Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-468/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Cəvərxanlı kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə, saat 17 radələrində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ/2 saylı ASAN xidmət mərkəzi tərəfindən “BC” kateqoriyalı BB 111306 nömrəli sürücülük vəsiqəsi ilə, qardaşı Şahid2 məxsus, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanında yerləşən “Tatlı un məmumatları” şirniyyat mağazasının qarşısındakı dayanacaqda arxa-arxaya doğru təxminən 5-10 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü təhlükəsiz olduqdan sonra nəqliyyat vasitəsini geriyə hərəkət etdirməli və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə isə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin arxa sol künc hissəsi ilə hərəkət istiqamətinin sol tərəfindən sağa doğru keçən piyada keçməyə çalışan Zərərçəkmiş şəxs vuraraq, baş eyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, baş beyinin ödemi, sağ gicgah və alın sümüyünün xətti sınıqları, ağ ciyərin əzilməsi, döş qəfəsinin sol yan səthinin İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağda İİİ-İV-V-Vİ-Vİİ qabırğaların, sağ körpücük sümüyünün qapalı yerdəyişməli sınıqları, daxili orqanlara qansızma, başın, üzün, döş qəfəsinion, aşağı ətrafların qançırları və sıyrıqları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 10 ildən artıq müddətdir ki, avtomobil idarə edir. Özünə məxsus “Ford Transit” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili bir ildən artıqdır ki, almışdır və qardaşı Şahid2 adma sənədləşdirmiş, qardaşı da ona etibarnamə vermişdir və həmin etibarnamə əsasında BB 111306 seriya və nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə edir. Bundan başqa, qardaşı Şahid2 özünə məxsus “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və qardaşı özü həmin avtomobili idarə edir. 29 iyul 2022-ci il tarixdə, təxminən saat 17 radələrində anası Şahid3, bacısı Şahid5 və dayısının gəlini Şahid1 ilə birlikdə qardaşı Əzizə məxsus olan “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxmışlar və Hövsan qəsəbəsində “şüşəli bazar” deyilən yerdə yerləşən “Tatlı” un məmulatları mağazasından şirniyyat almaq üçün işıqfor istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtomobili özü idarə etmiş, ön sətnişin oturacağında anası əyləşmiş, onun arxasında sərnişin oturacağında dayısının gəlini, digər sərnişin oturacağında isə bacısı əyləşmişdir. O, işıqforu keçdikdən sonra “Tatlı” un məmulatları mağazasının qarşısında xəbərdaredici siqnalı yandıraraq avtomobili saxlamış, lakin söndürməmişdir. Bacısı və dayısının gəlini avtomobildən düşmüşlər, o və anası isə avtomobildə qalmışdır. Onun niyyəti avtomobili qeyd etdiyi şirniyyat mağazasının qarşısında dayanmaq üçün nəzərdə tutulan yerə keçib saxlamaq olmuşdur. Buna görə də, bacısıgil avtomobildən düşdükdən sonra o, avtomobilin sürətlər qutusunu arxa ötürəcəyə keçirmiş və təxminən 5-10 km/saat sürətlə arxaya hərəkət etməyə başlamışdır. Elə bu anda təxminən 1 metr məsafə qət etmişdir ki, avtomobilin arxasından bərk səs gəlmiş və o, dərhal avtomobilin əyləcini sıxıb saxlamışdır. Tez avtomobildən yerə düşmüş və bu zaman idarə etdiyi avtomobilin arxa sol künc hissəsinə yaxın yerdə bir nəfər tanımadığı yaşlı kişinin yerdə uzanmış halda olduğunu görmüşdür. O, idarə etdiyi avtomobilin arxa sol künc hissəsi ilə həmin yaşlı piyadanı vurduğunu başa düşmüşdür. Tez həmin piyadaya yaxınlaşmış və əynindəki köynəyi çıxarıb piyadanın başının qan axdığı hissəsinə sıxaraq idarə etdiyi avtomobilə əyləşdirib, Hövsan qəsəbəsində yerləşən TTYS-na aparmışdır. Orada vurduğu piyadanı X7 aparmağı bildirmişlər. Vurduğu piyadanı TTYS-nın avtomobilinə yerləşdirmişlər və o, da həmin TTYS-nin avtomobilinə əyləşib, X7 gəlmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil isə Hövsan qəsəbəsində yerləşən TTYS-nın qarşısında qalmışdır. X7 çatdıqda, orada vurduğu piyananı yoxlayıb dərhal əməliyyata salmışlar və o, hadisə barədə məlumat verərək, yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Onun “X11” markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Yəni həmin avtomobil qardaşı Şahid2 məxsusdur və onun adına rəsmiləşdirilmişdir. Lakin qardaşı ona həmin avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Buna baxmayaraq, qardaşı Əzizlə birlikdə yaşayır və həmin avtomobili hadisə günü idarə etmək üçün qardaşı Əzizdən icazə almışdır. Hadisə zamanı qardaşı Əziz həmin avtomobildə olmamışdır. Hadisə baş verən anda “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 5-10 km/saat sürətlə idarə etdirmişdir. Həmin vaxt idarə etdiyi “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobildə anası olmuş, bacısı və dayısının gəlini isə çöldə olmuşlar. Lakin həmin avtomobildə yük olmamışdır. O, avtomobili arxaya hərəkət etdirməmişdən əvvəl yan güzgülərə, orta güzgüyə və avtomobilin videokamerasına baxmış, lakin heç bir maneə və ya piyada görməmişdir. Bundan sonra o, avtomobili arxa-arxaya hərəkət etdirməyə başlamışdır. Hadisədən əvvəl vurduğu piyadanı hadisədən əvvəl görməmişdir. Həmin piyadanı vurduqdan sonra avtomobildən yerə düşdükdə həmin piyadanı yerdə uzanmış halda görmüşdür. Hadisə ani anda baş verdiyi üçün və o, da həmin piyadanı hadisədən əvvəl görmədiyi üçün, hadisənin qarşısını almaq məqsədilə heç bir hərəkət edə bilməmişdir. Yalnız həmin piyadanı vurduqdan sonra avtomobilin əyləcini sıxıb avtomobili saxlamış və yerə düşmüşdür. Hadisə zamanı onun hərəkətinə mane ola biləcək heç bir avtomobil, eləcə də, yüksək qabaretli avtomobil olmamışdır. Hadisə vaxtı onun idarə etdiyi “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı sərxoş olmamış, ayıq vəziyyətdə olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsin yaxınlarına maddi və mənəvi köməklik göstərmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atası olmuşdur. 29 iyul 2022ci il tarixdə, axşam təxminən saat 17 radələrində atası Zərərçəkmiş şəxs ilə birlikdə Hövsan qəsəbəsinin giriş hissəsindən üzü KTV istiqamətində hərəkət etməyə başlamışdır. Həmin yolda yerləşən “şüşəli bazar” deyilən yerdə olan “Talı un məmulatları” şirniyyat mağazasının qarşıdına çatdıqda, atası bazara getmək istədiyini bildridiyi üçün o, hərəkət istiqamətinə nəzərən yolun sağında avtomobili saxlamış və atası avtomobildən düşüb, piyada hərəkət istiqamətinə, yolu sağdan sola doğru keçməyə başlamışdır. O, avtomobili saxlamış və atasının yolu keçməyini gözləmişdir. Atası onun idarə etdiyi və həmin vaxt dayanmış halda olan avtomobilinin ön hissəsindən piyada şəkildə yola daxil olaraq, sola doğru keçməyə başlamışdır. Həmin vaxt yolda avtomobillər hərəkət etməmişdir. Atası yolun tən ortasını keçib qoşa xətti keçdikdən bir-iki metr sonra “Tatlı un məmulatları” şirniyyat mağazasının qarşısında eninə doğru dayanmış halda olan qara rəngli “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən arxaya doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt atası həmin avtomobilin arxa künc hissəsinə çatarkən bu avtomobil geriyə doğru hərəkət etdiyi üçün atası kənara çəkilə bilməmiş və həmin avtomobilin arxa sol künc hissəsi atasına dəymişdir. Atası aldığı xəsarətdən yerə yıxılmış və hərəkətsiz qalmışdır. O, həmin vaxt atasının yolu tam keçməsini gözlədiyi üçün bu baş verənlərin hamısının şahidi olmuşdur. Hadisədən dərhal sonra həmin avtomobilin sürücüsü olan, sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobildən düşmüş və atasına yaxınlaşıb, onu öz avtomobilinə əyləşdirərək, yaxınlıqda yerləşən Hövsan qəsəbəsində 23 saylı TTYS-na aparmışdır. O, da həmin avtomobilin arxası ilə hərəkət etmişdir. Lakin həmin TTYS-da atasının xəsarəti ağır olduğu üçün qəbul etməmişlər və TTTY avtomobili ilə Sabunçu rayonunda yerləşən X7 aparmağı məsləhət görmüşlər. Həmin sürücü atasının yerləşdirildiyi TTY avtomobilinə əyləşmiş və o, da öz avtomobili ilə həmin TTY avtomobilinin arxası ilə X7 getmişlər. Həmin xəstəxanada atasına ilkin yardım göstərildikdən sonra onu “X13” xəstəxanasına aparmışlar. Lakin həmin xəstəxanada atası müalicə olunduqdan sonra səhəri gün, yəni 30 iyul 2022-ci il tarixdə atası rəhmətə getmişdir. Bundan sonra atasını Suraxanı rayon morquna gətirmişlər və daha sonra atasını morqdan götürüb Hövsan kənd qəbirstanlığında dəfn etmişlər. Hadisə günü yolnəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs qohumları onlara başsağlığı üçün gəlmişlər və yas məslici üçün bütün zəruri xərcləri ödəmişlər. Buna görə də, hazırda onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəyib və ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində “şüşəli bazar” deyilən yerin qarşısında “Tatlı un məmulatları” şirniyyat evinin yaxınlığında obyekt icarəyə götürərək və meyvə-tərəvəz sataraq, ailəsini dolandırır. 29 iyul 2022-ci il tarixdə təxminən saat 17 radələrində obyektin yanında dayanan zaman bir nəfər yaşlı kişinin qarşı tərəfdə yolun kənarında dayanıb ona tərəf, yəni “Tatlı un məmulatları” mağazası istiqamətində yolu eninə keçmək istədiyini görmüşdür. Həmin vaxt yoldan avtomobillər keçmişdir. Həmin kişi bir neçə avtomobili ötürdükdən sonra qəflətən şirniyat mağazasının qabağına tərəf qaçaraq yolu keçməyə başlamışdır. Həmin vaxt həmin yaşlı piyada yolun ortasını bir neşə addım keçmişdir ki, “Tatlı un məmulatları” şirniyyat mağazasının qarşısında dayanmış “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa-arxaya hərəkət edərək, həmin piyadanı vurmuşdur. Həmin piyada yerə yıxılmış və yerdə uzanmış halda qalmışdır. Qeyd etdiyi avtomobili idarə edən sürücü avtomobili saxlayıb yerə düşərək, həmin yaşlı piyadaya yaxınlaşmış və əlindəki paltar ilə piyadanın başının qan axan hissəsini tutub sıxaraq, öz avtomobilinə əyləşdirib, Hövsan qəsəbəsində yerləşən 23 saylı poliklinikaya tərəf aparmışdır. Hadisə zamanı “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa-arxaya hərəkət etdiyi üçüç sürəti çox az olmuş, lakin onun dəqiq olaraq hansı sürətlə hərəkət etdiyini bilməmişdir. Hadisə zamanı “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa-arxaya doğru hərəkət edərkən xəbərdaredici işıqları yanmış halda olmasına fikir verməmişdir. Məhkəmə iclasında Şahid2 təqsirləndirilən şəxsin yaxın qohumu olduğu üçün ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ildə özünə “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və öz adına rəsmiləşdirmişdir. Özünə məxsus “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə edir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və onunla birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Özünə məxsus başqa avtomobili də vardır və çox vaxt “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil evdə qalır. Hakim qardaşı olduğu üçün istədiyi vaxt həmin avtomobili idarə etməyə haqqı vardır. Lakin qardaşı olduğu üçün, həm də heç vaxt vacib olduğunu düşünmədiyinə görə ona etibarnamə verməmişdir. 29 iyul 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində şəxsi işi ilə əlaqədar olaraq evdə olmamışdır. Bu zaman qardaşı Hakim zəng edərək ona məxsus “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə anasını, bacısını və dayısının gəlinini Hövsan qəsəbəsində yerləşən şirniyyat mağazasına aparmaq istədiyini bildirmiş və o da etirazının olmadığını demişdir. Bir qədər sonra təxinən saat 17 radələrində qardaşı Hakim həyəcanlı və narahat şəkildə ona zəng edərək, idarə etdiyi “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hövsan qəsəbəsində “Şüşli bazar” deyilən yerdə yerləşən “Tatlı un məmulatları” şirniyyat mağazasının qarşısında avtomobili saxlamaq üçün arxa-arxaya hərəkət etdirərkən bir nəfər yaşlı kişini avtomobilin arxa sol künc hissəsi ilə vurduğunu və həmin kişinin yerə yıxıldığını, daha sonra Hakimin onun avtomobili ilə həmin kişini TTYS-na, orada is TTY avtomobili ilə X7 apardığını bildirmişdir. O, dərhal həmin xəstəxanaya gəlmişdir. Lakin həmin gün sonradan adını bildiyi xəsarət alan piyada Zərərçəkmiş şəxs “X13” xəstəxanasına aparmışlar və orada müalicəsini davam etdirmişdir. Buna baxmayaraq, səhəri gün, yəni 30 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs aldığı xsarətlərdən həmin xəstəxanada vəfat etmişdir. Onlar baş vermiş hadisə ilə bağlı mərhumun ailəsinə mütəmadi olaraq baş çəkmiş, bütün lazımi xərcləri ödəmişlər və onların arasında barışıq əldə olunmuşdur. Hakim onunla birlikdə qalır və onun doğma qardaşıdır. Buna görə də, Hakimin ona məxsus olan “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili istənilən zaman idarə etmək hüququ olmuşdur. Bu səbədən də, heç vaxt qardaşına etibarnamə verməmişdir. Həmin hadisə nəticəsində ona məxsus olan “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı qardaşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 onun övladlarıdır və onunla birlikdə yaşayırlar. “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Əzizə məxsusdur. 29 iyul 2022-ci il tarixdə təxminən saat 17 radələrində oğlu Hakim “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu, qızı Arzunu və qardaşının gəlini Kəmaləni Hövsan qəsəbəsində yerləşən “Tatlı un məmulatları” şirniyyat mağazasına aparmışdır. Həmin vaxt o, avtomobilin ön sərnişin oturacağında, Arzu və Kəmalə isə arxa sərnişn oturacağında əyləşmişlər. Onlar həmin şirniyat mağazasının qabağına çatada dayanacaqda avtomobil çox olduğu üçün qızı ilə qardaşının gəlini avtomobildən düşmüşlər və piyada həmin şirniyyat mağazasına daxil olmuşlar. O isə oğlu Hakimlə birlikdə avtomobili dayanacaqda saxladıqdan sonra düşməyi qərara almışdır. Bu vaxt oğlu Hakim avtomobili çox asta sürətlə arxa-arxaya verib boş olan dayanacağa salmaq istəmişdir ki, bu zaman avtomobilin arxa hissəsindən səs gəlmişdir. Hakim tez avtomobili saxlayıb yerə düşmüş və arxaya doğru getmişdir. O, da avtomobildən yerə düşmüş və avtomoblin arxa hissəsinə keçdikdə bir nəfər yaşlı kişinin yerdə uzanmış halda olduğunu görmüşdür. Oğlu Hakim həmin kişini yerdən qaldırıb avtomobilə əyləşdirmiş və onu yaxınlıqda yerləşən Hövsan qəsəbəsi, 23 saylı poliklinikaya aparmışdır. O da həmin vaxt avtomobildə olmuşdur. Həmin poliklinikada xəsarət alan piyadanı X7 aparmağı məslhət görmüşlər. Bundan sonra oğlu Hakim avtomobili ilə həmin piyadanı X7 aparmışdır. O isə poliklinikanın qabağında qalmışdır. Bir neçə dəqiqə sonra qızı ilə qardaşının gəlini ona yaxınlaşmışlar və mobil telefonla Hakimlə danışdıqlarını və Hakimin hadisəni onlara dediyini bildirmişlər. Bundan sonra onlar evə gəlmişlər. Səhəri gün isə sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəstəxanada rəhmətə getməsi xəbərini almışlar. Həmin gün o, qohum-əqrəbaları ilə birlikdə mərhum Zərərçəkmiş şəxs ailə üzvlərinə baş çəkmiş və həmin vaxtdan halhazıradək mütəmadi olaraq onlar gedib baş çəkmiş və bütün zəruri xərcləri ödəmişlər. Onlar mərhum Zərərçəkmiş şəxs ailə üzvləri ilə barışmışlar və bütün lazımi xərclər çəkilmişdir. Hazırda Zərərçəkmiş şəxs ailə üzvləri tərəfindən onlara qarşı heç bir şikayət və ya tələb yoxdur. Hadisə vaxt oğlu Hakimin dəqiq olaraq hansı sürətlə arxa-arxaya hərəkət etdiyini görməmişdir. Lakin Hakim çox yavaş sürətlə avtomobili hərəkət etdirmişdir, çünki avtomobili dayanacağa salıb saxlamalı olmuşlar. Həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında Şahid5 təqsirləndirilən şəxsin yaxın qohumu olduğu üçün ifadə verməkdən imtina edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 onun qardaşlarıdır və qardaşları və anası ilə birlikdə yaşayırlar. “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Əzizə məxsusdur. Həmin avtomobil çox vaxt qardaşıgilin yaşadığı həyətdə olmuş və hansı qardaşı istəyirsə həmin avtomobili idarə etmişdir. 29 iyul 2022-ci il tarixdə təxminən saat 17 radələrində qardaşı Hakim Əziz məxsus olan “X11” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu, anası Səbzəni və dayısının gəlini Kəmaləni Hövsan qəsəbəsində yerləşən “Tatlı un məmulatları” şirniyyat mağazasına aparmışdır. Həmin vaxt anası avtomobilin ön sərnişin oturacağında, o və Kəmalə isə arxa sərnişin oturacağında əyləşmişlər. Onlar həmin şirniyat mağazasının qabağına çatanda dayanacaqda avtomobil çox olduğu üçün o və dayısının gəlini avtomobildən düşmüşlər və piyada həmin şirniyyat mağazasına daxil olmuşlar. Təxminən 5 dəqiqə sonra mağazadan alış-veriş edib çölə çıxdıqda Hakimin idarə etdiyi avtomobilin çölə olmadığını görmüşlər. O, Hakimə zəng edib harada olduğunu soruşduqda Hakim idarə etdiyi avtomobil ilə həmin şirniyyat mağazasının qarşısında bir nəfər yaşlı kişini vurub xəsarət yetirdiyini və Hövsan qəsəbəsində yerləşən 23 saylı poliklinikaya apardığını, anası Səbzənin də poliklinikanın qarşısında olduğunu bildirmişdir. O, tez Kəmalə ilə həmin poliklinikanın qarşısına gəlmiş və anasının orada olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda anası onlara Hakimin avtomobili asta sürətlə geriyə verib dayanacaqda saxlamaq istədikdə yolu piyada keçən bir nəfər kişini avtomobilin arxa sol künc hissəsi ilə vurduğunu və öz avtomobili ilə həmin poiklinikaya apardığını, oradan da TTY avtomobili ilə X7 getdiyini demişdir. Bundan sonra o, anası və dayısının gəlini ilə birlikdə yaşadıqları evə gəlmişlər. Səhəri gün Hakimin avtomobil ilə vurduğu yaşlı kişinin xəstəxanada vəfat etməsi məlum olmuşdur. Bundan sonra onlar qohum-əqraba ilə birlikdə vəfat edən piyadanın ailə üzvləri ilə görüşüb onlara getmişlər və bütün yas məclisində iştirak etmişlər. Həmin hadisənin necə baş verməsini görməmişlər, çünki hadisə baş verən anda o, Kəmalə ilə şirniyyat almaq üçün “Tatlı un məmulatları” şirniyyat mağazasında olmuşlar. Hadisə barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid5 ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1/3969 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında görünür ki, yol- nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs sərxoş olmamış, ayıq olmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 30 iyul 2022-ci il tarixli 96 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş eyin maddəsinə, mədəciklərə və qişalarına qansızına. Baş beyinin əzilməsi. Baş beyinin ödemi. Sağ gicgah və alın sümüyünün xətti sınıqları. Ağ ciyərin əzilməsi. Döş qəfəsinin sol yan səthinin İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağda İİİ-İV-V-Vİ-Vİİ qabırğaların, sağ körpücük sümüyünün qapalı yerdəyişməli sınıqları. Daxili orqanlara qansızma. Başın, üzün, döş qəfəsinion, aşağı ətrafların qançırları və sıyrıqları. Qeyd olunan xəsarətər həyati olub, mərhumun xəstəxanaya gətirilməsindən az əvvəl (X10, xx.xx.2022-ci il saat 18:15) bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də, qərarda göstərilən yol- nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və əsası sümüklərin sınıqları ilə müşayiət olunan baş beyinin əzilməsi və ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 18:00- da baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirozalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 8/2329 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X11 markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən müəyyən edilmişdir ki, o, əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan AZ-İV seriyalı 360432 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq jinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını, himayəsində 1 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə göstərmişdir ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-468/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-468/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver