Məhkəmə qərarları › İş №1(010)-417/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-417/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-417/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 18 avqust 1999-cu ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, nömrəsiz ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə saat 08 radələrində X6 məxsus, etibarnamə əsasında idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E-220 CDİ» markalı 99CS562 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində 80 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və yaşayış məntəqəsi daxilində 60 km/saat-dan artıq sürətlə hərəkət etməməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Aqil” marketin qarşısında üzü “Buta Palace” sarayı istiqamətinə gedən yolda hərəkət istiqamətinə nəzərən yolun sağından soluna doğru keçməyə çalışan Zərərçəkmiş şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq sonuncuya baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, hər iki baldır sümüklərinin açıq sınıqları, sol körpücük sümüyünün, sağda İİ, İİİ qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin əzilmiş-cırılmış yaraları və çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, idarə etdiyi “Mersedes Benz 220 minik” markalı 99CS562 dövlət qeydiyyat nişanlı avtomobil X4 adına qeydiyyatda olsada faktiki olaraq atası X1 Cavid Camal oğlundan baş etibarnamə ilə satın almış və etibarnamə ilə idarə etmişdir. 30 may 2022-ci il tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi 99CS562 dövlət qeydiyyat nişanlı “Mersedes Benz 220” minik markalı avtomobillə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi ilə 90 saylı məktəb istiqamətindən “Buta Palace” istiqamətində 80 km/saat surətlə hərəkətdə olan zaman yolun 17-ci cəza çəkmə müəssisəsinin divarının kənarına düşən hissəsində yolda onun hərəkət istiqamətində təxminən 30-40 metr irəlidə təkər təmirinin qarşısından yaşlı bir kişi piyadanın asta addımlarla yolun solundan sağına doğru hərəkətə başladığını görmüşdür. Bu zaman piyadanı vurmamaq üçün əyləcdən istifadə etsə də buna nail olmamış və idarə etdiyi avtomobilin sol qabaq künc hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyadanın başı avtomobilin qabaq alın şüşəsinin sol tərəfinə dəymiş və daha sonra havaya qalxaraq bir qədər irəlidə solun sağ qrunt hissəsinə düşmüşdür. Avtomobilin alın şüşəsi sındığı üçün görüntü məhdudiyyəti yarandığına baxmayaraq bir qədər irəlidə avtomobili saxlamışdır. Avtomobildən düşərək xəsarət almış şəxsə yaxınlaşıb köməklik etmək istəmişdir. Lakin almış olduğu xəsarətlərin ağırlığını görüb təcili tibbi yardımın gəlməyini gözləmişdir. Ətrafda olan şəxslər təcili tibbi yardıma zəng etmişlər. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müvafiq sənədləşmə aparmış, o da öz anket məlumatlarını bildirərək zəruri sənədləri onlara təqdim etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır və birlikdə yaşamışlar. Atası heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 30 may 2022-ci il tarixdə saat 08:30 radələrində evdə olduğu zaman onun mobil telefonuna zəng gəlmiş və atası Zərərçəkmiş şəxs Ramana qəsəbəsi, Samir Əliyev küçəsində piyada olan zaman “Mercedes” markalı avtomobil ilə vurulması, atasının isə aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin bildirir ki, mərhumun bütün dəfn və mərasim xərcləri təqsirləndirilən şəxs və sonuncunun ailəsi tərəfindən ödənilib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 19 avqust 2022-ci il tarixli 8/2067 saylı nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz E220CDİ markalı 99CS562 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü N.S.X10 E220CDİ markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 30 may 2022-ci il tarixli 74 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqlar, hər iki baldır sümüklərinin açıq sınıqları, sol körpücük sümüyünün, sağda İİ, İİİ qabırğaların sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin əzilmiş-cırılmış yaraları və çoxsaylı sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri qərarda göstərilən 30 may 2022-ci il tarixə yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. İlkin zərbə mərhumun bədəninin ön-sağ hissəsinə yetirilə bilərdi. Zərərçəkmiş şəxs meyitxanadan götürülmüş qanda məhkəməkimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfn və yas mərasimlərinin xərclərini qarşıladığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar