Məhkəmə qərarları › İş №1(010)-441/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-441/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-441/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 2002-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, 28 may 2024-cü il tarixdə tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-170/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 may 2024-cü il tarixdə saat 06 radələrində taksi xidməti ilə məşğul olduğu etibarnamə əsasında idarə etdiyi Şahid məxsus “Toyota Prius” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən Zərərçəkmiş şəxs götürüb, Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparan zaman, Hövsan qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs avtomobildə pulunu saydığını görüb, həmin pulu ələ keçirmək qərarına gələrək, sonuncudan 300 manat pulu şəkil çəkmək adı ilə aldadaraq alıb, avtomobili yolun kənarında saxlamaqla Zərərçəkmiş şəxs avtomobilin arxa yük yerini bağlamasını bildirdikdən sonra sonuncu özünə məxsus 200 manat dəyərində “Samsung A50” markalı mobil telefonu avtomobilin qarşı oturacağının üzərinə qoyub, avtomobildən düşdükdə, avtomobili idarə edib hadisə yerindən uzaqlaşmaq istəyən zaman Zərərçəkmiş şəxs onun qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına və idarə etdiyi avtomobilin arxa yük yerinin üzərində olan spoyleri tutmasına məhəl qoymayıb, avtomobili idarə edib Zərərçəkmiş şəxs yerə yıxaraq sağ dirsək oynağının səthi əzilmiş yaraları, sağ qalça darağı nahiyyəsinin və sağ budun qançırları, sağ baldırın sıyrığı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, hadisə yerindən qaçıb uzaqlaşmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 300 manat pulunu və 200 manat dəyərində “Samsung A50” markalı mobil telefonunu açıq talayaraq, sonuncuya ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə gecələr məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nərimanov rayonu ərazisindən iki nəfər müştərini qəbul edib Sabunçu istiqamətində hərəkətə başlamışdır. Həmin şəxslər öz aralarında söhbət edib, ara bir mübahisə etmişlər. Onlar Sabunçu rayonu ərazisinə çatdıqda qabaqda əyləşən müştəri maşından enmiş və həmin vaxtı arxada əyləşən sərnişin qabaq oturacaqda əyləşib ondan Hövsan qəsəbəsinə aparmağını xahiş etmişdir. Bu zaman yolda söhbət etməyə başlamışlar. Həmin vaxt yanında əyləşən sərnişin pullarını çıxarıb saymağa başlamışdır. Bundan sonra o, həmin şəxsə bildirmişdir ki, dostuna 300 manat borcu vardır, versin pulun şəklini çəksin və dostuna yollasın ki, pulu hazırdır. Həmin şəxs də buna etiraz etməmiş və pulu ona vermişdir. Həmin vaxt maşın qızmış və o, akumlyatoru maşından ayırmışdır. O, yanında əyləşən sərnişindən xahiş etmişdir ki, düşüb maşının arxa baqajını bağlasın. O da həmin sərnişin düşən kimi bildirmişdir ki, «sən ona buna atırsan və mən də sənə atdım». Sonra maşını sürmüş və oradan uzaqlaşmışdır. Həmin vaxtı sərnişin onun arxasınca qışqırmağa başlamış və avtomaşının spoylerini tutmuş, o, avtomaşını sürdükdə həmin şəxs yerə yıxılmışdır. Bir qədər hərəkət etdikdən sonra həmin şəxsin telefonunun maşında qalmasını görmüşdür. Bundan sonra maşını saxlamış və telefonu səkiyə qoymuşdur. Həmin vaxt maşının arxa spoylerinin qırıldığını görmüş və qabaqdan yolu fırlanıb qayıdan zaman spoyleri yerdə tapa bilməmiş və telefonu yenidən götürüb oradan uzaqlaşmışdır. Bundan sonra həmin şəxsin taksi sifariş verən dostuna zəng etmişdir. Həmin şəxsə dostunun telefonunun maşında qalmasını bildirmiş və demişdir ki, bu nömrə ilə əlaqə saxlasın, o, telefonu özlərinə qaytarsın. Bundan sonra digər müştərilərini maşınla ünvanlara çatdırmışdır. Saat 12 radələrində həmin şəxs ona zəng edərək telefonu istəmiş və o, vaxtı olmadığını bildirib axşam özünün göndərəcəyini bildirib telefonu bağlamışdır. Mərdəkan qəsəbəsində olan zaman isə polis əməkdaşları ona yaxınlaşmış və onu aidiyyatı üzrə Suraxanı rayonu 30-cu PŞ-nə gətirmişlər. Sərnişin Zərərçəkmiş şəxs götürdüyü 300 manat pulu özünə məxsus olan 4098-5844-9857-3467 saylı LEO Bank kartına köçürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə yox, 180.1-ci maddəsi ilə təqsirli bilir, çünki o, zor tətbiq edərək pulu almamışdır, şəkil çəkmək adı ilə aldadaraq almış, daha doğrusu Həsən özü pulu ona vermişdir. O, Həsənin taksinin spoylerindən tutub yıxıldığını görməmiş, onun telefonunun maşında qalmağından xəbəri olmamışdır. O, Həsəndən baqaji bağlamağı xahiş etmiş, Həsən maşından düşəndə sürüb getmişdir. O, 200-300 metr getdikdən sonra oturacaqda telefonu görüb maşını saxlamış, telefonu yerə qoymuş, sonra spoylerin qırıldığını görmüş, hadisə yerinə qayıtmış, telefonun yerdə qaldığını görmüş, telefonu götürmüşdür. Sonra taksi sifarişi üçün olan proqramda Həsənin dostunun nömrəsinə zəng etmiş, Həsənin ona zəng etməsini deməsini istəmiş, Həsənin telefon maşında qaldığını demiş, günorta təxminən 11-12-də Həsən ona zəng etmişdir. Həmin vaxt o, Həsənə səhv etdiyini, axşam telefon ona verəcəyini demişdir. Həsən onunla danışan vaxt polis bölməsində olmuş, onların danışığını polis əməkdaşları eşitmiş, sonradan polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsü işləyir, narkotik vasitə istifadəçisi deyil. Səhər saat altı radələrində iki nəfər müştərini Nərimanov rayonu ərazisindən qəbul edib Sabunçu rayonu ərazisinə aparmışdır. Ödəniş təxmini 4-5 manat olmuş, Həsən onu Hövsan qəsəbəsinə aparmağı xahiş etmiş, o əlavə on manata Həsəni Hövsana aparmağa razılaşmışdır. Əvvəlcə Həsənin dostu Sabunçuda düşmüşdür. Həsən yolda söhbət əsnasında axşam içdiyini demişdir, amma o özünü normal aparmışdır. O, maşının qızdığını görmüş, maşından düşüb geri qayıdanda Həsənin pul saydığını görmüşdür. O, Həsəndən ona 300 manat pul verməsini, borclu olduğu adama pulun şəklini çəkib göndərəcəyini demiş, Həsən də ona 300 manat pul vermiş və Həsənin əlində əlavə də pul qalmışdır. O, Həsəndən baqajı bağlamağı xahiş etsə də, əslində baqaj əvvəldən bağlı olmuşdur. O, geri qayıdıb telefonu yerə qoyanda Həsən onu görmüşdür. Telefonu yerə qoyub geri qayıdanda spoylerin olmadığını görmüş, maşını sürüb fırlanıb yenidən hadisə yerinə qayıtmış, telefonun orada qaldığını görüb götürmüşdür. O, telefonu Həsənin özünə verməyə utanmışdır və ümumiyyətlə Həsənə hədə-qorxu gəlməmişdir. «Sən ona buna atırsan və mən də sənə atdım» ifadəsini Həsən taksidən düşəndən sonra işlətmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, bir daha belə əməl törətməyəcəyini, həbsdə olduğu müddət ərzində artıq islah olunduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, əgər barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilərsə sonradan iş tapmaqda çətinlik çəkəcəyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində Bolt tətbiqi vasitəsilə taksi sifariş vermişdir. Sifariş Nərimanov rayonu ərazisindən Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində olmuşdur. Həmin sifarişə Toyota Prius markalı avtomobil gəlmişdir. O, avtomobildə qabaq oturacaqda əyləşmişdir. Həmin vaxt spirtli içki qəbul etmiş və spirtli içki təsiri altında olmuşdur. Yolda olan zaman cibində 480 manat pulu saymış, bu zaman sürücü avtomobili yol kənarında saxlayaraq maşının qızdığını bildirmiş və maşından enib yük yerini açmışdır. Bir qədər sonra geri qayıtmış və ondan xahiş etmişdir ki, puldan ona 300 manat versin ki, şəklini çəkib dostuna göndərsin, dostuna borcu olduğunu bildirmişdir. O da 300 manat pulu taksi sürücüsünə vermişdir. Bu zaman sürücü ondan xahiş etmişdir ki, düşüb aşağıda maşının yük yerini bağlasın. Həmin vaxt o, 180 manat pulu cibinə qoyub maşından enmiş və ona məxsus olan Samsung A50 markalı mobil telefonu oturacağın üzərinə qoymuşdur. O, avtomobildən düşdükdən sonra sürücü maşını sürmüş və nəsə onun arxasınca demiş, lakin o, eşitməmiş, qışqırsa da sürücü maşını saxlamamışdır. Sürücü avtomobili sürmüş, o, avtomobili saxlamaqdan ötrü yük yerinin spoylerindən yapışsa da, sürücü maşını saxlamamış və spoyler qırılmış, o isə yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra sürücü avtomobili sürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, oradan piyada olaraq evə qayıtmış və baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Suraxanı RPİ-nin 30-cu polis şöbəsində izahat verən zaman əsəbi olduğu üçün 180 manat pulu da oturacağın üzərinə qoyduğunu bildirmişdir. Əslində 180 manat pulu cibinə qoyub avtomobildən düşmüşdür. Hadisə nəticəsində 300 manat pulu və 200 manat dəyərində Samsung A50 markalı mobil telefonu talanmışdır. Ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində xəsarət almışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, taksidə olarkən Samirlə aralarında səmimilik yaranmışdı. Samirlə onun arasında hər hansı münaqişə olmayıb, Samir ona fiziki təyziq göstərməyib. Samir yol boyu telefonla danışmışdır və telefonla danışdığı şəxsin Samirdən pul istədiyini başa düşmüşdür. Samir ondan 300 manat pul verməsini, şəklini çəkib borcunu istəyən adama göndərəcəyini, çünki həmin adamın ona inanmadığını, axşama kimi işləyib həmin adama borcunu ödəyəcəyini demiş, o da 300 manat pulu Samirə şəklini çəkməsi üçün vermişdir. O, baqajı bağlamaq üçün düşmüş, baqajın bağlı olduğunu görmüşdür. Samir taksini sürüb getmiş, bu zaman o qışqırmışdır ki maşını saxlasın. Spoylerdən tutduğunu, bəlkə də, Samir görməmişdir. Onun telefonu kodda olmuşdur. Samirin ifadəsində göstərdiyi «sən ona buna atırsan və mən də sənə atdım» sözünü deməsini o eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, 90DC525 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etməsi üçün vermiş, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuş və günlük olaraq ona 30 manat icarə haqqı ödəmiş, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə etdiyi hadisə barədə sonradan məlumatı olmuşdur. Samir saxlanılıb polis orqanından çıxdıqdan sonra görüşmüş və onunla məsələ barəsində ətraflı söhbət etmiş, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, polis şöbəsində olan məsələsini həll etmiş və işləyib qalan məsələləri də yoluna qoyacaq. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakt üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, beton yol adlanan ərazidir. Hadisə yerindən toplanmış materialla bağlı heç bir maddi sübut aşkarlanmamış və götürülməmişdir. Hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur (i.v. 5-7); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37-38); xx.xx.2024-cü il tarixli üzləşdirmə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır (i.v. 48-50); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 51- 52); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, onun həbsdən azad edilməsi qərara alınmışdır (i.v. 71-72); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (i.v. 73); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 81); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 83); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 324 nömrəli rəyində göstərilmişdir ki, 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ dirsək oynağının səthi əzilmiş yaraları, sağ qalça darağı nahiyyəsinin və sağ budun qançırları, sağ baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması inkar olunmur (i.v. 84-85); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 90); axtarışda olanın tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30-da tutulmuşdur (i.v. 95); cinayət işinin icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 96); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-170/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndrilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 28 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 103-107); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, 90DC525 dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə spoyleri qırılmış halda olması müəyyən edilmiş və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 111-112); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni harada və hansı qaydada törətdiyini hadisə yerində əyani göstərmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 116-118); cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v. 121-122); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir (i.v. 125-126); sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməsi; Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilməsi; təqsirləndirilən şəxs tərəfindən talanmış zərər çəkmiş şəxsə məxsus əmlakın dəyəri zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətə istinad olunmaqla ittihama daxil edilməsi; qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, baxış, ifadənin yerində yoxlanılması, digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 134-141); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu və həbsdə olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 28 may 2024-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu cəmi 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 72 (yetmiş iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar