Məhkəmə qərarları › İş №1(010)-45/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-45/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-45/2020 11.02.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1980-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Qaçaqkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, döngə 4, 10 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, döngə 4, 10 nömrəli evdə arvadı X1 ona xoş münasibət göstərmədiyinə irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı N.Ə.Quliyevanın baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əli və ayaqları ilə vuraraq, sonuncuya sol yanaq nahiyəsinin qançırı, hər iki göz ətrafı yumşaq toxumaların qançırı, alının sıyrığı, hər iki dodağın selikli qişasının qansızması, sol saidin şişkinliyi və qançırı (hematoması) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Nailə ilə 2001-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki oğlu anadan olmuşdur. Təxminən bir ildir Nailə ilə münasibətləri pisləşmişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində yaşadıqları evdə olduğu zaman ona xoş münasibət göstərmədiyini Nailəyə demiş və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, əsəblərini cilovlaya bilməyib əli və ayaqları ilə Nailənin baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonuncunu döymüşdür. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və zərərçəkmiş şəxs N.Ə.Quliyevaya dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Samidlə 2001-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki oğlu anadan olmuşdur. Təxminən bir ildir Samidlə münasibətləri pisləşmişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində yaşadıqları evdə olan zaman Samid ona xoş münasibət göstərmədiyini demiş və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Həmin vaxt Samid əli və ayaqları ilə onun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, onu döymüşdür. Sonda zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxsin ona dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar