Məhkəmə qərarları › İş №1(010)-45/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-45/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-45/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Cəlilabad rayonu, Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Əsədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 05 avqust 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.532 qram çəkidə narkotik vasitə hesab olunan heroini, Cəlilabad rayonundan 10 manat pul müqabilində əldə edərək, daşımaqla üzərində saxlamış, 07 avqust 2020-ci tarixdə, saat 19:50-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində olan “Hövsan” marketin qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman siqaretin qara rəngli kağızına bükülmüş həmin narkotik vasitə Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir müddətdir heroin kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə etmişdir. Həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 05 avqust 2020-ci ildə Cəlilabad rayonunda olarkən tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün siqaretin qara rəngli kağızına bükülmüş, heroin kimi tanıdığı narkotik vasitəni almış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. 07 avqust 2020-ci il tarixdə, təxminən saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən “Hövsan” marketin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qara kağızı bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu 05 avqust 2020-ci ildə Cəlilabad rayonunda olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə almış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bükümdəki narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Elməddin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 07 avqust 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və digər iş yoldaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, təxminən saat 20 radələrində onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, “Hövsan” marketin qarşısında xarici əlamətləri Elməddin adlı şəxsin əlamətlərinə uyğun olan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də öz növbəsində etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qara rəngli kağızı bükümünü onlara təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə, narkotik vasitə heroindir, onu 05 avqust 2020ci ildə Cəlilabad rayonunda olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə almış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qara rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə, 05 avqust 2020-ci ildə Cəlilabad rayonunda olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə almış, həmin narkotik vasitənin bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 08 avqust 2020-ci il tarixli, 6/1484 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “Zərflər üçün № 194 möhür əksi”, “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.532 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.482 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin qara rəngli kağızı bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə, 05 avqust 2020-ci ildə Cəlilabad rayonunda olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 sentyabr 2020-ci il tarixli, 2422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 4-cü bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 avqust 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 08 avqust 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 08 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 avqust 2020-ci il tarixdən 08 avqust 2020-ci il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.482 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 manat 90 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 avqust 2020-ci il tarixdən 08 avqust 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.482 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə müvafiq olaraq həmin Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar