Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-406/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,757 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 18 aprel 2024-cü il tarixdə, saat 21:30-da Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və orada, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,757 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Sonuncu dəfə 18 aprel 2024-cü il tarixdə, tanımadığı şəxsin ona göndərdiyi bank kart hesabına 10 manat pul ödəmiş və həmin şəxsin ona göndərdiyi ünvandan, yəni ünvan 5nın yaxınlığından 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini götürüb həmin bükümü cibinə qoyaraq sonradan istifadə etməsi məqsədilə üzərində saxlamışdır. Bundan sonra, həmin tarixdə, yəni 18 aprel 2024-cü il tarixdə, təxminən saat 21:30 radələrində ünvan 5ndan uzaqlaşmaq istədiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, polislər onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün yaxınlıqda olan Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Özü də razılaşıb 32-ci polis bölməsinə gəlmiş, orada şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. O, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı əvvəlcə, ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda, çıxarıb təqdim etməsini təklif etmişlər. Əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin və həmin cins şalvarının sol yan cibindən bir ədəd “İphone 6” və bir ədəd “Samsung” markalı mobil telefonları çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içinə baxılarkən ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. Həmin 01 (bir) ədəd bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, onu 18 aprel 2024-cü il tarixdə, tanımadığı şəxsin göndərdiyi bank kartı hesabına 10 manat pul ödəyərək həmin şəxsin ona göndərdiyi ünvandan, yəni ünvan 6 yaxınlığından götürüb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş 01 (bir) ədəd büküm götürülərək qablaşdırılmış, bundan sonra, üzərinə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Onu tutan polis əməkdaşları mülki geyimdə olmuşlar. Psixotrop maddələrdən cəmi 2-3 dəfə istifadə etmişdir. Sonuncu dəfə, 18 aprel 2024-cü il tarixdə istifadə etmiş, tutulandan sonra, ümumiyyətlə istifadə etməmişdir. Psixotrop maddəni tüstüsünü içinə çəkmək yolu ilə istifadə etmişdir. Metamfetamini tanımadığı şəxsdən kart vasitəsilə ödəniş edib gedib götürmüşdür. Psixotrop maddəni könüllü olaraq təqdim etmişdir. Sonda isə, törətdiyi əməldən çox peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 aprel 2024cü il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üstündə narkotik vasitə olmaqla hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi ev 14 ünvanının yaxınlığında olması barədə məlumat alıb, dərhal həmin məlumatı polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 32-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə, ünvan 2 ünvanına getmişlər. Həmin vaxt, saat 21:30-da ünvan 2 ünvanın yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gəlmiş, bundan sonra, onlar bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda, Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etməsi üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibində 01 (bir) ədəd bükümdə psixotrop maddə olduğunu bildirmiş və əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən həmin 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra, sol yan cibindən isə 01 ədəd “İPhone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Daha sonra, Talehin üzərində şəxsi axtarış aparmışlar. Hər hansı başqa əşya aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükümə baxış keçirmiş, baxış zamanı həmin 01 ədəd bükümdə ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini tanımadığı şəxsdən onlayn yolla 10 manat pul ödəyərək sifariş edib aldığını və tanımadığı şəxsin yolladığı adresə gedib psixotrop maddəni götürərək istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən götürülmüş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə və 02 ədəd mobil telefon zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Onlar da protokolda yazılanların doğru olduğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Şübhəli şəxs qismində tutulan zaman Təqsirləndirilən şəxs bədəni üzrəində hansısa xəsarəti olmamışdır. Talehin üzərində şəxsi axtarış istintaq hərəkəti videoçəkiliş aparılmaqla özünün də iştirakı ilə keçirilmişdir. Taleh tutulan zaman dövlət hesabına müdafiəçi dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş 32-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 da eyni məzmunlu ifadələr verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Talehin üzərində şəxsi axtarış istintaq hərəkəti Suraxanı RPİ-nin 32-ci PB-də təhqiqatçısının xidməti otağında keçirilmişdir. Təqsirləndirilən şəxsə axşam saatlarında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs psixotrop maddəni könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100239 nömrəli cinayət işi 19 aprel 2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 18 aprel 2024-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. (iş.v. 6-7) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olan maddəni və sol yan cibində olan mobil telefonları təqdim etmişdir. O, qeyd olunan bükümdə olan psixotrop maddəni öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 (on) manat ödəməklə bağlama yolu ilə aldığını, daha sonra isə istifadə etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq 196 saylı möhürlə möhürlənmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü və sol yan cibindən 02 ədəd mobil telefonu çıxarıb təqdim edir, həmin büküm açılaraq içərisinə baxıldıqdan sonra, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməsi barədə soruşulur. Bu zaman Təqsirləndirilən şəxs, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini tanımadığı şəxsdən 10 manat pul verərək bağlama yolu ilə aldığını və istifadə etməsi üçün üzərində saxladığını bildirir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilir, lakin heç bir əşya və ya yad cism aşkar edilmir. Həmin 01 (bir) ədəd büküm və 02 (iki) ədəd mobil telefon götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunur. Diskə baxış zamanı istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən şəxsin özü olduğunu təsdiq edir və bir daha psixotrop maddənin ona məxsus olmasını bildirərək əməlindən peşiman olmasını qeyd edir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/2129 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində AR DİN “Zərflər üçün № 196” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,757 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. 2) Metamfetaminin təmiz çəkisi – 0,757 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,707 qram. (iş.v.40-42) Ambulator məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2024-cü il tarixli, 4154 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş.v. 92-93) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən ünvanlanan 01 may 2024-cü il tarixli, 54-3/2-1885/24 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etmiş olduğu mənbənin və onun əlaqələri ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş.v. 81-82; 84) 14 iyun 2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və istintaqa təqdim edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefonların ismarıclar və WhatsApp bölməsinə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonların üzərində hər hansı bir mobil nömrə, ismarıclar və ya WhatsApp bölməsində hər hansı bir yazışma və fotoşəkil aşkar edilməmişdir. (iş.v. 94) 19 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,757 qram, tədqiqatdan sonra qalıq qalmış 0,707 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 19 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. (iş.v. 95-101) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 19 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 95-101) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Uğur Zodanov olmaqla bir azyaşlı övladı vardır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuş, saat 21:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 20 aprel 2024-cü il tarixdə, saat 18:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 20 aprel 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 27, 53-54, 69-70, 72-75, 77) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,757 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 2 ünvanının yaxınlığıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,757 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 18 aprel 2024-cü il tarixdə, saat 21:30-da Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmiş və orada, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,757 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 83) Təqsirləndirilən şəxs əməlindən peşman olması, əvvəllər məhkum olunmaması, ailəsinin yeganə qazanc gətirəni olması, himayəsində bir azyaşlı uşağının olması və narkomaniya xəstəliyi olsa da, məcburi müalicəyə ehtiyacının olmaması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,707 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X6 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X6 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,707 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil X2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-406/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-406/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver