Məhkəmə qərarları › İş №1(010)-466/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-466/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-466/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 01 iyun 2024-cü il tarixdə barəsində axtarış elan olunmuş, 24 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 1(010)-466/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 28 oktyabr 2024cü il tarixdə tutularaq, 29 oktyabr 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda talama məqsədi olmadan avtomobil ələ keçirmə (qaçırma) ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 06 may 2024-cü il tarixdə, gecə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus, sonuncunun ünvan 3 ünvanının qarşısında saxladığı “Renault” markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaqla, avtomobili idarə edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmiş və 06 may 2024-cü il tarixdə, saat 10 radələrində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla təsdiq olunmuşdur: Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 may 2024cü il tarixdə, saat 23 radələrində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus “Renault” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. O, İlqara yaxınlaşıb avtomobilini sürməsi üçün ona verməsini xahiş etmişdir. Lakin İlqar buna etiraz edərək yaşadığı evə getmişdir. 06 may 2024-cü il tarixdə, gecə saatlarında, təxminən saat 04 radələrində evdə sıxıldığı üçün küçəyə çıxmış və İlqarın avtomobilinə yaxınlaşmışdır. Avtomobilin şüşəsinin açıq olduğunu görüb qapını açıb avtomobilə əyləşmişdir. Avtomobilin açarsız işə salındığını bildiyi üçün naqilləri birləşdirib mühərriki işə salmışdır. Avtomobili idarə edərək, Aeroport yolu ilə Xəzər rayonu ərazisinə getmişdir. Avtomobili asasən Binə qəsəbəsində idarə etmişdir. Səhər saatlarında avtomobili məhləyə gətirib saxlamaq istəyəndə polis əməkdaşları onu saxlayaraq 31-ci polis şöbəsinə dəvət etmişlər. Avtomobili qaçırarkən tək olmuş və onu heç kim görməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs avtomobilini etibarnamə əsasında idarə etməsə də, əvvəllər sürdüyü olmuşdur. Avtomobili idarə etmək üçün açara ehtiyac olmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 23 noyabr 2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş, 25 noyabr 2024cü il tarixdə isə yazılı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxışlar mərhələsində iştirak etmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 05 may 2024-cü il tarixdə özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Renault” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 4 ünvanında yerləşən evinin qarşısında saxlamışdır. Həmin avtomobilin kilit sistemində nasazlıq olduğu üçün arxa sol qapısı bağlanmamışdır. Həmin vaxt onunla qonşuluqda yaşayan tanıdığı Təqsirləndirilən şəxs avtomobilini idarə etmək üçün ona verməsini istəmişdir. O isə Təqsirləndirilən şəxs icazə verməmişdir. Bundan sonra o, evə daxil olmuşdur. 06 may 2024-cü il tarixdə, saat 09:30 radələrində yaşadığı evdən çıxdıqda qapısının qarşısında saxladığı özünə məxsus avtomobilin yerində olmadığını görmüşdür. Bu zaman avtomobilini qonşusu Təqsirləndirilən şəxs qaçırdığını düşünmüşdür. O, dərhal polisə bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları avtomobilini Təqsirləndirilən şəxs alıb ona geri qaytarmışlar. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus “Renault” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı ünvan 4 ünvanında yerləşən evinin qarşısından qaçıraraq Xəzər rayonu ərazisinə getmiş və sonra avtomobilini qaytarıb öz yerinə qoyan vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə 05 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixə kimi olan müddət ərzində yaşadığı ünvan 4 ünvanında yerləşən evin qarşısında baş vermişdir. Avtomobili ona geri qaytarılan zaman avtomobilinə diqqətlə baxmış, lakin heç bir zədə aşkar etməmişdir. Hadisə zamanı həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona məxsus “Renault” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içindən də heç bir əşya oğurlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 may 2024-cü il tarixli, “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şifahi ərizə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, 06 may 2024cü il tarixdə, yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Renault” markalı, **-UX- *** dövlət nömrə nişanlı avtomobilini tanışı Təqsirləndirilən şəxs qaçıraraq idarə etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 3) İş materiallarına əlavə edilmiş Aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Renault” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobil 06 may 2024-cü il tarixdə, zədəsiz və işlək vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. (iş.v. 8) 06 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazdığı şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı olmamışdır. (iş.v. 10) 06 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı olmamışdır. (iş.v. 11) 06 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 14-15) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 may 2024cü il tarixdə verilmiş 32 saylı xasiyyətnamədən görünür ki, xx xxxx 1988-ci ildə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (iş.v. 44) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 644 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən, ünvan 7 ünvanında qeydiyyatdadır. (iş.v. 45) 26 may 2024-cü il tarixdə, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən “böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokol tərtib edilmişdir. Lakin həmin protokol 31 may 2024-cü il tarixdə, Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən təsdiq edilməsindən imtina edilməklə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə başlanmış cinayət işi, istintaqın aparılmasından ötrü Suraxanı RPİ-nin İŞ-ə göndərilmişdir. (iş.v. 50-54) “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasına dair yekun protokolun təsdiq edilmədən cinayət işi başlanması” haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri X5 tərəfindən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair məhkəməyədək sadələşdirilmiş ********** nömrəli icraat materialı üzrə yekun protokolun təsdiq edilməsindən imtina edilmiş və ********* nömrəli cinayət işi 31 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə fakta görə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1-2) 06 iyun 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 57) 01 avqust 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanına gələrək göstərmişdir ki, 05 may 2024cü il tarixdə, saat 23 radələrində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs özünə məxsus "Renault” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobilini onun yaşadığı evin qarşısında saxlamışdır. O, İlqara yaxınlaşıb avtomobilini sürmək üçün ona verməsini xahiş etmişdir. Lakin İlqar buna etiraz edərək yaşadığı evə getmişdir. 06 may 2024-cü il tarixdə, gecə saatlarında, təxminən saat 04 radələrində evdə sıxıldığı üçün küçəyə çıxmış və İlqarın avtomobilinə yaxınlaşmışdır. Avtomobilin şüşəsinin açıq olduğunu görüb qapını açıb avtomobilə əyləşmişdir. Avtomobilin açarsız işə salındığını bildiyi üçün naqilləri birləşdirib mühərriki işə salmışdır. Avtomobili idarə edərək, Aeroport yolu ilə Xəzər rayonu ərazisinə getmişdir. Əsasən Binə qəsəbəsində avtomobili idarə etmişdir. Səhər saatlarında avtomobili məhləyə gətirib saxlamaq istəyəndə polis əməkdaşları onu saxlayaraq 31-ci polis şöbəsinə dəvət etmişlər. (iş.v. 113) 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman “İphone 12" markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Texniki nasazlıq səsəbindən hadisə yerinin fotoşəkilərini çıxarmaq mümkün olmamışdır. (iş.v. 114) 05 avqust 2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran halın olması və onun əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab olunması nəzərə alınmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılmış və Zərərçəkmiş şəxs məxsus olan “Renault” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. (iş.v. 115-118) Qeyd olunmalıdır ki, CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmasından hazırki cinayət əməlini törətdiyi 06 may 2024-cü il tarixədək iki il keçmədiyi üçün onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. CM-nin 185.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs barədə müstəntiqin 05 avqust 2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarında şəxsin əməlində residivin olması halı düzgün qiymətləndirilmədiyindən yuxarıda sadalanan qanunvericilik normalarına əsasən onun əməlində cinayətlərin residivinin olmadığı müəyyən edilir. X8 Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 04 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən 01 sentyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək Novxanı Bağlar massivində yerləşən “X8 və Sosial uyğunlaşma mərkəzində” müalicə almışdır. 06 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisi X9 məhkəmə iclasında şifahi vəsatətlə çıxış edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə vəsatət rədd edilmişdir. 24 iyul 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə, saat 16:00-da, saxlanılaraq Suraxanı RPİnin 31-ci polis şöbəsinə gətirilmişdir. 26 iyul 2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfində verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən rədd edilmişdir. 26 iyul 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 1(010)-466/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 07 oktyabr 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən 28 oktyabr 2024-cü il tarixdə tutularaq 29 oktyabr 2024-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 77, 91, 102-103, 106-111) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə isə, Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü il Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 02 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmışdır. Həmin Məhkəmənin 31 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 18 gün hissəsindən şərti azad edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə, cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmışdır. (iş.v. 41-43) Göründüyü kimi onun məhkumluqla bağlı tələbnaməsində cinayət məsuliyyətindən azad etmə ilə bağlı hal olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X7 müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aid edilir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X7 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilməklə bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılmış və Zərərçəkmiş şəxs məxsus olan “Renault” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut qismində tanınması və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar