Məhkəmə qərarları › İş №1(010)-420/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-420/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-420/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Kənarmeşə ərazi dairəsi, Seyidəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 11 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Müzəfər qızına övladı X3 barəsində Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işi üzrə yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə sonuncunu həbsdən azad elətdirəcəyi barədə yalan vəd verib aldadaraq 03 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşərək 5000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Seyidəkəran kəndində yaşayır. Seyidəkəran kəndində fərdi fermer təsərrüfatı ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən iki il olar ki, tanıyır. Belə ki, həyətlərində ocaq olduğuna görə müxtəlif şəxslər evlərinə gələrək ziyarət edir. Əsbət də evinə gələrək ocağı ziyarət edən zaman onu tanımışdır. Lakin Əsbətin bacısı Şahid1 Lənkəran rayonunun Digah kəndində yaşayır. Sevil ilə əvvəllər yaxşı münasibəti olmuşdur. Aralarında səmimi münasibət olmuşdur. 2023-cü ilin yanvar ayının 1-də Sevil ona zəng edərək bacısı Əsbətin oğlunun Bakı şəhərində çayxanada tutulduğunu və narkotiklə şərləndiyini bildirərək Əsbətə pul lazım olduğunu bildirmişdir. Sevil vəkil tutmaq üçün Əsbətə 5000 manat pul lazım olduğunu və ona borca pul vermək lazım olduğunu xahiş etmişdir. Sevil ondan xahiş elədiyinə görə onun xatirinə bacısı Əsbətə pul verəcəyini bildirmişdir. 03 yanvar 2023-cü il tarixdə 5000 manat pulu götürüb Sevilin Digah kəndindəki evinə getmişdir. Həmin vaxt Əsbət də Sevilin evində olmuşdur. 5000 manat pulu sayıb Sevilə vermişdir. Sevil də onun yanında pulu Əsbətə vermişdir. Əsbət 03 mart 2023-cü il tarixdə 5000 manat pulu ona qaytaracağını bildirmişdir. Bundan sonra 03 fevral 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Yolda olan zaman Əsbət ona zəng edərək haləhval tutduqdan sonra harada olmağı ilə maraqlanmışdır. Əsbətə Bakı şəhərinə doğru gəldiyini və yolda olduğunu bildirmişdir. Əsbət ondan xahiş etmişdir ki, onun yaşadığı Suraxanı rayonuna gəlsin və ona əlli manat nəzir verəcəkdir. O da Əsbətə etiraz etməmişdir. Bundan sonra Bakı şəhərinə gəldikdən sonra tanımadığı taksi ilə Suraxanı rayonunda Əsbətin dediyi yerə gəlmişdir. Həmin vaxt Əsbətlə Suraxanı rayonunda dairənin yaxınlığında görüşmüşdür. Həmin vaxt Əsbət qara rəngli xarici markalı maşınla gəlmişdir. Əsbət gəldikdən sonra hər ikisi maşından düşmüşdür. Həmin vaxtı Əsbət ona əlli manat nəzir vermişdir. Bundan başqa Əsbət bir ədəd sellofan bağlamada parça verərək ona ehsan kimi verdiyini bildirmişdir. 2023-cü ilin may ayında Əsbətə zəng edərək 5000 manat pulu qaytarmasını bildirmişdir. Həmin vaxt Əsbət ona bildirmişdir ki, guya ki, onun oğlunu həbsdən buraxdırmaq üçün ondan Suraxanı rayonunda dairənin yaxınlığında 5000 manat pul almışdır. Əsbət ona pul borcu olmadığını, əksinə ona 5000 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra Əsbət hər dəfə zəng edərək 5000 manat pulu verməyini demişdir. Sonradan xəbər tutmuşdur ki, Əsbət onun barəsində Suraxanı RPİ-yə şikayət ərizəsi yazmışdır. O da həmin vaxt Suraxanı RPİ-yə gələrək izahat yazaraq Əsbətin danışdıqlarının şər və böhtan olduğunu və əksinə ona pul borcu olmasını bildirmişdir. Sonradan Suraxanı RPİ-dən ona zəng edərək cinayət işi başlandığını bildirərək idarəyə çağırmışlar. Lakin səhhətində olan problemlərlə əlaqədar olaraq Suraxanı RPİ-nə gələ bilməmişdir. 11 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları Lənkəran rayonuna gəlmişdir. Bundan sonra polislərlə birlikdə Suraxanı RPİ-yə gəlmişdir. İlkin izahatında Əsbətə 5000 manat pulu 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində verdiyini göstərməsinin düzgün olmadığını, 5000 manata pulu 03 yanvar 2023cü il tarixdə Digah kəndində Sevilin evində ona verdiyini bildirmişdir. Sevil də onun yanında pulu bacısı Əsbətə vermişdir. Əsbətin ona borclu olduğu 5000 manat pulu qaytarmamaq üçün yalandan onu şərlədiyini, onun oğlunu həbsdən buraxdırmaq üçün 5000 manat pul almadığını, həqiqətən də 03 fevral 2023-cü il tarixdə Əsbət ilə Suraxanı dairəsində görüşdüyünü, lakin həmin vaxt Əsbətin ona əlli manat nəzir və ehsan kimi parça verdiyini göstərmişdir. Ona təqdim olunan səs yazısı onunla Əsbət arasında olan danışıqlardır. Həmin səs yazısında 5000 manat pulu kiməsə verməsini bildirsə də, nə səbəbə belə bir söz deməyini açıqlaya bilməmişdir. 5000 manat pulu Sevilin vasitəsilə Əsbətə vermişdir. Sevil ilə arasında rəfıqəlik münasibətləri olduğuna görə fikirləşmişdir ki, əgər şikayət etsə, Sevil ilə rəfiqəliyinə xələl gələr. Ona görə də şikayət etməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, ona şər atıldığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. 31 yanvar 2023-cü il tarixdə oğlu X1 rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq tutulmuşdur. Bundan sonra oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Oğlu tutulduqdan sonra onu həbsdən buraxdırmaq istəmişdir. Bununla bağlı maraqlanan zaman Lənkəran rayonu, Şiləvar kəndində yaşayan Şahid1 bildirmişdir ki, onun Lənkəran rayonu, Seyidəkəran kəndində yaşayan Alagöz adlı tanışı vardır. Sevil Alagözün əlaqəli adam olduğunu və onun vasitəsilə oğlu Ümüdvarın işinə köməklik oluna biləcəyini bildirmişdir. Sevil Alagöz ilə danışdıqdan sonra ona bildirmişdir ki, Alagöz bu işi həll etməyə razılıq vermişdir. 02 fevral 2023-cü il tarixdə axşam saatlarından başlayaraq Alagöz özünün mobil nömrəsindən ona zəng edərək Sevilin xahişinə görə ona zəng etdiyini bildirərək oğlunun işinə köməlik edəcəyini bildirmişdir. Alagöz bu işə görə 5000 manat pul lazım olduğunu bildirmişdir. 5000 manat pulu ona versə qısa zaman ərzində oğlunun həbsdən azad olunacağını bildirmişdir. Oğlu həbsdə olduğuna görə onu tez bir vaxtda həbsdən buraxdırmaq istəmişdir. Ona görə də Alagöz ilə razılaşmışdır. Alagöz səhəri gün səhər saat on bir radələrinə qədər pul hazırlamağını və Bakı şəhərinə gələrək pulu ondan götürəcəyini bildirmişdir. Səhəri gün 03 fevral 2023-cü il tarixdə Alagöz ona zəng edərək Bakı şəhərinə gəldiyini və onunla görüşüb pulu alaraq oğlunun işini danışdığı adamla görüşüb ona verəcəyini bildirmişdir. 03 fevral 2023-cü il tarixdə səhər tezdən Alagöz ona zəng edərək Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı dairəsinin (kruqun) yanında dayanıb gözlədiyini və həmin yerə gəlməyini bildirmişdir. Həmin gün qonşu X4 ilə birlikdə Neftçilərdə yerləşən Xəzər klinikasına analiz vermək üçün gedəcəyinə görə o da onunla birlikdə evdən çıxmışdır. Yeznəsi Şahid2 idarə etdiyi avtomobil ilə evdən çıxmışdır. Suraxanı kruquna çatan zaman Alagözün orada gözlədiyini görmüşdür. Həmin vaxt Alagöz taksi ilə gəlmişdir. Onlar həmin yerə gəlib çatdıqdan sonra Alagöz avtomobildən düşmüşdür. Tək maşından düşərək Alagöz ilə görüşmüşdür. Alagöz onu bir daha arxayın edərək aprel ayının ortalarına qədər oğlunun həbsdən buraxılacağını bildirmişdir. Həmin vaxt 5000 manat pulu sayıb Alagözə vermişdir. Alagöz də pulu təkrar sayıb ondan götürərək çantasına qoymuşdur. Bundan sonra Alagözdən sağollaşıb ayrılmışdır. Bundan sonra Alagöz ilə danışanda hər dəfə onu arxayın edərək aprel ayının ortalarına qədər oğlunu həbsdən azad elətdirəcəyini bildirmişdir. Buna görə də Alagözü çox narahat etməmişdir. 2023-cü ilin aprel ayının ortalarından sonra Alagöz ilə danışarkən o, hər dəfə bir bəhanə gətirməyə başlamışdır. Oğlu ilə danışan zaman oğlu da işində onun xeyrinə heç bir dəyişiklik olmadığını və işin məhkəməyə göndəriləcəyini bildirmişdir. Ona görə də Alagözə zəng edərək ondan pulunu geri qaytarmağını xahiş etmişdir. O, Alagözdən pulunu geri istədikdə pulu hansısa rəhbər vəzifəli şəxsə verdiyini və ondan pul ala bilməyəcəyini demişdir. Alagözə bildirmişdir ki, həmin şəxs kimdirsə ona desin ki, özü gedib ondan pulunu geri istəsin. Alagöz isə heç kimin həmin şəxsdən pul ala bilməyəcəyini deyərək bir daha onu narahat etməməyini bildirmişdir. Bundan sonra Alagözə hər dəfə zəng etsə də, puldan əl üzməyini demişdir. Onun barəsində şikayət edəcəyini dedikdə isə hara desə də, danışdıqlarına heç kimin inanmayacağını bildirərək pulu geri verməyəcəyini bildirmişdir. Bundan sonra yenə də onunla əlaqə saxlamağa çalışsa da, Alagöz zənglərinə cavab verməmişdir. Buna görə də 25 iyul 2023-cü il tarixdə Suraxanı rayon polis idarəsinə gedərək Alagözün barəsində şikayət ərizəsi yazmışdır. Sonradan məlum olmuşdur ki, Alagöz polis idarəsinə gələrək izahat vermişdir ki, guya, Alagöz ondan pul almamış və əksinə o, Alagözdən pul almışdır. Həmin vaxt onunla birikdə qonşusu Nuridə və yeznəsi Sərdar ilə birlikdə getmişdir. Həmin vaxt maşından düşüb Alagöz ilə görüşərək pulu ona vermişdir. Lakin qonşusu Nuridənin bu söhbətdən məlumatı olmamışdır. Ona oğlunun işinə görə kiməsə pul verəcəyi ilə bağlı heç bir söz deməmişdir. Klinikaya gedən zaman Nuridəyə bildirmişdir ki, bir nəfər ilə görüşüb sonra gedəcəkdir. Lakin yeznəsi Sərdarın bu hadisədən məlumatı olmuşdur. Alagözə 5000 manat pulu 03 fevral 2023-cü il tarixdə oğlu X3 barəsində olan cinayət işi üzrə həbsdən azad olunması məqsədilə vermişdir. Oğlu Ümüdvar 31 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. O da Alagözə pulu 03 fevral 2023-cü il tarixdə vermişdir. İlkin izahatında və ərizəsində fikirlərini düzgün izah edə bilmədiyinə görə izahatı alan şəxs də düz yazmamışdır. Alagöz pulu yüksək vəzifəli şəxsə verdiyini demişdir. Lakin pulu konkret olaraq kimə verməsini deməmişdir. Lakin Alagözün heç kimə pul vermədiyini hesab edir. Alagöz onu aldadaraq pulunu ələ keçirmiş və yalandan pulu guya ki, kiməsə verməsini bildirmişdir. Alagöz ondan aldığı pulu geri qaytarmamaqdan ötrü ona şər atır ki, guya ki, Alagöz ona pul vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ona qarşı iddia tələbi və şikayətinin olduğunu bildirərək məhkəmədə qaldırdığı mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qaynanasıdır. X8 isə qaynıdır. 31 yanvar 2023cü il tarixdə Ümüdvar Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq tutulmuşdur. Bundan sonra Ümüdvarın barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ümüdvar həbs edildikdən sonra qaynanası onu həbsdən buraxdırmaq istəmişdir. Həmin ərəfələrdə evdə söhbət zamanı qaynanası Əsbət bildirmişdir ki, Lənkəran rayonu, Şiləvar kəndində yaşayan bacısı Şahid1 bir nəfər Alagöz adlı tanışının əlaqəli adam olduğunu və onun vasitəsilə oğlu Ümüdvarın işinə köməklik olunaraq həbsdən buraxdıracağını danışmışdır. Əsbət Alagöz adlı qadın ilə danışdığını və oğlunun buraxılması üçün həmin şəxsin 5000 manat pul tələb etdiyini bildirmişdir. Əsbət həmin pulu Alagözə verərək oğlunu həbsdən buraxdıracağını bildirmişdir. O, 03 fevral 2023-cü il tarixdə qaynanası Əsbət və Nuridə adlı qonşusunu xəstəxanaya aparanda evdən çıxarkən Əsbət ona bildirmişdir ki, Alagöz adlı qadın da gəlmişdir və yol üstü onunla görüşüb 5000 manat pulu ona verəcəkdir. Lakin Əsbət qonşusu Nuridənin yanında bu barədə heç bir söz açmamağını tapşırmışdır ki, oğlunu buraxdırmaq istəməsini heç kim bilməsin. Bundan sonra birlikdə evdən çıxmışlar. Əsbət Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən Suraxanı dairəsinin yaxınlığına getməyini və Alagözün orada gözlədiyini bildirmişdir. Həmin yerə çatan zaman bir nəfər çadralı qadının orada gözlədiyini görmüşdür. Onun olduğu maşının qarşısında avtomobilini saxlamışdır. Bundan sonra Əsbət maşından düşüb Alagöz adlı həmin qadınla görüşmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Əsbət təkrar gələrək maşına əyləşmişdir. Bundan sonra xəstəxanaya getmişlər. Nuridənin yanında bu barədə söhbəti açmamışlar. Evə gəldikdən sonra Əsbət Alagözə 5000 manat pul verdiyini və Alagözün 2023-cü ilin aprel ayına qədər olan vaxt ərzində oğlu Ümüdvarın həbsdən buraxılacağına söz verdiyini sevincək halda bildirmişdir. Sonradan bu barədə Əsbət ilə aralarında söhbət olmamışdır. 2023-cü ilin yay aylarında söhbət zamanı məlum olmuşdur ki, Alagöz adlı qadın Əsbətin 5000 manatını pulunu ələ keçirsə də, Ümüdvarın işi ilə əlaqədar olaraq heç bir iş görməmişdir. Əsbət ondan pulunu geri istəsə də, o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Əsbət bununla bağlı polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs 5000 manat pulun hansı məqsədlə verilməsindən Nuridə adlı qadının məlumatı olmamışdır. Onun yanında bu barədə heç nə danışmamışlar. Əsbət Alagözə 5000 manat pulu 03 fevral 2023-cü il tarixdə oğlu X3 barəsində olan cinayət işi üzrə həbsdən azad olunması məqsədilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şilavar kəndində yaşayır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, Alagöz Lənkəran rayonu, Seyidəkəran kəndində yaşayır. Alagözün yaşadığı evin həyətində ocaq-pir vardır. Alagözü əvvəllər dindar xanım kimi tanımışdır. Belə ki, Alagöz özünün bir neçə dəfə Kərbəla ziyarətlərində olması haqqında demişdir. Bundan başqa Alagöz özünə vergi verildiyini deyərək baxıcı kimi də fəaliyyət göstəmişdir. Alagöz ilə əvvəllər arasında səmimi münasibət olmuşdur. Zərərçəkmiş şəxs doğma bacısıdır. Bacısı ailəsi ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayır. 01 fevral 2023-cü il tarixdə bacısı ilə danışan zaman oğlu Ümüdvarın polis əməkdaşları tərəfindən narkotik vasitələrə görə həbs olunduğunu bildirmişdir. Əsbət ondan xahiş etmişdir ki, Alagöz ilə danışıb oğlunun işinin necə olacağına baxdırsın. Ona görə də Alagözə zəng edərək Bakı şəhərində yaşayan bacısı oğlunun tutulduğunu və işin gələcəyinin necə olacağı ilə bağlı maraqlanaraq fala baxmasını bildirmişdir. Alagöz də dərhal ona bacısı oğlunun gələcəyinin qaranlıq göründüyünü və ömürlük həbs oluna biləcəyini bildirmişdir. Alagöz bacısının imkanı olub-olmaması ilə bağlı maraqlanmışdır. Nə səbəbə bacısının maddi imkanı ilə bağlı maraqlandığını soruşduqda Alagöz ona bildirmişdir ki, onun general tanışı var. Əgər bacısı 5000 manat pul versə qısa zaman ərzində onun oğlunun işini danışıb həbsdən buraxdıra bilər. O da bu barədə bacısı Əsbətə bildirmişdir. Bundan sonra bacısı özü Alagöz ilə danışıb 5000 manat pul verməyə razılaşmışdır. 03 fevral 2023-cü il tarixdə bacısı ilə danışan zaman ona az əvvəl Alagözün Bakı şəhəri, Suraxanı rayonuna gəldiyini və ondan 5000 manat pul aldığını bildirmişdir. Bu hadisədən bir neçə ay keçsə də, bacısı oğlu Ümüdvar həbsdən buraxılmamışdır. Bacısı Əsbət ona bildirmişdir ki, oğlunun işində xeyirə doğru heç bir dəyişiklik yoxdur. Əsbət Alagöz ilə danışsa da, onun müxtəlif bəhanələr gətirdiyini deyərək onun da Alagöz ilə danışmağını bildirmişdir. Ona görə də Alagözə zəng etmişdir. Alagözə neçə dəfə zəng etsə də, zənglərinə cavab verməmişdir. Ona görə də Alagözün evinə gedərək bacısı oğlunun işi ilə bağlı maraqlanan zaman Alagöz bacısı oğlunun siyasi məhbus kimi tutulduğunu, ona görə də pulu verdiyi adamdan geri ala bilməyəcəyini, verdiyi 5000 manata görə bacısı oğluna ömürlük iş verilməyəcəyini bildirmişdir. Alagözdən bacısının pulunu qaytarmasını neçə dəfə xahiş etsə də, Alagöz pulu hansısa vəzifəli şəxsə verdiyini, ona görə də pulu həmin şəxsdən ala bilməcəyini bildirmişdir. Bundan sonra da bir neçə dəfə bacısı və özü Alagözə pulu qaytarmasını bildirsələr də, Alagöz pulu qaytarmamışdır. Axırda Alagözün son sözü belə olmuşdur ki, “elə etməyin ki, həmin 5000 puldan əlavə sizdən 5000 manat da pul alım.” Alagöz heç kimin ona heç nə edə bilməcəyini və bacısı oğlunun siyasi məhbus olduğuna görə onlara heç kimin inanmayacağını bildirmişdir. Alagöz 5000 manat pulu bacısı Əsbətdən onun oğlunu həbsdən buraxdırmağı vəd verib aldadaraq almışdır. Alagöz bacısı Əsbətin pulunu qaytarmamaq üçün onları şərləyir ki, guya ki, Alagöz özü onlara 5000 manat pul vermişdir. Alagözün evinə gedib bacısının 5000 manat pulunu istədikdə sonuncu dəfə ona bildirmişdir ki, elə etməyin ki, sizdən əlavə 5000 manat da pul alım. Alagöz özünü məsuliyyətdən qurtarmaq üçün yalandan ifadə verərək bildirmişdir ki, 03 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda bacısı Əsbət ilə görüşmüş və Əsbət ona 50 manat nəzir, bir ədəd sellofan bağlamada parçanı ehsan kimi vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs aldadılması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (i.v. 10- 12); cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 597/23 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir (i.v. 17-18); zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk ondan götürülərək iş materiallarına əlavə edilmişdir (i.v. 31-32); diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd diskə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə arasında olan danışıqlar, ona pul verən zaman olan görüntülər 1 ədəd “DVD” diskə köçürülmüşdür. Mersedes E class markalı avtomobilin yanında iki nəfər qara paltarlı qadın söhbət edir. Zərərçəkmiş şəxs bildirir ki, görünütlərdə olan qadınlardan biri o, digəri isə Təqsirləndirilən şəxsdır. Həmin vaxt Təqsirləndirilən şəxs 5000 manat pul verdiyini bildirir. Digər faylda olan səs yazısında isə Zərərçəkmiş şəxs 5000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirir. Təqsirləndirilən şəxs isə pulu əldə etdikdən sonra hansısa şəxsə verdiyini bildirir. Zərərçəkmiş şəxs danışıqda olan səslərdən birinin özünə, digərinin isə Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Təqsirləndirilən şəxs 4-5 ay vaxt lazım oduğunu, özününü pulu kiməsə verdiyini və Zərərçəkmiş şəxs hara istəsə şikayət etməklərini, ondan aldığı pulu kiməsə verdiyini bildirir (i.v. 33); ittiham aktından görünür ki, X8 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 01 fevral 2023-cü il tarixdə cinayət işi başlanılmış və istintaqı aparılmışdır (i.v. 38-45); şəxsin məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır (i.v. 48); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sadıxova X7 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 il şərti sınaq müddəti tətbiq olunmuş, xx.xx.2019-cu il tarixdə şərti cəzasını bitirdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 50-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (i.v. 53-54); ittiham elan etmək üçün şəxsin tutulması, barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi və tutulduqdan sonra Suraxanı RPİ-nin MSY-nə yerləşdirilməsi, o istintaqdan gizləndiyi üçün cinayət işinin icraatının dayandırılması qərara alınmışdır (i.v. 56-57); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da saxlanılmışdır (i.v. 62); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 63); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 80-82); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 83-84); Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı dövrdə özünü sakit, intizamlı, mədəni bir insan kimi aparmışdır. O, kənd sakinləri arasında hörmət qazanmışdır. O, nümayəndəlik tərəfindən keçirilən ictimai işlərdə yaxından iştirak etmişdir. Onun haqqında şifahi və yazılı şikayətlər indiyə kimi nümayəndəliyə daxil olmamışdır. Bir sözlə, Təqsirləndirilən şəxs özünü nümunəvi vətəndaş kimi aparmışdır (i.v. 89); İşdən görünür ki, Təqsirləndirilən şəxs “İctimaiyyətin səsi və Ekologiya” qəzeti tərəfindən fəxri fərmanla təltif olunmuşdur. (i.v. 90); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilməsi və bu barədə material ayrılararaq qeydiyyata alınıb saxlanması üçün rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilməsi; Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilməsi və bu barədə material ayrılaraq qeydiyata alınıb saxlanması üçün şəhər prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməməsi barədə 12 iyun 2024-cü il tarixli ifadəsində göstərdikləri həqiqətə uyğun olmamaqla öz təsdiqini tapmadığından həmin ifadəsi cinayət məsuliyyətindən kənarda qalmaq kimi qiymətləndirilərək rədd edilməsi və iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi; iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolu, diskə baxış keçirilməsi haqqında protokol, maddi sübut iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi; Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd diskdə iş üçün sübut əhəmiyyəti kəsb edəcək məlumatlar olduğundan həmin disk maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 96-104); vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilmədiyi, Zərərçəkmiş şəxs övladını həbsdən azad etdirmək adı ilə ondan pul almadığı, əksinə özünün ona bacısı Şahid1 vasitəsilə 5000 manat borc pul verdiyi və barəsində olan iş üzrə icraata xitam verilməsi barədə verdiyi vəsatət əsassız olduğuna görə rədd edilmişdir (i.v. 109-110); iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 5000 (beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, xüsusən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş materiallarında olan digər sübutlar, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirləndirildiyi cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin mülki iddiası məhkəməyə təqdim edilmişdir. Mülki iddiada Təqsirləndirilən şəxs dəymiş zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun tutulub mülki iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyərək, yerində müşavirə etdikdən sonra mülki iddianı icraata qəbul etmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə AR CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 5000 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5000 (beş min) manat pul, 70 (yetmiş) manat dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İş üzrə məhkəmə xərcinin, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar