Məhkəmə qərarları › İş №1(010)-430/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-430/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-430/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 15 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 15 – 17 iyun 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 15 iyun 2022-il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda istintaqa məlum olmayan şəxsdən 5 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında ünvan 1 ünvanının qarşısında saat 16:30 radələrində saxlanılaraq 31-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,683 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 15 iyun 2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində tanımadığı şəxsdən 05 manat ödəməklə 01 ədəd bükümdə heroin almış və sonra istifadə etməsi üçün üzərimdə saxlamışdır. 15 iyun 2022-ci il tarixdə saat l6:30 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsinin qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan şəxsiyyəti barədə soruşmuşlar. O, da özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 31-ci polis bölməsinə dəvət etmişlər. O, da razılaşmış və onlarla birlikdə 31-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah etmişlər, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,683 qram narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb baxdıqdan sonra həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, isə həmin 01 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olmasını, onu həmin gün səhər saatlarında tanımadığı şəxsdən 5 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyun 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Əliyev Habib oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə 31-ci polis bölməsinə gəlmişdir. 31-ci polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Zamik həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olmasını, həmin narkotik maddəsini 15 iyun 2022ci il tarixdə səhər üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən cəmi 5 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 16 iyun 2022-cı il tarixli 6/3373 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,683 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 13 iyul 2022-cı il tarixli 3765 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,633 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 iyun 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi aktı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,633 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar