Məhkəmə qərarları › İş №1(010)-46/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-46/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-46/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 iyul 2023-cü il tarixdə, saat 11:20-də, Bakı şəhərində, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 26 mart 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-181/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 26 iyun 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(010)-305/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,942 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 26 mart 2022- ci il tarixdə saat 15:10 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılıb Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan göy rəngli cins şalvarının sağ yan cibindən kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,278 qram, 0,664 qram, ümumi təmiz çəkisi 0,942 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik maddələr əldə edərək inyeksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən bir bükümü 10 manat müqabilində olmaqla əlbəəl ödəniş etməklə almışdır. Sonuncu dəfə isə narkotik vasitə aldığı şəxsə Suraxanı qəsəbəsində küçədə 20 manat təqdim edərək iki bükümdə narkotik vasitə almışdır. Narkotik vasitəni aldıqdan sonra xx.xx.2022-ci il tarixində günorta saatlarında Y.Günəşli qəsəbəsində, «D» yaşayış sahəsi, ev 13-iin yaxınlığından evinə gəlməyə başlamışdır. Həmin binanın yaxınlığında üzərində iki ədəd büküm narkotik maddə olan zaman mülki geyimli polislər yaxınlaşıb özlərini təqdim etmişlər və onlara üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün 33-cü PB-nə gətirmişlər. Sonra polis bölməsinə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra onun iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkilişlə axtarış keçirilməyə başlanmışdır. Üzərində olan dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub- olmaması olduğu təqdirdə könüllü təqdim elməyim təklif olunmuşdur. Bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik maddələr bir ədəd zərfə qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə heroini satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cÜ Polis Bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 mart 2022-ci il tarixdə “Vüqar” adlı şəxsin Yeni Günəşli qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və "Vüqar” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bundan sonra “Vüqar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və bölmənin sahə inspektoru Şahid3 təyin edilmişdir. Bundan sonra "Vüqar" adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvüləri ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi 13 ünvanın yaxınlığına gəlmişlər. Saat 15:10 dəqiqədə həmin ünvanın yaxınlığında "Vüqar” adlı şəxsi əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrimizi göstərib özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də adının Vüqar olmasım bildirmişdir. Vüqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasım bildirib sonuncunu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Vüqar da heç bir etiraz etmərək razılaşmışdır. Bundan sonra Vüqarı polis bölməsinə gətirmişlər. Bölmədə “Vüqar” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazılaraq bölmə rəsinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş olunmaqla sonuncunun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşvaıun olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə şəffaf sellolan bükümləri çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və bükümlərdə qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 171 nömrəli möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən şəxslər imza etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Suraxanı RPİ-nin 33-cü PBnin sahə inspektoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 mart 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə şəffaf sellolan bükümləri çıxarıb təqdim edərək masanın üzərində qoymuşdur. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və bükümlərdə qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 mart 2022-ci il tarixli 6/1652 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 171” möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,278 qram, 0,664 qram, ümumi təmiz çəkisi 0,942 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təmiz çəkiləri 0,278 qram, 0,664 qram qram olan heroinin 0,1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,842 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 01 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd bükümdə şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək masanın üzərində qoymuş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və bükümlərdə qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 171 nömrəli möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5 X6 Komissiyasının 14 iyun 2022-ci il tarixli 3232 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 mart 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 mart 2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-181/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarından, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 26 iyun 2022-ci il tarixli qərarıdan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-181/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək 03 ay müddətə ev dustağlığı növündə qətimkan tədbiri seçilmiş, 26 iyun 2022-ci Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(010)-305/2022 nömrəli qərarından və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri tərəfindən tərtib olunmuş “Axtarışda olan şəxsin tutulması” haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün MYS-ə təhvil verilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. 26 iyun 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyinə görə həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir. 26 iyun 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa cinayət işinin materiallarının araşdıran məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozması əsası ilə müstəntiq tərəfindən tərtib olunmuş 26 iyun 2022-ci il tarixli “Şəxsin könüllü gəlməsi” haqqında protokol formal xarakterlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozulmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, qeyd edilən ümumi əsaslarla 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 163.6-cı maddəsinə əsasən, ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə yalnız təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri mümkünlüyü barədə tibbi rəy olduqda və təqsirləndirilən şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldıqda xitam verə bilər. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozmaqla üzərinə qoyulmuş vəzifələri icra etməmiş, qeyd edilən əsasla sonuncu barəsindən axtarış elan edilməklə cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.8-ci maddəsinin müddəalarını nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsindən seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verilməsi üçün heç bir əsas olmamaqla birlikdə, ümumiyyətlə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirinin müddətinin axımının dayandırılması halı nəzərdə tutulmayıb. Bu səbəbdən məhkəmə sözügedən qərar Təqsirləndirilən şəxs barəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-181/2022 saylı, 28 mart 2022-ci il tarixli qərarı ilə seçilmiş 26 mart 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək 03 (üç) ay müddətə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımını dayandırmır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 mart 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək ev dustaqlığından saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2023cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,842 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 mart 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək ev dustaqlığından saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edlsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,842 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 192 (yüz doxsan iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar