Məhkəmə qərarları › İş №1(010)-46/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-46/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-46/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda nömrəsiz evdə yaşayan barəsində 18 yanvar 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, ümumi təmiz çəkisi 1,337 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə- heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O, 16 yanvar 2023-cü il tarixdə saat 17:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət edilmiş və orada həmin bölmənin təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibində daşıdığı 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1,337 olan qəhvəyimtil rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həbsdən azad olmuş, eyni epizod birinci dəfə necə olubsa, eyni çəkiyə qədər bu dəfə də eyni olmuşdur. Yazılanların hamısı gülüncdür, guya ki, o, həmin narkotik vasitəsini yerdən tapmış, və o, Bakıxanovda-yəni Razində yaşaya-yaşaya Suraxanı rayonuna gəlmişdir. Heç bir narkotik istifadəçisi yerdən narkotik tapıb cibinə qoya bilməz. Bundan başqa heç bir istifadəçi 1 gün əvvəl əldə etdiyi narkotik vasitəsini üzərində saxlamaz. O, istifadəçidir, heroindən, metamfetamindən və şüşə adlanan narkotik vasitələrindən istifadə etmişdir. Sonuncu dəfə noyabr ayının 12-də həbsdən çıxdıqdan sonra ümumiyyətlə istifadə etməmişdir. Onu döyərək işgəncə vermişdirlər. Həmin döyülmə ilə bağlı sanksiya zamanı hakimə də bildirmişdir. Prokurorluğa döyülmə ilə bağlı şikayət etmişdir. Araşdırılma aparılmış, lakin 1 ay sonra ekspertiza olduğu üçün heç bir nəticə verməmişdir. Tutulduğu yer Suraxanı ərazisi olmuş, tarixi xatırlamasa da, günün günorta saatlarında tutulmuşdur. X12 saxlamış, bölmədə rəis və iki növbətçidən başqa bütün polis əməkdaşları döymüşdür. Sınıq və çat olmadığından xəstəxanaya getməmiş, onu ayaq və qol nahiyələrindən vurmuşlar. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Suraxanı rayonu, Ramanı qəsəbəsində «Gülçülük» adlanan ərazidə valideyinləri ilə birgə fərdi yaşayış evində yaşayır. O, saxlanıldığı müddətə kimi "xxxx" MMC-də fəhlə kimi işləmişdir. Əvvəllər, yəni 2021-ci ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə 8 ay müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum olunmuş, 12 noyabr 2022-ci ildə cəzasını tam çəkərək azadlığa buraxılmışam. Təxminən 2017-ci ildən həbs olunduğum vaxta kimi narkotik vasitə olan heroini ineksiya yolu ilə qəbul etmişdir. Həbsdən çıxdıqdan sonra isə bir neçə də eyni yolla qəbul etmişdir. Narkotiki isə müxtəlif yollarla əldə edərək qəbul edir. Sonuncu dəfə, yəni 16 yanvar 2023-cü il tarixində, saat 11 radələri olardı Yeni Suraxanı qəsəbəsində yerdən tapmış və qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin günü saat 17:30 radələri olardı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində tək dayanmış, bu zaman iki nəfər polis işçiləri ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsini işçiləri olduğunu bilmişdir, onun şəxsiyyəti barədə maraqlandıqda yaşamadığı ünvanı demişdir. Bundan sonra onu Suraxanı polis idarəsinin 31-ci polis bölməsinə dəvət edərək orada həmin bölmənin təhqiqatçısı kimi özünü ona təqdim edən, polis kapitanı Akşin Vəliyev üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. Həmçinin ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrim izah olunaraq dövlət hesabına vəkil dəvət olunmuşdur. O, da buna etiraz etməmişdir. Təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərinə şəxs axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, da bir ədəd mobil telefonu və üzərində yəni əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb, masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanununsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni həmin gün yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra isə təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik maddə zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən ona təqdim olunmuş 9 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmış, daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıması və toplanmış materialların istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən isə Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 16 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində ünvan 8 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramanı qəsəbəsi, Gülçülük Sovxozunda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni suraxanı qəsəbəsi, Çaparidze küçəsinə getmişlər. Həmin vaxtı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 31ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirdirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildi. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi, təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri və gödəkçəsinin sağ yan cibindən içərisində 6 ədəd siqaret və bir ədəd yaşıl rəngli alışqan olan “Maqna” markalı siqaret qutusu, əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən isə bir ədəd “Redmi C 10” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 16 yanvar 2023cü il tarixdə Suraxanı rayonu ərazisində yerdən tapdığını və öz istifadəsi üçün özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Suraxanı rayon prokurorluğunun müstəntiqi X5 izahatında göstərmişdir ki, araşdırma onun icraatında olmuşdur. MSY-ə daxil olarkən, dəftərdə müəyyən qeydlər edilir, ona baxılıbdır. İlk izahat təqribi 4-5 aprel tarixlərində olmuş, şəxs gəldikdən sonra sorğular verilir, bu səbəbdən də müddət uzanır. Ekspert rəyi alınıb, şəxs döyüldüyün desə də, polislərin izahatı alınıb, cinayət işinin başlanması rədd edilmişdir. Prokurorluğa müraciət əsasında iş ona yönləndirilib, şəxsə zəng etmiş, lakin cavab verməmiş və yubanma olmuşdur. Müstəntiq E.Quliyev xəsarətlərin araşdırılması ilə əlaqədar Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına göndərilməsi üçün dəfələrlə əlaqə saxlamış Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin müddət ərzində gics xəstəliyi ilə əlaqədar stasionar xəstəxanada müalicədə idi və ekspertizanın keçirilməsi ilə bağlı çağırışlara gəlməmiş, o, Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi ilə də əlaqə saxlamış, o da, çağırışlara gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin halı təsdiq etmişdir və həmçinin də, bildirmişdir ki, həmin müddət ərzində xəstəxanada müalicədə idi. Məhkəmə iclasında dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, bir nömrəni izlənilirsə əgər onun ilk növbədə zənglərinə baxılır, şirkət balans çıxır, dəqiqliklə düşür. İnternetdə isə iki saat əvvəl həmin səhifəyə girirsə, ərazini dəyişsə belə, həmin ərazidə qalacaqdır. Şəxs əgər səhifəni yeniləyirsə, ərazi dəyişir. Burada “Praqa” restoranı göstərilsə də, o demək deyil ki, eyni məkanda olub həmin vaxtlar. MTC daxil olan zəngdir ona yaxın anteni götürüb. Bir anten 32 km məsafəni əhatə edir. Telefonun smartfon olub-olmaması, 2G, 3G, 5G olub-olmaması önəmlidir. Zəng olubsa, həmin ərazidə olub. Orada quralaşdırılan anten zəngi tutur. Saat 16.16 olan vaxtdakı zəng ünvanı əsas götürülür. Azərfon abonenti deyil, zəngi izləyir. Kütlə, relyef, hava hamısı təsir edən amillərdir. Bir ərazidə 30-32 km məsafədən diapozundur, zəngin tutma ehtimalı var, Suraxanıda olan Nizamidə göstərə bilir. Amma dəqiq demək mümkün deyil. Maneələrin olması da önəm daşıyır. 17.22 saatlarında Suraxanıdakı antendən qeydiyyata alınıb. İki ünvan koordinatlarından xətlər üzrə sorğu verilərək baxa bilər. Cinayət işinin 24-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-79-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-26/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi, məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 80-81-ci vərəqlərində olan 18 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilməsi haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynidəki qara rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofanına bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında narkotik vasitə olan heroinə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında narkotik vasitə heroin olduğunu, narkotik vasitə heroini 16 yanvar 2023-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçəsinin sol yan cibindən 1 ədəd “Ulefone” yazısı olan mobil telefonu çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri və gödəkçəsinin sağ yan cibindən içərisində 6 ədəd siqaret və bir ədəd yaşıl rəngli alışqan olan “Maqna” markalı siqaret qutusu, əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən isə bir ədəd “Redmi C 10” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Cinayət işinin 40-44-cü vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/267 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,337 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) daxildir. Heroinin təmiz çəkisi 1,337 qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 1,287 qramdır. Cinayət işinin 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik X8 Məhkəmə Psixiatrik ekspertizasının 24.01,2023-cü il tarixli 179 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi (ruhi) xəsətəlik qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 414 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq ha-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-cı vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Akşin Vəliyevin xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili polis baş mayoru Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynidəki qara rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofanına bükülmüş bükümü çıxarıb təqdim edir və həmin 01 ədəd bükümün içərisində kustar üsulla narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxaraq təqdim etdiyi 01 ədəd bükümün içərisindəki narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 16 yanvar 2023-cü il tarixində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində olan zaman yerdən tapıb özündə saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələri və gödəkçəsinin sağ yan cibindən içərisində 6 ədəd siqaret və bir ədəd yaşıl rəngli alışqan olan “Maqna” markalı siqaret qutusu, əynindəki qara rəngli cins şalvarının qabaq sol yan cibindən isə bir ədəd “Redmi C 10” markalı mobil telefon aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Cinayət işinin 103-104-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Şükürov X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Cinayət işinin 108-112-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə, ona 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 19 avqust-21 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzaçəkmənin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şükürov X4 Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində daxil olmuş tibbimüayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qiçslə Mübarizə Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən, Respublika QİÇS-lə Mübarizə Mərkəzində, “İİV-infe'ksiyası, İİİ klinik mərhələ. Oral kandidoz. Generalize olunmuş limfadenopatiya. Viruslu hepatit C” diaqnozları ilə daimi dispanser qeydiyyatındadır. Xəstəyə, xx.xx.2017-ci il tarixdən TDF/FTC/EFV sxemi üzrə antiretrovirus terapiyası təyin edilmişdir və dərman preparatları ilə təchizat aparılır. Xəstə 2023-cü il ərzində stasionar şöbə şəraitində müalicə olunmayıb. Cinayət işinin materiallarında olan Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyev tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmadığından 128-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ yan cibində daşıdığı 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 1,337 olan qəhvəyimtil rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,337 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, ibtidai istintaq zamanı toplanmış materiallar o cümlədən şəxsi axtarış və götürmə haqqında protokolu, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolu, ekspertiza rəylərini, məhkəmə istintaqı zamanı alınmış sorğuların cavablarını, əlavə olaraq dindirilmiş müstəntiqin və mütəxəssisin ifadəsini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiqdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 08 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib, onun cəzasının sonu xx.xx.2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən yəni, 27 iyun 2024-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X6-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 414 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək tutulduğu 02 gün müddət təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən yəni, 27 iyun 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,287 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar