Məhkəmə qərarları › İş №1(010)-419/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-419/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-419/2025 08.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Ağcabədi rayonu, qiyamadınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Qiyamadınlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-21/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs arvadı ünvan 1 ünvanında yaşayan və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə müəllim işləyən Şahid1 işlədiyi məktəbdən onun yaşadığı evin yaxınlığında yerləşən orta məktəblərin birinə eyni vəzifəyə köçürülməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 25 iyul 2023- cü il tarixdə saat 14:38-də ünvan 3 ünvanında yerləşən “AL” marketdə quraşdırılmış “MilliÖn” ödəmə termanlı vasitəsi ilə cinayətdən xəbərsiz olan Şahid3 istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7413-7535-8361 nömrəli bank kartına zərərçəkmiş şəxs Hümbət Məmmədovun qardaşı Şahid2 tərəfindən köçürülmüş 4000 manat pul vəsaitini həmin tarixdə öz istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7413- 9731-6645 nömrəli bank kartına köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardən sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ona demişlər ki, bir nəfər şəxs var işi ilə bağlı yerini dəyişmək istəyir. Maraqlanmış, nömrəsini vermiş, sonra cin nömrədən zəng gəlmişdir. Məhəbbətlə Dənizkənarı bulvarda görüşmüşlər. Məhəbbətlə tələfon danışıqları və watsapp yazışmaları da var, lazım olsa çıxartmaq da olar. Məhəbbət pulu göndərmişdir. Bir müəllimə var idi onu bir məktəbdən digər məktəbə köçürmək lazım olmuş, pulu ona görə göndərmişdir. Sonra iş alınmamış və Məhəbbətlə razılaşmışlar ki, həmin pulu hissə-hissə 100-200 manat şəklində qaytarsın. Anası xəstə olduğundan xəstaxanada olmuş, Məhəbbət zəng vurmuş və vəziyyət barədə demişdir. Məhəbbət də razılaşmışdır ki, pulu sonra qaytarar. Sonra ondan şikayət olunmuşdur. Məhəbbətə zəng etmişdir ki, kartını atsın 200 manat pul atsın, lakin tam məbləği istəmişdir. O, da Məhəbbətə demişdir ki, axı hər ay 200 manat ödənilməsi barədə razılığa gəlmişlər. Məhəbbətə demişdir ki, o, tutulsa da həmin pulu yenə də ödəyəcəkdir. Ağcabədi rayon prokurorluğunda da bildirmişdir ki, pulu tam ödəyəcəkdir. Amma qalan 2800 manatı həmin anda qaytara bilməyəcəyini demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işlə bağlı ilk dəfə Məhəbbətlə danışmışmış, İranə xanımın vasitəsi ilə. İranə xanımı bir tədbirdən tanımış, hardasa 5-6 ildir. İranə xanım ona demişdir ki, bir müəllimə var yerini dəyişmək istəyir. İndiyə kimi heç kimi işə düzəltməmiş, sadəcə İranə xanım demişdir ki, gör tanışın var. Pulu Ramin adlı şəxsə köçürmüşdür. Raminlə şəhərdə tanış olmuşdur. Bütün puldan Raminə 3800 manat vermiş, 200 manatı özünə götürmüşdür. Bu işdə İranə xanımın xeyiri olmamışdır. Məhəbbət pulu İranənin kartına göndərmiş, oda onun kartına göndərmişdir. Dəymiş ziyanın qalan hissəsin ödəmək fikri var, lakin azadlığa çıxandan sonra ödəyə bilər. Ramin adlı şəxsin 48 yaşı var idi. X15 Nazirliyinin əməkdaşıdır. Ağcabədiyə gəlib qonağı da olmuşdur. “Kia Optima” markalı maşın sürürdü. Məhəbbət pulu kartına göndərmişdir. Sonda Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini qeyd edərək, törətdiyi cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, Ağcabədi rayonu, Yuxarı Qiyamadmlı kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, üç azyaşlı övladı vardır. Mahiyyəti üzrə bildirmişdir ki, o, toylarda tamada kimi fəaliyyət göstərir. Şahid3 ilə uşaqlar evində keçirilən xeyriyyə aksiyasında təsadüfən tanış olmuşdur. O zaman dəqiq harada işlədiyini bilməsə də tibb bacısı işlədiyini bilmişdir. O zaman onun Ramin Əzimov adında bir tanışı olmuşdur. Raminlə də təsadüfən tanış olmuşdur. Ramin ona özünü vergi xidmətinin əməkdaşı kimi təqdim etmişdir. O, İranə ilə tanışlığı olan zaman ona Ramin adında tanışının olduğunu söyləmişdir. 2023-cü ilin iyul ayında İranə ona demişdir ki, bir müəllimə var, onun iş yerini dəyişmək lazımdır. O isə bildirmişdir ki, bu məsələ ilə bağlı Raminlə danışar. Raminlə danışdıqdan sonra bu məsələni həll edəcəyinə razılıq vermişdir. Ramin bunun üçün 3500 manat məbləğində pul tələb etmişdir. Bundan sonra İranəyə bu məsələni bildirmiş və İranə onun kartına pulu atacağını bildirmişdir. İranə 4000 manat məbləğində pulu “4169 7413 9731 6645“ nömrəli "xxxx" kartına atmışdır. O da həmin pulu Raminə kart vasitəsilə göndərmişdir. Raminin kartının nömrəsini dəqiq bilməsə də “Leo bank” olmuşdur. Təxminən 4 ay keçməsinə baxmayaraq məsələ həll olunmadığına görə Raminə dəfələrlə zəng etmiş, hər dəfə isə telefonu açaraq “narahat olma” demişdir. Bir dəfə isə yığdıqda telefonu başqa şəxs açmış və Raminin tutulduğunu demişdir. O isə həmin şəxsə bildirmişdir ki, Ramində onun pulları vardır. Həmin şəxs isə məhkəməyə ver və məsələni həll et deyə bildirmiş və sözünü yarımçıq kəsərək telefonu söndürmüşdür. Ondan sonra indiyə kimi o nömrəyə zəng çatmır. Raminin tutulma xəbərini eşitdikdə Raminin tutulma xəbərini Məhəbbətə bildirmişdir. Məhəbbət borcun qaytarılmasını tələb etmiş, onunla telefonda mübahisə etmişdir. Şahid2 ona bildirmişdir ki, məsələni yoluna qoya bilmirsinizsə, pulu geri qaytarın. O da Məhəbbətə demişdir ki, Ramin həbs olunub, 4000 manat məbləğində pul ondadır. O həmin vaxt Məhəbbətə pulun 3800 manat olduğunu səhvən demişdir, Məhəbbət də pulun 3800 deyil 4000 manat olduğunu bildirmişdir. O, səhvən Məhəbbətə pulun məbləğini 3800 manat demişdir. O, Məhəbbətlə razılığa gəlməyə çalışmışdır ki, pulu hissə-hissə, yəni təqribən aya 100-200 manat ödəsin. Məhəbbət onunla razılaşmışdır. Ondan sonra indiyə kimi Məhəbbətə 1200 manat pul ödəmişdir. Sonuncu dəfə Məhəbbətə borcun bir hissəsini kart vasitəsilə 5 ay öncə göndərmişdir. Lakin anasının xəstəliyi ilə əlaqədar bu 5 ayda bir qədər maddi çətinlik yarandığından ödəyə bilməmiş və bu barədə Məhəbbətə bildirmişdir. Məhəbbət onunla razılaşmamışdır. Hal-hazırda Məhəbbətə borcu 2800 manatdır. Onun Şahid2la heç bir düşmənçiliyi olmamışdır.O, Məhəbbətdən pulu ünvan 1 ünvanında yaşayan və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev adma 195 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində işləyən Şahid1 işlədiyi məktəbdən onun yaşadığı evin yaxınlığında yerləşən orta məktəblərin birinə eyni vəzifəyə köçürülməsinə köməklik edəcəyim barədə vəd verib həmin 4000 manat pulu almışam. Lakin sonradan bu vədini yerinə yetirə bilməmişdir, tranənin onun kart hesabına göndərdiyi 4000 manat pulu o, Ağcabədi rayonu, Hindarx qəsəbəsində bankomatdan çıxarmış, daha sonra səhv etmirsə Raminin istifadəsində olan “Leo bank” kartına həmin pulun 3500 manatını göndərmişdir. Raminə pulu haradan, nə vaxt və hansı nömrəli karta göndərməsini xatırlamır. O, ilkin izahatında səhvən pulun məbləğini 2800 manat göstərmişdir, lakin əslində İranə ona Məhəbbətin göndərdiyi pulun hamısını, yəni 4000 manatı göndərmişdir. Sonradan Məhəbbətlə danışanda da görmüşdür ki, Məhəbbət İranənin kartına 4000 manat pul göndərmiş, o da həmin pulun hamısını onun kartına göndərmişdir”. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahnəzərlə əlaqəsi olmamışdır. Məsələni bir ildən sonra bilmiş, xəbəri olmamışdır. Özü də məktəbdə musiqi müəllimi işləyi. Məsələni biləndən sona demişdir ki, bu mümkün olan bir şey deyil ki, başqa yerə iş yerini 4000 manata dəyişəsən. Buna görə də evlərində söz-söhbət olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, 1 ildən sonra bilmişdir ki, belə bir məsələ var. Qardaşı əlaqə saxlamışdır Şahnəzərlə. Bugün, sabah deyib fırlardırdı. Sonra bütün nömrələrini bağlamış və əlaqə saxlaya bilməmişlər. Şahnəzərin qardaşını tapmışdır. Qardaşı da bildirmişdir ki, neynirsiz eləyin, hara istiyirsiz şikayət edin. Qayınanası tibb müəssisəsində işləyir. İranə xanımın iş yoldaşı olub. Şahnəzəri İranənin vasitəsə ilə tanımışdır. İranə xanım hələ də həmin yerdə işləyir. İranədən şikayət etmişdir. O, da günahkardır, onlar əlbirdirlər. 4000 manat əvvəl İranəyə çatmışdır. İranə ilə çox danışmışdır. Demişdir ki, hara şikayət edin. O, da Korrupsiyaya şikayət etmişdir. Şikayət edəndən sonra İranə ondan xahiş etmişdir ki, şikayətini geri götürsün, lakin o, götürməmişdir. Bildirmişdir ki, ödəniş olunsun o, da şikayətini götürsün. Pul onun puludur, lakin pulu qardaşı öz cibindən vermişdir. Pul yoldaşının iş yerini dəyişmək üçün verilmişdir. Qobustan ərazisindən Bakının ərazisinə dəyişəcəkdir. Dəymiş ziyandan 1200 manat ödənilmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq ünvan 5usiqi məktəbində müəllim işləyir və həmin məktəb Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşir. Mahiyyəti üzrə bildirmişdir ki, onun arvadı Şahid1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev adma 195 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Yaşadıqları evlə arvadının iş yerinin arasında uzun məsafə olduğuna və arvadının işə gedib-gəlməsində çətinliyi olduğuna görə arvadının iş yerini yaşadıqları evin yaxınlığında yerləşən orta məktəblərin birinə dəyişmək istəmişdir. X1 Bakı şəhəri, Qaradağ rayonu, 32 nömrəli şəhər poliklinikasında operator vəzifəsində işləyir. Arvadının iş yerini dəyişmək istəməklərindən təbii ki qayınanası Gülabatının da məlumatı olmuş, ona görə də qayınanası bu barədə öz işlədiyi poliklinikada iş yoldaşı Şahid3 ilə danışarkən ona da demiş, İranə isə ona tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə bu işi həll edə biləcəyini demişdir. O, həmin ərəfədə rayonda olduğuna görə qayınanası bu barədə arvadına demiş, arvadı da bu barədə qardaşı Məhəbbətə demişdir. Bundan sonra Məhəbbət telefonla İranə ilə danışmış, İranə də Məhəbbəti Şahnəzər adlı şəxslə tanış etmişdir. Bundan sonra Məhəbbət Şahnəzərlə telefonla danışmış, daha sonra arvadının diplom və şəxsiyyət vəsiqəsinin surətini istəmiş, Məhəbbət də həmin sənədləri Şahnəzərlə görüşüb ona vermişdir. Bir neçə gün sonra İranə qardaşı Məhəbbətlə danışmış və ondan bu iş üçün 4000 manat pul istəmişdir. İranə qardaşına demişdir ki, o həmin pulu Şahnəzərə verəcəkdir. Bundan sonra qardaşı Məhəbbət 25 iyul 2023-cü il tarixdə saat 14:38-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 256, Mədən 3 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış MilliÖn ödəmə termanlı vasitəsi ilə İranənin adına olan bank kartına göndərmişdir. Həmin pulu qardaşı göndərsə də pulun hamısı ona məxsusdur. Çünki Məhəbbət həmin pulu arvadından götürmüşdür, arvadı da evdən ona məxsus pulun üzərindən götürüb vermişdir. Pulu alan zaman 2023-cü ilin sentyabr ayınadək işin düzələcəyini bildirsələr də İranə və Şahnəzər bu işi düzəldə bilməmişlər. Bundan sonra bir neçə dəfə arvadına zəng olunaraq müqavilə əsasında yaşadıqları evdən uzaq məsafədə yerləşən məktəblərdə iş təklif olunmuş, lakin nə üçün müqavilə əsasında olduğunu soruşarkən müxtəlif bəhanələr gətirib bu işi də düzəltməkdən yayınmışlar. Arvadına zəng edən şəxslərin kim olmasını bilmirlər, həmçinin həmin şəxslərin zəng etdikləri nömrələr də silinmişdir. Beləliklə İranə və Şahnəzər onları aldadararaq 4000 manat pulunu ələ keçirmişlər. Bir neçə ay sonra onlar görmüşlər ki, bu iş alınmır, ona görə də qardaşı Məhəbbət pulu İranədən tələb etməyə başlamış, İranə də pulu Şahnəzərə verdiyini bildirdiyinə görə onlar pulu Şahnəzərdən istəməyə başlamışlar. 2024-cü ilin may ayında Şahnəzər 1000 manat, 2024-cü ilin iyun-iyul aylarında isə hər ay 100 manat olmaqla iki dəfə də bu formada pul göndərmiş, beləliklə onlar 4000 manat puldan 1200 manatını alsalar da qalan pulu ala bilməmişlər. Ona görə də o bu barədə Baş Prokurorluğun “161” qaynar xəttinə zəng edib şikayət etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahnəzər 4000 manat məbləğində pul istəmişdir ki, işi düzəltsin. İranə vasitəçi olmuş, pulu onun kartına atmış, o, da göndərmişdir Şahnəzərə. Sənədləri istəmiş vermişdir. Sonra telefonlara cavab verməmişdir. Demişdi ki, sentyabrın ayının 15-i iş həll olunacaqdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, 4000 manat Hümbətin pulu olmuşdur. Qardaşının məsələdən xəbəri yox idi. Həmin işlə əlaqədar olaraq rayonda idi. 4000 manatı İranə xanıma göndərmiş, o, da Şahnəzərə göndərmişdir. Pulu hər ikisindən tələb etmişdir. İranə demişdir ki, onluq deyil, pulu vermişdir Şahnəzərə. Şahnəzər bu gün-sabah deyə-deyə fırlatmışdır. Sonra atasının nömrəsini tapmışdır. Atası da demişdir ki, şikayət etməyin heç bir yerə, həll edəcəkdir. Sonra onu bloka atmış, heç kimlə əlaqə saxlaya bilməmişdir. deymiş ziyandan 1200 manat ödənilmişdir. Həmin vaxt qardaşı burda yox idi, pulu özündən vermişdir. Uzun müddət keçmiş və pulu ala bilməmişdir deyə qardaşı demişdir ki, özü şikayət edəcəkdir. Verdiyi pulu qardaşından almışdır. Şahnəzərin atası ilə başqa nömrə ilə əlaqə saxlamış, demişdir ki, adam çoxdur hər ay 100 manat ödəsin. Ona da razı olmuşdur. Şahnəzərin qardaşı əlaqə saxlamış və demişdir ki, naranat olmasın pulu atası ilə ödəyəcəkdir. Şahnəzəri ilk dəfə Bayraq Meydanında görüşərkən görmüşdür. Düzəldəcəyi işlə bağlı sənədlər istəymişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir: “o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Şahid1 isə qardaşının arvadıdır. Qardaşı öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qardaşının arvadı Şahid1 Bakı şəhəri,Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ayselin iş yeri ilə onun yaşadığı yer çox uzaq olduğundan onlar istəmişlər ki, onun iş yerini yaşadığı evin yaxınlığında yerləşən orta məktəblərin birinə dəyişsinlər. Bunun üçün tanış adam axtarmışlar ki onlara kömək etsin. Ayselin anası X9 Bakı şəhəri, Qaradağ rayonu, 32 nömrəli şəhər poliklinkasmda operator vəzifəsində işləyir. Gülabatm Ayselin iş yerini dəyişmək istəmələri barədə öz iş yoldaşı İranə adlı xanımla söhbət əsnasında ona demişdir. Bir müddət sonra isə İranə Gülabatına demişdir ki, o, tanışlarına demiş, bir nəfər tanışı Ayselin işini düzəltməyi öz öhdəsinə götürmüşdür. Bu sözləri Gülabatm gəlib qızma, yəni qardaşının arvadı Ayselə demişdir. Həmin vaxt qardaşı Hümbət rayonda olduğuna görə Gülabatınla Aysel bu barədə ona demişlər və daha sonra İranənin bank kartının nömrəsini verib demişlər ki, pul bu karta köçürülməlidir. xx.xx.2023-cü il tarixdə Aysel evlərində olan, qardaşı Hümbətə məxsus pulun üzərindən 4000 manat pul götürüb ona vermişdir ki, o həmin pulu İranəyə məxsus karta köçürsün. O da xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Şahid3 istifadəsində olan nömrəsini xatırlamadığı, lakin son dörd rəqəmi 8361 olan "xxxx" ASC-yə məxsus karta göndərmişdir. Bundan bir neçə gün sonra Şahnəzər adlı şəxs ona zəng edib Ayselin işi üçün göndərilən pulun onda olduğunu, işi düzəltməsi üçün Ayselin diplom və şəxsiyyət vəsiqəsinin surətini ona verməli olduğunu bildirmişdir. O da həmin vaxt Bakı şəhərində “Bayraq meydanı” tərəfdə işlədiyinə görə orada Şahnəzərlə görüşmüş və istədiyi sənədlərin surətlərini ona vermişdir. Bundan sonra xeyli müddət keçməsinə baxmayaraq Şahnəzər işi düzəltməmişdir. Daha sonra onlar Şahnəzərdən pulu tələb etməyə başlamışlar. Bundan sonra Şahnəzər hissə-hissə həmin puldan 1200 manatım qaytarsa da, qalan 2800 manat pulu qaytarmadı, buna görə də qardaşı Şahnəzərin barəsində şikayət etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, anasının iş yoldaşı bu işə vasitəçilik etmiş və iş bu yerə gəlib çıxmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, işə görə 4000 manat verilmişdir. İranə anasının iş yoldaşıdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir: “o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Yaşadıqları evlə onun iş yerinin arasında uzun məsafə olduğuna və işə gedib-gəlməsi çox çətin olduğuna görə onun iş yerini Bakı şəhərində yaşadıqları evin yaxınlığında yerləşən orta məktəblərin birinə eyni vəzifəyə dəyişmək istəmişdir. X2 Bakı şəhəri, Qaradağ rayonu, 32 nömrəli şəhər poliklinkasında operator vəzifəsində işləyir. Onun iş yerini dəyişmək istəməyindən təbii ki anasının da məlumatı olmuşdur, ona görə də anası bu barədə öz işlədiyi poliklinikada iş yoldaşı Şahid3 ilə danışarkən ona da demiş, İranə isə ona tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə bu işi həll edə biləcəyini demişdir. Həmin ərəfədə əri Hümbət rayonda olduğuna görə anası bu barədə ona demiş, o da bu barədə qaynı Məhəbbətə demişdir. Bundan sonra Məhəbbət telefonla İranə ilə danışmış, İranə də Məhəbbəti Şahnəzər adlı şəxslə tanış etmişdir. Bundan sonra Məhəbbət Şahnəzərlə telefonla danışmış, daha sonra Şahnəzər onun diplom və şəxsiyyət vəsiqənin surətini istəmiş, Məhəbbət də həmin sənədləri Şahnəzərlə Bakı şəhəri ərazisində görüşüb ona vermişdir. Bir neçə gün sonra İranə Məhəbbətlə danışmış və ondan bu iş üçün 4000 manat pul istəmişdir. İranə Məhəbbətə demişdir ki, o həmin pulu Şahnəzərə verəcəkdir. Bundan sonra qaynı Məhəbbət 25 iyul 2023-cü il tarixdə saat 14:38-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Mədən 3 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış MilliÖn ödəmə termanlı vasitəsi ilə İranənin adına olan bank kartına göndərmişdir. Həmin pulu qaynı Məhəbbət göndərsə də pulun hamısı ərinə məxsusdur. Çünki Məhəbbət həmin pulu ondan götürmüşdür, o da evdən ərinə məxsus pulun üzərindən götürüb Məhəbbətə vermişdir. Pulu alan zaman 2023-cü ilin sentyabr ayınadək işin düzələcəyini bildirsələr də İranə və Şahnəzər bu işi düzəldə bilməmişlər. Bundan sonra bir neçə dəfə naməlum şəxs müxtəlif nömrələrdən ona zəng edərək müqavilə əsasında yaşadıqları evdən uzaq məsafədə yerləşən məktəblərdə iş təklif etmişlər, lakin nə üçün müqavilə əsasında olduğunu soruşarkən müxtəlif bəhanələr gətirib bu işi də düzəltməkdən yayınmışlar. Ona zəng edən şəxslərin kim olmasını bilmirlər, həmçinin həmin şəxslərin zəng etdikləri nömrələr də silinmişdir. Beləliklə İranə və Şahnəzər onların aldadararaq 4000 manat pulunu ələ keçirmişlər. Bir neçə ay sonra onlar görmüşlər ki, bu iş alınmır, ona görə də qaynı Məhəbbət pulu İranədən tələb etməyə başlamışdır. İranə də pulu Şahnəzərə verdiyini bildirdiyinə görə onlar pulu Şahnəzərdən istəməyə başlamışlar, 2024-cü ilin may ayında Şahnəzər 1000 manat, 2024-cü ilin iyun-iyul aylarında isə hər ay 100 manat olmaqla iki dəfə də bu formada pul göndərmiş, beləliklə onlar 4000 manat puldan 1200 manatını alsalar da qalan 2800 manat pulu ala bilməmişlər. Ona görə də əri bu barədə Baş Prokurorluğun “161” qaynar xəttinə zəng edib şikayət etmişdir”. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir: “o, ünvan 9 ünvanında yaşayır. Rəsmi olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 32 saylı şəhər poliklinasında baş tibb bacısı işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 il olar ki, tanıyır. Belə ki, Şahnəzərlə Bakı şəhərində yerləşən uşaq evlərinin birində təşkil edilmiş xeyriyyə mərasimlərinin birində tanış olmuşdur. Şahnəzər özünü həm də ona jurnalist kimi təqdim etmiş və demişdir ki, onun hər yerdə tanışları vardır. 2023-cü ilin iyul ayında Gülabatın Adilova onunla söhbət zamanı qızı Ayselin Qaradağdakı 195 nömrəli məktəbdə müəllim işlədiyini, iş yerinin evindən çox uzaq olduğu üçün şəhərə daha yaxın yerə keçmək istədiyini bildirmişdir. O da əvvəldən tanıdığı Təqsirləndirilən şəxs bu barədə demişdir. Belə ki, Şahnəzər ona demişdir ki, müxtəlif qurumlarda vəzifəli tanışları vardır. Bu barədə Şahnəzərə dedikdən sonra Ayselin əri Hümbətin qardaşı Şahid2 da Şahnəzərlə aralarında danışmışlar. 25 iyul 2023-cü il tarixdə Aysel iş yerində onun yanına gəlib demişdir ki, Şahnəzərlə danışıblar, Şahnəzər iş yerini dəyişməsi üçün onlardan 4000 manat pul istəmişdir. O, Ayselin yanında Şahnəzərə zəng etmiş, Şahnəzər ona demişdir ki, 4000 manat pul istəmişdir, həmin pulun müqabilində Ayselin iş yerini dəyişdirəcəkdir. Həmin vaxt Şahnəzər ona demişdir ki, onun kartında problem vardır, ona görə də Ayselgil pulu onun kartına göndərsinlər, sonra ondan alacaqdır. O Ayselə istifadəsində olan "xxxx" ASCyə aid 4169-7413-7535-8361 nömrəli bank kartının nömrəsini vermiş, bir neçə dəqiqə sonra Ayselin qaynı Məhəbbət onun kartına 4000 manat pul göndərmişdir. Bir neçə dəqiqə sonra Şahnəzər ona zəng edib kartında problemin aradan qalxdığını, həmin 4000 manat pulu ona göndərməsini demişdir. O da Ayselin yanında 4000 manat pulu Şahnəzərin göndərdiyi karta köçürmüş, köçürməyə dair qəbzin şəklini də çəkib Ayselin özünə göndərmişdir ki, əmin olsun ki onlara məxsus 4000 manat pulun hamısını Şahnəzərə göndərmişdir. Həmin puldan ona heç bir şey qalmamışdır, çünki o bu işdən heç bir təmənna güdməmişdir. Ayselin anası onun iş yoldaşı olduğuna görə istəmişdir ki, onlara köməklik etsin. Şahnəzərə pulu göndərən vaxt o, işlədiyi poliklinkada olmuşdur. İstifadəsində olan "xxxx" ASC-yə aid 4169- 7413-7535-8361 nömrəli bank kartı onun aliment pulunun köçürülməsi üçün istifadə etdiyi kart olmuşdur. Həmin kartın müddəti 2024-cü ilin iyun ayında qurtarmışdır. Etibarlılıq müddəti qurtardığına görə o həmin kartı atmışdır. Lakin həmin kartın fotoşəkili onun telefonunda qalmışdır. O həmin kartın fotoşəklini təqdim etmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 aprel 2025-ci ildə axtarış elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2025-ci ildə saat 17:30-da tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci ildə saat 15:00-da tutulmadan azad edilmiş və barəsində “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 1(017)- 21/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi” haqqında 10 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin xüsusilə qeyd edir ki, “25 iyul 2023- cü il tarixdə ünvan 3 ünvanında yerləşən “AL” marketdə quraşdırılmış “MilliÖn” ödəmə termanlı vasitəsi ilə Şahid3 istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7413-7535-8361 nömrəli bank kartına zərərçəkmiş şəxs Hümbət Məmmədovun qardaşı Şahid2 tərəfindən köçürülmüş 4000 manat pul vəsaitini həmin tarixdə öz istifadəsində olan "xxxx" ASC-yə aid 4169-7413- 9731-6645 nömrəli bank kartına köçürtdürüb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etməsi” üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 2023-cü ilin iyul ayında törətmiş və onun törədildiyi vaxtdan 2 (iki) ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 1(017)-21/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X10 müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil X10 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 1(017)-21/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs X4 dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Vəkil X5 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X7 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar