Məhkəmə qərarları › İş №1(010)-424/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-424/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-424/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Pənah Həsənov küçəsi, ev 4 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Günəşli Hoteldə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-100/2025 nömrəli iş üzrə 12 aprel 2025-ci il tarixli qərarına əsasən əvvəli 10 aprel 2025-ci ildən hesablanmaqla 03 ay həddində, yəni 10 iyul 2025ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış), Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş və «ev dustaqlığı» növündə qətimkan tədbirinin tətbiqinə 18 avqust 2025-ci ildən başlanmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 aprel 2025-ci il tarixdə gecə saat 03:00 radələrində ofisiant vəzifəsində işlədiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Mayak” kafesində müştəri qismində həmin kafeyə gəlmiş Zərərçəkmiş şəxs 32 (otuz iki) manat məbləğində hesabı ödəmək üçün "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus elektron məlumat daşıyıcısı hesab edilən 5167 5133 3462 0119 nömrəli plastik bank kartını ona etibar etməsindən, habelə sonuncunun alkoqol qəbulu nəticəsində sərxoş vəziyyətdə olmasından sui-istifadə edib həmin bank kartından istifadə etməklə 07 aprel 2025-ci il tarixdə gecə saat 03:38-də ünvan 2ndə yerləşən “Araz market” mağazasının qarşısındakı "xxxx" ASC-yə aid bankomatdan Zərərçəkmiş şəxs məxsus müvafiq bank hesabından 1.006 (bir min altı) manat məbləğində pul vəsaitini nağdlaşdırıb çıxararaq həmin məbləğin 32 (otuz iki) manatını “Mayak” kafesinə ödəmiş, 974 (doqquz yüz yetmiş dörd) manatını isə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 974 (doqquz yüz yetmiş dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü zərərçəkmiş şəxs ona kartı verəndən sonra getdmişdir ki, kartdan pulu çıxardıb gəlsin. Zərərçəkmiş şəxsin hesabını ödəmiş, qalan pulu isə cibinə qoymuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin yerdə 3 ildir ofisiant işləyir. Zərərçəkmişi əvvəlcədən tanımamış, ilk dəfədir ki, görmüşdür. Alkoqol qəbul etməmiş, lakin müştəri qəbul etmişdir. 2 nəfər oturmuşdular. Hesabı kartla ödəmək istəmiŞ, lakin o, kafedə kartla ödənişin mümkün olmadığını, ancaq nağd şəkildə ödəniş edə biləcəklərini bildirmiş və gedib pulu “Araz” marketdən çıxartmışdır. Kartı zərərçəkmiş şəxs özü təqdim etmiş və kodu vermişdir. Zərərçəkmiş şəxsin hesabı 37 manat olmuş, lakin o, kartda olan tam məbləği, yəni 1.006 manatı hamısını çıxartmışdır. Gelib hesabı ödəmiş və kartı şəxsin özünə qaytarmışdır. Pin kodu daxil edəndə kartdaki ümumi məbləği görmüş, hamısını çıxartmaq qərarına gəlmiş və sehvimdə burda olmuşdur ki, pulu qaytarmamışdır. Bu barədə heç kimə məlumat verməmişdir. Ziyanı tam ödəmişdir. Kafe ilə bankomat arasında 400-500 metr məsafə olardı. Həmin yerə taksi ilə getmişdir. Dəymiş ziyanı valideyni qaytarmışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, 1 ildir ki, Xətai rayonu, Babək prospektində yerləşən Mayak kafesində ofisyant kimi işləyir. xx.xx.2025-ci il tarixdə saat təxminən 1 radələrində iki nəfər tanımadığı şəxs işlədiyi kafeyə müştəri kimi gəlmişlər. O, həmin kafedə olsa da, lakin həmin günü istirahət günü olduğu üçün işləmirdi. Tanışları gəldiyi üçün onlarla oturub spirtli içki qəbul etmişdir. Həmin müştərilərə orada işləyən Gülü adlı şəxs xidmət göstərmişdir. Həmin şəxslər spirtli içki qəbul etmişlər. Müştəri kimi kafədə əyləşən şəxlər spirtli içki qəbul etdikdən sənra sərxoş olmuşlar. Saat təxminən gecə 03-04 radələrində hesabı istəmişlər. Onlara xidmət göstərən ofisyant onların hesabının 32 manat olduğunu demişdir. Lakin müştərilər sərxoş olduqları üçün üzərlərində nağd pulun olmadığını demişlər. O, orada mübahisənin olduğunu görərək müştərilərə yaxınlaşmışdır. Müştəri kart vasitəsi ilə ödəniş etmək istədiyini demişdir. Həmin müştərilərə xidmət göstərən Gülü adlı ofisiant terminal olmadığı üçün ödənişi nağd tələb etmişdir. Lakin sərxoş müştəri kart vasitəsilə ödəniş etmək istədiyini bildirmişdir. Kartını ona tərəf uzatmış və kartının kodunun demişdir. O, kartı həmin müştəridən götürmüş və taksi vasitəsi ilə bir az qabaqda olan Araz marketə getmişdir. Orada olan terminala kartı saldıqda həmin şəxsin kart hesabında 1006 manat pulun olduğunu görmüşdür. Kartda olan 1006 manat pulu çıxartmış və taksiyə əyləşərək işlədiyi Mayak kafesinə gəlmişdir. Kartdan çıxartmış olduğu pulla müştərilərin 32 manat hesabını vermiş və kartı müştəriyə geri qaytarmışdır. Həmin zaman o, da spirtli içki qəbul etdiyi üçün sərxoş halda olmuşdur. Kartdan çıxartdığı puldan 32 manat hesabı bağlamış və yerdə qalan 974 manat pulu cibinə qoyaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində adını sonradan Həsrət olduğunu bildiyi şəxs işlədiyi kafeyə gəlmiş və kartından 1006 manat pulun oğurlandığını bildirmişdir. O, ilk öncə kartdan pulu onun çıxartmadığını bildirsə də sonradan Həsrətə etdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun kartından çıxartmış olduğu pulu hissə-hissə Həsrətə qaytaracağını desə də, Həsrət onun bu təklifi ilə razı olmamışdır. Bundan sonra Həsrət DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir”. Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ona oğurluq nəticəsində vurmuş olduğu 974 manat ziyanın hamısını 21 iyul 2025-ci il tarixdə atası Rafiq Quliyev tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “o, xx.xx.2025-ci il tarixdə tanışı Asəflə görüşmüşlər və Xətai rayonu, Babək prospektində yerləşən Mayak kafesində spirtli içmək qərarına gəlmişlər. Həmin tarixdə saat təxminən 01 radələrində Asəflə birlikdə kafeyə daxil olmuşlar. Orada oturub spirtli içki qəbul etmişlər. Həmin zaman onlara bir xanım qulluq edirmiş. Onlar orada spirtli içki qəbul etdikdən sonra sərxoş olmuşlar. Saat təxminən 03 radələrində qalxmaq istəmişlər. Həmin zaman ofisiantı çağırmışlar ki, hesabı versin. Onlara yaxınlaşan ofisiant hesablarının 32 manat olmasını bildirmişdir. Həmin zaman onun cibində 25 manat olmuş və hesabı kart vasitəsi ilə ödəmək istəmişdir. Onlara xidmət göstərən ofisiant kartdan ödəniş olmadığını bildirmişdir. Bu zaman tanımadığı və orada işləyən Gündüz adlı şəxs onlara yaxınlaşaraq kartdan ödəniş edə biləcəyini demişdir. O, özünə məxsus üzərində 5167-5133-3462-0119 nömrəsi olan ABB bank kartını Gündüz adlı şəxsə vermişdir. Bir neçə dəqiqə sonra Gündüz adlı şəxs ona yaxınlaşaraq kartının pin kodunu soruşmuşdur. O, Gündüzə inanaraq 6565 olan pin nömrəsini Gündüz adlı şəxsə bildirmişdir. Həmin zaman onun telefonunun enerjisi bitdiyi üçün telefonu sönmüşdür. Təxminən 20 dəqiqə sonra onlara yaxınlaşan Gündüz adlı şəxs onun kartını ona təhvil verərək hesabın ödəndiyini ona demişdir. Bundan sonra onlar spirtli içki qəbul etməyə davam etmişlər. Səhər saat 06 radələrində onlar oradan çıxaraq yaşadıqları ünvana getmişlər. Saat təxminən 10 radələrində o, yuxudan oyanmış və telefonuna baxdıqda xx.xx.2025-ci il tarixdə saat 03:38 radələrində kartından 1006 manat pulu çıxdığını görmüşdür. O, dərhal Mayak kafesinə gedərək kartından pul çıxdığını və kim edibsə geri verməsini tələb etmişdir. Lakin orada olan işçilər ilk öncə boyun olmamışlar və bu barədə Polisə məlumat verməyini istəmişlər. Bundan sonra oradan çıxaraq DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə yenidən Mayak kafesinə getmiş və yenidən pulunu tələb etmişdir. Lakin orada işləyən şəxslər yenidən onun pulundan xəbərdar olmadıqlarını demişlər. xx.xx.2025-ci il tarixdə o, yenidən Mayak kafesinə getmişdir. Bu zaman orada işləyən Gündüzə demişdir ki, o, hesabı ödəmək üçün kartı vermişdir. Bir az da israr etdikdən sonra Təqsirləndirilən şəxs həmin zaman içkili olduğunu, əməlin onun etmədiyini, kartı onun aldığı üçün pulu onun qaytaracağını bildirmişdir. O, Gündüzdən pulu hansı formada qaytarmasını soruşduqda Gündüz hər ay 75 manat ödəyə biləcəyini demişdir. O, Gündüzün bu təklifi ilə razı olmamış və Polisə bu barədə məlumat verəcəyini demişdir. Bundan sonra oradan çıxaraq DİN-in 102 xidmətinə yenidən zəng edərək pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Kartından 1006 manat pul ondan icazəsiz Təqsirləndirilən şəxs tərəfindən çıxarılmışdır. Həmin 1006 manat puldan 32 manatı hesab vermiş və 974 manat pulu isə özünə götürmüşdür. Hadisə nəticəsində ona 974 manat ziyan dəymişdir”. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi” haqqında 10 arpel 2025-ci il tarixli protokollardan görünür ki, ünvan 2 ünvanında yerləşən “Araz Supermarket”-dən müşahidə kameraları vasitəsilə çəkilmiş videogörüntü 50 saniyə olub, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs “Araz Supermarket”-in qarşısında yerləşən "xxxx"-na məxsus bankomatdan pul çıxarılması əməliyyatı etdiyi qeyd edilmişdir. Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs videolentə alınmış və Təqsirləndirilən şəxs 45 saniyəlik videoçəkiliş zamanı törətdiyi əməli təsdiq etmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-100/2025 nömrəli iş üzrə 12 aprel 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni 10 iyul 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-223/2025 nömrəli iş üzrə 08 iyul 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə, yəni 25 iyul 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli qərarı ilə seçilmiş «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş, «ev dustaqlığı» növündə qətimkan tədbirinin tətbiqinə 18 avqust 2025-ci ildən başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixindən 11 sentyabr 2025-ci il tarixinədək “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 05 (beş) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixindən 11 sentyabr 2025-ci il tarixinədək “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 05 (beş) ay 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 (yüz altmış beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar