Məhkəmə qərarları › İş №1(010)-408/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-408/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-408/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 may 2023-cü il tarixdə, saat 11:15-də, Bakı şəhərində, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-725/2022 saylı, 25 dekabr 2022-ci il tarixli qərarı ilə əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmaqla 13 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)- 111/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 13 aprel 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-166/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin müddəti 03 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-408/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamamaq niyyəti ilə 22 noyabr 2022-ci il tarixdə saat 11:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi X.Əliyev küçəsi nömrəsiz yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs pul istəmiş, sonuncu pulu olmadığını bildirdikdə yumruqla üz nahiyəsindən bir dəfə vurmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona sol qaş qövsü nahiyəsinin və sol gicgah-alın nahiyəsinin qançırları kimi dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə əlində olan 01 ədəd 510 manat dəyərində ***-***-**-** GSM nömrə ilə istifadə olunan “Xiaomi Redmi 9” markalı mobil telefonu və 50 manat pulu alıb qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 22 noyabr 2022-ci il tarixdə Nizami rayonu Qara Qarayev prospekti adlanan yerdən Suraxanı rayonun “kuruqu” adlanan yerə gedərkən avtobusda təsadüfən qonşusu Anan görmüşdür. O, Anara yaxınlaşıb görüşüb hal əhval tutduqdan sonra birlikdə Suraxanı rayonunda yerləşən 114 nömrəli məktəbin qarşısında avtobusdan düşmüşlər. O,Anardan siqaret istəmiş və Anar ona siqaret vermişdir. Bir az keçdikdən sonra Anardan 5-10 manat pul istəmişdir. Anar cibindən 50 manatı çıxarıb ona demişdir ki, qardaşının ad günüdür, pulu verə bilməz. Bu vaxt Anardan yaxın dostlarına zəng etmək üçün telefon istəmiş, Anar öz telefonunu ona vermiş və müəyyən insanlara borc pul üçün zəng vursa da bu alınmamışdır. O, qərara gəlmişdir ki, Anara məxsus telefonu və 50 manat pulu götürüb qaçsın. Bu məqsədlə əlindəki Anara məxsus markasını bilmədiyi telefon və 50 manat pul ilə birlikdə qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin telefonu Sabunçu rayonunda yerləşən rus bazarı adlanan yerə apararaq tanımadığı şəxsə 40 manata satıb pul şəxsi ehtiyacına xərcləmişdir. O, Anarı yumruqla vurub xəsarət yetirməmişdir. Anarın həmin xəsarəti hansı şəraitdə almasını bilməmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncunun ona dəymiş zərəri ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək məhkmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 22 noyabr 2022-ci il tarixində qardaşının doğum günü ilə əlaqədar evə alış-veriş etmək üçün Suraxanı rayonunda yerləşən bazara getmək qərarına gəlmiş və avtobusa mindiyi zaman qonşusu Nurlanla rastlaşmışdır. Söhbət zamanı Nurlan onunla işinin olduğunu, avtobusdan endikdən sonra heç yerə getməməyini söyləmişdir. Onlar avtobusdan endikdən sonra Nurlan ondan 20 manat pul istəmiş, cibindən 50 manatı çıxarıb Nurlana demişdir ki, qardaşının ad günüdür, pulu verə bilməz və nəyə görə pulu ona verməli olduğunun səbəbini soruşmuşdur. Həmin vaxt üzərində ***-***-**-** nömrə ilə istifadə etdiyi «Redmi 9» markalı telefonu əlimdə olmuş və Nurlan əlindəki telefonu ani vəziyyətdə əlindən alaraq səbəb kimi isə bir həftədən çox evə getmədiyini, narkotik vasitə almaq zərurəti yarandığından pulunun olmadığını bildirərək telefonunu pul verdiyi təqdirdə qaytaracağını söyləmişdir. Bu vaxt aralarında sözlü mübahisə olmuş və ona qırağa keçib söhbətini davam etdirmək istədiyini bildirmişdir. Onlar 114 saylı məktəbin qarşısına keçdikləri zaman Nurlan qəfil onun üz nahiyyəsindən yumruqla vurub əlində olan 50 manat pulu götürüb telefonla birlikdə qaçmışdır. O, bir neçə dəfə Nurlanı çağırsa da, Nurlan bu çağırışlara heç bir məhəl qoymayaraq hadisə yerindən uzaqlaşmışdır. O, həmin vaxt tanımadığı bir xanıma yaxınlaşıb telefonu ilə başına gələn hadisə ilə DİN-nin 102 xidmətinə məlumat verməyini xahiş etmişdir. Bundan sonra ərazi aidiyyatı üzrə Suraxanı RPİ-nin 31-ci PB-nə yaxınlaşıb şikayətini bildirib ərizə ilə müraciət etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təstiq elmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertinin 25 noyabr 2022-ci il tarixli 1340 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs sol qaş qövsü nahiyəsinin və sol gicgah-alın nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Xarakterinə və lokalaziyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 06 ay 21 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurmamasına dair ifadəsi işdə olan sübutlarla, o cümlədən zərərçəkmişin ifadəsi, məhkəmə-tibb ekspertinin 25 noyabr 2022-ci il tarixli 1340 nömrəli rəyi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 23-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sonuncunun zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanı ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 dekabr 2022-ci il tarixli qərardan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-725/2022 saylı, 25 dekabr 2022-ci il tarixli, 4(010)-111/2023 saylı, 10 mart 2023-cü il tarixli, 4(010)-166/2023 saylı, 11 aprel 2023-cü il tarixli, 1(010)-480/2022 saylı, 11 noyabr 2022-ci il tarixli və 1(010)-408/2023 saylı, 02 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-725/2022 saylı, 25 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmaqla 13 mart 2023-cü il tarixədək həbs qismində qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(010)-111/2023 saylı, 10 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 13 aprel 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 4(010)-166/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 03 may 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 1(010)-408/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 dekabr 2022-ci il tarixdən һesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 23 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar