Məhkəmə qərarları › İş №1(010)-464/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-464/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-464/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində satış məqsədi olmadan qanusuz olaraq istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək, Bakı şəhəri, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Halal Süfrə» adlı kafenin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə aparılıb, orada üzərində şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,781 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir müddətdir ki, Bakı şəhəri Suraxanı rayonu ərazisində sifətdən tanıdığı, amma adlarını və ünvanlarını bilmədiyi ayrı-ayrı şəxslərdən narkotik vasitə heroin alaraq, istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində tanımadığı şəxsdən on manata bir bükümdə narkotik vasitə heroin alıb, əynindəki göy rəngli cins şalvarının sol yan cibinə qoyub, sonra özü istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində o, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəlulzadə küçəsindəki «Halal Süfrə» kafesinin yanında olduğu zaman iki nəfər ona yaxınlaşmış, özlərini təqdim edib və polis əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğunu, üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu deyərək, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında, xidməti otaqda ona hüquq vəzifələri izah edilərək, hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət olunmuşdur. Üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış aparalacağı barədə qərarı elan etdikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək, əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir bükümdə olan narkoitik vasitə heroin açılıb baxdıqdan sonra bir ədəd zərfə qoyub zərfi möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olandan sonra möhürlənmiş zərfin üzərini və tərtib olunan protokolu imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə «Zaur» adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki «Halal Süfrə» kafesinin yaxınlığında narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal bölmə rəhbərliyinə məuzə edib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. PB-nin rəsmin əmri ilə onun rəhbərliyi ilə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, onlar əməliyyat məlumatında göstərilən «Zaur» adlı şəxsin xx.xx.1997-ci ildə anadan olmuş, ünvan 6 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edib, əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki «Halal Süfrə» kafesinin yaxınlığında olduğunu müəyyən edib, saat 11:00-da orada onu saxlayaraq, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib, saxlama və daşımaqda şübhəli olduqlarını bildirib, onu ünvan 8 ünvanda yerləşən 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan olunaraq, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa, onu təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızı parçasına bükülmüş bükülünü təqdim etmiş, təqdim etdiyi bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, heroini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunan bir ədəd bükülü açılıb baxıldıqda, bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmiş, təqdim olunan bir ədəd büküm bir ədəd zərfə qablaşdırılaraq, zərf möhürlənmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən özünün təqdim etdiyi bır ədəd bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülməsi haqqında protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 eyni məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid2 göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci ildə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/3716 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 195» dəirəvi möhür əksləri, «... (imza) Təqsirləndirilən şəxs...» sözləri və imzalar olan bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,782 qram olan tund qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasıtələr»ın siyahısına daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X3-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 5847 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixositulyatorlanın birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, təqsirləndirilən şəxsin əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlinin törətməsinə və məhkum olunmasına baxmayaraq, islah olunmayaraq, yenidən analoji cinayət əməlini törətməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,732 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,732 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar