Məhkəmə qərarları › İş №1(010)-415/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-415/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-415/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-89/2025 nömrəli iş üzrə 01 aprel 2025-ci il tarixli qərarına əsasən əvvəli 30 mart 2025-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olan, faktiki ünvan 3 ünvanında yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 88/2025 nömrəli iş üzrə 01 aprel 2025-ci il tarixli qərarına əsasən əvvəli 30 mart 2025-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakının gizli olaraq talanması barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 mart 2025-ci il tarixə keçən gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən başqa saxlanc yeri hesab edilən «Sakit Məkan» adlı kafenin giriş qapısının üzərində olan asma qıfılı özləri ilə götürdükləri dəmir alətlə sındırdıqdan sonra qanunsuz olaraq içəri daxil olub, müdir otağının qapısının üstündəki divarı həmin dəmir alətlə söküb dəlik açaraq oradan da otağa daxil olub, stolun siyirməsində kafenin gəlirindən saxlanılmış 4.160 (dörd min yüz altmış) manat nəğd pul vəsaitini, 1.500 (min beş yüz) manat dəyərində «HP» markalı notbuku və 200 (iki yüz) manat dəyərində 1 ədəd “diviar” adlanan “Alhua Technology” markalı video müşahidə kameralarının yaddaş cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 5.860 (beş min səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakının gizli olaraq talanması barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 mart 2025-ci il tarixə keçən gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən başqa saxlanc yeri hesab edilən «Sakit Məkan» adlı kafenin giriş qapısının üzərində olan asma qıfılı özləri ilə götürdükləri dəmir alətlə sındırdıqdan sonra qanunsuz olaraq içəri daxil olub, müdir otağının qapısının üstündəki divarı həmin dəmir alətlə söküb dəlik açaraq oradan da otağa daxil olub, stolun siyirməsində kafenin gəlirindən saxlanılmış 4.160 (dörd min yüz altmış) manat nəğd pul vəsaitini, 1.500 (min beş yüz) manat dəyərində «HP» markalı notbuku və 200 (iki yüz) manat dəyərində 1 ədəd “diviar” adlanan “Alhua Technology” markalı video müşahidə kameralarının yaddaş cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 5.860 (beş min səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, deyilənlər hamısı doğrudur. Qapını sındıraraq içəri daxil olmuş, sonra isə otağa daxil olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəlcədən tanıyırdı. Müdiri olmuş, müdirin obyektində usta işləmişdir. Təqsirləndirilən şəxs2 çoxdan tanıyır, bir yerdə işləmişlər. Oğurluq təklifini o, etmişdir. Zərərçəkmiş şəxsə qarşı qərəz yox idi, bir hadisədir oldu. Getmişdir hadisə yerinə. İkisi də qapını açaraq daxil olduşlar içəri. Qapını dəmir alətlə qırmışlar. Hadisə yerinə Fəridin maşını ilə getmişlər. Sonra otağın qapısının üstünü sındırmışlar. Kərpicdən idi materialı. Otağa daxil olub şkafın içindən pulu götürüb çıxmışlar. 4.160 manat pul, noutbuk və diviar video müşahidə kamerası götürmüşlər. Sonra çıxaraq maşınla getmişlər. Noutbuku qırmışlar. İz itirmək üçün noutbuku qırmışlar. Pulun bölgüsünü əvvəlcə razılaşmamışlar. Sonra aralarında yarı-yarı bölmüşlər. Dəymiş ziyani tam ödəmişlər. İttiham aktında ele ifadə vermişlər ki, tutulmasınlar, amma reallıqda ikisi də içəri daxil olmuşlar. Tutulanda üstündə pul verilib dəymiş ziyandan, sonra əlavə pul da verilib. Barışıq əldə olunmuşdur. Noutbuku satmaq fikirləri yox idi. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “09 fevral 2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həbs edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay cəza təyin edilmişdir, Apellyasiya Məhkəməsinin qərarına əsasən isə ona verilmiş ittiham CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 2 il 6 ay cəza təyin edilmişdir. 10 avqust 2023-cü il tarixdə 1 il 6 ay cəza çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. 2024-cü ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən «Sakit Məkan» adlı kafedə usta kimi işə başlayaraq kafeni təmir etmişdir. Kafenin müdiri Şahid1 və orada satıcı işləyən Zərərçəkmiş şəxs ilə də həmin vaxt tanış olmuşdur. Kafedəki işini qurtarandan sonra Şahid1 Binə qəsəbəsində yerləşən evlərini də təmir etməyi ona tapşırmış və naharını gəlib «Sakit Məkan» kafesində etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı məhəllədə mebel sexində usta işləmiş və onunla yaxşı münasibəti olmuşdur. Bir dəfə də Fəridlə birlikdə «Sakit Məkan» kafesində nahar etmişlər. Pulu olmadığına görə «Sakit Məkan» kafesindən oğurluq etmək qərarına gəlmiş, müdir otağında kafenin gəlir pulları ola biləcəyini düşünmüşdür. Oğurluq niyyəti barədə Təqsirləndirilən şəxs2 demiş və Fərid onunla əlbir olmağa razı olmuşdur. Razılaşmışlar ki, əldə olunan gəliri yarı böləcəklər. Oğurluq planına uyğun olaraq 29 mart 2025-ci il tarixə keçən gecə saat 03 radələrində yaşadığı məhəllədə Fərid ilə görüşmüş və onun idarə etdiyi Vaz-21074 markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsinə «Sakit Məkan» kafesinə gəlmişlər. Fərid özü ilə boru formasında dəmir alət götürmüşdür. Kafenin müdiri Mətləbin deməsindən bilmişdir ki, müdir otağına giriş qapısı sonradan qoyulubdur və qapının üst divarı alçipandır. Buna görə də planlaşdırmışdır ki, içəri girəndən sonra qapının üstünün alçipanını söküb müdir otağına girmək olar. Fəridlə aralarındakı razılığa əsasən o, çöldə dayanıb ətrafa nəzarət etmiş, Fərid isə dəmir alətlə kafenin çöl qapısının asma qıfılını sındırandan sonra içəri girmiş və sonra da müdir otağının qapının üst alçipanı sökməyə başlamışdır. Fərid alçipanı söküb dəlik açdıqdan sonra oradan müdir otağına girmişdir. Təxminən 30-40 dəqiqədən sonra Fərid kafedən çıxmış və müdir otağında stolun siyirtməsindən 2.250 (iki min iki yüz əlli) manat pul götürdüyünü demişdir. Bundan başqa o bir ədəd «HP» markalı notebuku da oradan oğurlamışdır. Fərid oğurladıqları puldan ona 1.250 manat vermiş, qalanı isə özünə götürmüşdür. Oradan çıxıb gedərkən notebuku onlara mane olacağını nəzərə alaraq Hövsan yolunda avtomobilin içindən çölə tullamışlar. Bundan sonra səhəri günü polis əməkdaşları onu ifşa edərək saxlamışlar. Polislər onu saxlayarkən oğurluq yolu ilə əldə etdiyi puldan 850 manat üzərində olmuş və həmin pulu protokol tərtib edərək götürmüşlər. Oğurladıqları notbuku tulladığı təxmini yeri polislərə göstərmiş, lakin notbuku aşkar edə bilməmişlər. Etdiyi əməlini dərk edir və əməlindən peşmandır”. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi kimi olmuş, təstiqləyir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Xətai rayonu, 8-ci Əhmədli ünvanda yerləşən mebel sexində mətbəx mebeli ustası işləyir. Həmdə Vaz- 21074 markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərək axşamlar taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 6 il olarki tanıyır və normal münasibətləri vardır. 28 mart 2025-ci il tarixdə Elvin ona Binə qəsəbəsində usta kimi işlədiyi «Sakit Məkan» adlı kafedə pul olduğunu demiş, gecə gedib pulu oğurlamağı təklif etmişdir. O, əvvəllər Elvini bir dəfə həmin kafeyə taksi kimi aparmışdır. Elvinin təklif ilə razılaşmış, oğurluq planına uyğun olaraq 29 mart 2025-ci il tarixə keçən gecə saat 03 radələrində Elvini məhəllərindən götürmüş və Vaz-21074 markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Binə qəsəbəsinə «Sakit Məkan» kafesinə gəlmişlər. Kafenin arxasında avtomobilində oturub ətrafa göz-qulaq olmuş, Elvin isə kafeyə girmişdir. Onun kafeyə necə girdiyini görməmişdir. Elvin özü ilə dəmir alət götürmüşdür. Elvin kafeyə girəndən təxminən 40 dəqiqə sonra çıxmış və ona 900 manat pul vermişdir. O bir ədəd notebuk da götürmüşdür. Elvini evlərinə düşürəndən sonra özü də evə getmişdir. Səhər Elvin ondan avtomobilinin təmirinə vermək üçün 100 manat da almışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Etdiyi əməlini dərk edir və əməlindən peşmandır”. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona zəng olunmuşdur. «Sakit Məkan» kafesinə gəlib görmüşdür ki, pulu götürülmüş və 102-ə məlumat vermişdir. Onun pulu tam ödənilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, müstəntiq Nizami müəllim ona dediyi üçün o, barışıq ərizəsini imzalamışdır. 4.160 manat pulu, 1500 manat dəyərində olan noutbuku, 500 manat noutbuka yazdırdığı proqram və içərisində 500 manat dəyəri olan diviarı götürülmüşdür. Nizami müəllim ona 3.000 manat vermiş və demişdir ki, barışıq ərizəsinə qol çəksin, məhkəmədə qalan 1.000 manatı tələb edir. Şikayətçidir, qalan 1.000 manatın ödənilməsini tələb edir. Dəymiş ziyan ödənilməmiş, barışmır və şikayətçidir. Dəymiş ziyandan 3000 manat ödənilmiş, 1.000 manat qalmışdır. Təqsirləndirilən şəxslərın iştirakı olmadan 3000 manatı Nizami müəllim vermişdir. Ümümi ona 5.000 manat pul qaytarılmışdır. Əvvəl üstlərindən çıxan 2200 manatı da Nizami müəllim vermişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “işlətdiyi Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə savxozunda fəaliyyət göstərən “Sakit Məkan” kafesi Şahid1 məxsusdur. Təxminən 1 il həmin kafedə ofisiant işləmiş, son bir həftəni isə obyekt sahibi Şahid1 səhhəti yaxşı olmadığına görə sonuncudan həmin obyekti şifahi razılıq əsasında icarə əsasında götürüb işlədir. Adətən özünə məxsus pulları evə gedəndə obyektin içində olan müdir otağında olan stolun tumbuçkasında saxlayır. Təqsirləndirilən şəxs1 isə hazırda işlətdiyi “Sakit Məkan” kafesini təmir etmək üçün usta kimi işə başladığı vaxtdan tanımışdır. Belə ki, Elvin əvvəllər kafenin təmir işləri ilə məşğul olmuş, sonradan isə obyekt sahibi Şahid1 evində təmir işləri görməyə başlamışdır. Elvin Şahid1 evində işlədiyi zaman hər dəfə nahar fasiləsini gəlib kafedə edib getmişdir. Təqsirləndirilən şəxs1lə əvvəllər aralarında heç bir düşmənçilik olmamışdır. 29 mart 2025ci il tarixdə təxminən saat 10 radələrində icarə əsasında işlətdiyi “Sakit Məkan” kafesində xadiməçi işləyən Təranə ona zəng edərək, kafenin qapısının açıq olduğunu demişdir. Bundan sonra kafeyə gəlmiş, həqiqətən də kafenin qapısının açıq olduğunu görmüşdür. Kafenin içərisinə daxil olduğu zaman obyekt sahibinin otağının giriş qapısının üst divarının yuxarı hissəsinin söküldüyünü aşkar etmişdir. Bu zaman oğurluq olmasında şübhələnmiş və otağa daxil olub əşyalara baxdıqda otağın dağınıq vəziyyətdə olduğunu görmüş, bu zaman pullarını saxladığı stolun tumbuçkasının də qırıldığını və orada saxladığı 4.160 manat pulun və otaqda saxladığı özünə məxsus 1.500 manata aldığı “HP” markalı noutbukun, həmçinin 1 ədəd 200 manat dəyərində olan video müşahidə kameralarının yaddaş cihazının da oğurlandığını aşkar etmişdir. Bu səbəbdən zəng edib baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra polis şöbəsində ona məlum olmuşdur ki, işlətdiyi kafedə oğurluq hadisəsini kafenin təmir işlərini görmüş Təqsirləndirilən şəxs1 törətmişdir”. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ona zəng etmiş və demişdir ki, obyekti yarıblar. Həmin vaxt Əhmədlidə olmuşdur. “Sakit Məkan” kafesinə gəlib görmüşdür ki, kafe dağınıq vəziyyətdədir və pulu götürüb getmişlər. O, “Sakit Məkan” kafesinə gələndə artıq 102-ə zəng olunmuş və polislər yoldaidilər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, yaxın adamı olub, onun yanında işləyib. Rahibə xanıma 1 il olar ki, obyekti icarəyə vermişdir. Ona məxsus oğurlanan heç bir əşya olmamışdır. Rahibə xanıma pul 2 dəfəyə verilmişdir. Rahibə xanım onun obyektində icarədardır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “Sakit Məkan” kafesinə gələrək görmüşlər ki, kafe kafe uçub-tökülmüş, oğurluq olunmuşdur. Sonra polisə ifadə vermişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onların işçisi olmuşdur. 3 ildir ki, orada işləyir. Həmin gün işə gələndə ondan əvvəl kafedə xadiməçi olmuşdur. Kimin polisə məlumat verdiyini bilmir. O, gələndə artıq polisə məlumat verilmişdir. Dəymiş ziyanla və sonrakı proseslərlə bağlı məlumatı yoxdur. Atası rəhmətə getdiyi üçün işdən azad olmuşdur. Kafedə ofisiant işləyirdi. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “Sakit Məkan” kafesinə gələndə görmüşdür ki, qapı qırılıb açıqdır. İçəri girərək mətbəxə gedib görmüşdür ki, qapı dağılıb-tökülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, səhər işə gələndə tək idi. Rahibə xanıma məlumat vermişdir. Həmin otağa girməmişdir. Özü gəlib görmüş, qapını açıb içəri girmişdir. İçəridə qapı açıq deyildi. Nə oğurlandığı barədə məlumatı yox idi. Sonradan bilmişdir ki, 5.000 manata kimi pul oğurlanmışdır. Rahibə xanım demişdir ki, 5000 manat oğurlanmışdır. Həmin kafedə xadiməçi işləyirdi. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-88/2025 nömrəli iş üzrə 01 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 30 mart 2025-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-206/2025 nömrəli iş üzrə 23 iyun 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 20 gün, yəni 30 iyul 2025-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-89/2025 nömrəli iş üzrə 01 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 30 mart 2025-ci ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-207/2025 nömrəli iş üzrə 23 iyun 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 20 iyul 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 iyun 2025-ci il tarixli 25/916 nömrəli ekspertin rəyindən görünür ki, 29 mart 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda vət.Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Sakit Məkan” adlı obyektdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd kağız parçasının üzərinə yapışdırılmış 09 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 08 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin (Kafenin giriş qapısından çöl tərəfdən götürülmüş) (ADİS-in məlumat bankına BƏSİİ və Nizami RPİ-dən daxil olan) xx xxxxxx 1993-cü il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin adsız barmağının əksi ilə, 01 ədədinin (ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının (kafenin giriş qapısından şöl tərəfdən götürülmüş) əksi ilə, 01 ədədinin (ADİS-in məlumat bankına Suraxanı RPİ-dən daxil olan) xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 əlinin böyük barmağının (menyunun üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfndən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin 1(008)-818/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı X4 Müəssisəsinin 27 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-818/2023 saylı 02 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx xxxxxx 1993-cü il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən göndərilərək 05 mart 2024-cü il tarixdə 1 saylı X4 müəssisəsinin qeydiyyatına götürülmüşdür. Cəzasının əvvəli 05 mart 2024, cəzasının sonu 05 mart 2026. Məhkum Təqsirləndirilən şəxs2 30 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri süçilmiş və həbs etmənin əvvəli 30 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs2 30 mart 2025-ci il tarixə cəzasının çəkilmiş hissəsi 01 il 25 gün, cəzasının çəkilməmiş hissəsi 11 ay 05 gün təşkil edir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsi tərəfndən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Apelyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Xəzər Rayon Məhkəməsinin 7(003)-1085/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 03 gününü çəkməkdən şərti olaraq vaxıtndan əvvəl azad edilmiş; 09 avqust 2024-cü ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı Apelyasiya Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Xəzər Rayon Məhkəməsinin 7(003)- 1085/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 03 gününü çəkməkdən şərti olaraq vaxıtndan əvvəl azad edilmiş; 09 avqust 2024-cü ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 mart 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hissəsi yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 mart 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş 850 manat, Təqsirləndirilən şəxs2 götürülmüş 1.350 manat, cəmi 2.200 manat məbləğində pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş Suraxanı Rayon Polis İdarəsində saxlanılan “Alhua Technology” markalı 1 ədəd müşahidə kameralarının yaddaş cihazı Zərərçəkmiş şəxs qaytarılmalı, hadisə yerinə baxış zamanı götürülmüş və özündə cinayət əlamətlərini əks etdirən 03 ədəd əl-barmaq izləri maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi2 müdafiə etmişlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 13 saat vaxt, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 13 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 mart 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının hissəsi yeni hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 30 mart 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş 850 manat, Təqsirləndirilən şəxs2 götürülmüş 1.350 manat, cəmi 2.200 manat məbləğində pul Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş Suraxanı Rayon Polis İdarəsində saxlanılan “Alhua Technology” markalı 1 ədəd müşahidə kameralarının yaddaş cihazı Zərərçəkmiş şəxs qaytarılsın. Hadisə yerinə baxış zamanı götürülmüş və özündə cinayət əlamətlərini əks etdirən 03 ədəd əl-barmaq izləri maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə sərf etdiyi 13 (on üç) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 143 (yüz qırx üç) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə sərf etdiyi 13 (on üç) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 143 (yüz qırx üç) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar