Məhkəmə qərarları › İş №1(010)-455/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-455/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-455/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1990-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 01 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 may 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,885 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən 01 may 2025ci il tarixdə saat 01:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanın qarşısında saxlanılmış və orada üzərinə baxış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,885 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrin hər növündən istifadə etmişdir. Lakin bir ilə yaxındır ki, heç bir narkotik vasitədən istifadə etmir. O, tanışları ilə kafedə oturub yemək yeyən zaman polis əməkdaşları gəlib onu aparmışlar. Kafedə 5 nəfər olmuşlar. Saat 21-22 radələri olardı. Həmin vaxt onun üzərində heç bir qanunsuz maddə və ya əşya olmamışdır. Lakin polis əməkdaşları ona narkotik vasitəni təqdim edərək çəkiliş vaxtı cibindən çıxarıb təqdim etməyini və guya ona məxsus olduğu barədə ifadə verməyini bildirmişlər. O da məcbur olub razılaşmışdır. Əslində isə onun üzərində heç bir narkotik vasitə olmayıb. Polis əməkdaşları onu döyməyiblər və ona heç bir hədə qorxu gəlməmişlər. İstintaq zamanı heç bir təsir olmadan özünü təqsirli bilib ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitənin patı kimi tanıdığı növündən çəkmə yolu ilə istifadə edir. Tutulmamışdan bir gün əvvəl axşam saatlarında İran İslam Respublikasının vətəndaşından onlayn formada 30 manata öz şəxsi istifadəsi üçün narkotik maddə almış və daşımışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 01:20 radələrində ünvan 2 ünvanında qarşısında piyada hərəkətdə olan zaman 03 nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah olunmuşdur. O da buna etiraz etməmişdir. Bundan sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı polis əməkdaşı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini əməkdaşlara təqdim etmişdir. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroindir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və əynində olan şalvarın sağ axra cibindən aşkar edilmiş Redmi 13 markalı mobil telefon götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Daha sonra isə barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs son sözündə əvvəllər narkotik vasitə istifadə etdiyini, amma halhazırda istifadə etmədiyini, tutulan vaxt üstündə narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsi daşıyır. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla ədavət və düşmənçiliyi olmamışdır. 30 aprel 2025-ci il tarixdə Rameş adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rameş adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 32-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra 32-ci PB-nin CAŞ üzrə əməliyyat müvəkili, polis kapitanı Şahid2, həmin bölmənin CAŞ üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs görüb xx.xx.2025-ci il tarixdə saat 01:20də əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək tərəflərindən video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsi və şəxsi axtarış aparılmasınınn zəruri olması ona bildirilmişdir. O, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması, olduğu halda təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun həmin cins şalvarın sağ arxa cibindən sübüt əhəmiyyətinə malik ola biləcək mobil telefon aşkar edilmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni tutulduğu gün İran vətəndaşından onlayn şəkildə 30 manata əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitə heroinə bənzər kütlə olan büküm və mobil telefon ayrı-ayrı kağız zərflərdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CAŞ üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Suraxanı RPİ-nin 32-ci PB-nin CAŞ üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 8); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:20-də ünvan 6 ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona saxlanılmasının səbəbləri barədə məlumat verilməklə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet və narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir (i.v. 9); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:20-də ünvan 6 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə narkotik maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) bükümdə spesifik iyə malik rəngli toz şəkilli kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxsin ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı video çəkiliş aparılmışdır (i.v. 13-14); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 66; 68; 95-100); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə, saat 03:15də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə, saat 01:20-də tutulmuş hesab olunur (i.v. 18); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 6/1622 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 196” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,885 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,885 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,835 qram (i.v. 38-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 77-78); mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Redmi 13 markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyətli sübutlar aşkar olunmamışdır. Həmin telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir (i.v. 81-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 2682 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 92-93); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xalis çəkisi 0,885 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,835 qram olan narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 95-100); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxsdur. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X7 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X5 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində qanunsuz hesab edilən əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, o, həmin bükümdə heroin olduğunu, 30 manata aldığını bildirmişdir. Onun şalvarının sağ arxa cibindən mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin büküm və telefon ayrı-ayrı zərflərdə qablaşdırılaraq üzəri polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Bundan başqa onun üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə hərəkətinin keçirildiyi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılması zamanı qeydə alınmış videoya baxış keçirir. Daha sonra bükümə baxış keçirir, bükümün içərisində narkotik maddəyə bənzər kütlə aşkar olunur. Görüntülərdə Təqsirləndirilən şəxs kafedə oturub yemək yeyən zaman polis əməkdaşları tərəfindən tutulması, narkotik maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,885 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 110 (yüz on) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 02 may 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,835 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar