Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-42/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 – 30 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, 30 iyul 2021-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, göstərilən qərara əsasən 16 aprel 2022-ci ildə tutulmuş və həmin tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, 28 iyul 2021-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «V» y/massivi, «Bazarstore» marketin yaxınlığında saxlanılaraq 33-cü polis bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etmədikdə bədənində ağrılar olur. 28 iyul 2021-ci il tarixdə saat 17 radələrində Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «V» y/massivi, «Bazarstore» marketin yaxınlığında olarkən üzdən tanıdığı «Qaraçı» kimi adlanan şəxsi görmüş və narkoman olmasını bildiyindən həmin şəxsdən 1 dəfə istifadə etmək üçün narkotik vasitə olan heroin istəmişdir. Həmin şəxs də üzərində narkotik vasitə olduğunu və ona sata biləcəyini bildirdi. Bundan sonra «Qaraçı» kimi tanıdığı şəxsə 10 manat verərək ondan şəffaf sellofan bükümündə 1 büküm narkotik vasitə heroin aldı və istifadə etməsi üçün cins şalvarının sağ yan cibinə qoydu. Bundan sonra həmin ərazidə olarkən saat 18:45 radələrində «Bazarstore»nin qarşısında polislər onu saxladılar. Polislər ona izah etdilər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmışdır. Polis əməkdaşları onu 33-cü polis bölməsinə apardılar. Orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar olunub götürüldü. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 28 iyul 2021-ci ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində «Ramiz» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil oldu. Odur ki, həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, polis bölməsinin rəisinə raportla müraciət etdi və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 28 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə Yeni Günəşli qəsəbəsi, «Bazarstore» marketin qarşısına getdilər. Həmin ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Ramiz adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etdilər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olundu. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edildi. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi, video çəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verildi və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olundu. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddəni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddə narkotik vasitə heroindir və Suraxanı qəsəbəsi ərazisində üzdən «Qaraçı» kimi tanıdığı şəxsdən 10 manata alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayaraq gəzdirib. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılaraq, Suraxanı RPİ-nin 33-ci polis bölməsinin 171 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olundu, görüntü diskə köçürülərək protokola əlavə edildi. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması və narkotik vasitəni haradan kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 29 iyul 2021-cı il tarixli 6/3161 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 13 avqust 2021-cı il tarixli 2836 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,409 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 – 30 iyul 2021-ci il tarixlər üzrə tutulduğu 02 (iki) gün və 16 aprel 2022-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 16 (on altı) gün (cəmi 01 ay 18 gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,409 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-42/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-42/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver