Məhkəmə qərarları › İş №1(010)-467/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-467/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-467/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikahda olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qobu qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 5 ünvanında yaşayan, 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 24 iyul 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Xəyal adasında yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısından Mashadiev Bakhmana (Zərərçəkmiş şəxs Rəhim oğluna) məxsus olan «İKARUS» markalı, 10XH412 dövlət qeydiyyat nişanlı avtobusun üzərindən hər biri 400 manat olmaqla, 800 manat dəyərində 02 ədəd akumlyatoru gizli olaraq talayıb zərərçəkmiş şəxs Mashadiev Bakhmana (X3) ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 may 2024-cü il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Əzizbəyov metrosu marşurut xətti üzrə 161 avtobusun sürücüsü, əvvəllər də başqa şirkətlərdə və zavodlarda yük maşını və avtobus sürücüsü işləmişdir. X4 da uzun müddətdir ki, sürücü iş yoldaşı kimi tanımışdır. Hadisə vaxtı X2 Binə Südçülük savxozunda «Qolf meydançası»nın qarşısında yerləşən hansısa şirketin «İkarus» markalı avtobusunun sürücüsü işləməsini bilmişdir. Bəhmən Məşədiyev hər gün saat 08:00 radələrində şirkətin fəhlələrini avtobusla gətirib düşürəndən sonra avtobusu şirkətin qabağında açıq ərazidə saxlamış və 18:00 radələrində gəlib avtobusu idarə edərək yenidən fəhlələri götürüb Koroğlu metrostansiyası tərəfə aparıb sonra çıxıb getmişdir. Bundan sonra Bəhmənin avtobusu şirkətə gətirdiyini və ya özü idarə edib evinə getməsini bilməmişdir. Avtobus səhər saat 08:00-dan axşam saat 18:00-a kimi şirkətin qarşısında açıq ərazidə nəzarətsiz qalmışdır. Həmin vaxt artıq işdən çıxmış və işsiz olmuş, həm də pula ehtiyacı olmuş və qərara gəlmişdir ki, fürsət düşən kimi X2 idarə etdiyi «İkarus» markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 02 ədəd akumlyatoru oğurlayıb satsın. Bu məqsədlə də 24 iyul 2023-cü il tarixdə saat 13 radələrində piyada hərəkətdə olub Binə Südçülük savxozunda yerləşən Qolf meydançasına tərəf getmiş və Bəhmənin sürücü işlədiyi şirkətin qarşısına çatıb idarə etdiyi «İkarus» markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtobusun həmişəki yerində saxlanıldığını görəndən sonra avtobusun üzərində olan iki ədəd 190-lıq akumlyatoru çıxardıb yerə qoymuşdur. Sonra isə yoldan keçən bir təsadüfi taksi saxladıb akumlyatorları taksiyə qoyub Binəqədi rayonunda yerləşən dəmir alıb-satan obyektlərin birinə getmişdir. Taksidən düşüb oğurladığı akumlyatorları dəmir alan obyektdə alışı həyata keçirən şəxsə biri 50 manatdan olmaqla, cəmi 100 manata aliminium metalı kimi satmışdır. Malı alan şəxsə demişdir ki, akumlyatorlar özünə məxsusdur, sıradan çıxdığı üçün satır. Yəni nə ondan akumlyatorları alan şəxs, nə də ki, taksi sürücüsünün oğurluq əməlindən xəbərləri olmamışdır. O, zərərçəkmiş şəxs X6 ilə razılaşaraq barışıq əldə etmişdir. Bu oğurluq əməlini tək etmiş, kimsə ona kömək etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində olan ailəyə ondan başqa heç kimin baxmayacağını, özünün ata-anasının olmadığını nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Mashadiev Bakhman (Zərərçəkmiş şəxs Rəhim oğlu) ifadəsində göstərmişdir ki, ona məxsus “İkarus 250-55” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Xəyal adasında yerləşən "xxxx" MMC-də işləyən işçiləri həmin şirkətdən götürüb Koroğlu metrostansiyasına aparıb, sonra da iş yerinə qaytarmaqla Koroğlu-Xəyal adası marşurut xətti üzrə sürücü işləyir. Hərəkət qrafiki belədir ki, səhər saat 07:00-da işçiləri Koroğlu metrostansiyasından götürüb "xxxx" MMC-nin Xəyal adasında yerləşən inzibati binasına gətirərək, sonra da avtobusu elə həmin şirkətin qarşısında saxlayaraq və saat 18:00 radələrində işçiləri şirkətdən götürüb Koroğlu metrostansiyasına apardıqdan sonra avtobusu orada olan dayanacağa qoyub evinə getmişdir. Yəni ona məxsus olan “İkarus 250-55” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtobus səhər saatlarından saat 18:00 radələrinə kimi "xxxx" MMC-yə məxsus şirkətin qarşısında qalmışdır. 24 iyul 2023-cü il tarixində səhər saatlarında həmin şirkətin işçilərini Koroğlu metrosunun yaxınlığından götürüb Xəyal adasına gətirdikdən sonra avtobusu orada saxlayıb getmişdir. Həmin gün axşam saatlarında avtobusun yanına qayıtdıqda avtobusun üzərindən hər biri 400 manat, ümumi dəyəri 800 manat olan 2 ədəd 190-lıq akumlyatorların oğurlanmasını müəyyən etmişdir. Buna görə də DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evin qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokla əlavə edilmişdir (i.v. 8-10); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Rəhim oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 17-18); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v 27); cinayət işinin icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v 31); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 64-66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 67-68); ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. Bu barədə fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (i.v. 70-71); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 23 - 25 sentyabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 27 mart 2024cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 01 (bir) ay 19 (on doqquz) gün, cəmi 01 (bir) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (i.v. 72-76); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilməsi, iş üzrə 02 ədəd 190-lıq akumlyatorun dəyəri Zərərçəkmiş şəxs Rəhim oğlunun göstərməsinə əsasən hər biri 400 manat olmaqla, ümumi dəyəri 800 manat olması kimi qəbul olunması, iş üzrə Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin ifadəsi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olması nəzərə alınması, iş üzrə zərərçəkmiş şəxs Məşədiyev X5 vətəndaşı olduğu üçün onun ad və soyadı Gürcüstan pasportunda olduğu kimi Mashadiyev Bakhman kimi qeyd olunması, eyni zamanda zərərçəkmiş şəxs Mashadiyev Bakhman( Zərərçəkmiş şəxs Rəhim oğlu) ata adının bəzi sənədlərdə səhvən Bəhruz kimi yazılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 77-82); cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v 85); cinayət işinin icraatının təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v 89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Zərərçəkmiş şəxs Rəhim oğlu tərəfindən məhkməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş zərər ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixədək Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 10 gününü çəkmiş və çəkilməmiş cəza müddəti 01 il 06 ay 08 gün təşkil edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, əvvəlki hökmlə təyin edilmiş 01 il 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bugün üçün çəkilməmiş 01 il 05 ay 08 günlük hissəsini hazırkı hökmlə təyin olunan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli (CM 66.5), tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi, bununla əlaqədar Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bu gün – 30 oktyabr 2024-cü il tarixindən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-186/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının bugün üçün çəkilməmiş 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) günlük hissəsi hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdən 21 iyun 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması növündə cinayət cəzası çəkdiyi, bununla əlaqədar Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı nəzərə alınaraq ona hazırki hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli bugün – 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə itizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunması təklif edilən əmlakın, mülki iddianın, məhkəmə xərcinin olmaması və 800 manat dəymiş zərərin iş üzrə zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar