Məhkəmə qərarları › İş №1(010)-425/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-425/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-425/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Bakı şəhəri “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1976-cı ildə Naxçıvan MR, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 4, mənzil 84-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 60 Z-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Nissan Maxima” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ilə şəhər istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Araz” marketin qarşısında yolu keçən, 1972-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının və kəllə əsasının çox saylı sınıqları, sağ baldır sümüklərinin açıq sınıqları, bədənin əzilmiş yaraları və sıyrıqları ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq xəstəxanaya aparılarkən yolda ölməsinə səbəb olmuş və sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı, hadisədən sonra zərərçəkmişə tibbi yardım göstərməli və hadisə barədə müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda bunu etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun təxminən 20 ildir ki, avtomaşın idarə etmək üçün sürücülük vəsiqəsi var və 10 ildir ki, “Nissan Maxima” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı ünvanda olan zaman spirtli içki qəbul etmiş, sonra isə “Nissan Maxima” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək idarə etməyə başlamışdır. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Araz” marketin qarşısı ilə şəhər istiqamətinə 60 km saatda sürətlə hərəkət edən zaman yoluma piyada çıxmışdır. Həmin piyada yolu soldan sağa keçirmiş, o, piyadanı görməmiş və “Nissan Maxima” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla piyadanı avtomaşının sağ tərəfi ilə vurmuşdur. O, piyadanı vurduqdan sonra avtomaşını saxlamayaraq çıxıb getmişdir. Sonra isə polis əməkdaşları ona hadisə törətdiyini demiş və onu polis idarəsinə dəvət etmişlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Həmçinin hava qaranlıq, yol asfalt örtüklü və quru olmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş ürzə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. 09 oktyabr 2022-ci il traixdə təxminən saat 18 radələrində əri Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxaraq Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən “Araz” marketin qarşısına getmişdir. Zərərçəkmiş şəxs “Araz” marketin qarşısında qeyri-rəsmi avtomaşınların parklanmasına kömək edirdi. 09 oktyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində o, işlədiyi “Araz” marketdə olan zaman ona əri Zərərçəkmiş şəxs avtomaşın vurması barədə məlumat vermişlər. O, “Araz” marketdən çıxdıqda Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra təcili tibbi yardım çağırılmış, təcili tibbi yardım avtomaşını Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O, da taksi ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya getmişdir. Xəstəxanaya çatdıqda artıq Zərərçəkmiş şəxs vəfat etmişdir. Daha sonra isə əri Zərərçəkmiş şəxs nəşini morqdan təhvil alaraq Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən qəbirstanhqda dəfn etmişlər. Zərəçəkmiş şəxsin hüquqi varisi X2 16 iyun 2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş, Gələcəkdə bu işlə əlaqədar Təqsirləndirilən şəxs heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, “Nissan Maxima” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində əri onların yaşadıqları ünvan 1 ünvanında yerləşən evlərindən çıxaraq idarə etdiyi “Nissan Maxima” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomaşınına minərək getmişdir. Təxminən 1 saat sonra əri Təqsirləndirilən şəxs hayacanlı vəziyyətdə yaşadıqları evə qayıtmışdır. O, Ravildən nə baş verdiyini soruşduqda, Ravil ona heçnə baş vermədiyini deyib stolun arxasına əyləşərək spirtli içki qəbul etməyə başlamışdır. Bundan sonra onların evinə polis əməkdaşları gəlib Ravilə hadisə törətdiyini bildirərək onu Suraxanı rayon polis idarəsinə aparmışlar. Ona sonradan əri Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Nissan Maxima” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olan zaman Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Araz” marketin qarşısında yolu keçməyə çalışan adını sonradan bildiyi Zərərçəkmiş şəxs vurub yol nəqliyyat hadisəsi törətdiyi və Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən vəfat etdiyi məlum olmuşdur. Cinayət işinin 5-14-cü vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ilə şəhər istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Araz” marketin qarşısında baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 5 metr, yol örtüyünün eni isə 17 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, 1972-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan 10 olktyabr 2022-ci il tarixli, 1/2254 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs yüngül dərəcədə sərxoş olmuşdur. Cinayət işinin 30-34-cü vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertiasının xx.xx.2022-ci il tarixli 116 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1972-ci il təvəlüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə- tibbi müayinəsi, labarator müayinənin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının və kəllə əsasının çoxsaylı sınıqları, sağ baldır sümüklərinin açıq sınıqları, bədənin əzilmiş yaraları və sıyrıqları, qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın təsirindən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsinin təsiri nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilənşəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin alınma şəraitinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu)fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 66-69-cu vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 22 noyabr 2022-ci il tarixli 8/3060 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Nissan Maxima” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Nissan Maxima” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hətrəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37- ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 88-89-cu vərəqlərində olan “təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci vı 264-cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb olunması və həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmnışdır. Cinayət işinin materiallarının 107-ci vərəqində olan 25 fevral 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsindədə nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qeyd olunan Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci və 8-ci bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadələri, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü ilə maddələri ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlərin edilməsi məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cinayətin digər hallarını, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin sanksiyalarında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəzalar kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bununla da cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2, 66.4 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - cəmi 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığıandan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar