Məhkəmə qərarları › İş №1(010)-444/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-444/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-444/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz evdə yaşayan, barəsində 10 yanvar 2023-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,868 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin qarşısında saxlanılaraq 30-cu PŞ-nə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,868 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 aya yaxındır ki, şüşə kimi tanıdığı psixotrop maddədən çəkmək yolu ilə istifadə edir. Həmin psixotrop maddəni tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2023-ci il tarixdə 19-da Nizami rayonu “Neftçilər” metrosunun yaxınlığında yerləşən Makler bazarında adını ünvanını bilmədiyi şəxsdən 10 manat ödəniş edərək, öz şəxsi istifadəsi üçün psixotrop maddə almış, bir qismini istifadə edərək, qalıq hissəsini sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-ci il tarixdə saat 13:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib, onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə etməsində, istifadə edilməsində şübhəli şəxs kimi saxlayaraq, üzərində şəxsi axtarış aparılması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar. Suraxanı RPİ- nin 30-cu PŞnin inzibati binasının xidməti otağlarının birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi-vəkillə təmin edildikdən, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofan bükümünü çıxarıb təqdim etmiş və həmin bükümün içində “şüşə” adı ilə tanınan psixotrop maddəmetamfetamin olduğunu xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasmın yaxınlığındakı “Maklerlər bazarı” adlanan yerdə adını, ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, bir hissəsini həmin günü istifadə etdiyini, qalanını sonradan istifadə etməsi üçün üzərində saxlamaqla, daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş içərisində psixotrop maddə olan bir ədəd sellofan bükümü bir ədəd zərfdə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra üzəri möhürlənmişdir. Üzərindən aşkar olunmuş psixatrop maddə metamfetamini ancaq özünün istifadəsi üçün almış, kimsəyə əvəzli, əvəzsiz verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə etməklə istifadə etməsi barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 30-cu Pşnin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onlarla birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə getməli olduğunu demişlər. Polis Şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçı, polis kapitanı X3 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdaifə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi' təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023- cü il tarixdə Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyasmın yaxınlığında olan “Maklerlər bazarı”-da üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə üzərində hər hansı bir başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişlər. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 72-73-cü vərəqlərində olan 10 yanvar 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Tağıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən azad edilməsi və qərarın sürəti icra olunması üçün Suraxanı RPİ-nin İŞ-nə və Suraxanı RPİ-nin MSY-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 74-75-ci vərəqində olan 10 yanvar 2023-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümüı çıxarıb təqdim edərək, bükümdə “şüşə” adı ilə tanınan psixotrop maddə-metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 19-da Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasmın yaxınlığında olan “Maklerlər bazan adlalan yerdən ünvanını, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, həmin günü bir qismini istifadə etdiyini, qalanını sonradan istifadə etməsi üçün üzərində saxlmaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 194 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 40-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/108 saylı 09 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim ‘edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 149” möhür əksi, Təqsirləndirilən şəxs çingiz oğlunun üzərindən ..” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,868 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindır. Cinayət işinin 134-135-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 hüquqi şəxsin tərəfindən verilmiş 2297 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 65-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olduğu görünən bir ədəd şəffaf selofan bükümünü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Nizami rayonu, “Neftçilər" metrostansiyasnın yaxınlığında olan “Makler bazarı”da adını, ünvanını tanımadığı şəxsdən, özünün istifadəsi üçün 10 manata aldığını, üzərində daşıdığını bildirməsi, şəxsi axtarışın davam etdirilməsi, başqa hər hansı bir əşya, maddə aşkar edilməməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunması müəyyən olunur. Cinayət işinin 87-89-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azəırbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəlkəri ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökmdən 177.2.4-cü maddəsi çıxarılmaqla cəzası 04 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,868 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,868 qram metamfetamin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və törətdiyi əməldən səmimi olaraq peşman olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyənləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, törətdiyi əməlini etiraf etməsinə, törətdiyi əməldən səmimi olaraq peşman olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 yanvar 2023-cü il tarixindən 10 yanvar 2023-cü il tarixədək 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 hüquqi şəxsin tərəfindən verilmiş 2297 saylı xx.xx.2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 08 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,818 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar