Məhkəmə qərarları › İş №1(010)-46/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-46/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-46/2021 16.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evdə yaşayan, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan ********* nömrəli başqa bir cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(010)-246/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən, yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin zirzəmisinə, hasarından keçməklə qanunsuz daxil olaraq, oradan 90x210 sm ölçüdə, qəhvəyi rəngli, hər birinin orta bazar qiyməti 180 (yüz səksən) manat, ümumi dəyəri isə 540 (beş yüz qırx) manat olan 03 ədəd plastik qapını və 120 (yüz iyirmi) manat dəyərində bir ədəd “Bosch” markalı laqondanı, habelə evin içərisində olan otaqdan isə 80 (səksən) manat dəyərində 01 ədəd istifadə olmuş, 05 litr həcmli odun samovarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə evində yeməyə heç nə olmadığına görə evinin yaxınlığında yerləşən, yaşayış olmayan fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə, təxminən saat 02 radələrində yaşadığı evdən çıxıb qeyd etdiyi evin qarşısına gəlmiş, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə düşüb evin qapısı olmayan zirzəmisinə daxil olmuşdur. Əlində olan alışqanın fənəri ilə zirzəmiyə göz gəzdirdikdə orada üç ədəd plastik qapının, bir ədəd laqondanın olduğunu görmüşdür. Plastik qapıları tək-tək zirzəmidən çölə çıxardıb, hasarın digər tərəflərinə nisbətən daha alçaq hissəsinin yanına yığmış, daha sonra yenidən zirzəmiyə qayıdıb oradan laqondanı, evin içərisindən isə gümüşü rəngli samovarı götürmüşdür. Qapıları yığdığı yerə gəlib hasarın üzərinə qalxaraq, heç kimin onu görmədiyini və ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra plastik qapıları tək-tək hasarın əks tərəfinə yığmış, oradan isə onları kürəyində, tək-tək daşıyaraq qonşuluqda yerləşən evinin həyətinə aparmışdır. Bundan sonra qayıdıb oğurladığı laqondanı və samovarı da qoyduğu yerdən götürüb onları da evinin həyətinə yığmışdır. Səhər tezdən isə yoldan keçən tanımadığı yük avtomobili ilə oğurladığı üç ədəd qapını və bir ədəd samovarı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Sahibə adlı qadına öz əşyaları kimi təqdim edib, sonuncudan ona 100 manat almış, pulu bir günə qaytarıb əşyalarını götürəcəyini demişdir. Laqondanı isə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarında tanımadığı şəxsə 20 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi əşyaların satışından əldə etdiyi pulla evinə bazarlıq etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, hazırda yaşadığı evdən evdən bir məhəllə aşağıda yerləşən torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi var, lakin həmin evdə təmir işləri getdiyi üçün evin pəncərə və qapısı quraşdırılmamış, yalnız giriş qapısı quraşdırılmışdır. Həmin evin zirzəmisinin də qapısı yoxdur. Mütəmadi olaraq gedib həmin evinə baş çəkmişdir. xx xxxxx 2020-ci tarixdə həmin fərdi yaşayış evinə baş çəkərkən həmin vaxt hər şey qaydasında olmuşdur. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə təkrar həmin evə baş çəkməyə getmiş və bu zaman evin zirzəmisinə baxdıqda orada olan üç ədəd plastik qapının və bir ədəd “Bosch” markalı iri ölçülü laqondanın yerində olmadığını aşkar etmişdir. Dərhal evə daxil olaraq nəzər yetirmiş və həmin vaxt girişlə üzbəüz gələcəkdə hamam otağı kimi nəzərdə tutduğu otaqda olan bir ədəd samovarın da yerində olmadığını görmüşdür. Qeyd etdiyi həmin əşyaların oğurlandığını başa düşmüş, buna görə də dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. xx xxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları ona zəng edib oğurlanmış üç ədəd plastik qapının və bir ədəd samovarın yerini müəyyən etdiklərini bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində onun izahatı alınmış, sonradan isə qeyd etdiyi əşyalar ona qaytarılmışdır. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində evdə olduğu zaman Samirin 03 ədəd plastik qapı və bir ədəd samovar gətirdiyini, həmin qapılardan birini onun həyətinə qoyduğunu görüb Samirdən nə etdiyini soruşmuş, sonuncu isə evinə bazarlıq etmək üçün təcili pula ehtiyacının olduğunu deyib ondan 100 manat pul istəmiş, gətirdiyi əşyaları səhəri gün, pulu qaytardıqdan sonra götürəcəyini bildirmişdir. Samirdən həmin qapıların və samovarın kimə məxsus olduğunu, onları haradan əldə etdiyini soruşmuş, sonuncu həmin əşyaların özünə məxsus olduğunu, onları qohumunun evinə aparacağını demişdir. Yazığı gəldiyindən Samirə 100 manat verib gətirdiyi əşyaları həyətinə yığmasına razılıq vermişdir. Pulu götürdükdən sonra Samir sözügedən əşyaları onun həyətinə yığaraq çıxıb getmişdir. Sonradan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları evinə gəlib, ondan qapı və samovar alıb-almadığını soruşduqda, sonunculara Samirin ona üç ədəd qapı və bir ədəd samovar verdiyini, müqabilində isə ondan 100 manat pul aldığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən, yaşayış olmayan nömrəsiz fərdi yaşayış evində oğurluq hadisəsi baş vermişdir. Baxış zamanı həmin evin qapısı olmayan zirzəmisindən 03 ədəd qapının, 01 ədəd laqondanın oğurlandığı, habelə fərdi yaşayış evinin qapısının tutacağının sındırıldığı, hamam kimi istifadəsi nəzərdə tutulmuş otaqdan isə 01 ədəd samovarın oğurlandığı müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs, xx xxxxx 2020-ci il tarixdə, gecə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yerləşən, yaşayış olmayan nömrəsiz fərdi yaşayış evinin əvvəlcə zirzəmisinə daxil olub oradan 03 ədəd plastik qapını, 01 ədəd laqondanı, evin içərisindən isə 01 ədəd samovarı oğurladığını yerində göstərərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani şəkildə təsdiq etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və Şahid verdiyi 03 ədəd plastik qapı və 01 ədəd samovar sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki nömrəsiz evdən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evdən götürülmüş qəhvəyi rəngli, 90 sm enində, 210 sm hündürlüyündə 03 ədəd qapının hər biri, tanınma üçün 03 ədəd eyni formada və ölçüdə, xarici görkəminə görə bir-birindən kəskin fərqlənməyən digər qapılar arasında yerləşdirilmişlər. Tanınmalı olan qapılar müvafiq olaraq “3”, “2” və “1” rəqəmləri ilə işarələnərək, tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş qapıları nəzərdən keçirərək bildirmişdir ki, ona təqdim edilmiş qapıların arasında müvafiq olaraq “3”, “2” və “1” rəqəmi ilə işarələnmiş qapılar ona məxsusdur. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evdən götürülmüş gümüşü rəngli, 5 litr həcmli 01 ədəd samovar tanınma üçün 03 ədəd eyni formada və ölçüdə, xarici görkəminə görə bir-birindən kəskin fərqlənməyən digər samovarlar arasında yerləşdirilmişdir. Tanınmalı olan samovar “4” rəqəmi ilə işarələnərək, tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş samovarları nəzərdən keçirərək bildirmişdir ki, “4” rəqəmi ilə işarələnmiş samovar ona məxsusdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/3689 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hadisənin baş verdiyi tarixə, yəni 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti - 01 ədəd 90 santimetr x 210 santimetr ölçülü, qəhvəyi rəngli plastik qapının orta bazar qiyməti təxminən 180 (yüz səksən) manat, 03 ədədi 540 (beş yüz qırx) manat, 01 ədəd istifadədə olmuş, 5 litr tutumlu odun samovarının qiyməti təxminən 80 (səksən) manat müəyyən olunur. İş materiallarında olan istintaq eksperimentinin aparılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq eksperimenti keçirilməzdən əvvəl oğurlanmış 03 ədəd plastik qapı müvafiq olaraq “1”, “2” və “3” rəqəmələri ilə işarələnərək zirzəmiyə yerləşdirilmiş və bundan sonra Təqsirləndirilən şəxs həmin qapıları zirzəmidən təkbaşına götürərək əvvəlcə evin qarşısına, sonra isə hasardan keçirilməklə aparılmasını əyani şəkildə icra etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qapıları bir-bir, təkbaşına götürərək, əvvəlcə zirzəmidən çıxartmış, sonra isə hasardan aşıraraq bayıra qoyduğunu əyani şəkildə göstərmişdir. Bununla da keçirilmiş istintaq eksperimenti ilə oğurlanmış qapıların Təqsirləndirilən şəxs tərəfindən aparılmasının mümkünlüyü dəqiqləşdirilmiş və bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən təkbaşına etməsinin mümkünsüzlüyü ilə bağlı şübhələr tam aradan qaldırılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə, qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli və qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə isə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan ********* nömrəli başqa bir cinayət işi üzrə Bakı şəhər Suraxanı rayon prokurorunun təqdimatı əsasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(010)-246/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(010)-246/2020 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd plastik qapının və 01 ədəd samovarın Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx büş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(010)-246/2020 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd plastik qapının və 01 ədəd samovarın ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx büş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar