Məhkəmə qərarları › İş №1(010)-408/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-408/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-408/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 05 – 07 mart 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,973 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 05 mart 2025-ci il tarixdə, saat 10:19 radələrində Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 evin qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzəri yoxlanılan zaman həmin psixotrop maddə əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1-2 dəfə metamfetamindən istifadə etmişdir. Şizofreniya xəstəliyinə görə aminazin kimi psixotrop dərmanlar qəbul etmişdir. Həmin dərmanlar bir ara onun başını aparmışlar, çox pis olmuş, mədəsi pozulmuşdur. Günə 17-18 dərman atmışdır. Bir müddət sonra halsızlıqlarını aradan götürməkdən üçün belə bir şey eşitmişdir ki, psixotrop metamfetamin atdığı dərmanları əvəz edir. 1-2 dəfə istifadə etmiş və tutulmuşdur. Bu bir oyun idi və yaxud nə idi bilmir, amma o, həmin yolun yolçusu olmamışdır. İdmançı olmuş, boks üzrə 3 dəfə Respublika çempionu olmuş, Rusiyada bayrağımızı qaldırmış, Aprel döyüşlərinin iştirakçısıdır. Reabilitasiya mərkəzində narkomaniyadan asıllığı olan insanlara könüllü kömək edir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki “İnstaqram” və “Tik-tok”dan tanış olduğu İran vətəndaşından almışdır. Pul atırdı, konumla yer göstərirdi və gedib oradan götürürdü. Mədən küçəsində saxlamışlar onu. Həmin gün İran vətəndaşının kartına pul atmış və Suraxanıdan götürməyə getmiş, tutulmamışdan 2 gün əvvəl istifadə etmişdir. 3-4 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Onun tərəfindən müqavimət olmamışdır. Ona qarşı qanunsuz hərəkət, fiziki təsir, döymə olmağı barədə yox deyir. Çox şey danışa bilər, amma elə adam deyil. Reallıq o deyil. Konumla götürdüyü yerdən polislər yaxınlaşmışlar. Aprel döyüşlərində iştirak etmişdir. Hhal-hazırda narkotik istifadə etmir. Tutulandan sonra istifadə etməmiş, artıq 5-6 aydır. Narkotiki İran vətəndaşının vasitəsi ilə konumla gedib almışdır. Bir dənə metamfetamin almışdır. Həmin gün polislər tərəfindən ona qarşı fiziki təsir, döymə olmamışdır. Nərimanov rayonunda olan işdə ekspertiza ilə bağlı onu psixiatriyaya göndərmişlər, həmin işlə bağlı psixiatriyada 20 gündən artıq qalmışdır. Təstiqləmək məcburiyyətində qalmışdır hər şeyi. Üzərində narkotik var idi. Psixiatriyada yazılan həmin dərmanları hal-hazırda da qəbul edir. Həmin dərmanların reseptini gətirə bilər. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır, təxminən 8 aydır ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən istifadə edir. Həmin maddələri tanımadığı ayrı-ayrı şəxslərdən alır. Bir neçə gün əvvəl bundan əvvəl İnstagram sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ucuz qiymətə narkotik vasitə və psixotrop maddələr satırmış. xx.xx.2025-ci il tarixdə həmin şəxsə yazıb psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs isə ona 20 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə göndərə biləcəyini demişdir. Onunla razılaşmış və ona göndərmiş olduğu hesab nömrəsinə 20 manat pul göndərmişdir. Bundan sonra həmin şəxsə yazıb ödəniş etdiyini bildirib ondan psixotrop maddəni göndərməsini xahiş etmişdir. Həmin şəxs ondan harada yaşadığını soruşduqda, o, həmin şəxsə yaşadığı ünvanı demişdir. Təxminən yarım saat sonra ona yazaraq həmin ünvanda 01 ədəd bükümdə psixotrop maddə gizlətdiyini deyib gizlətdiyi yeri ona izah etmişdir. O, həmin şəxsin göndərdiyi psixotrop maddəni olduğu yerdən həmin gün səhər saatlarında götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. Şəxsi işləri ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişdir. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək ona psixotrop maddələrin qəbulu və üzərində gəzdirməyində şübhəli olduğunu demişlər və ondan üzərində ola biləcək qanunla qadağan olunmuş əşya və predmetləri təqdim etməsi tələb etmişlər. Polis əməkdaşlarının tələbi ilə üzərində olan 01 ədəd bükümdə psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümə polis əməkdaşları tərəfindən baxış keçirildikdən sonra onların tələbi ilə Suraxanı RPİ-nin 32-ci PB-nə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiəsi üçün növbədə olan vəkillərin siyahısı təqdim olunmuşdur. Siyahını nəzərdən keçirtdikdən sonra hüquqlarının Bakı şəhər 9 Saylı Vəkil Bürosunun vəkili Nurəddin Məmmədov tərəfindən müdafiə olunmasını xahiş etmişdir. Polis bölməsində təqdim etdiyi bükümə təkrar baxış keçirilmişdir. Eyni zamanda üzərində olan 01 ədəd “Honor” markalı mobil telefon aparatı da iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Bundan qabaq həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Polis bölməsinə polis əməkdaşlarının tələbi ilə getmiş, orada ona qarşı hər hansi fiziki işgəncə və ya qeyri- insani rəftar olmayıb”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, 05 mart 2025-ci il tarixində Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istifadəsi qadağan olunmuş maddələrin daşınmasında, istifadəsində şübhəlidir. Bununla bağlı raportla bölmə rəhbərliyinə məruzə olunmuşdur. Ondan Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün səhər saatlarında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti olduğunu bildirmişlər. İlk öncə Təqsirləndirilən şəxs ona üzərində hər hansı bir istifadəsi qadağan olunmuş maddənin olub-olmaması barədə sual vermişlər, varsa könüllü təqdim etməsini demişlər. Həmin vaxt Ruslanı üzərində olan gödəkçəsinin sağ yan cibindən 1 büküm sellofana bükülmüş bükümü təqdim etmişdir. Bükümün içərisində olan maddənin metamfetamin olduğunu və 20 manata aldığını, şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini bildirmişdir. Həmin maddə orada qablaşdırılmış və videoçəkilşlə bölmənin təhqiqatçısına təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxsi saxlayarkən yanında heç kim olmamışdır. Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 2 ünvanı yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Çəkilişdə iştirak etmişdir. Narkotiki özü könüllü şəkildə təqdim etmişdir. Narkotikdən başqa təqsirləndirilən şəxsin üzərindən yalnız telefon çıxmışdır. Digər şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis mayoru xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra o və Suraxanı RPİ-nin 32-ci PB-nin digər iki əməkdaşı, baş əməliyyat müvəkkili, mayor Şahid2 və əməliyyat müvəkkili, leytenant Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 05 mart saat 10 radələrində ünvan 3 ünvanın qarşısında piyada hərəkətdə olan zaman xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi o və digər əməkdaş Şahid2 yaxınlaşaraq saxlamışlar, həmin vaxt videoqeydiyyatı Şahid3 aparmışdır. Saxladıqları şəxsə polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan üzərində dövriyyəsi qadağan olunmuş nəsə olub-olmamasını soruşulmuşdur. O üzərində İrandan 20 manata “zaklatkayla” aldığı “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara gödəkçənin sol yan cibindən şəffaf sellofana bükülmüş ağ rəngli kütlələri çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş, sonra ağ zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, onun üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediyinə görə özünə məxsus “Honor” markalı telefonu yerdən götürərək onu da ağ zərfdə qablaşdırmışlar. Daha sonra zəruri istintaq hərəkətlərinin aparılması üçün onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O da razı olaraq onlarla birlikdə 32-ci PB-nə gəlmiş, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümə baxış keçirilmiş və yenidən qablaşdırılaraq götürülmüşdür. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır”. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşı Şahid1 tərəfindən 01 ədəd bükümün və 01 ədəd “Honor” markalı mobil telefonun Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi barədə bildirilməsi, sonradan 32-ci polis bölməsinin təhqiqatçısı Kənan Bayramlı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümə baxış keçirilir, bükümə baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq ağ zərfə qoyulur, sonradan şübhəli şəxsin saxlanılması, üstünün yoxlanılmasına dair videogörüntüləri qeydə alan diskə baxılması, videoya baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs videodakı şəxsin özünün olduğunu təsdiqləməsi, ona qarşı zor tətbiq olunub-olunmaması barədə soruşulması, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunmamasını bildirməsi müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs qarşıdan gələrkən polis əməkdaşları tərəfindən saxlanması, polis əməkdaşlarının özlərinin təqdim etməsi və Təqsirləndirilən şəxs polis əməkdaşlarının tələbi üzrə özünü təqdim etməsi, polis əməkdaşı Şahid1 tərəfindən 05 mart 2025-ci il tarixdə saat 10:19-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 2 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs “üzərində dövriyyəsi qadağan olunmuş nə var” sualıverildikdə, Təqsirləndirilən şəxs “İrandan almışam, zaklatka ilə 20 manata” deyə cavab verməsi, polis əməkdaşı Şahid1 “nə” deyə soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan gödəkçəsindən içərisində ağ rəngli kütlə olan şəffaf sellofan bükümünü təqdim etməsi, öz istifadəsi üçün həmin günki tarixdə əldə etdiyini bildirməsi, daha sonra aşkar olunan bükümün qablaşdırılması, Təqsirləndirilən şəxs narkotik vasitlərdən istifadə etdiyini və əvvəllər məhkum olunmadığını bildirməsi, büküm qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs aid, yerə düşmüş telefonun yerdən götürülərək qablaşdırılması, daha sonra onun üzərinə baxış keçirilməsi, heçnə aşkar olunmaması və vəkilin təyin olunması barədə tələbinin olub-olmamasının soruşulması müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/975/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,973 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,973 qram, tədqiqata sərf edildi: 0,100 qram, qalıq-0,873 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1384 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlı xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xətəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 07 mart 2025-ci il tarixli 765 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 07 mart 2025-ci il tarixdə barəsində “polisin nəzarti altına vermə” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,973 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,873 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqidinin başlanması rədd edilmiş və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən alınmış çıxarışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2013-cü il təvəllüdlü X2 və 29 oktyabr 2015-ci il təvəllüdlü X1 adlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ-cü dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, İİİ-cü dərəcəli əlil olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki nəfər uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 05 – 07 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,873 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 – 07 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,873 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 (on dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 (yüz əlli dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar