Məhkəmə qərarları › İş №1(010)-469/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-469/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-469/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, onun vəkili Müdafiəçi iştirakı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Yadigar Vəzirxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, oğlu X2 Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuşdur. Dövlətimiz onun adını əbədiləşdirərək yaşadığımız küçəyə də onun adını vermişdir. Oğlunun ölümündən sonra onu müxtəlif medallarla təltif etmişdir. Lakin yaşadığı ünvan 1 ünvanında qeydiyyatda olan X5 adlı bir şəxs öz ağzına yiyəlik edə bilməyərək, qəsəbə sakinləri arasında pozuculuq işləri aparır. İnsanları düz yoldan çıxarır. Özünü İranın xüsusi xidmət orqanlarının ideyaları ilə silahlandıraraq qəsəbə sakinlərini də düz yolundan sapdırmağa çalışır. Özünü türkçülüyün qatı düşməni kmi apararaq, hətta Facebook sosial şəbəkəsində öz səhifəsində “İran Ərdoğana şillə kmi cavab verdi ifadəsini paylaşaraq” özünün iç üzünü bir daha açıb göstərmişdir. Yadigar Əliyev qəsəbədə aparılan hər bir yeniliyə, inkişafa maneçilik törətməyə can atır. 25 iyul 2025-ci il tarixdə saat 13:50də “Cümə Məscidi”nin qarşısında kənd sakinlərinin həmişə toplaşdığı bir yerdə Yadigar Əliyevə irad tutmuşdur ki, bu küçə oğlu şəhid Kamal Qasımovun adınadır. Həm də Allahın evinin qarşısıdır. Bu küçədə pozucu hallara, ədəbsiz ifadələrə yol verməsin. X15 özünü cəmiyyət arasında çox ədəbsiz və kobud aparır. Heç kimin ağıllı sözünə qulaq asmır. Yadigar Əliyev isə cavabında dedi ki, “sənin oğlun şəhid deyil, onun şəhid hesab olunması üçün İranın ali dini rəhbəri Xomeneyi fətva verməyib. Ümumiyyətlə Azərbaycanın şəhidlərinin barəsində ali dini rəhbəri Xomeneyi fətva verəndən sonra şəhid sayıla bilərlər.” Görün bu insan öz yolunu nə dərəcədə azıb ki, Azərbaycan dövlətinin , suvemliyinin xəyanatkarı olmağını açıq-aşkar bəyan edir. Onun isə barəsində heç bir qanuni tədbirlər görülümür. Hətta 26 iyul 2025-ci il tarixdə saat 17:06-da Yadigar Əliyevə onun qəsəbə sakinləri arasında yaydığı şaiyələrə son qoymağı, məscidin ərazisində, şəhid adını daşıyan bir küçədə ədəbsiz, əxlaqsız sözlərini yığışdırmağı bildirmişdir. Onun bu sözündən sonra ona “petux, sənin dalını dağıdaram, cındır” deyərək onu cəmiyyət arasında kobudcasına təhqir etmişdir. Qəsəbə ağsaqqalı onu intizama dəvət etsə də buna məhəl qoymamışdır, üstümə hücum da çəkmişdir. Öz təhqiredici hərəkətlərini davam etdirmişdir. Əraziyə gələn polis əməkdaşlarının da ictimai qaydanı gözləmək barədə tələblərinə məhəl qoymamışdır. Beləliklə də, barəsində şikayət verilmiş şəxs küçədə insanların toplaşdığı ərazidə kobud, əxlaqsız ifadələr işlədərək təhqir etmişdir. Onun bu əməli AR CM-nin 148- ci maddəsində nəzərdə tutulmuş əməl olduğundan məsuliyyətə cəlb olunması üçün xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etməkdə haqlıdır. Barəsində şikayət verilmiş şəxs X11 adının və şərəfıninin, şəhid atasının təhqir olunmasına səbəb olan həmin cinayət əməlinin sübutu kimi həmin vaxtı hadisə yerində olmuş kənd sakinləri və digər vətəndaşlar məhkəmədə çağrılıb dindirilə bilərlər. Göründüyü kimi, barəsində şikayət verilmiş şəxs, onu Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsindəki “Cümə Məscidi”nin qarşısında kənd sakinlərinin həmişə toplaşdığı bir yerdə kobud şəkildə təhqir etmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan X5 özünün Facebook sosial şəbəkəsində və qəsəbə sakinlərinin toplaşdığı ərazidə kütləvi çıxışı zamanı şəhid oğlunun barəsində təhqirli ifadələr işlətməklə, nəticədə ona, onun ailəsinə böyük və qəbuledilməz mənəvi və səhətinə sarsıntılar yetirmişdir. Qəsəbə ağsaqqalı onu intizama dəvət etsə də buna məhəl qoymamışdır, onun üstünə hücum da çəkmişdir. Öz təhqiredici hərəkətlərini davam etdirmişdir. Əraziyə gələn polis əməkdaşlarının da ictimai qaydanı gözləmək barədə tələblərinə məhəl qoymamışdır. Barəsində şikayət verilmiş şəxs X11 adının və şərəfıninin təhqir olunması ilə ləkələnməsinə səbəb olan həmin cinayət əməli nəticəsində özü və ailəsi böyük mənəvi sarsıntı və iztirab hissi keçirmiş və nəticədə cəmiyyətdəki nüfuzuna böyük mənəvi zərər yetirilmişdir. Həmin zərərə görə də Yadigar Əliyevin mənəvi zərərə görə daşıdığı cinayət məsuliyyətinə əsasən ondan 500.000 manat mənəvi zərər onun xeyrinə alınmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və vəkili şikayətə etiraz edərək, şikayətdə göstərilənlərin həqiqətə uyğun olmadığını bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmişlər. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Plenum qərarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdir. 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar