Məhkəmə qərarları › İş №1(010)-435/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-435/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-435/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 14 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,389 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 18 iyun 2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oktay oğlu həmin gün saat 10:25-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən “Nizaməddin” məscidinin qarşısında saxlanılıb, Suraxanı RPİ-nin inzibati binasına gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Bununla da, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamış və daşımışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etmişdir. 18 iyun 2022-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını, soyadını, atasının adını, yaşadığı ünvanı bilmədiyi, lakin üzdən tanıdığı şəxsə 10 manat ödəməklə bir büküm narkotik vasitə heroin alıb, sonradan istifadə etməsi üçün əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 10:25 radələrində Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsi “Nizaməddin” məscinin qarşısından keçərkən, ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşıb və özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, etiraz etməyib, polis əməkdaşları ilə birlikdə polis idarəsinə getdikdən sonra ona hüquq və vəzifələri izah olunmaqla, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə, əşya olduğu təqdirdə, onu təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 10 manata alıb, sonradan istifadə etmək üçün saxladığı bir ədəd şəffaf sellofan bükümündə olan heroini və həmin şalvarın sol yan cibindən özünə məxsus, üzərində ***-***-**-** nömrə olan ’’Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində nə olması və haradan əldə etməyi barədə sual edildikdə, o, təqdim eydiyi bükümdə narkotik vasitə heroin olduğunu, 10 manata şəxsi istifadəsi üçün aldığını, sonradan istifadə etməsi üçün cibində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış keçirilsə də, saxlanılması qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir bükümdə olan heroin polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində Suraxanı RPİ-nin NMB-nin rəisi, polis mayoru İbrahimov Anar Umud oğlu, CAŞ-in CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar birlikdə 18 iyun 2022-ci il tarixdə, saat 10:25 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən “Nizaməddin” məscidinin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılmasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Sail Hacıyev tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Sonra onun və polis serjantı Şahid1 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində spesfik qoxulu, qəhvəyi rəngli, tozşəkilli maddə olduğu aşkar edilmişdir. Ondan təqdim etdiyi bükümdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, onu həmin gün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını, soyadını, atasının adını, yaşadığı ünvanı bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat ödəməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm təhqiqatçı tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin CAŞ-in CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, 18 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3413 saylı 19 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respunlikası DİN Zərflər üçün № 45” dairəvi möhür əksi, “X3 ...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,389 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış naroktik vasitə heorindir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 4601 saylı 19 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli 6121 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekusorlarının narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və narkotik vasitələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,339 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,339 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar