Məhkəmə qərarları › İş №1(010)-425/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-425/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-425/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Xəqani qızının cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, günəmuzd fəhlə işləyən, məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 11 iyul 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs 16 iyun 2025-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs Xəqani qızının mobil telefonunda olan bank tətbiqindən sonuncudan icazəsiz 35 manat pulu öz kartına atmasını irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən sonuncunun üz nahiyəsinə vuraraq ona başın sol gicgah nahiyəsində hematoma, sol yanaq və sol qulaqarxası nahiyələrdə qançırlar, sol qulaq sırğalığının ön səthində sıyrıq və sağ bud nahiyəsində əzilmiş səthi dəri yarası ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs Xəqani qızı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Xəqani qızı ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən 3 övladı var. Son zamanlar ara-sıra spirtli içki qəbul etdiyi üçün Günel ilə aralarında mübahisələr yaranmışdır. Bu səbəbdən Günel boşanmaq üçün məhkəməyə müraciət etsə də, onlar hələki bir evdə yaşayırlar. 16 iyun 2025-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı evdə olarkən Günelin mobil telefonunda olan bank tətbiqinə daxil olaraq bank kartından 35 azn pulu öz kartına atmışdır. Arvadı Günel də bunu bilib ona irad bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbləşərək evin mətbəx otağında bir dəfə şillə ilə Günelin üz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra, o, Günelin yerə yıxıldığını görüb evdən çıxmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt evdə özü və Zərərçəkmiş şəxs olmuşdur. Spirtli içkini hər gün yox, həftədə bir dəfə içir. Hadisə günü isə spirtli içki qəbul etməmişdir. Əvvəllər aralarında bəzi mübahisələr olmuş, lakin heç vaxt polisə müraciət olunmamışdır. Törətdiyi əməldən peşmandır. X6 çağırmamış, zərərçəkmişi vurduqdan sonra evdən çıxıb getmişdir. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, bununla bağlı zərərçəkmiş şəxsin notarial qaydada ərizə verməsini nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, buna görə də, barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Xəqani qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2002-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən 3 övladı var. Evləndikləri gündən Vasif spirtli içki aludəçisi olduğu üçün aralarında tez-tez mübahisələr yaranmışdır. Son vaxtlar Vasif mütəmadi spirtli içki qəbul etdiyi üçün ondan boşanmaq qərarına gəlmiş və bu barədə rayon məhkəməsinə müraciət etmişdir. 16 iyun 2025-ci il tarixdə, saat 18:00 rəddələrində mobil telefonunda bir bank tətbiqində hesabına baxarkən hesabdan 35 azn pulun əksik olduğunu görüb, Vasif tərəfindən istifadə olunmasını anlamışıdır. Buna görə də Vasifə ondan icazəsiz bank tətbiqinə daxil olaraq 35 manat pulu öz kartına göndərdiyi üçün iradını bildirmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı evin mətbəx otağında Vasif şillə ilə bir dəfə onun üz nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Vasif onun yerə yıxıldığını görüb evdən çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra kimsə evlərinə gəlməmişdir. Təqsirləndirilən şəxslə hazırda barışmışdır, şikayət və tələbi yoxdur. Əvvəllər də aralarında mübahisə olmuş, lakin heç vaxt polisə müraciət etməmişdir. Zərərçəkmiş şəxs Xəqani qızı tərəfindən məhkəməyə ünvanlanmış 28 iyul 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsi öz sözlərilə yazılmışdır, imzası ilə də təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Əzizova X3 RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanladığı 16 iyun 2025-ci il tarixli ərizədə göstərmişdir ki, həmin tarixdə, saat 18:00 radələrində, yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında olarkən əri Təqsirləndirilən şəxs ona məxsus bank kartından icazəsi olmadan 35 manat pul istifadə etməsi ilə əlaqadar aralarında yaranmış mübahisə zamanı Vasif evin mətbəx otağında sillə ilə bir dəfə üz nahiyəsinə vuraraq onu döyüb xəsarət yetirmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. (iş.v.1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 16 iyun 2025-ci il tarixli, HK- 1/1771 saylı raportdan görünür ki, həmin tarixdə, saat 19:38 radələrində DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə ********** sayla daxil olmuş məlumatda Baki şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanda yaşayan Zərərçəkmiş şəxs Xəqani qızı yaşadığı evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmişdir. (iş.v. 2) 16 iyun 2025-ci il tarixli, “baxış keçirmə və götürmə” haqqında protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi nömrəsiz ünvanda torpaq yolun sol kənarında yerləşən fərdi yaşayış evidir. Həmin evin qırmızı rəngli darvazası dəmir konstruksiyadan düzəldilmədir. Ev 1 mərtəbədən ibarət olub daş konstruksiyadan tikilmişdir. Evin giriş qapısı qara rənglidir, dəmir konstruksiyadan düzəldilmişdir. Dəhlizin sağ tərəfində evin yataq və qonaq otağı yerləşir. Dəhlizlə üzbəüz evin hamam otağı, sol tərəfində isə mətbəx otağı yerləşir. Hadisə evin mətbəxində baş vermişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. (iş.v. 6-8) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 17 iyun 2025-ci il tarixli, 426 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Xəqani qızının bədənində aşkar edilmiş xəsarətlər - başın sol gicgah nahiyəsində hematoma, sol yanaq və sol qulaqarxası nahiyələrdə qançırlar, sol qulaq sırğalığının ön səthində sıyrıq və sağ nahiyəsində əzilmiş səthi dəri yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 16 iyun 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər və ümumilikdə, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs Xəqani qızının bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətləri şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. (iş.v. 14-15) Zərərçəkmiş şəxs Xəqani qızı və Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixli ərizələri ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.16-17) 17 iyun 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-cu polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Sənan Süleymanlı tərəfindən Zərərçəkmiş şəxs Xəqani qızının şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (iş.v. 13) 23 iyun 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Xəqani qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.20- 21) Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 1986-cı il təvəllüdlü, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yaşayan Zərərçəkmiş şəxs Xəqani qızı, Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Xasiyyətnamə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v.49) Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxx 1973-cü il təvəllüdlü, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yaşayan Təqsirləndirilən şəxs, Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Xasiyyətnamə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v.50) Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar y/s, nömrəsiz evdə qeydiyyatsız yaşayır. Arayış Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v. 51) Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Q.İslamov tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Xəqani qızı həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar y/s, nömrəsiz evdə qeydiyyatsız yaşayır. Arayış Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v. 52) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tələbnamədə həmçinin Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı müəyyən olunmamışdır. (iş.v.48) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsində sadalanan maddələr üzrə məhkumluğunun olması və barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan aşağıdakı hallar yüngül xəsarətlərə aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını ətraflı tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, buna görə də, barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Xəqani qızı tərəfindən məhkəməyə ünvanlanmış 28 iyul 2025-ci il tarixli notariad qaydada təsdiq edilmiş ərizədən görünür ki, həyat yoldaşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsi öz sözlərilə yazılmışdır, imzası ilə də təsdiq edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Plenum Qərarına əsasən müəyyən edilir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Əzizov Təqsirləndirilən şəxs Günel Xəqani qızına qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar