Məhkəmə qərarları › İş №1(010)-430/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-430/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-430/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:6QK06D8, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 13 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2024cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 17 iyun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 12 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsi ilə saatda 45 kilometr sürətlə hərəkətdə olarkən bina 9 ünvanının yaxınlığında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, mövcud şəraitdə həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsinin sağ kənarında olan səkidən yolu keçməyə çalışan Zərərçəkmiş şəxs idarə etdiyi avtobusun qabaq hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin çoxsaylı xətşəkilli sınıqları, başın təpə nahiyəsinin sağda əzilmiş yarası, solda V qabırğanın qapalı sınığı, sol gözətrafı nahiyənin yumşaq toxumasının qançırı, sol qasıq və hər iki budun qançırları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq kəllə tağı və əsası sümüklərin sınıqları ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi səbəbindən 12 noyabr 2024-cü il tarixdə, saat 20 radələrində hadisə yerində ölümünə səbəb olmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, 2013-cü ildən avtomobil idarə edir. Hadisə vaxtı isə “Kral Transport' MMC-yə məxsus olan “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu yol vərəqəsi əsasında idarə etmişdir. 12 noyabr 2024-cü il tarixdə, idarə etdiyi “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Əhmədli metrostansiyasında olan dayanacaqdan Hövsan kəndində olan “Zeytunluq” adlanan sonuncu dayanacağa doğru hərəkət etmişdir. Saat 20 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində 10-cu binanın qarşısında yolun sağ tərəfində olan səkidə bir nəfərin anidən yolun hərəkət hissəsinə doğru sürətli yerişlə hərəkət etdiyini görmüşdür. Əyləci sıxmış və sükanı əvvəlcə sağa doğru, sonra isə sola doğru fırlatmışdır. Lakin avtobusu tam dayandıra bilməmiş və adını sonradan Zaur kimi bildiyi şəxsin baş nahiyəsi onun idarə etdiyi avtobusun sol tərəfdən ön şüşəsinə dəymiş və Zaur yerə yıxılmışdır. Dərhal əl əyləcindən istifadə edərək avtobusu tam dayandırma həddinə çatdırmış və avtobusdan düşərək həmin şəxsə yardım etmişdir. Təxminən 38 dəqiqə sonra, hadisə yerinə təcili tibbi yardım gəlmiş, lakin həmin şəxsin vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtobusda təxminən 15-20 nəfər sərnişin var idi. Avtomobili saatda 40-45 kilometr sürətlə idarə etmişdir. Saat təxminən 21 radələrində sərxoşluğun müəyyən edilməsi üçün müayinədən keçmişdir. Zərərçəkmiş şəxsin keçdiyi yerdə piyada keçidi yox idi, o, yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. TTY hadisə yerinə gələnədək həmin yoldan başqa avtomobillər keçməmiş, belə ki, 12 noyabr 2024-cü ildə COP-29 tədbiri ilə əlaqədar olaraq yollar bağlı idi. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. Sonda isə əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində bildirmişdir ki, 12 noyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən bina 9-un qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüş Zərərçəkmiş şəxs onun tək oğludur. Oğlu Zərərçəkmiş şəxs xx xxxx 1985-ci il təvəllüdlü olmuş, onlar birlikdə bir evdə yaşamışlar. Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkda atraksionlara nəzarət edir, hər gün saat 09:00-dan saat 00:00-a qədər parkda olurdu. 12 noyabr 2024cü il tarixdə, səhər saat 10 radələrində evdən çıxmış və parka işləməyə getmişdir. Təxminən saat 20 radələrində qapının döyüldüyünü eşitmişdir. Həmin şəxsin Zaurun tanışı olduğunu görmüş və Zauru avtomobil vurduğunu ona demişdir. Dərhal evdən çıxaraq qaçmışdır. Hadisə yerinə gəldikdə, Zaurun vəfat etdiyini və hər yerin qan olduğunu görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə əvvəllər barışmamışdır. Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsin yas mərasiminin 3-cü günü gəlmiş, həmin vaxt da onlara qapını açmamış, evinə buraxmamışdır. Sonda isə Təqsirləndirilən şəxs ilə azyaşlı övladları olduğuna görə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Yazılı qaydada ərizə verərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 01 oktyabr 2025 və 22 oktyabr 2025-ci il tarixli yazılı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə azyaşlı övladları olduğuna görə barışmış, ona dəymiş ziyan ödənilmiş, odur ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100663 saylı cinayət işi 12 noyabr 2024-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 12 noyabr 2024-cü il tarixli, HK-1-679 saylı raportdan görünür ki, həmin tarixdə, saat 20:26-da DİN-in 102 zəng mərkəzinə müraciət edilərək, Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 132 saylı xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs piyadanı vurması barədə məlumat verilmişdir. (iş.v. 3) 12 noyabr 2024-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış qaranlıq havada, Əhmədli qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyada vurmadır. Hadisə yerini sürücü Təqsirləndirilən şəxs göstərmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin yeri Hövsan qəsəbəsi, S.Əhlimanov küçəsi, bina 9-un qarşısından keçən yol hissəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt, vəziyyəti isə qurudur. Yol örtüyünün eni hər iki istiqamət üçün 10 metrdir, hərəkət hissəsinin eni də ümumi 10 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün düz nişanlanma xətti vardır. Hərəkət hissəyə sağdan və soldan səki birləşir. Sonra sağda iaşə obyektləri solda isə yaşayış binaları vardır. Hərəkətin nizamlanma üsulu yoxdur. Yol nişanları zonası da yoxdur. Yol işıqlandırılmır. Piyada hərəkət hissəsinin sağ tərəfindən səkidən 4 metr məsafədə vurulmuşdur. Vurulan piyadanın sayı 1-dir. Piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti düzünədir. **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurduqdan sonra, 1 metr irəlidə dayanmışdır. Şinlərin izi yoxdur. Avtobusun küləyə qarşı qabaq sol hissəsi əzilmişdir. (iş.v. 4- 12) 12 noyabr 2024-cü il tarixli, ******* nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq vəziyyətdə olmuşdur. (iş.v. 13) BA049118 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalı sürücülük vəsiqəsi vardır və 06 avqust 2032-ci il tarixədək qüvvədədir. (iş.v. 15) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, istehsal ili 2009-cu il olan, **-TG-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı, vaqon 24+1 yer tipli, ağ-qırmızı xətt rəngli, avtobus X4 məxsusdur. (iş.v. 16) "xxxx" MMC-nin (VÖEN: **********) şəhərdaxili sərnişin daşıma avtonəqliyyatı üçün 132 №-li marşrutun yol vərəqəsindən görünür ki, sənəd 01 noyabr 2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixədək Bakı, Bakı ətrafı və Abşeron ərazisində etibarlıdır. Sürücü Təqsirləndirilən şəxs B1, C1, D1, D dərəcəli, BA:049118 nömrəli sürücülük vəsiqəsi əsasında “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. (iş.v. 21) “Sürücünün tibbi müayinə kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə tibbi müayinədən keçmişdir. (iş.v. 20) 12 dekabr 2024-cü il tarixli, 125 saylı məhkəmə tibbi ekspertizasının meyitin ekspertizası rəyinin nəticəvi hissəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş-beyinin əzilməsi. Kəllə tağı və əsası sümüklərinin çoxsaylı xətşəkilli sınıqları. Başın təpə nahiyəsinin sağda əzilmiş yarası. Solda V qabırğanın qapalı sınığı. Sol gözətrafı nahiyənin yumşaq toxumasının qançırı. Sol qasıq və hər iki budun qançırları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərin sınıqları ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, başbeyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş.v. 22-26) X3 tərəfindən Suraxanı RPİ-nin İŞ-nə ünvanlanan 20 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, 12 noyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən bina 9-un qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 12 noyabr 2024-cü il tarixdə xəstəxanada ölmüşdür. Odur ki, cinayət işi üzrə onu mərhum oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanımalarını və cinayət prosesində iştirak etməsinə şərait yaradılmasını xahiş etmişdir. Buna digər ailə üzvərinin də etirazı yoxdur. (iş.v. 59) 20 dekabr 2024-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə X3 hadisə nəticəsində mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 60) Suraxanı RPİ-nin İŞ-in 01 may 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanmış həmin tarixli məktubdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Daevoo BS090" markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 9-cu binanın qarşısında hərəkətdə olan zaman idarə etdiyi sərnişin avtobusunun qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi zaman və həmin vaxtdan uzun müddət keçdiyinə görə müşahidə kameralarında görüntüləri əldə etmək mümkün olmamış və həmin vaxt sərnişin avtobusunda 20 nəfər sərnişin olmasına baxmayaraq onların yerlərini müəyyən edib istintaq şöbəsinə gətirilməsi mümkün olmamışdır. (iş.v. 80-82) Suraxanı RPİ-nin İŞ-in 01 may 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Suraxanı RPİ-nin DYPŞ-nin baş inspektoru tərəfindən ünvanlanmış 26 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci ilədək qüvvədə olan BA049118 saylı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (iş.v. 87; 90) 29 may 2025-ci il tarixli 8/1094 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Daewoo BS090 markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki olmuşdur. (iş.v. 91-94) 17 iyun 2025-ci il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və daimi yaşayış yerinin olması nəzərə alınaraq, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün dəlillər gətirməməsi iş üzrə nəzərə alınmışdır. Yol-nəqliyyat hadisəsinin sxeminə əsasən hadisənin baş verdiyi yerin ünvan 7 ünvanın qarşısında olması və ittihama həmin ünvanın qeyd olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş şəxslər hadisə zamanı xəsarət alması barədə müraciət etmədiklərindən istintaq olunan cinayət işi üzrə sərnişinlərin heç bir xəsarət almadıqları üçün onların zərərçəkmiş şəxs qismində tanınması zərurətinin aradan qalxması nəzərə alınmışdır. (iş.v. 99-103) Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində xx.xx.2021-ci il təvəllüdlü Milana Nurməmmədova və xx.xx.2025-ci il təvəllüdlü Sevgi Nurməmmədova olmaqla, 2 azyaşlı övladı vardır. Bu sistemlə əldə edilmiş Təqsirləndirilən şəxs digər məhkəmə işləri barədə çıxarışdan isə görünür ki, onun başqa məhkəmənin icraatında cinayət işi yoxdur. (iş.v. 79-80) Təqsirləndirilən şəxs, 13 noyabr 2024-cü il tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2024-cü il tarixli qərarla onun şübhəli şəxs statusuna xitam verilmiş və ittiham elan edilmədən MSY-dən azad edilmişdir. 17 iyun 2025-ci il tarixli qərarla, saat 11:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixli qərarla müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 43, 48, 114-115, 109) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbr sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən yol hərəkətinin iştirakçılarının vəzifələri sırasına həmçinin yol hərəkəti Qaydalarına riayət etmək, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilmək və yerinə yetirmək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq daxildir. Həmin Qanunun 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq A1, B1, C1, D1, C1E və D1E alt kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Həmin cinayət əməli təqsirin ehtiyatsızlıq formasında törədilmişdir. CM-nin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri, meyitin məhkəmə tibbi ekspertizasının rəyləri, verilmiş sorğulara cavablar, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v.95) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və ona cinayət nəticəsində dəymiş ziyanın tam şəkildə ödənilməsini, şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, ehtiyatsızlıqdan cinayət əməli törətməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən bir neçə halın olması qarşılığında ağırlaşdıran heç bir halın olmaması vəziyyətində ona maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi ədalətli və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmazdı. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Göründüyü kimi cəzaçəkmə müəssisələri sırasında həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsi də yer alır. CM-nin 56.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçünməntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. CM-nin 56.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1—56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. CM-nin 263.2-ci maddəsinin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 43-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza kimi tətbiq edilsə də, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Hazırki iş üzrə də təqsirləndirilən şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsinin müəyyən edilməsi ona müəyyən məhrumiyyətlərin yaradılmasına, hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən kifayət qədər halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 15 iş saatı üçün 165 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra, əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 165 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar