Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-433/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 avqust 1977-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, X9 küçəsi, ev 16 B ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,255 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,254 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 15:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-yə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,255 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,254 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır və Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Bir müddətdir ki, narkotik vasitə istifadə edir, hal- hazırda isə “patı” və “kokos” kimi tanıdığı narkotik vasitələri falqa arasında çəkmək yolu ilə qəbul edir. 22 aprel 2024-cü il tarixdə saat 15:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in yaxınlığında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 33-cü PB-nin işçiləri olduğunu bilmişdir. Onlar onu Suraxanı RPİ-nin 33-cü PB-yə dəvət etmiş və o da etiraz etmədən onlarla birlikdə 33-cü PB-yə getmişdir. Orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin PB-nin təhqiqatçısı, polis kapitanı Ruslan Mirzəliyev tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla 03 nəfər polis işçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da üzərində, yəni əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdən birinin içərisindəki maddə “patı” kimi tanıdığı, digər kağız bükümün içərisindəki isə “kokos” kimi tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitələri 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Qablaşdırılmış zərf 171 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində iki uşağı olduğunu nəzərə alaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X8 ifadəsində göstərmişdir ki, 22 aprel 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in yaxınlığına getmişdir. Saat 15:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Günəşli yaylası, döngə 1-in yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib Suraxanı RPİnin 33-cü PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla 33-cü PB-yə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində özü istifadə etmək üçün iki ədəd kağız bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitələri 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Şahid Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, iş üzrə digər şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 15:45də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 02 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdən birinin içərisindəki maddə “patı” kimi tanıdığı metamfetamin, digər kağız bükümün içərisindəki isə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin narkotik vasitələri 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış zamanı başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir (i.v. 32-33); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (110-117); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2204 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 171” möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,255 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,254 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ), metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,255 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,205 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 0,254 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,204 qram (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 61-62); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, onun həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 83-85); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 87-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3694 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 107-108); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmə zamanı video çəkilişin görüntüləri olan bir ədəd CD disk, diskə baxış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/2204, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X7-Narkoloji tibbi yoxlama ekspertizasının verdiyi xx.xx.2024-cü il tarixli 3695 nömrəli ekspert rəyləri, maddi sübut və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,255 qram narkotik vasitə heroin və 0,254 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ekspertiza tədqiqatından qalıq qalmış 0,205 qram narkotik vasitə heroin və 0,204 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, video görüntüləri əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təmiz çəkisi 0,255 qram narkotik vasitə heroini və təmiz çəkisi 0,254 qram psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməməsi nəzərə alınması; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmışdır (i.v. 110-117); AZ-İİ seriyalı 363681 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs Behbud oğludur; AZ-İİ seriyalı 964879 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs Behbud oğludur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı iki ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etməsi, sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdən birinin içərisindəki maddə “patı” kimi tanıdığı metamfetamin, digər kağız bükümün içərisindəki isə “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 22 aprel 2024-cü il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirməsi, sonra onun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin iki ədəd bükümlərin götürülərək qablaşdırılıb üzərinin imzalarla təsdiq olunması müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,255 qram olan heroin, «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,254 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqları olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 110 (yüz on) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə itizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,204 qram psixotrop maddə metamfetamin və 0,205 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-433/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-433/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver