Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-46/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 27 – 29 avqust 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 27 avqust 2021-ci ildə saat 11 radələrində onlayn qaydada 70 manat pul ödəməklə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,241 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 avqust 2021-ci ildə saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,241 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, kokos və şüşə kimi tanıdığı narkotik maddələrdən istifadə edirdi. 27 avqust 2021-ci ildə saat 11 radələrində Anar adı ilə tanıdığı şəxsə onlayn qaydada ödəniş etməklə öz istifadəsi üçün 30 manata 1 büküm kokos və 40 manata 1 büküm şüşə almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 27 avqust 2021-ci ildə saat 15 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gəlmişdir. 31-ci polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin iki bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı qaydada əldə etməsi barədə soruşulmuşdur. O, isə həmin bükümlərdən birinin içərisində kokos, digərinin içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, onları 27 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində Anar adı ilə tanıdığı şəxsə onlayn qaydada cəmi 70 manat ödəmək şərti ilə alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin iki ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o, və digər iştirakçılar tərəfindən imza olunmuşdur. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 27 avqust 2021-ci il tarixdə “Ziyad” adlı şəxsin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15 radələrində ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən “Ziyad” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim emişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİnə dəvət emişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi tərəfindən hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində metamfetamin, digər bükümün içərisində isə heroin kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 27 avqust 2021-ci il tarixdə saat 11 radələrində Anar adlı şəxsdən öz istifadəsi üçün onlayn qaydada pul ödəməklə aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 28 avqust 2021-cı il tarixli 6/3750 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №190” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs... əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,241 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir». 10 sentyabr 2021-cı il tarixli 3369 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, psixiatrik xəstəlikdən əziyyət çəkən qardaşının onun himayəsində olduğunu, həmçinin ailəyə yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,199 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,191 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 29 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,199 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,191 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-46/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-46/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver