Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-44/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Cəfərova (Aslanova) Tənzilə Şamilyevnanın, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cu ildə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, 14 – 15 avqust 2020-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin 15 avqust 2020-ci il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş (yuxarıda göstərilən qətimkan tədbiri məhkəmə tərəfindən dəyişdirilməyib) və polis əməkdaşları tərəfindən tapılaraq 10 avqust 2021-ci ildə məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Suraxanı Rayon Məhkəməsinə 12 oktyabr 2020-ci ildə daxil olub. İş üzrə məhkəmənin hazırlıq iclasları 26 və 28 oktyabr 2020-ci il tarixlərinə təyin olunmuş, lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş (bu zaman təqsirləndirilən şəxs barəsində daha əvvəl müstəntiqin qərarı ilə seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilməmişdir), iş üzrə icraat təqsirləndirilən şəxs tapılıb məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq 10 avqust 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinə təqdim edildiyindən məhkəmənin eyni tarixli qərarı ilə iş üzrə icraat təzələnib. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində azyaşlı bacısı oğlu Zərərçəkmiş şəxs siqaret almaq üçün 20 qəpik pul götürməsi, bir az sonra sonuncunun ondan verdiyi pulu geri qaytarmasını tələb etməsi səbəbindən əsəbiləşərək evin həyətindən tapdığı plastmas boru ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya təpə nahiyəsinin, sol saidin, sol bazı oynağının və belin sol yarısının hematomaları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, hazırkı cinayət işi Suraxanı Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin tələbləri pozulmayıb. Hazırda iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2009-cu il təvəllüdlü olmaqla atası X2, anası isə Cəfərova (Aslanova) Tənzilə Şamilyevnadır (zərərçəkmiş şəxsin doğum haqqında şəhadətnaməsinin surəti cinayət işinə əlavə edilib (iş v. 27). Müstəntiqin 10 iyul 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs atası X2 onun qanuni nümayəndəsi qismində tanınmışdır (iş v. 28 – 32). Zərərçəkmiş şəxs və anası Cəfərova (Aslanova) Tənzilə Şamilyevna məhkəmənin hazırlıq iclasında bildirmişlər ki, X2 hazırda Rusiya Federasiyasındadır, Azərbaycan Respublikasına nə vaxt qayıdacağı isə məlum deyil. Cəfərova (Aslanova) Tənzilə Şamilyevna əri X1 hazırda Azərbaycanda olmadığını əsas gətirərək həmçinin xahiş etmişdir ki, onun (Cəfərova (Aslanova) Tənzilə Şamilyevnanın) zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmasına dair qərar qəbul olunsun. Proses iştirakçılarını dinləyib, işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X1 cinayət prosesində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində iştirakına xitam verilməli, Cəfərova (Aslanova) Tənzilə Şamilyevna xx xxxxxx 2009-cu il təvəllüdlü X1 qanuni nümayəndəsi qismində tanınmalıdır. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilmiş, müvafiq cinayət əməlini ittiham aktında və iş üzrə ibtidai istintaq dövründə verdiyi ifadədə göstərdiyi kimi törətdiyini bildirmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs və onun dövlət büdcəsinin vəsaiti hesabına ayrılmış müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclasında həmçinin bildirmişlər ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və sonuncunun valideynləri arasında barışıq əldə edilib. Hazırda zərərçəkmiş şəxsin və valideynlərinin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Müdafiə tərəfi göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və cinayət təqibinə xitam verilməsini xahiş edir. xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və anası Cəfərova (Aslanova) Tənzilə Şamilyevna da müvafiq cinayət hadisəsinin ittiham aktında və iş üzrə ibtidai araşdırma dövründə verdikləri ifadələrdə göstərildiyi kimi baş verdiyini bildirmişlər. Qeyd edirlər ki, təqsirləndirilən şəxslə barışıblar, onların, həmçinin X1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət nəticəsində zərərçəkmişə vurulmuş ziyan da tamamilə aradan qaldırılıb. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini xahiş edirlər. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ilkin dinləmələr zamanı bildirdiklərini və cinayət işinin materiallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış sübutlarla təsdiq olunur. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs də müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir». Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını rəhbər tutub, işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin tətbiqinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300, 305, 306, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cinayət prosesində xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində iştirakına xitam verilsin. Cəfərova (Aslanova) Tənzilə Şamilyevna xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-44/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-44/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver