Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-458/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Neftçala rayonu, Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, yetkinlik yaşına çatmayan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd ə/d, Şirvanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə kirayədə yaşayan, 11 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 may 2024-cü il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə saat 19 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 14\15-ci məhəllədə yerləşən 281 saylı tam orta məktəbin yaxınlığında əvvəllər qeyd olunan məktəbdə eyni sinifdə oxuduğu həmyaşıdı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söyməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs çənə nahiyəsindən zərbə vuraraq ona həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin çənənin sol bucaq və simfiz nahiyələrinin yerdəyişmiş sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Onunla birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 281 saylı orta məktəbdə oxumuşlar. 2024-cü ilin mart ayında dərslərini oxumadığına və qiymətləri aşağı olduğuna görə onu məktəbdən çıxarmışlar. Rövşənlə sinif yoldaşı kimi münasibəti yaxşı olmuşdur. Onunla aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 2024-cü ilin mart ayının ortalarında sinif yoldaşı Murad ona Rövşənin onun ünvanına söyüş söydüyünü demişdir. O isə Muraddan Rövşənin onu nə üçün söydüyünü dəqiqləşdirmədən Rövşənə məktəbin arxasında görüşmək üçün xəbər göndərmişdir. 20 mart 2024-cü il tarixdə saat 19 radələrində Rövşənlə 281 saylı məktəbin arxasında görüşmüşlər. Orada ondan və Rövşəndən başqa Murad da olmuşdur. O, Rövşəndən onun ünvanına nə üçün söyüş söydüyünü soruşmuşdur. Rövşən ona söyüş söymədiyini demişdir. Bu vaxt Muraddan Rövşənin onun ünvanına söyüb söymədiyini soruşmuşdur. Murad ona Rövşənin ünvanına onun yanında söyüş söydüyünü demişdir. O bu vaxt Rövşəndən yenidən ünvanına söyüb söymədiyini soruşmuşdur. Rövşən söydüyünü etiraf etmişdir. Rövşən onun arxası ilə söyüş söydüyünü etiraf etdikdə o, Rövşəni yumruqla çənəsindən bir dəfə vurmuşdur. Onun zərbəsindən sonra Rövşən yıxılmamış, onlar əlbəyaxa olduqda Murad onları aralaşdırmışdır. Bundan sonra aralaşıb getmişlər. O, yaşadığı evə gəlmişdir. Murad ona Rövşənin onun ünvanına söyüş söydüyünü bildirmişdir. Lakin o, Muraddan Rövşənin hansı məzmunda ünvanına nalayiq ifadə işlətdiyini soruşmamışdır. Hadisə zamanı Rövşən ona xəsarət yetirməmişdir. Hadisə zamanı o, Rövşəni çənəsindən yumruqla vurmuşdur. Həmin xəsarəti Rövşənə o yetirmişdir. Rövşəni vurmağına səbəb heç bir əsas olmadan onun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Hadisədən əvvəl onun Rövşənlə hər hansı münaqişəsi və mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Onunla eyni sinifdə oxumuşlar. Təqsirləndirilən şəxs avara həyat tərzi keçirdiyi və dərsə davamiyyətli gəlmədiyi üçün məktəbdən qovulmuşdur. Həmin vaxtdan onunla hər hansı münasibəti olmamışdır. 18 mart 2024-cii il tarixdə sinif yoldaşı Murad Teymurov ona telefon vasitəsi ilə sms yazmışdır ki, söhbət var onu həll etməliyik. O, Muradla əlaqə saxlamış və ondan söhbətin nə barədə olduğunu soruşmuşdur. Lakin Murad ona heç nə deməmiş və görüşməyi təklif etmişdir. O isə 18 mart 2024-cü il tarixinin bacısının doğum günü olduğunu demiş və görüş üçün başqa vaxt təyin etməsini bildirmişdir. Murad ona görüşün vaxtını deyəcəyini bildirmişdir. 20 mart 2024-cü il tarixdə onlar danışıb 281 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Murad həmin yerə Fariz adlı sinif yoldaşı ilə gəlmişdir. Fariz onu heç kəsin olmadığı kənar bir yerə çəkib ona heç bir əsas olmadan və heç nə demədən yumruqla sifətindən vurmuşdur. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. O ayılıb özünə gəldikdə Fariz və Muradın orada olmadığını görmüşdür. Bundan sonra yaşadığı evə getmişdir. O, Farizin ünvanına hər hansı məzmunda söyüş söyməmiş, onunla hər hansı yaxın münasibəti və əlaqəsi olmamışdır. Onun ünvanına söyüş söyməyi üçün də heç bir səbəb olmamışdır. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan vurmuşdur. Fariz onu əsas olmadan vurduğu üçün onun Farizin ünvanına söyüş söydüyünü bildirərək özünə haqq qazandırmağa çalışmışdır. Hadisə zamanı Murad onu vurmamışdır. Fariz onun sifətinin sol hissəsindən yumruqla vurmuşdur. Hadisə zamanı o, sifətinin sol hissəsindən, daha doğrusu çənəsinin sol hissəsindən xəsarət almışdır. Hadisə zamanı orada Murad, Fariz və ondan başqa heç kəs olmamış, kənardan gələn və hadisəyə müdaxilə edən olmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun sinif yoldaşlarıdır. 18 mart 2024-cü il tarixdə Fariz ona zəng edib Rövşənin mobil nömrəsini istəmişdir. Lakin o, Farizə Rövşənin nömrəsini verməmiş və Farizdən Rövşəni nə üçün axtardığını soruşmuşdur. Fariz ona Rövşənlə məsələsi olduğunu və danışıb həll edəcəyini demişdir. Lakin Fariz ona məsələnin nə barədə olduğunu deməmişdir. O da Farizə demişdir ki, Rövşənə nəsə sözün varsa mən zəng edib çatdıraram. Fariz ona bildirmişdir ki, “Rövşənə mesaj yaz, onunla 20 mart 2024-cü il tarixdə məktəbin yaxınlığında görüşək”. O da bundan sonra Rövşənə mesaj yazıb ona Farizin görüşmək istədiyini demişdir. Rövşən ondan Farizin nə ilə bağlı görüşmək istədiyini soruşmuşdur. O da Rövşənə Farizin hansı məsələ ilə bağlı görüşmək istədiyini demədiyini demişdir. Rövşən ona Farizi tanıdığını bildirib görüşə gələcəyini demişdir. 20 mart 2024-cü il tarixdə saat 19 radələrində onlar Hövsan qəsəbəsində 281 saylı orta məktəbin yaxınlığında görüşmüşlər. Fariz Rövşəni tənha bir yerə çəkib söhbət etməyə başlamışdır. Söhbət edərkən Fariz yumruqla Rövşənin sifətindən vurmuşdur. O dərhal Farizə yaxınlaşıb onu aralamış və ondan nə üçün Rövşəni vurduğunu soruşmuşdur. Lakin Fariz ona heç nə deməmişdir. O, Rövşəni ayağa qaldırıb oturacaqda əyləşdirmişdir. Rövşən bir neçə dəqiqə əyləşdikdən sonra qalxıb evlərinə getmişdir. Rövşən Farizin ünvanına söyüş söyməmiş, o da Farizə Rövşənin onu söyməsi barədə heç nə deməmişdir. Hadisə təxminən 1 dəqiqə davam etmişdir. Hadisəni kənardan görən və həmin yerə toplaşan olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, 238 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənənin sol bucaq və simfız nahiyələrinin yerini dəyişmiş sınığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində, eləcə də yıxılma zamanı alınmaları inkar olunur (i.v. 27-28); zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs qanuni nümayəndə kimi tanınmışdır (i.v. 34-35); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39-40); şübhəli şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndə kimi tanınmışdır (i.v. 50-51); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 13:30-da tutulmuşdur (i.v. 65); təqsirləndirilən şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndə kimi tanınmışdır (i.v. 77); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 77-78); qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 91); şahidin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 yetkinlik yaşına çatmayan Şahid qanuni nümayəndə kimi tanınmışdır (i.v. 95- 96); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs verdikləri ifadələri bir-birlərinin üzünə deyərək bir daha təsdiq etmişlər (i.v. 104-105); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid və Təqsirləndirilən şəxs verdikləri ifadələri bir-birlərinin üzünə deyərək bir daha təsdiq etmişlər (i.v. 106-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 108); axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 110); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmiş və cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 113-114); sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, ona yeni məzmunda ittiham elan edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 116-120); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 122-123); Qanuni nümayəndə2 tərəfindən verilən notarial qaydada təsdiq olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır (i.v. 176); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-191/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmişdir (i.v. 216-219); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Suraxanı RPİ-nin İŞdə icraata qəbul edilmişdir (i.v. 230); şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 233); şəxsin könüllü gəlməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlmiş və cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 234-235); qanuni nümayəndə təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınmışdır (i.v. 237); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 250-251); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materiallarının sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 261-266); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin verdiyi və iş materiallarında olan ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2-ci maddəsinə əsasən eyni əməllər: 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5- 1, 197.1.5-2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür; 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.4-cü maddəsinə görə yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs məktəbli olduğu halda cinayət törətməsini nəzərə alan məhkəmə hesab edir ki, bu hal Təqsirləndirilən şəxs atası (qanuni nümayəndəsi) Qanuni nümayəndə1 onun davranışına zəruri nəzarət həyata keçirməməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə hesab edir ki, 126 (yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 üzərinə qoyulmalı, həmin məbləğ ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs atası (qanuni nümayəndəsi) Qanuni nümayəndə1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-458/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-458/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver