istifadə etmək üçün armatur alacağına dair yalan vəd verib inandıraraq göndərmiş olduğu 4169 7388 8963 7280 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 09:44 də 310 manat, saat 15:44-də 3880 manat, saat 15:48-də 138 manat və saat 15:54-də 158 manat olmaqla 4486 manat pulu sonuncunun yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanından və xx.xx.2025-ci il tarixdə saat 08:57-də 430 manat, saat 15:08-də 784 manat və saat 15:17-də 300 manat olmaqla 1514 manat pulu Bakı şəhəri, ünvan 1 ünvanından köçürtdürərək ümumilikdə 6000 manat, yəni xeyli miqdarda pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağlarında Əxi kimi tanıdığı şəxsin bağ evində suvaq işləri görərkən bir nəfər tanımadığı qadın ona yaxınlaşaraq qonşu həyətdə torpağının olduğunu və orada ev tikdirmək istədiyini bildirmişdir. O, həmin qadına qoşa daşın hörgüsünü 8 manata etdiyini bildirmişdir. Özünü ona Nərgiz kimi təqdim edən həmin qadın onunla razılaşmış, onlar birlikdə həmin qadına məxsus olan torpaq sahəsinə getmişlər. Bütün detalları razılaşdıqdan sonra o, çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə adını Nərgiz kimi tanıdığı qadın ona zəng vuraraq pul atmaq üçün kart nömrəsi istəmiş, o isə qeyri rəsmi yaşadığı Şahid adına olan, lakin onun istifadəsində olan Kapital banka məxsus 4169 7388 8963 7280 nömrəli kartın şəklini votsap vasitəsi ilə həmin şəxsə göndərmiş, həmin qadın ona 1000 manat əl haqqı və 1270 manat material pulu göndərmişdir. O, 1270 manatlıq material alıb həmin şəxsin həyətinə aparmışdır. Həmin qadın sonradan onun istifadəsində olan 4169 7388 8963 7280 nömrəli karta xx.xx.2025-ci il tarixdə 39 manat, xx.xx.2025-ci il tarixdə 140 manat, xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 712 manat, xx.xx.2025-ci il tarixdə 3.880 manat,158 manat, 138 manat, 310 manat və 202 manat, xx.xx.2025-ci il tarixdə 784 manat, 430 manat və 300 manat ümumilikdə 11393 manat pul göndərmişdir. O, isə həmin qadının həyətinə 90 ədəd 400 marka sement, 4000 ədəd daş, 2 kamaz qum, 700 manatlıq dam örtüyü, dəmir boru, almatur, atçep, şeben, vedrə, lapatka və tikinti üçün lazım olan digər alətlər almışdır. Sonra 5 kamaz karyer qumu alaraq onu həmin həyət sahəsində yaymış və həyətdə şambo tikmişdir. Bundan sonra evin özülünü yer səviyyəsindən 4 daş hündürlükdə 46 kv metr hörmüşdür. Ümumilikdə, həmin şəxs onun istifadəsində olan karta 11393 manat göndərmiş, o, həmin puldan 5393 manatına material almış və əl haqqına götürmüşdür. Həmin qadının ona armatur almaq üçün göndərdiyi 6000 manat pulu isə maddi vəziyyəti çətin olduğundan öz ehtiyacları üçün xərcləmişdir.O, həmin 6000 manat pulu həmin həyətdə digər işləri görüb əvəz etməyi düşündüyünü, lakin həmin qadının onu gözləməyərək onun barəsində polisə ərizə ilə müraciət etdiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadının adı Zərərçəkmiş şəxsdır. O, əməlindən peşman olduğunu, həmin şəxsə borclu olduğu 6000 manat pulu qaytaracağına söz verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə danışmış və 400 manata razılaşmışdırlar, öz adından ərizə də yazmışdır, zeytun yığımı işləri başladığı üçün və hər ayın 15-dən 15-nə olmaqla aybaay 3-4 ay ərzində ödənişlər edə biləcəkdir, dünənə qədər 1650 manat ödəmişdir. O, pulu şəxsi istifadəsi üçün xərcləmişdir, bir günə almışdır. Kart özünə məxsus deyildir, yoldaşının kartıdır, amma o işlədirdi. Polislər axtarış vermişdilər, sonra gedib özü polisə təslim olmuşdur. Narkotik vasitə istifadə etmir. Qeyd etdi ki, əvvəlcədən anlaşmaları, tanışlıqları olmamışdır, tanışlıqları ancaq işlə əlaqədardır. Qeyd etdi ki, əməlini etiraf etmişdir, qeyri-rəsmi nikahdan az yaşlı körpəsi vardır, yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5 il bundan öncə Pirallahı rayonu, Dübəndi bağlarından 2.5 sot torpaq sahəsi almışdır. 2025-ci ilin yanvar ayında həmin torpaqda ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə həmin ərazidə usta işləyən özünü ona Miri kimi təqdim edən şəxsə müraciət etmişdir. Həmin şəxs ona qoşa daşın kvatratını 8 manatdan hörəcəyini bildirmiş və onlar razılaşmışlar. O, ilkin olaraq onun ona verdiyi Kapital banka məxsus 4169 7388 8963 7280 nömrəli kart hesabına telefonunda olan mobil tətbiqi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə 1000 manat və 1270 manat, xx.xx.2025-ci il tarixdə 39 manat, xx.xx.2025-ci il tarixdə 140 manat, xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025- ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 712 manat, xx.xx.2025-ci il tarixdə 3.880 manat, 158 manat, 138 manat, 310 manat və 202 manat, xx.xx.2025-ci il tarixdə 784 manat, 430 manat və 300 manat, ümumilikdə 11393 manat pul göndərmişdir. Həmin şəxs 5393 manat pulun müqabilində material alıb müəyyən işlər görsə də qalan materialları almaq üçün ödədiyi 6000 manat pulun müqabilində heç bir tikinti materialı almamış və həmin pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, həmin şəxslə dəfələrlə əlaqə saxlasa da, həmin şəxs onun zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. O, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvandan Təqsirləndirilən şəxs ona verdiyi Kapital banka məxsus 4169 7388 8963 7280 nömrəli kart hesabına telefonunda olan mobil tətbiqi vasitəsi ilə saat 15:08 dəqiqədə 784 manat, saat 15:17 dəqiqədə 300 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Müseyib martın 11-də hər ay 400 manat verəcəyi ilə bağlı kağız yazaraq ona vermiş, o da körpə uşağı xəstə olduğuna görə onunla razılaşmışdır. Müseyibin yoldaşı zəng etmiş və ağlayaraq özü də pul verməyə kömək edəcəyini boynuna götürmüşdür. Notarius təsdiq etməmiş, lakin Müseyib öz əli ilə hər ay 400 manat verəcəyini yazmışdır. Bildirdi ki, Müseyib dünənə qədər 1650 manat ödəmiş, indi isə möhlət istəyərək zeytun yığımının başladığını, onun da yoldaşı ilə zeytun yığımına gedəcəyini, hər il getdiklərini deyir. Həmçinin, Müseyib ona demişdir ki, o, pulu ayda yox, həftədə verərək 2-3 ay ərzində qaytaracaqdır. Məhkəmədən Müseyibə pulu aydan-aya ödəməsi üçün möhlət verilməsini xahiş etmişdir, körpə uşağı xəstə olduğuna və yoldaşı da tək olduğuna görə Müseyibin həbsə düşməyini istəmir. Tələbi odur ki, pulu vaxtında ödəsinlər, möhlət istəyirdi, ödəyirlərsə, şikayəti yoxdur. Qeyd etdi ki, Müseyib ona maddi və mənəvi ziyan vurmuşdur, ərizəni götürməyəcəyi və həbsə düşəcəyi təqdirdə pulu ödəməyəcəyini demişdir. Sonra zeytun yığıb ödəyəcəyini demişdir. Müseyibin yoldaşının dediyinə görə rayonda 1 evi, 2 sahəsi vardır, amma o, heç nəyi olmadığını demişdir, ayda 400 manat verəcəyini demiş, onu da verməmişdir. Bildirdi ki, Müseyib Dübəndi, Binə və bir çox yerlərdə də bir çox adama 150-200 manat pul məbləğlərində dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 3 il ərzində qeyri-rəsmi nikah münasibətində olmuşdur və 1 azyaşlı qız övladı var. Onunla Bakı şəhəri Xəzər rayonu Dübəndi Bağları ərazisində kirayədə yaşamışlar və Müseyib həmin ərazidə usta kimi ev tikintisi ilə məşğul olurmuş. 4169 7388 8963 7280 nömrəli Kapital Banka aid kart ona məxsusdur. Həmin kartı istifadə üçün 2025-ci ilin əvvəllərindən Müseyibə vermişdir. O, gördüyü işlərin pulunu müştərilərdən almaqda həmin kartdan istifadə edirmiş. Zərərçəkmiş şəxs tanımır, Müseyibin onun evində nə kimi işlər görməsindən və nə qədər pul almasından xəbəri yoxdur. Bir müddət əvvəl isə Müseyiblə münasibəti pisləşdiyinə görə Cəlilabad rayonuna atası evinə qayıtmış, hazırda körpə övladı ilə birlikdə orada yaşayır. Müseyib onun kartından istifadə etməyə görə ona heç bir məbləğdə pul verməmiş, onun kimisə aldadıb pulunu ələ keçirməsi barədə heç bir məlumatı yoxdur, Şikayətçidir ,dəymiş ziyanın qaytarılmasını və cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Cinayət işinin materiallarının 1-ci vərəqində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarının 6-9-cu vərəqlərində olan Zərərçəkmiş şəxs təqdim etdiyi Kapital Bank kartına köçürmə qəbzlərindən görünür ki, son rəqəmləri ****9785 nömrəli bank kartından son rəqəmləri ****7280 olan, «ZA *******A****» adlı şəxsin, yəni Şahid adına olan bank kartına xx.xx.2025-ci il tarixdə 1000 manat və 1270 manat, xx.xx.2025-ci il tarixdə 39 manat, xx.xx.2025-ci il tarixdə 140 manat, xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025- ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 712 manat, xx.xx.2025ci il tarixdə 3.880 manat, 158 manat, 138 manat, 310 manat və 202 manat, xx.xx.2025-ci il tarixdə 784 manat, 430 manat və 300 manat, ümumilikdə 11393 manat pul göndərilmişdir. Cinayət işinin materiallarının 26-cı vərəqində olan materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material aidiyyəti üzrə Pirallahı RPİ-nin İB-nə göndərilmişdir. Cinayət işinin 37-ci vərəqində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 45-46-cı vərəqlərində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə, saat 14:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarının 59-60-cı vərəqlərində olan 22 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 73-cü vərəqində olan 22 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-cü vərəqində olan 22 fevral 2025-ci il tarixli iltizama əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə ********* saylı cinayət işinə dair istintaq prosessini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqat, istintaq və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və ya yaşayış yerinin dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəlik götürmüşdür. Cinayət işinin 76-78-ci vərəqlərində olan cinayət işinin materiallarına əlavə olunmuş 28 fevral 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə" protokol və ona əlavə edilmiş foto-görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona verdiyi Kapital banka məxsus 4169 7388 8963 7280 nömrəli kart hesabına telefonunda olan mobil tətbiqi vasitəsi ilə saat 15:08 dəqiqədə 784 manat, saat 15:17 dəqiqədə 300 manat pul göndərdiyi yer ünvan 3 ünvandır. Cinayət işinin 79-81-ci vərəqlərində olan 13 mart 2024-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarının 85-ci vərəqində olan cinayət işinin icraata qəbul edilməsi haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 104-105-ci vərəqlərində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 118-120-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə 1 il 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 1 il 1 ay maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010) 402/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilməsi qərara alınmışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur, islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini,himayəsində azyaşlı uşağının olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 1 il 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa o, Astara rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə 1 il 1 ay maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən cəzasını çəkib qurtardığı gündən 2 il keçdiyinə görə məhkumluğu ödənilmiş hesab edilir Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixindən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən 09 oktyabr 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 50 (əlli) iş saatı üçün 550 (beş yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar