Məhkəmə qərarları › İş №1(010)-453/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-453/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-453/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2003-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 26 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 07 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində ailəsi ilə yaşayan bacısı Narıngül Qurbanovanın fərdi yaşayış evində qonaq olduğu zaman, həmin ünvanda evin bir hissəsində ailəsi ilə ayrı yaşayan bacısının qayınatası Zərərçəkmiş şəxs ilə aralarında əvvəldən yaranmış məişət narazılığı zəminində yenidən mübahisə yaranmış, mübahisənin gedişində bir-birinə xəsarət yetirmək məqsədi ilə əlbəyaxa olaraq, Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq ilə zərbə vurub başın alın nahiyəsinin sağ yan səthinin şişkinləşmiş qançırı, sağ göz qapaqlarının qançırları kimi dərəcəsinə görə, ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Baharlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı Narıngül həmkəndlisi Şahid3 ilə ailə həyatı qurmuş və onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi iki mərtəbəli olmaqla, birinci mərtəbəsində Sərxanın atası İlqar və anası Mətanət yaşayır. 04 aprel 2024-cü il tarixdə, bacısının övladı dünyaya gəlmiş, bu münasibətlə 07 aprel 2024-cü il tarixdə, anası və atası ilə birlikdə, bacısı Narıngülgilə uşaqgördüyə qonaq olaraq getmişlər. Onlar Sərxanın atası İlqarla küsülü oldularına görə, Sərxangildə olduqlarına baxmayaraq sonuncunun valideynləri ilə görüşməmişlər, onlardan uzaq durmağa çalışmışlar. Həmin gün günorta saatlarında, Sərxanın atası İlqar evə gələn su xəttini bağladığına görə, valideynləri ilə evdən atasının idarə etdiyi “Mercedec C-class” markalı avtomobil ilə qəsəbədəki mağazaya gedib su alıb geri qayıtmışlar. Onlar Sərxangilə çatanda sonuncunun atası İlqar qapının qabağında dayanıb tərs-tərs onlara baxmışdır. İlqara fikir verməməyə çalışaraq atası Aydın avtomobili həyət qapısının qarşısında saxlamış, bu zaman İlqar təpiklə avtomobilin arxa tərəfindən vurmuşdur. Onlar avtomobildən düşəndə isə İlqar əlində kəlbətin və bıçaq tutaraq onların üstünə yeriyib xəsarət yetirmək istəmişdir. O, valideynlərini qorumaq üçün İlqarın qarşısına keçdikdə, sonuncu yenə də üstünə gəldiyinə görə, özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Bu zaman İlqar ilə əlbəyaxa olmuşlar və o, İlqarı özündən kənarlaşdırmaq üçün bir dəfə yumruqla baş nahiyəsindən vurmuşdur. Bundan sonra, İlqarın sakitləşmədiyini görüb avtomobilinə minərək oradan çıxıb getmişlər. İlqarın onlara qarşı etdiyi bu hərəkətinə görə, anası X12 Nazirliyinin 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs özü onlara hücum çəkmiş, onu da əl zərbələri ilə vurub sağ qulaq, boyun, baş, gicgah və dodaq nahiyəsindən xəsarətlər yetirmişdir. O, da özünü müdafiə etmək üçün yumruq zərbəsi ilə İlqarın sifət nahiyəsindən vurmağa məcbur olmuşdur. Həmin hadisə vaxtı nə atası Aydın, nə anası Aygün İlqara heç bir fiziki zor tətbiq etməmişlər, əksinə anası Aygün onu İlqardan müdafiə etmək istəyərkən İlqar anasının əlinə kəlbətin ilə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə aralarında dava-dalaş həyətin içərisində olmuş, qısa bir vaxt ərzində baş verib bitmişdir. Həmin hadisə kənardan heç bir narahatlığa səbəb olmamışdır. X9 ilə ailə qurub sonuncunun atası İlqar ilə birgə yaşadığı evə köçənə qədər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Lakin evliliyi dövründə İlqar bacısının ailəsini yola vermədiyinə, xırda şeylərin üstündə söz-söhbət saldığına görə, ailələri arasında bir neçə dəfə kəskin narazılıq olmuş və nəticədə, münasibətləri birdəfəlik pozulmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt bacısı və qayınanası evdə, Sərxan isə işdə olmuşdur. Mübahisənin yaranmasına səbəb o olmuşdur ki, su almaq üçün avtomobillə getmişlər, daha sonra avtomobili evin həyətində darvazanın qabağında saxlamışlar. Zərərçəkmiş şəxs bundan narahat olub bıçaq və kəlbətin götürərək onların üzərinə gəlib hədələmiş, o da valideynlərinə xəsarət yetirməsindən qorxub, bunun qarşısını almağa çalışmışdır. Mübahisə qısa müddət, yəni təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs onun burun nahiyəsini yaralamış, anasının isə əllərinə kəlbətin ilə vurmuşdur. O, ailəsilə birlikdə, bir dəfə də bacısıgildə qalanda İlqar onları evdən qovmuş, həmin vaxt da əlində bıçaqla onları hədələmişdir. Zərərçəkmiş şəxsin bu hərəkətlərinin səbəbi bacısıgilə gəlməklərini istəməməsi olmuşdur. Həmin hadisədən sonra, həmin evə getməmişlər. Sonda isə əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə aralarında barışıq olmasını nəzərə alaraq barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, buna görə də, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 1981-ci ildə Şahid4 ilə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahdan üç övladı vardır, Sərxan isə kiçik oğludur. Təxminən bir il əvvəldən oğlu Sərxanın qayınatası Aydın və qayınanası Aygün ilə küsülüdür. Belə ki, oğlu Sərxan Şahid1 qızı Narıngül ilə ailə qurandan və gəlin onların evinə köçən gündən ailədə, oğlanları arasında nifaq salmış, bu barədə tədbir görülməsi üçün qudalarına dəfələrlə xəbərdarlıq etsə də, Şahid2 özünü bir böyük kimi aparmayaraq, əksinə qızının tərəfini saxlamış, bu cür qərəzli hərəkətləri ailələri arasında soyuq münasibətə səbəb olmuşdur. Hansı ki, elə bu hadisələrin səbəbi kimi oğlu Sərxanla bir-birlərini görmək belə istəmirlər. Mahiyyəti üzrə bildirir ki, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə şikayət ərizəsini özü yazmış və bu barədə onu deyə bilər ki, həyat yoldaşı Mətanət və oğlu Sərxanla birlikdə, Hövsan qəsəbəsində yerləşən iki mərtəbəli evdə qalır, belə ki, evin 1-ci mərtəbəsində özü, 2-ci mərtəbəsində isə oğlu Sərxan ailəsi ilə birlikdə yaşayır. 04 aprel 2024-cü il tarixdə oğlu Sərxanın 2-ci övladı dünyaya gəlmişdir. 03 aprel 2024-cü il tarixdə qudaları Şahid2, əri Şahid1 və oğlu Kənan onların yaşadıqları evə qonaq gəlmiş və oğlunun ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsində qalmışdır. 07 aprel 2024-cü il tarixdə oğlu Sərxan yeni doğulmuş uşağını xəstəxanadan çıxardaraq evə gətirmişdir. Həmin vaxt onların evində qudalari Aygün, Aydın, onların oğlu Kənan və özünün həyat yoldaşı Mətanət olmuşdur. Qudası Aydın yaşadığı Ağdam rayonundan onlara gələndə idarə etdiyi avtomobili onun avtomobilinin arxasında darvazanın qarşısında saxlamışdır. Həmin gün, yəni 07 aprel 2024-cü il tarixdə aptekdən bəzi dərmanları və marketdən çörək almağa getmək üçün idarə etdiyi "Mercedes E” markalı avtomobili ilə həyətdən çıxmaq istəmiş, lakin arxasında saxlanılmış Aydının avtomobilinə görə çıxa bilməmişdir. O, bir qədər sonra həyətinə qayıdanda görmüşdür ki, Aydıngil avtomobilini idarə edərək harasa getmişlər. O, da fürsətdən istifadə edib tez əynini dəyişmişdir ki, avtomobilinə oturub aptekə getsin. Lakin elə həmin vaxt Aydın qayıtmış və avtomobilini onun avtomobilinin arxasında tərsinə saxlamışdır. O, Aydının bu hərəkətinə də səbr etmiş, ancaq əli ilə Aydının “Mercedes C” markalı avtomobilinin arxa yan tərəfinə toxunub işarə vermək istəmişdir ki, həyətə giriş-çıxışına mane olur. Həmin vaxt görmüşdür ki, Aydının oğlu Kənan avtomobilin qabaq oturacağında oturmuş vəziyyətdə salonun içərisində əl və qol hərəkətləri ataraq vurnuxur. Kənanın bu hərəkətlərinə baxarkən sonuncu qəfil avtomobildən düşüb yumruğu ilə bir dəfə möhkəmdən onun sağ gözünün üstündən vurmuş, Kənanın zərbəsindən gözü qaralıb yerə çökmüşdür. Bundan sonra, Aydının arvadı Aygün maşından düşüb yumruq və təpik zərbələri ilə başından və bədən nahiyəsindən vurub onu döyməyə başlamışlar. Onu qəfil vəziyyətdə təkləyib döyərək, tez bir zamanda avtomobillərinə əyləşib aradan çıxmışlar. Həmin vaxt həyat yoldaşı Mətanət səs-küy eşidib yanına gəlmiş və onu xəsarət almış vəziyyətdə görmüş, nə baş verdiyini soruşduqda demişdir ki, Kənan, atası və anası onu döyərək xəsarət yetirmişlər. Həmin gün şikayət etmək fikri olmamışdır. Hesab etmişdir ki, qohumluqdur, eybi yox, ötüb keçər. Lakin Şahid2 özləri onu döyüb xəsarət yetirdikləri halda, DİN-nin 102 qaynar xəttinə zəng edərək, guya onları balta ilə hədələməsi barədə məlumat vermişdir. Bir qədər keçəndən sonra 30-cu polis şöbəsinin əməkdaşları onlara gəldikdə məlum olmuşdur ki, Aygün onun barəsində DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları ilə polis şöbəsinə gedərək Aygün, oğlu Kənan və əri Aydının onu yaşadığı evin həyətində döydükləri barədə şikayət ərizəsi yazmış və hadisəni olduğu kimi qeyd etmişdir. Bu hadisədən sonra, uzun müddət başında küt ağrılar olmuş, ürək bulanma, baş gicəllənmə kimi əlamətlər ona imkan verməmişdir ki, normal işi ilə məşğul olsun. Başında olan bu kimi ağrılar və baş gicəllənməyi isə Kənanın vurduğu o güclü zərbənin təsirindən əmələ gəlmişdir. Məhkəmə tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli, 244 nömrəli rəyində görünən “hadisədən sonra baş beyin silkələnməsi ilə müşahidə olunan başın alın nahiyəsinin sağ yan səthinin şişkinləşmiş qançırı, sağ göz qapaqlarının qançırları” kimi xəsarətlərlə bağlı dəqiq deyə bilər ki, Kənan yumruğu ilə başının sağ yan tərəfindən vurduğu güclü yumruq zərbəsindən sonra baş nahiyəsində qeyd edilən xəsarətlər yaranmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi bıçaqla hədələməmiş, əlində bıçaq olmamışdır. Təqsirləndirilən şəxsə və ya ailə üzvlərinə xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxs məhkəmə iclasında ondan üzr istəyərək barışmaq istəmiş, buna görə də onun cavan olmasını nəzərə alıb onu bağışlamış, onunla barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 25 noyabr 2024-cü il tarixdə, məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdam rayonu, Baharlı kəndində məskunlaşmışlar. X8 əslən Ağdam rayonundan olan və Hövsan qəsəbəsində Quşçuluq sovxozu yaşayış massivində yaşayan Şahid3 ilə ailə həyatı qurmuşdur. Qızı ailəsi ilə Quşçuluq sovxozunda fərdi yaşayış evində yaşayır. Onun qayınatası Zərərçəkmiş şəxs və qayınanası Şahid4 da, onlarla bir ünvanda yaşayır. Qudaları ilə əvvəldən münasibəti yaxşı olmuşdur. Qızı Narıngül onların evinə gəlin köçəndə ilk vaxtlar qızına yaxşı yanaşmışlar, lakin qısa müddətdən sonra isə onlar oğlunun ailə işlərinə çox qarışdıqlarına, qızı Narıngülə onlarla ünsiyyət saxlamağı qadağan etdiklərinə və onları evlərinə buraxmaq istəmədiklərinə görə, aralarında narazılıq düşmüş, hal-hazırda isə onlarla küsülü münasibətdədirlər. Dəfələrlə qızının evinə gedəndə İlqar və arvadı Mətanət narazılıq salaraq onları təhqir etmiş, onlara evə gəlməməyi tələb etmiş, onlar da qızının yanında qala bilməmiş və çıxıb getmişlər. Valideynləri ailə işlərinə çox xırdaçılıqla qarışdıqlarına, Narıngülü gəlin kimi yola vermədiklərinə görə, kürəkəni Sərxanın da onlarla münasibəti pozulmuşdur. Yaşayışları da ayrıdır, küsülü kimi İlqar və arvadı evin birinci mərtəbəsində, oğlu isə ailəsi ilə ikinci mərtəbəsində yaşayırlar. 04 aprel 2024-cü il tarixdə qızının ikinci övladı dünyaya gəlmişdir. 07 aprel 2024-cü il tarixdə qızı və nəvəsini görmək üçün onlara qonaq getmişlər. O, idarə etdiyi “Mercedes-C” markalı avtomobili ilə oğlu Kənan və onun arvadı Aygünü də götürüb qızıgilə getmişdir. Orada olanda, İlqar bundan xəbər tutmuş, çünki maşınının həyətdə saxlanıldığını görmüşdür. Gəlişindən bir az sonra, İlqar evə gələn su xəttini bağladığına görə, dükana su almağa getməli olmuşlar. Aygünü və Kənanı da götürüb maşını ilə dükana getmiş, saat 16 radələrində isə geri qayıtmışlar. Həyətə çatanda qohumu İlqar qapının qabağında dayanıb onlara baxmış, həyət qapısında dayananda İlqar onların ünvanına təhqiramiz şəkildə danışaraq təpiklə avtomobilinin arxa tərəfinə zərbə vurmuşdur. Onlar avtomobildən düşmüş, bu zaman İlqar onların üstünə davakar şəkildə hücum etmiş, oğlu Kənan isə onları qorumaq üçün İlqarın qarşısına keçmişdir. İlqar oğlunun üstünə gəldiyinə görə, Kənan özünü müdafiə etmək məcburiyyətində qalmış və onlar əlbəyaxa olmuşlar. Bu vəziyyətdə İlqar əli ilə Kənanın baş-sifət nahiyələrinə zərbələr vurmuşdur. Kənan da məcbur olub yumruqla ona cavab zərbəsi vurmağa çalışmışdır ki, özündən uzaqlaşdırsın. Həmin vaxt arvadı Aygün oğlu ilə İlqarın arasına girib ayırmağa çalışa da, Aygünün də əlinə zərbə dəymiş və əli əzilmişdir. Bundan sonra, İlqarın sakitləşmədiyini görüb avtomobilinə minərək oradan uzaqlaşmışlar. İlqarın onlara qarşı etdiyi bu hərəkətinə görə, X12 Nazirliyinin 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Həmin hadisə kənardan heç kimin narahatlığına səbəb olmamış, onları ayırmaq üçün kənardan müdaxilə də olmamışdır. X10 ilə ailə qurub sonuncunun atası İlqar ilə birgə yaşadığı evinə köçənə qədər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Lakin sonradan qayınatası İlqar onun qızını yola vermədiyinə, əhəmiyyətsiz səbəblərdən söz-söhbət salaraq narazılıq yaratdığına görə, ailələri arasında bir neçə dəfə mübahisə olmuş və nəticədə münasibətləri birdəfəlik pozulmuşdur. Amma 07 aprel 2024-cü il tarixdə baş verənlərə qədər dalaşmamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilində həyat yoldaşı, oğlu və özü olmuşdur. Zərərçəkmiş şəxs isə tək olmuşdur. Mübahisənin səbəbini bilmir. Avtomobildən ilk həyat yoldaşı, daha sonra isə Kənan düşmüşdür. Hadisə zamanı həyat yoldaşına da xəsarət yetirilmiş, əlində sıyrıqlar olmuşdur. Oğlu Kənan isə anasını və özünü müdafiə etmiş, qəsdən heç kimə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs yoldaşına hücum etmək istəyəndə Kənan anasını qorumaq üçün araya girmiş, həmin vaxt özü də xəsarət almışdır. Zərərçəkmiş şəxs hücum etmək istəyəndə bir əlində bıçaq, digər əlində isə burğac olmuş, daha sonra isə evə gedib balta götürmüşdür. Balta götürdükdən sonra bıçaq və burğacda əlində idi. Mübahisənin daha da böyüməməsi üçün müdaxilə etməmiş, zərərçəkmiş şəxsi o vurmamışdır. Evdə suyu İlqar kəsmişdir. Bu hadisədən sonra tanımadığı nömrələrdən ona zəng gəlir, onu işdən çıxarmaqla, barəsində cinayət işinin açılacağı ilə hədələnir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid2 və yeznəsi Şahid3 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Səhhətində olan problemlər səbəbindən məhkəmə iclasında iştirak etməsi mümkün olmayan Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə Şahid4 bildirmişdir ki, oğlu ailə quranda gəlini və valideynləri ilə münasibətləri yaxşı olmuşdur. Sonradan gəlini Narıngül öz valideynlərinin təsiri altında qaldığına görə, onların ailəsinə alışmamış, sözlərinə qulaq asmamışdır. Narıngülə hər hansı bir irad bildirəndə və ya məsləhət verəndə dərhal valideynlərinə çatdırmış, ona görə də aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən gəlininin valideynləri onlara gələndə arabir narazılıqlar yaranmışdır. Bu narazılıqlar zəminində Narıngül oğlu Sərxanı da onlara qarşı kökləmiş, oğlu da arvadının tərəfini saxlayaraq yaranmış vəziyyətdə onları təqsirkar saymışdır. Evi iki mərtəbəlidir, oğlu Sərxan ailəsi ilə ikinci mərtəbədə yaşayır, özü isə əri İlqarla birinci mərtəbədə olurlar. Bir evdə yaşamalarına baxmayaraq oğlunun ailəsi onlarla az ünsiyyət saxlayır. 07 aprel 2024-cü il tarixdə də Narıngülün atası Aydın, anası Aygün və qardaşı Kənan atasının maşını ilə onlara gəlmişlər ki, yeni uşağı dünyaya gəlmiş qızına baş çəksinlər. Qohumları gələndə birbaşa oğlugilə getmiş, onlarla görüşməmişlər. Həmin gün saat 16 radələrində evdə olduğu zaman əri İlqar həyətə çıxmışdır. Orada İlqar qudaları Aydın, yoldaşı Aygün və onların oğlu Kənanla rastlaşmış və aralarında mübahisə yaranmışdır. Əri İlqar evə girəndə görmüşdür ki, halı yaxşı deyil, ayaq üstündə dayana bilmir, bu zaman, İlqara oturmağa kömək etmiş və ondan nə baş verdiyini soruşmuşdur. İlqarın deməsinə görə, gəlinin atası Aydın həyətdə maşınını pis saxlayıb maneə yaratdığına görə, İlqar ona irad bildirmiş və mübahisə düşmüşdür. Bu zaman mübahisəyə qoşulan gəlinin qardaşı Kənan hücum çəkib İlqarın yumruqla başına və sifətinə zərbələr vurub yerə yıxmışdır. Bundan sonra, İlqar şikayət etmək istəməmiş, demişdir ki, qohumluqdur, axır bir gün barışarlar, polisə şikayət etmək işi daha da dərinləşdirər. Amma sonra görmüşdür ki, Aygün özü polisə məlumat verib İlqarın onu döyməsini bildirmişdir. Bundan sonra, İlqar polisə çağırılmış və orada şikayət vermişdir. Hadisənin təfsilatı barədə əri İlqar daha yaxşı və düzgün məlumat verə bilər. Əri İlqarın qudaları ilə mübahisəsi onların həyətində baş vermiş, elə orada İlqarı döymüşlər. Bir neçə dəqiqə davam etmiş münaqişə zamanı kənardan eşidib narahat olanlar, həyətinə gələnlər, dalaşmanı ayıranlar olmamışdır. Orada olanlar oğlu Sərxanın qayınatası Aydın, qayınanası Aygün və qayını Kənan olmuşdur. İlqarı vuran da məhz Kənan olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 27 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) 07 aprel 2024-cü il tarixli, HK\1-1003 saylı raportdan görünür ki, həmin tarixdə, saat 17:22 radələrində DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə ********** saylı daxil olmuş məlumatda, ünvan 3 ünvanından vət.Şahid2 ***-***-**-** nömrəsindən məlumat verib qudası Zərərçəkmiş şəxs onu və oğlunu balta ilə hədələməsi barədə bildirmişdir. (iş.v. 7) 07 aprel 2024-cü il tarixdə, vət. Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 30cu polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 4 ay öncə qudaları Aydın, onun həyat yoldaşı Aygün və oğulları Kənan Hövsan qəsəbəsi ərazisində yaşadığı evə gələrək onu söyüb təhqir etmiş və döymüşlər. Sonuncu dəfə isə 07 aprel 2024-cü il tarixdə, saat təxminən 16:00 radələrində qudası Aydının oğlu Kənan maşından düşərək onun üz nahiyəsinə yumruq ilə vurmuş, yıxılmış vəziyyətdə olarkən isə qarın nahiyəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 12 aprel 2024-cü il tarixli, 244 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin sağ yan səthinin şişkinləşmiş qançırı, sağ göz qapaqlarının qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti qərarda göstərilmiş 08 aprel 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (iş.v. 18-19) 12 aprel 2024-cü il tarixdə, Şahid2 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, 07 aprel 2024-cü il tarixdə, ünvan 5 ünvanına qızıgilə qonaq getmişdir, Qızının qayınatası İlqar onların evlərinə gəlmələrinə narazılıq etmişdir. Həyat yoldaşı Aydın öz sürdüyü maşını arxaya verərkən İlqar maşına təpiklə vurmuş, onları söyərək təhqir etmişdir. O, maşından düşmüş və görmüşdür ki, İlqarın əlində 2 burğac və bir bıçaq var. İlqar onun oğlu Kənanın üzərinə gəlib vurmaq istəyərkən onun qarşısını kəsmişdir. Həmin vaxt İlqar bıçağın arxa hissəsi ilə əlinə zərbələr endirmişdir. Oğlu Kənanın isə dodağına yumruqla zərbələr vurmuşdur. Qonşular səsə çıxaraq İlqarı evə aparmış, daha sonra, o, yenidən əlində balta ilə onun üzərinə gəlmişdir. Qonşular yenidən onları ayırmış, bundan sonra onlar maşına minərək oradan uzaqlaşmış və 102 qaynar xəttinə məlumat vermişlər. İlqar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 12 aprel 2024-cü il tarixli, 248 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Təqsirləndirilən şəxs sağ qulaq arxası nahiyənin, boyunun sağ yan səthinin, başın alın nahiyəsinin tüklü hissəsinin və üst dodağın sıyrıqları, sağ qulaq seyvanın, sol gicgah nahiyəsinin və sol bazu oynağı nahiyəsinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 07 aprel 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (iş.v. 25-26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 12 aprel 2024-cü il tarixli, 249 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, vət.Şahid2 sağ əlin arxa səthinin qançırları, hər iki diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 07 fevral 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (iş.v. 27-28) 01 iyun 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 43) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən göndərilmiş 20 iyul 2024-cü il tarixli, ********* saylı cavab məktubundan görünür ki, 07 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış məntəqəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində qohumları-gəlini Narıngül Qurbanovanın atası Şahid1, Şahid2 və qardaşı Təqsirləndirilən şəxs ilə aralarında uzun müddət davam edən qərəzli münasibətlər zəminində mübahisə etmiş, onları yaşadığı ünvanda görmək istəmədiyinə görə, çıxıb getmələrinə nail olmuşdur. Onların mübahisəsi zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlbəyaxa olub bir-birini əl zərbələri ilə vurmuşlar. Təqsirləndirilən şəxs vurduğu güclü yumruq zərbəsindən baş nahiyəsindən xəsarət almış Zərərçəkmiş şəxs halsız vəziyyətə düşəndən sonra, dalaşma bitmiş və Qurbanovlar həyəti tərk edib bir daha oraya qayıtmamışlar. Hadisənin dalaşma hissəsi 5 dəqiqəyədək müddət ərzində davam etmişdir. Hadisəyə qonşular və kənar şəxslər tərəfindən diqqət ayıran olmamış, başqalarına narahatlıq yaradılması halları barədə məlumat alınmamışdır. Hadisənin əlavə şahidləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birini vuraraq qarşılıqlı vəziyyətdə xəsarət yetirmişlər. Şahid2 onları ayırmağa cəhd edərkən xəsarət almışdır. Hadisənin baş verdiyi şəraitdə Zərərçəkmiş şəxs münaqişədə vintaçan, kəlbətin, bıçaq, balta, qeyri əşyalardan istifadə etməsi, Şahid3 beysbol ağacından istifadə etməsi barədə tərəflərin verdikləri məlumatlar onların qarşılıqlı qərəzli münasibətlərindən irəli gəlir, əməliyyat məlumatları ilə təsdiq olunmur. Hadisə nəticəsində ictimai qaydanın pozulmasına dəlalət edən məlumatlar daxil olmamışdır. (iş.v. 70-71; 74-75) 24 iyul 2024-cü il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs, ifadəsində göstərdiklərini Şahid2 qarşı söyləyərək bir daha təsdiq etmişdir. (iş.v. 81-83) 24 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək hadisənin baş verdiyi yeri göstərmiş və həmin hadisə zamanı Təqsirləndirilən şəxs onu vurduğunu, nəticədə yüngül dərəcəli bədən xəsarəti aldığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 84-87) 25 iyul 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı toplanmış sübutların məcmusu ilə 07 aprel 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi tam sübuta yetirilmiş hesab edilmiş və onun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və qeyrilərinin iştirak etdikləri münaqişə faktına görə, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Hadisənin baş verdiyi şəraitdə Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 əməllərində cinayət tərkibi olmadığına görə, barələrində cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsinə dair qərar qəbul edilməsi üçün qərarın surəti Suraxanı RPİ-nin İctimai təhlükəsizlik şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı vintaçan, kəlbətin, bıçaq və baltadan istifadə etməsi, eləcə də, Şahid3 atasına beysbol ağacı ilə hücum etməsi, habelə Şahid1 və Şahid2 hadisə yerində Zərərçəkmiş şəxs xəsarətlər yetirilməsində iştirak etmələri barədə tərəflərin qarşılıqlı qərəzli dəlilləri rədd edilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmasına dair gətirdiyi dəlillər, eləcə də, valideynlərinin ifadələrində onun dəlillərini təsdiq edən xüsusatlar əsassız hesab edilərək rədd edilmişdir. (iş.v. 89-98) İş materiallarına Təqsirləndirilən şəxs hərbi xidmət keçməsini təsdiq edən SX ******* nömrəli hərbi bileti əlavə edilmişdir. (iş.v. 123) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcbur Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar Şöbəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 705 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, xx xxxx 2003-cü il tarixdə, Bərdə rayonunda anadan olmuş, ünvan 6 ünvanında pasport qeydiyyatındadır. O, həqiqətən ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Heç bir dini cərəyan və ya dini təri qətin üzvü deyil. Təqsirləndirilən şəxs orta təhsillidir. Qəsəbədə yaşadığı müddətdə qonşuları və qəsəbə ictimaiyyəti arasında müsbət xarakterizə olunmuşdur. O, xaraktercə sadə və təvazökardır, vətənpərvərdir. Yaşadığı qəsəbədə tərbiyəsi və yaxşı davranışı ilə hamı arasında daima seçilmişdir. Qonşuları ilə arasında heç bir münaqişəsi olmamışdır. (iş.v. 125-126) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC “General Hospital” Tibb Mərkəzi tərəfindən ünvanlanmış məktubdan görünür ki, həqiqətən, xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ürəkbulanma, qusma, güclü baş ağrıları şikayətləri ilə klinikaya müraciət etmiş, “Kəllə beyin travmasının qalıq əlamətləri” diaqnozu təsdiqlənmişdir. Xəstəyə klinikada ilk yardım göstərilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 təqdim etmək üçün arayış verilmişdir. Həmin arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 08 aprel 2024-cü il tarixdə, “Kəllə beyin travmasının qalıq əlamətləri” diaqnozu ilə “General Hospital” Tibb Mərkəzinə müraciət etmiş, klinikada müayinə olunmaq üçün ambulator müalicə təyin edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş resept blankı və tövsiyə vərəqəsindən görünür ki, ona həkim tərəfindən tibbi pereparatlar təyin edilərək aldığı xəsarətlərlə bağlı müalicə almışdır. Bunlardan əlavə, X7 terapiya şöbəsində verdiyi analiz nəticələrini və ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 05 ədəd fotoşəkili də məhkəmə iclasında təqdim etmişdir. Həmin fotoşəkillərdən həmçinin görünür ki, onlar 09 aprel 2024 və 11 aprel 2024-cü il tarixlərdə, yəni hadisədən cəmi 2-4 gün sonra çəkilmişdir. 26 iyul 2024-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 100-101, 118-120) 25 iyul 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarda Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsinə dair qərar qəbul edilməsi üçün qərarın surəti Suraxanı RPİ-nin İctimai təhlükəsizlik şöbəsinə göndərilməsi qeyd edilmiş, bununla bağlı məhkəmə tərəfindən Suraxanı RPİ-nin İctimai təhlükəsizlik şöbəsinə həmin qərarın qəbul edilib-edilməməsi, müsbət halda həmin qərarın surətinin məhkəməyə göndərilməsi ilə bağlı sorğu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “sübutların qiymətləndirilməsi haqqında” qərarda müstəntiq tərəfindən bu xüsusat formal olaraq qeyd edilmiş, lakin faktiki olaraq icra edilməmişdir. Lakin Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, buna görə də, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 157-ci maddəsi ilə açılmış inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair qərar qəbul edilməsi üçün cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın surəti müstəntiq tərəfindən faktiki olaraq icra edilib Suraxanı RPİ-nin İctimai təhlükəsizlik şöbəsinə göndərilmədiyindən və bu səbəbdən də, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmadığından, ona məhkəmə tərəfindən xitam verilməsi barədə qərar qəbul edilməsi mümkünsüzdür. Buna görə də, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat ümumiyyətlə başlanmamalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsl barışdığından və barəsindən heç bir şikayət olmadığından, o, inzibati məsuliyyətdən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hadisə zamanı ehtiyatsızlıq nəticəsində dərəcəsi təyin edilməyən bədən xəsarəti almış Şahid2 görə Zərərçəkmiş şəxs inzibati məsuliyyətə cəlb edilməsi mümkünsüzdür. Belə ki, İnzibati Xətalar Məcəlləsinə ehtiyatsızlıqdan dərəcəsi təyin edilməyən bədən xəsarətinə görə məsuliyyət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunmamışdır. (iş.v. 88) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Belə ki, iş materiallarında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 05 ədəd fotoşəkildə ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlər vizual şəkildə görünür və hadisədən cəmi 2-4 gün sonra çəkilmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 05 ədəd fotoşəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. Bundan əlavə, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş resept blankı, tövsiyə vərəqəsi və X7 terapiya şöbəsində verdiyi analiz nəticələrinə dair sənədlər sübut əhəmiyyəti kəsb etmədiyindən iş materiallarına əlavə edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə tibbi ekspertizası rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 05 ədəd fotoşəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməli, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş resept blankı, tövsiyə vərəqəsi və X7 terapiya şöbəsində verdiyi analiz nəticələrinə dair sənədlər sübut əhəmiyyətinə malik olmadığından iş materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aid edilir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Müdafiəçi, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 05 ədəd fotoşəkil cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən halları müəyyən etdiyinə görə, maddi sübut qismində tanınsın və iş materiallarına əlavə edilsin. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş resept blankı, tövsiyə vərəqəsi və X7 terapiya şöbəsində verdiyi analiz nəticələrinə dair sənədlər iş materiallarına əlavə edilsin. 25 iyul 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarda Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ayrılmış inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar