Məhkəmə qərarları › İş №1(010)-460/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-460/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-460/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2022-ci il tarixdə, saat 16:00-da ünvan 1 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.580 qram və 0.954 qram, ümumi təmiz çəkisi 1.534 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci PB-nin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, həmin əşyaları təqdim etməyi bildirilmiş, o, əynindəki göy rəngli cins şalvarnın sağ yan cibindən 02 (iki) ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni həmin tarixdə Nardaran qəsəbəsində tanımadığı şəxsdən aldığını və öz istfadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzəridən aşkar olunmuş içərisində narkotik vasitə olan 2 ədəd büküm onun iştirakı ilə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Narkotik maddələrin satışı ilə məşğul olmur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci ildə Samir adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət etmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək, bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 18 iyul 2022-ci il tarixdə, saat 16 radələrində o, əməliyyat qrupunun üzvü, polis leytenantı Şahid2 ilə birlikdə Əmircan qəsəbəsinin E.Həsənov küçəsinə getmişlər. Həmin küçədə məlumatda bildirilən əlamətlərə görə Samir adlı şəxslə rastlaşaraq, onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmiş, bölmə rəhbərliyi tərəfindən prosesual hərəkətlərin keçirilməsi təhqiqatçı Rəşad Quliyevə həvalə edilmişdir. Bir sıra prosesual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik maddə heroin olduğunu, həmin maddəni Nardaran qəsəbəsində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 bükümdə olan həmin maddə kağız zərfə qablaşdırılıb, Suraxanı RPİ-nin 31 -ci PB-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 19 iyul 2022-ci il tarixli 6/3900 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza) ...» sözlər olan zəpfdəki 2 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,580 qr, 0,954 qram, ümumi təmiz çəkisi 1,534 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5007 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Cəfərov X3 Rayon Məhməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Acərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, təqsirləndirilən şəxsin əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlinin törətməsinə və məhkum olunmasına baxmayaraq, islah olunmayaraq, yenidən analoji cinayət əməlini törətməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,434 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,434 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar