Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-422/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cəlil qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 31 may 2023-cü il tarixdə, saat 11:30-da, Bakı şəhərində, xx xxxx 1996-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 18 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 21:40 radəsində xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən verilmiş “BC” kateqoriyalı AD № 070366 nömrəli sürücülük vəsiqəsi ilə X3 məxsus olan və sonuncu tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 021063” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əlliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətindən üzü “Koroğlu” metrostansiyası istiqamətində soldan ikinci hərəkət zolağı ilə 110 km\saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almağın mümkün olacağı məsafə seçməli və 1.1-1.3 nişanlama xətlərini kəsib keçməyin qadağan olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, idarəetməni itirib Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində eyni istiqamətdə ondan öndə sağdan ikinci hərəkət zolağı ilə hərəkət edən Şahid idarə etdiyi “Hyundai Santafe” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisə nəticəsində “VAZ 021063” markalı, 10-EM- 133 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ qamış sümüyünün qəlpəli yerdəyişmiş sınığı, daban sümüyünün çıxığı, sağ kürək və sol körpücük sümüklərinin sınığı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 5 ildir ki, “VAZ 2106” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 dekabr 2022-ci il tarixdə təxminən saat 21:40 radələrində idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən üzü Sabunçu dairəsi istiqamətində təxminən 110 km/saat sürətlə sağldan ikinci hərəkət zolağı ilə hərəkət etmiş və həmin zaman avtomobildə ondan başqa bir nəfər qadın sərnişin də olmuşdur. O, hərəkətini davam etdirərkən qəflətən qarşısında gedən avtomobil sürətini azaltdığı üçün məcbur qalıb sağ zolağa keçmək məcburiyyətində qalmışdır. Bu zaman ondan sağda öz yolu ilə hərəkət edən bir “Hyundai Santafe” markalı avtomobil ilə toqquşmuşlar. Hadisə nəticəsində özü xəsarət almasa da, avtomobildə olan sərnişin qadın xəsarət almışdır. O, dərhal avtomobili saxlamış və qadını aşağı düşürdükdən sonra hadisə yerinə TTY çağırmışdır. Birazdan TTY avtomobili gəlib xəsarət alan qadını Sabunçu xəstəxanasına aparmışdır. O isə hadisə yerində qalmışdır. Digər avtomobildə isə sürücüdən başqa sərnişin olmamışdır. Hadisə zamanı onun avtomobilini idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hava isə qaranlıq və yağışlı, yol da asfalt örtüklü olmuşdur. Hadisə zamanı sərxoş olmamış, ayıq olmuşdur. Onun hərəkəti üçün təhlükə qəflətən qarşıdakı avtomobilin hərəkət sürətini azaltdığı üçün sağ hərəkət zolağına keçdiyi andan yaranmış və həmin andan hadisənin baş verdiyi yerə kimi 5 metr məsafə qət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, hadisədən dərhal sonra X4 “103” Çağrı Mərkəzi və Daxili İşlər Nazirliyinin “102” Xidməti- Zəng Mərkəzi ilə əlaqə saxlamış, qəza törətdiyi “VAZ 2106” markalı avtomobildən zərərçəkmiş şəxsin çıxarılaraq TTY avtomobilinə yerləşdirilməsində iştirak etmişdir. Sonda o, barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə təxminən saat 21:40 radələrində Binə qəsəbəsindən dayısıgildən Nizami rayonunda yaşadığı evə getmək üçün Binə qəsəbəsində dayanmış sürücüsünü tanımadığı 1 manatlıq taksilərdən birinə əyləşmişdir. Həmin avtomobildə ön sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt hava çisgin və yağışlı olmuşdur. Həmin vaxt sürücü avtomobili sürətlə idarə etmiş, lakin onun hansı sürətlə hərəkət etdiyinə baxmamışdır. Onlar Sabunçu dairəsi istiqamətində hərəkət edərkən anidən sürücü idarəetməni itirmiş və əyləşdiyi avtomobil sağa-sola doğru manevr edərək sağda hərəkət edən bir avtomobil ilə toqquşmuşdur. Hadisənin təsirindən huşunu itirmiş və avtomobilinin onu Sabunçu xəstəxanasına apardığını görmüşdür. Orada ona tibbi yardım göstərildikdən sonra oradan Travmotologiya institutuna aparmışlar. Orada da müayinə olunduqdan sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs ona 500 manat pul vermiş, o isə həmin pulu müalicə xərclərini qarşılamaq üçün həkimə vermişdir. Sonda o, təqsirləndirilən şəxslə barışmadığı, müalicəsi üçün xərclədiyi 4.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən ona ödəniləcəyi təqdirdə sonuncu ilə barışıq əldə edəcəklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, “Hyundai Santafe” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 dekabr 2022-ci il tarixdə təxminən saat 21:45 radələrində idarə etdiyi həmin avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən üzü Sabunçu dairəsi istiqamətindən təxminən 110 km/saat sürətlə sağdan ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. Həmin vaxt qəflətən ondan sağ tərəfdə hərəkət edən bir “VAZ 2106” markalı avtomobil öz hərəkət yolundan onun hərəkət yoluna daxil olmuş və idarə etdiyi avtomobilin arxa sağ tərəfinə toxunmuşdur. Hadisə nəticəsində onun avtomobilinin sağ tərəfi zədələnmişdir. Hadisə zamanı avtomobilində ondan başqa heç kim olmamış və o özü də xəsarət almamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobil idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hava isə qaranlıq və yağışlı, yol da asfalt örtüklü olmuşdur. Hadisə zamanı sərxoş olmamış, ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2022-ci il tarixli 1438 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ qamış sümüyünün qəlpəli yerdəyişmiş sınığı, daban sümüyünün çıxığı, sağ kürək və sol körpücük sümüklərinin sınığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlə, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 aprel 2023-cü il tarixli 8/813 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-2106 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisəinin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Hyundai Santafe markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 10 dekabr 2022-ci il tarixli, 2/31823 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 10 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etməməsini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, cinayət işinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs hadisədən dərhal sonra X4 “103” Çağrı Mərkəzi və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi ilə əlaqə saxlaması, qəza törətdiyi “VAZ 2106” markalı avtomobildən zərərçəkmiş şəxsin çıxarılaraq TTY avtomobilinə yerləşdirilməsində iştirak etməsi müəyyən olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-422/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-422/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver