Məhkəmə qərarları › İş №1(010)-416/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-416/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-416/2025 10.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5V, m. 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə saat 02:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BMW 328İ» markalı, **-FR-*** dövlət qeydiyyatı nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “İrşad” mağazasının qarşısında 40-50 km/saat sürəti ilə hərəkətdə olaraq idarəetməni itirib avtomobili qarşı əks hərəkət zolağına çıxaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi şəraitdə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunları etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətinə doğru 40 km/saat sürəti ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “BYD Destroyer 05 Plag-in” markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqqquşması nəticəsində ehtiyatsızlıqdan “BYD Destroyer 05 Plag-in” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol körpücük sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «BMW 328İ» markalı **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən idarə edir. Daimi iş yeri yoxdur. 10 yanvar 2025-ci il tarixdə Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən «Raqs» restoranında aşbaz işləyirmiş. 10 yanvar 2025-ci il tarixdə həmin texniki cəhətdən saz vəziyyətdə olan avtomobilə əyləşərək iş yerindən evə getdiyi zaman saat 02:30 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi tərəfdən üzü Xəzər rayon, Türkan qəsəbəsi istiqamətində Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ilə təxminən saatda 40-50 km sürəti ilə hərəkət edirmiş. Avtomobildə tək olmuş, sərnişin və yük olmamışır. «İrşad» mağazasının və «Meydan» pivə restoranın qarşısında idarə etdiyi avtomobil sürüşmüş, idarə etməni itirmiş və hərəkət etdiyi zolağdan çıxaraq qarşı istiqamətli nəqliyyat üçün zolağa çıxıb həmin zolağda hərəkət edən «BYD» markalı nömrə nişanını sonra bildiyi **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yaxında olan tanımadığı şəxslər onu avtomobildən çıxartmış, özü hərəkət etmək istəmiş, lakin ayağı zədələndiyi üçün yıxılmışdır. Qarşı tərəf olan sürücü, adını sonra bildiyi Zərərçəkmiş şəxs da xəsarət almış, lakin Zərərçəkmiş şəxs vəziyyəti ondan yaxşı olmuşdur. Sığorta şirkətinə, DİN-in 102 Xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Tanımadığı şəxslər təcili tibbi yardım çağırmış. Təcili tibbi yardım avtomobili gələrək onun vəziyyəti daha ağır olduğu üçün əvvəl onu əyləşdirib aparmaq istəmişlər. Lakin TTY avtomobilindən düşüb sürücü Zərərçəkmiş şəxs yer vermişdir. Sonra, TTY-ın digər avtomobili gələrək onu X4 aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir, bəzi şeyləri düz yazmayıblar. Sol körpücük sınığı yazılıb, o, iki ay yorğan döşəkdə qalmışdır, necə olur ki, onu yarım saata evə buraxdılar. Dəfələrlə barışığa cəhd etmişdir. Hadisəyə görə təqsirlidir. Mağazadan çıxmış, qazı basanda 80 metr qabağa getmış, protivə çıxmış, şar açılmışdır. Yer şehli idi, görmək olmurdu. “Araz”dan çıxıb, “İrşad Telecom”un qarşısına keçmiş, sürət 80-100 km/saat olmamışdır. Polislər gəlmişdi, yəqin ki, çəkiblər. Maşın sürüşüb. Arxaya vermiş, qaza basanda o, əks yola getmişdir. Ayağa qalxmaq istəyəndə yıxılmışdır. Avtomobildə heç kim yox idi. Yoldan keçənlər kömək elədi. Baxmış, zərərçəkmiş şəxsdə ciddi bir şey yox idi. Təcili yardım gəldi, dedi onu düşürün, birinci ağsaqqalı aparın. Təcili yardımdan da öyrənə bilinə bilər ki, birinci kim gəlib. Səhər tezdən yorğan döşəkdə idi. Demişdilər ki, ayağın göydə qalsın. Qardaşı ilə dostunu göndərdi, qarşı tərəfin istəyi oldu. Maddiyyat baxımından çatmadı. 5 aylıq kredit ödənişin, 5 aylıq lizinq ödənişini və 5 aylıq qızının universitet ödənişinin qabaqca verilməsini istədi. Ümumi hesablamada 7000-8000 manat pul edir. İxtisasca aşpazdır. Körpücük sümüyü əməliyyat olmadan necə sağalır. Ayaz müəllimə demişdir, ekspert rəyi ilə bağlı narazılığını demişdir. Körpücük sümüyü sınan yaxınını görmüşdür. Sınıq əməliyyat ilə sağalmır. Hadisədən bir gün sonra zəng elədi dostu dedi ki, ağrıkəsici vurublar yatızdırıblar. İki gün səbrli olun, bu ayılsın. Dedi,” mən gözləmirəm, halım yoxdur”, telefonu sündürdü. İkinci dəfə zəng eləmişlər, qardaş dedi ki, “mən sözümü demişəm”. 1-2 ay sakitçilik oldu, o, fikiləşmişdir ki, yəqin sığortadan pul alınıb. Sonra zəng etmişdir ki, necə yoluna qoysun, özünü onun yerinə qoyur,belə halla qarşılaşmağı o da istəməz. Barışığa cəhd etmişdir. Özü şəxsən görüşməmiş, dostunu göndərmişdir. Telefonla yanında yığıblar. Özü şəxsən danışmışdır. Dostu yorğan-döşəkdə olduğu vaxt zəng edib. Məhkəmədən çıxanda zəng eləmişdir. Demişdir ki, oturaq, dedi ki, zəng edəcəkdir. İstintaq dövrü 3 dəfə zəng etmişdir. Zərərçəkmiş şəxsi hadisəyə qədər tanımamışdır. Mağazadan çıxmış, dönmək istəyəndə dəymişdir. Məsafə az idi. Xəsarətlərlə razı deyildir. Onlar tərəfdə konkret məbləğ təklif olunmayıb. 2 ay xəstə yatmışdır. Sonda o, özünü təqsirli bildiyini və barəsində amnistiya aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, və zərərçəkmiş şəxsin hüquqi varisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «BYD Destroyer 05 Plag-in Hibrid» markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin oktyabr ayından etibarnamə əsasında idarə etmiş və taksi fəaliyyəti ilə məşğul olurmuş. 10 yanvar 2025-ci il tarixdə saat 02:15 radələrində həmin avtomobili saatda 40 km sürəti ilə idarə edərək Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi ilə Suraxanı rayonu, Zığ qəsəbəsi istiqaətində yaxın işıqda hərəkət edirmiş. Bu zaman, O.Şabanov küçəsində yerləşən “İrşad” mağazasının qarşısında qarşılıqlı istiqamətində çox bərk sürətlə gələn “BMW” markalı sedan kuzovlu dövlət qeydiyyat nişanını sonra bildiyi **-FR- *** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı istiqamətdə hərəkət edən nəqliyat üçün zolağa, yəni onun hərəkət yoluna keçərək öz qabaq tərəfi ilə idarə etdiyi avtomobili qabaq sol tərəfindən vurmuşdur. Zərbədən idarə etdiyi avtomobildə ehtiyatsızlıq yastığı açılmış və o, huşumu itirmişdir. Ayılanda tanımadığı şəxslərin onu avtomobildən çıxartdıqlarını görmüşdür. İdarə etdiyi avtomobili vuran adını sonra bildiyi Təqsirləndirilən şəxs orada öz avtomobilinin yanında olmuşdur. Hadisə vaxtı hava quru, üfüqi asfaltlı yol olmuş, şəhər işıqlınması işıqları ilə işıqlanmışdır. Sonra təcili tibbi yardım avtomobili gəlib onu X4 aparmışdır. Xəstəxanada ilk tibbi yardım almış və onu evə buraxmışlar. Hadisə nəticəsində körpücük sümüyü sınmış, sinəsi əzilmişdir. İdarə etdiyi avtomobildə tək olmuş, qarşı tərəf “BMW-in sürücüsü də tək olmuşdur. Bu hadisəni tanıdığı şəxslərdən kimin gördüyünü bilmir. Qarşı tərəf sürücü Təqsirləndirilən şəxs ona heç bir maddi köməklik etməmiş, dəymiş maddi ziyanı ödəməmişdir. Ona görə də sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təqsirləndirilən şəxs deyir ki, 40-50 km/saat sürət olub. O qədər sürət şəkillər var baxılsa görüləcəkdir. Sığorta 76% maşına əzik qoyub. O sürətlə 76% əzilməz. 130-150 km/saat sürət orada olub. Rolun və damın şarı açılıb, sinəsi batıb, qolu sınıb. Həkim deyir ki, əməliyyat olmasa qanqrena verəcək, qolu kəsiləcək. Sığorta deyir ki, bu adam ərizə yazmalıdır ki, sığorta ona pul versin. 4 müstəntiq dəyişmişdir. Respublika Prokurorluğu, Nazirlər kabineti şikayetləri olub. Maşın indiyədək dayanacaqda durur. O, müstəntiqə dedi ki, sığorta onun 1500 pulunu vermək üçün bu adam ərizə yazmalıdır, bu şəxs imtina etdi, vermədi. Taksi olduğuna görə sığorta imtina verdi, bu adam indiyədək onunla maraqlanmayıb, sağlamlığıma zərər yetirib, əmək qabiliyyətimu məhdudlaşdırıb. 1 dərman alıb gətirməyib. Hadisədən 5 gün sora qardaşı və dostu gəlib, dedi ki, iki uşaq oxudur, 4-5 aylıq xərclərini çəksin. Dedilər ki, “gedək, ağsaqqalla danışaq xəbər edəcəyik”. Zəng edirlər, zəngi söndürürlər. Sonra deyirlər ki, yatıb. O isə ağrıdan ölür. Deyir 40-50 sürət olub, yol çən olub, lakin şəkil vardır ki, orada çən yoxdur.Həm də 70 faizdən yuxarı maşın istifadəsizdir. Dedikləri düz deyil, hamısı faktlarladır. Mülki iddianı vermişdir, rüsumu ödəmiş, nəzərə alınmasını bildirmişdir. Hadisə vaxtı gecə idi. Araz market 200-300 metr arxa tərəfdədir. 4 tərəfli yoldur, 9 metr yol onun, 8 metr onunkidir. O, tərəfə o, 1-ci riyadındadır. Maşında olmamışdır ki, onu çaşdırsın, lakin gör necə sürətli olub. Deyir duman, çən bilmir ki, onda şəkillər var. Avtomobildə video registrator yoxdu, qardaşına zəng etdi o da gəldi və hadisə yerinin şəkillərini çəkmişdir. Şar sinəsinə vurdu, ürəyi getdi, vətəndaşlar özünü yetirdi, qolunu qaldırdılar çıxartmaq üçün o zaman o qışqırdı və ayıldı. Onu bardiyora qoydular və təcili yardımı çağırdılar. Bunun maşını ortada idi, bunu qoydular maşına, təcili yardıma 1 nəfər minə bilir, dedilər ki, 2-cisi 20 dəqiqəyə gələcək. Sonra bu düşdü, bilmir özü istədi, birinci onu apardılar. Sabunçu xəstəxanasına apardılar, onu ayağı və onun qolu idi. Hadisədən sonra onunla əlaqə saxlamayıb. Ayın 24-ü məhkəmədən sonra dedi ki, “gəl görüşək”. “Dedim ki, 6-7 aydır hardasan, 1 dərman almayıb mənə”. Onun ayda 3000-4000 manat xərci var. O, gecə işləyir. Ayda 13.000- 15.000 manata çıxırdı. Yox 5 aya dedilər sağalar 15.000 manat hesablamışlar. Bunlar dedi notariusla versinlər, qardaşı dedi sağalana kimi qalanın qaytaracaqdır. Sonra əlaqə saxlamadılar. 4 ay sonra cinayət işi açıldı. Şikayətçiyəm, ən ağır cəza verilsin. İş materiallarında var, qazidir, 3-cü qrup onkoloji xəstəsidir, böyrəyinin biri yoxdur. Yarı canlıdır. Hadisəyə qədər şəxsi tanımamışdır. O, maşını görməmış, maşın çox sürətli idi, azı 130-150 sürət var idi, 30 ilin sürücüsüdür, 70-80-la o əzik olmaz, ekspertdə yazıb. O, xəstəxanada yatmamışdır. Tibbi ekspert ona baxmayıb. Maşınına 18.000 xərcdir. O, özünə dəyəni yazmışdır, 35.000 manatdan çox zərər dəyib. O, öz hesabına müalicə olmuşdur. O, əməliyyat olmalıdır. O, dərman müalicəsində olmuşdur. Ona ziyanı ödəsin, mülki iddia ərizəsində yazmışdır. O, əməliyyat olmalıdır. O, müstəntiqə demişdir ki, 3-4 ay əvvəl 20.000 zərərini təşkil edir., Ayaz müstəntiqə o deyib ki, “getsin, işinə baxsın.” 25.000- 30.000 arası ona ziyan dəyib. Sabunçunun xəstəxanasına təhqiqatçı aparıb. Bədəninin şəkilləri də var, açıq-aşkar qırıq görsənir. Həmzəyev müstəntiq aparıb. O, tibbi ekspertizada olmamışdır. Nizami rayon klinikasında, Sabunçu klinikasında da var. Ona dedilər ki, “sənə verə bilmərik, özümüz göndərəcəyik”. Rentgendən də keçmiş, Babək prospektindədir, “dedi polisə göndərəcəyik, soruşdum göndərilib”. Sonda o, şikayətçi olduğunu və dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Cinayət işinin 6-7-ci vərəqələrində olan «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 10 yanvar 2025-ci il tarixli protokoldan və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində baş vermişdir. Baxış zamanı tərtib edilmiş sxem protokola əlavə edilmişdir. Protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 328İ» markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs idarə eldiyi «BYD Destroyer 05 Plag-in Hibrid» markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi zolağa keçərək sonuncu avtomobil ilə toqquşmuşdur. Cinayət işinin 89-93-cü vərəqələrində olan Zərərçəkmiş şəxs İfadəsinin yerndə yoxlanılması zaman sonuncu ifadəsini təsdiq etmiş və müəyyən edilmişdir ki, həmin yolnəqliyyat hadisəsi ünvan 1 ünvanının qarşısında baş vermişdir. Bu barədə protokol, sxem və fotocədvəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 84-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 106513/2025 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 521345 nömrəli “B1 B” kateqoriyaları və xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 416637 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüqununun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 30-33-cü vərəqələrində olan iş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri eksperizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2025-ci il tarixli 8/483 nömrəli rəyindən görünür istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BMW 328İ» markalı 77- FR-330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 98-101-ci vərəqələrində olan iş üzrə keçirilmiş əlavə məhkəmə-yolnəqliyyat hadisələri eksperizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2025-ci il tarixli 8/1285 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə «BYD Destroyer 05 Plag-in Hibrid» markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar onun hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöyteyi-nəzərdən tədbiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BMW 328İ» markalı 77- FR-330 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 18-19-cu vərəqələrində olan iş üzrə keçirilmiş məhkəmə-tibbi eksperizası üzrə «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2» PFİŞ-nin Suraxanı rayon şöbəsinin 04 saylı 22 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarət - sol körpücük sümüyünün sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətinin təmin edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(010)-416/2025 nömrəli cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 tərəfindən verilmiş 16 dekabr 2025-ci il tarixli, T925/2025 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol körpücük sümüyünün sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2025-ci ilə uyğun gəlir, avtoqəza nəticəsində xx.xx.2025-ci il Zərərçəkmiş şəxs əmələ gələ bilərdi, dərəcəsinə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyası onun şəxsin özü tərəfindən yetrilməsini inkar edir. Sınığın xarakteri və yerdəyişmiş olması cərrahi əməliyyata birbaşa göstərişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Suraxanı Rayon Polis İdarəsində Azərbaycan Respubliokaının Cinayət Məcəlləsinin 416 nömrəli cinayət işi əsasında Təqsirləndirilən şəxs qismində tanınmışdır. Bildirir ki, Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşmüş, yaralanmış, müharibə veteranı və İİİ dərəcəli ankoloji əlildir. Təqsirləndirilən şəxs ona məxusu olan “X6” MMC tərəfindən 27200 manata aldığı “BYD destroyer” 2024-cü il buraxılış **-YD-*** nömrəli avtomobilinə 76% deformasiya uğratmaqla onun sağlamlığına ciddi xəsarət yetirmişdir. 7 ay ərzində təqsirləndirilən şəxs onunla maraqlanmamışdır, bu barədə ittiham haqqında qeyd vardır. Həmin avtomobil üçün 3 ay ərzində 2400 manat, maşının avtomobil dayanacağında saxlanılması üçün 5 ay 200 manat 1000 azn ödəniş etmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1.1-ci maddəsinə əsasən zərər cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda zərərə görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülkü iddi verməyə haqldır. Odur ki, Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınması haqqında, 35000 (otuz beş min) manat zərərin Təqsirləndirilən şəxs tutularaq mülkü iddiaçı qismində Zərərçəkmiş şəxs ödənilməsi haqqında qərər qəbul edilməsini və Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverənlik ili” haqqında Milli Məclisin amnistiya barədə qərarın qəbul edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1 və 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 1.16-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub- olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Məhkəmənin hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenum Qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1. və 1.1.6-cı bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə ekspertiza xərci 235 (iki yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üz yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h**********9212327214 SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar