Məhkəmə qərarları › İş №1(010)-44/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-44/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-44/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 07 fevral 2023-cü il tarixdə, saat 10:10-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,026 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 12.00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq üzərində şəxsi axtarış həyata keçirilən zaman üzərində olan mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 03 (üç) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,317 qram və 0,348 qram ümumi təmiz çəkisi 1,026 qram qəhvəyi rəngli maddə kütləsi eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 07 mart 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində qardaşı və qonşusu ilə birgə yaşadığı mənzildə olarkən mülki geyimdə olan 2 nəfər polis əməkdaşı yaşadığı evə daxil olaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, polis əməkdaşları ona və qardaşı Vidadiyə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib üzərinə baxış keçirilməsi üçün onları Suraxanı rayonu 31-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində olarkən əməliyyatçı cibinə elektron tərəzi qoymuş, tərəzinin ona aid olmasını qəbul etməyi ondan tələb etmişdir. Polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığından sonuncuların təqdim etdikləri narkotik vasitələrin video çəkiliş zamanı özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Halbuki o, heç bir narkotik vasitədən istifadə etmir, müalicə məqsədi ilə metodon suyu qəbul edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 07 mart 2022ci il tarixdə “Heydər” adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPl-nin 31-ci PB-nin C A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:00 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən “Elvira” adlı salonun qarşısında xarici əlamətlərindən “Heydər” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd bükümü, əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqanı, əynindəki mavi rəngli gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd təsbehi çıxarıb təqdim etmişdir. Sonuncudan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bir gün əvvəl tanımadığı şəxsdən cəmi 20 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPl-nin 31-ci PB-nin C A üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 07 mart 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində qardaşı Təqsirləndirilən şəxs və qonşusu V.Quliyevlə ilə birgə yaşadığı mənzildə olarkən mülki geyimdə olan 2 nəfər polis əməkdaşı yaşadıqları mənzilə daxil olaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, üzərilərinə baxış keçirmədən onlara üzərilərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib üzərinə baxış keçirilməsi üçün onları Suraxanı rayonu 31-ci PB-nə dəvət etmişlər. Əvvəllər narkotik vasitələrdən istifadə etməsinə baxmayaraq, həmin gün nə onun, nə də qardaşının üzərində narkotik vasitə olmayıb. Polis Bölməsində olarkən ona və qardaşına narkotik vasitə təqdim edilmiş və bunların özlərinə aid olmasını qəbul etməyi tələb etmişlər. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, atası spirtli içki qəbul edib onunla mübahisə etdiyi üçün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evindən çıxmış, bir müddət küçədə qalmış, daha sonra Heydərdən kömək istəmiş, sonuncu ilə gündəlik 2-3 manat ödəməklə evində yaşamağa razılaşmışdır. 07 mart 2022-ci il tarixdə, səhər saat 10:00 radələrində qonşuları V.Zeynalov və Təqsirləndirilən şəxs və qonşusu ilə birgə yaşadığı mənzildə yatarkən mülki geyimdə olan 2 nəfər polis əməkdaşı yaşadığı mənzilə daxil olaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, polis əməkdaşları Heydər və qardaşı Vidadinin üzərilərini yoxlamış, üzərilərindən narkotik vasitə aşkar edilməməsinə baxmayaraq, sonuncuları qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib üzərinə baxış keçirilməsi üçün Suraxanı rayonu 31-ci PB-nə dəvət etmişlər. Heç vaxt Heydər və Vidadi ilə birgə narkotik vasitə qəbul etməyib, hadisədən sonra öz evinə köçüb. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynində olan mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd büküm, əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, əynindəki mavi rəngli gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd təsbeh aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Coşqun Qənbərovun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/1367 saylı 07 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,317 qram və 0,348 qram olmaqla, ümumi təmiz çəkisi 1,026 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, siyahısına (Siyahı İ) daxildirlər. Təmiz çəkisi 1,026 olan heroinin 0,090 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,936 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 14 mart 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs isə əynində olan mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 03 ədəd bükümü, əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqanı, əynindəki mavi rəngli gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və əynində olan mavi rəngli cins şalvarın sol arxa cibindən bir ədəd təsbehi çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda isə, həmin 03 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bir gün əvvəl tanımadığı şəxsdən cəmi 20 manata öz şəxsi istifadəsi məqsədilə alıb əldə etdiyini bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi və qanunsuz hərhansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2343 saylı, 10 may 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 avqust 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Əzizbəyov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə CPM-nin 513.1 və 520-ci maddələrinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 07 mart 2022-ci il tarixdə, Suraxanı rayonu 31-ci PB-nə gətirildikdən sonra orada polis işçiləri tərəfindən fiziki təzyiqə məruz qaldığına görə polis əməkdaşlarının təqdim etdiyi 03 ədəd bükümdə narkotik vasitə - heroinin ona məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 07 mart 2022-ci il tarixdə təxminən saat 12:00-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onu şübhəli şəxs qismində 31-ci PB-nə gətirmişlər. Ona Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 3 (üç) ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümləri, mavi rəngli cins şalvarının sağ yan cibindən qırmızı rəngli alışqan, mavi rəngli qış gödəkçəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və mavi rəngli cins şalvarının sol arxa cibindən bir ədəd təsbeh təqdim etmişdir. Təqdim etdiyi 3 (üç) ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni 1 gün əvvəl Suraxanı qəsəbəsində Qaraçılar məhəlləsi adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini qeyd etmişdir. Aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəni 1 gün bundan əvvəl Suraxanı qəsəbəsində Qaraçılar məhəlləsi adlanan ərazidən tanımadığı şəxsdən 20 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik maddə marixuana əldə etmiş və istifadə etmişdir. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Bundan başqa məhkəmə əlavə şahidlərin ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, əlavə şahid qismində dindirilmiş X8 və X6 ifadələrindəki ziddiyyətli məqamlar nəzərə alınmaqla sonuncuların təqsirləndirilən şəxslə olan yaxınlığı əlavə şahidlər tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə sonuncunun xeyrinə yalan ifadə vermələrinə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini və anası X4nın sağlamlıq vəziyyətini cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21 may 2022-ci il tarixli, 485 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası X4, qardaşı X8 və bacısı X9 ilə birgə yaşayır və yaşayış yerindən mənfi xarakterizə olunmur. İş materillarında olan “Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzi” tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X3 yetişmiş fəsadlı katarakta diaqnozu qoyulmuşdur. İş materillarında olan “Real Hospital” tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 bud-çanaq oynağının travmadan sonrakı koksartrozu, hər iki diz oynaqlarının deformasiyaedici artrozu və hər iki aşağı ətraflərin endartriti diaqnozu qoyulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 mart 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 09 mart 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,936 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0,936 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar